Məhkəmə qərarları › İş №2(103)-12359/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12359/2021

16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12359/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və X6 qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-146/2021 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və X6 qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 146/2021 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilmiş, cavabdeh X8 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdə olan SS693420375AZ nömrəli poçt xəbərnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qətnaməsinin surəti 02.02.2021-ci il tarixli məktubla tərəflərə, o cümlədən cavabdeh X6 qeydiyyatda olduğu ünvan üzrə (Bakı şəhəti, 2-ci Alatava, 4”A”) göndərilmiş və cavabdeh tərəfindən 09.02.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Qətnamədən qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən 16.03.2021-ci il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmiş və 17.03.2021-ci il tarixdə icra üzrə icraata başlanılmışdır. 29.10.2021-ci il tarixdə cabvabdeh X8 ərizə ilə müraciət edərək (yeni ünvan qeyd eyməklə), qətnamənin surətini almadığını bildirmiş və rəsmi qaydada ona təqdim olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi 01.11.2021ci il tarixli məktubla qətnamənin surətinin cavabdehə 09.02.2021-ci il tarixdə təqdim olunduğuna istinad edərək, yenidən təqdim olunması üçün dövlət rüsumu ödənilməli olmasını bildirmişdir. 07.12.2021-ci il tarixdə cavabdeh qətnamənin surətinin ona təqdim olunması ilə bağlı yenidən müraciət etmiş və müraciəti məhkəmə tərəfindən eyni əsasla təmin olunmamışdır. Bundan sonra, cavabdeh 09.12.2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, qətnamənin surətini cavabdehə iş materiallarında olan yeganə ünvanı (qeydiyyatda ünvanı) üzrə göndərmiş və qətnamə ünvada imza edilməklə rəsmi qaydada alınmışdır. Nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılması ilə bağlı bütün məhkəmə sənədləri cavabdehə həmin ünvan üzrə göndərilmiş və cavabdeh bir neçə dəfə məhkəmə iclasında iştirak edərək, məhkəməyə ərizələr ünvanlasa da, yeni ünvanı barədə heç bir məlumat verməmişdir. Belə olan halda, cavabdehin qeyd olunan ünvan üzrə qətnamənin surətinin ona çatdırılmadığına istinadı əsaslı hesab oluna bilməz. Ona görə ki, MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Birinci instansiya məhkəməsi isə, bütün bunlara, eyni zamanda icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, cavabdehin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci inatansiya məhkəməsi tərəfindən qayatrılır. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayətlərindən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Cavabdeh isə apellyasiya şikayətində tərəfindən dövlət rüsumunun ödənilməsinə dair məlumatlar (qəbz № 8********) qeyd etsə də, Elektron məhkəmə sistemində məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması zamanı belə bir ödənişin edilmədiyi aşkar olunmuşdur. MPM-in 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlarla yanaşı, MPM-in apellyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavbadeh isə məhkəməyə 09.12.2021-ci il tarixdə daxil olmuş apellyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan özünə məxsus elektron kabinet vasitəsilə deyil, baxılan iş üzrə proses iştirakçısı olmayan başqa bir hüquqi şəxsin (direktoru olduğu 14 saylı X1) elektron kabineti vasitəsilə) riayət etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya şikayəti üzrə qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və X6 qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)-146/2021 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar