Məhkəmə qərarları › İş №2(103)-12379/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12379/2021

29.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12379/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7182/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 145.000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan və onun mərhum ərinə məxsus olmaqla birgə nikah dövründə qazanıldığı üçün ümumi birgə mülkiyyətləri olan: -ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bir hissəsinin (26 kv.m); -ünvan 2i ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin; -ünvan 3 yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsinin; -ünvan 4nında yerləşən 0.1772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.02953 ha hissəsinin; -ünvan 4nında yerləşən 0.6527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10878 ha hissəsinin; -ünvan 5i ünvanında yerləşən 0.3103 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0517 ha hissəsinin; -ünvan 4nında yerləşən 0.6688 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.111459 ha hissəsinin; -ünvan 5i ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin; -ünvan 6 yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; -ünvan 6 yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin; -Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10 ha hissəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7182/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(001)-7182/2021 saylı qərardadının qismən ləğv edilməsi, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinin “Tovuz rayonu, Alakol kəndində yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması” hissədə təmin edilməməsi, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır (sədrlik edən: Fərid Hətəmzadə). İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmənin 06 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin həmin qərardadını tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinin 10 avqust 2021-ci il tarixli **********7 saylı məktubundan görünür ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.67 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Həmin idarəyə sorğu verilərkən sorğuda onun təvəllüdü dəqiqliklə göstərilmişdir. Onunla eyni adı, soyadı, ata adını daşıyan başqa şəxsin olması və həmin şəxsin adına eyni ərazidə torpaq sahəsinin olması istisna olunmur. Məhkəmə Mustafayeva (Quliyeva) Arzu Vahid qızının adına olan torpaqla, Cavabdeh adına olan torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmamasını araşdırmadan qərardadı qismən ləğv edərək, həbsi götürmüşdür. Halbuki, bu bir oyun da ola bilər və cavabdeh təsadüfən adı soyadı, ata adı eyni olan şəxsin adından istifadə etməklə əmlakı həbsdən çıxarmağa çalışa bilərdi. Eyni zamanda bu da mümkündür ki, bir kənddə təsadüfən üst-üstə düşən iki ayrı şəxsin adına torpaq sahəsi olsun. Odur ki, bu hallar dəqiqləşdirilmədən həbsin götürülməsi qanunuz və əsassızdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7182/2021 saylı, 08.12.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(001)- 7182/2021 saylı qərardadından işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad hüquq və vəzifələrinə toxunan Mustafayeva (Quliyeva) Arzu Vahid qızı tərəfindən verilmiş şikayətə əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi məhz hazırki iş üzrə cavabdeh xx xxxxx 1982-ci il təvəllüdlü Cavabdeh deyil, onunla eyni ad, soyad və ata adında olan digər şəxs – 20 mart 1982-ci il təvəllüdlü Quliyeva (Mustafayeva) Arzu Vahid qızına məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; Qeyd olunan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddianı təmin etmə tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Hazırki mübahisəli torpaq sahəsi isə cavabdehə məxsus deyil. Belə olan halda da, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 06 dekabr 2021ci il tarixli qərardadı əsaslaı olmuşdur və verilmiş şikayət qərardadın ləğvi üçün əsas deyildir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7182/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar