Məhkəmə qərarları › İş №2(103)-12382/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12382/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12382/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Ramiz qızının cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 2047/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı Ramiz qızı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ramiz qızı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 6.920 manat, mənəvi zərərə görə 50.000 manat, vəkil xərcinə görə 210 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2047/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Ramiz qızı və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli e-2(009)-2047/2021 saylı qətnaməsinin tamamilə ləğv olunması, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 real zərərə görə 6920 (altı min doqquz yüz iyirmi) manat, mənəvi zərərə görə 50000 (əlli min) manat, 30 (otuz) manat dövlət rüsumu, 210 (iki yüz on) manat vəkil xərci, cəmi 57160 (əlli yeddi min yüz altmış) manat pul alınaraq İddiaçı Ramiz qızına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Ramiz qızı və vəkili Vəkil verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2047/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı Ramiz qızı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti 08.12.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2047/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı Ramiz qızı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar