Məhkəmə qərarları › İş №2(103)-1246/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1246/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1246/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X20, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı ilk iddiası, iddiaçılar Cavabdeh4 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülki iş (Açar sözlər: «vəsiyyətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlk İddiaçı nümayəndəsi Nümayəndə2, qarşılıqlı iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5099/2024 saylı, 26 noyabr 2024cü il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh4 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi məhkəmə tədqiqi zamanı işin hallarını yoxlayarkən müəyyən edib ki: Miras qoyan 1915-ci il təvəllüdlü X11 14 iyun 2007ci ildə ölmüşdür. X8, X12, X17 və İddiaçı adlı 4 övladı olmuşdur. X16 2005-ci ildə, qızı X12 2013-cü ildə, oğlu Oqtay İslamov 30 oktyabr 2019-cu ildə ölmüşdür. Cavabdeh2 Oqtay İslamovun arvadı, X20, Cavabdeh4 və Cavabdeh5 isə övladlarıdır.

2. Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş, reyestr üzrə qeydiyyata alınmış 06 iyun 2001-ci il tarixli vəsiyyətnamə ilə X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən də ünvan 1 ünvanında yerləşən evi İddiaçı vəsiyyət etmişdir.

3. ünvan 4, Yeni qaydalarla : AZ 1113, ünvan 2 ünvanında yerləşən, sahəsi 140.20 kv.metr fərdi yaşayış evi mərhum X5 adına tam pay üzrə mülkiyyət hüququ xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır.

4. Bakı şəhəri 11 saylı Notariat Ofisinin notariusu tərəfindən İddiaçı verilmiş 06 iyul 2024-cü il tarixli məktubda göstərilib ki, 14 iyul 2007-ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakda, yəni ünvan 11, Yeni qaydalarla: ünvan 3 ünvanında Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olsalar da həmin ünvanda yaşamadıqlarından, mirası faktiki qəbul etmədiklərindən həmin ünvana dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş, vərəsəlik hüququ haqqında şəhadətnamənin tam payda verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh2, X14, Cavabdeh4, Cavabdeh5 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 iyun 2001-ci il tarixdə 27 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 82 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40 ( Yeni qaydalarla AZ 1113, ünvan 6 ) fərdi yaşayış evinin tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiada göstərilib ki, ailədə 4 övlad olmuşlar. X21, X12, X17 və İddiaçı. Anası 1988-ci ildə vəfat etmiş, atası X11 14 iyun 2007-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etməzdən 7 il əvvəl, yəni 06 iyun 2001-ci il tarixdə mülkiyyətindəki əmlakı yəni ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Doğulduğu gündən bu vaxta qədər istər atasının sağlığında, istərsə də atasının vəfatından sonra həmin evdə ailəsi ilə birlikdə mirası qəbul etməklə yaşayıb, mirası idarə etmişdir. 14 iyun 2007-ci il tarixdə atası vəfat etdikdə onun dəfn xərclərini özü çəkmiş, yas mərasimlərini özü təşkil etmiş, o cümlədən də atasının vəfatı ilə bağlı bütün xərcləri özü qarşılamışdır. Böyük qardaşı X21 1968-1969-cu illərdə ata yurdunu tərk edərək Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi bina 24, mən 54 ünvanına köçüb ailəsi ilə birlikdə orada yaşamışdır. 20-30 il də orada yaşadıqdan sonra həmin evi də sataraq övladlarına başqa yerdən ev almışdır. Arif İslamov 2005-ci ildə vəfat etmişdir. Bacısı Elmira 1962-ci ildə ailə qurub ərinin evinə köçmüş, ailəsi ilə birlikdə orada yaşamışdır. 1970-1971-ci illərdən Biləcəri qəsəbəsi, Tbilisi ev 10, mən 33 ünvanında davamlı olaraq yaşamış, miras əmlakını heç vaxt qəbul etməmiş, 2013-cü ildə vəfat etmişdir. X2 1988-1989-cu illərdə anasının vəfatından sonra Binəqədi rayonu, Gülüstan şəhərciyində ev tikib ailəsi ilə birlikdə vəfat edən günə qədər orada yaşamışdır. Qardaşı atasının nə xəstəliyində atasını ziyarətə gəlmiş, nə də ki, atasının vəfatında, yas mərasimlərinə, dəfnində iştirak etmişdir. Qardaşı 2019-cu ildə vəfat etmişdir, onun Cavabdeh2 ilə nikahından Cavabdeh5, Cavabdeh4, X23 doğulmuşdur. Cavabdehlərin həmin evdəki qeydiyyatları formal xarakter daşıyır, onlar ona vəsiyyət edilmiş miras əmlakında bir gün belə olsun yaşamamışlar, mirası qəbul etməmişlər. Atasının vəfat etdiyi 2007-ci ildən bəri yəni, 17 ildir ki, ona vəsiyyət edilmiş miras əmlakı faktiki olaraq qəbul etməklə mülkiyyətçi hüququ əsasında idarə edir. Hazırkı iddia, uzun müddətdir ki, ona vəsiyyət edilmiş, faktiki qəbul etməklə mülkiyyət hüququ əsasında idarə etdiyi miras əmlakını öz adına sənədləşdirməyi üçün zəruridir.

7. Daha sonra iddiaçı MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək 06 iyun 2001-ci il tarixdə 27 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 82 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40 (Yeni qaydalarla AZ 1113, ünvan 6) fərdi yaşayış evinin tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, miras əmlakı üzrə vərəsəlik hüququnun tam tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh2 və Cavabdeh4 Oktay oğlu İddiaçı qarşı mirasda məcburi pay hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 140,20 kv metr fərdi yaşayış evinə və həmin ünvanda 0,031370 ha torpaq sahəsinə məcburi pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Qarşılıqlı iddiada göstərilib ki, onlar M.Ə.Rəsulzadə qəsəbəsi Ç.İldırım küçəsi 40 ünvanda yerləşən X7 məxsus mülkün 2 otaqlı fərdi yaşayış evində yaşamış və hal-hazırda da orada qeydiyyatdadırlar. Çünki babaları sağlığında 2 otaqlı yaşayış evini atasına, digər fərdi yaşayış evini isə əmisi İddiaçı vermişdir. Babası 2007-ci ildə vəfat etmiş, atası Elxan əmisi ilə birlikdə babasının dəfn xərclərini birlikdə qarşılayıb, el adəti üzrə mərasimlər təşkil etmişlər. Atası 2019-cu ildə vəfat etmişdir. Atasının dəfnindən sonra əmisi Elxan ilə münasibətləri pisləşmiş, dava-dalaş salmağa başlamışdır. Babasının ona vəsiyyətnamə verməsindən də xəbərləri olmamışdır. Nəhayət onlar başqa ünvana köçmüşlər. Başqa ünvanda yaşasalar da daim 2 otaqlı yaşayış evinə baş çəkmişlər. Yaxın günlərdə ora baş çəkməyə gedərkən görmüşlər ki, əmisi evi başqa şəxsə kirayəyə vermişdir. Onunla mübahisəsi düşmüş, əmisi kirayə pulunun onlara veriləcəyini bildirmişdir. Daha sonra əmisi onu notariusa dəvət etmiş, o, isə getməmişdir.

10. Cavabdeh4 və X27 MPM-in 53-cü maddəsinə əsasən tələbin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək X3 İddiaçı verdiyi xx.xx.2001-ci il tarixli 82 saylı vəsiyyətnamənin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh4 və X27 MPM-nin 53-cü maddəsinə əsasən tələbin həcminin artırılması və iddia ərizəsinə dəqiqləşmə verilməsinə dair ərizə verərək X3 İddiaçı verdiyi xx.xx.2001-ci il tarixli 82 saylı vəsiyyətnamənin etibarsız hesab olunması, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5099/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) ilk iddianın təmin edilməsi, xx.xx.2001-ci il tarixdə 27 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 82 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40, (Yeni qaydalarla : AZ 1113, ünvan 6 ) fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, İddiaçı 14 iyun 2007-ci il tarixdə ölmüş X4 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40, (Yeni qaydalarla : AZ 1113, ünvan 6) fərdi yaşayış evinə tam pay üzrə vərəsəlik hüququnin tanınması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və Cavabdeh2 “xx.xx.2001-ci il tarixli 82 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, X11 14 iyun 2007-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi ev 40, yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən ev onun mülkiyyətində olmuşdur. Miras qoyanın X21, X12, X18 və İddiaçı adlı 4 övladı olmuşdur. X16 2005-ci il tarixdə vəfat etmiş, qızı X12 2013-cü il tarixdə vəfat etmiş, oğlu Oqtay İslamov 30 oktyabr 2019-cu il tarixdə vəfat etmiş, hazırkı cavabdehlər onun ailə üzvləridirlər. Miras qoyan Rufulla İslamov 06 iyun 2001-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını, o cümlədən də ünvan 1 ünvanında yerləşən evi İddiaçı vəsiyyət etmişdir. İddiaçı atasının vəfatından da sonra miras əmlakı istifadəsində və sahibliyində olmuş, həmin sahə ilə bağlı təsərrüfatı idarə etmişdir. Cavabdehlərin atası, iddiaçının X2 ata-anası ilə münasibətləri soyuq olmuş, daim aralarında söz-söhbət, davadalaş olmuş, bu minvalla Oqtay İslamov atasının vəfatından əvvəl 1989-1990-cı illərdən ailəsini də götürüb evi tərk edib, Binəqədidə Gülüstan adlanan yerdə ev tikməklə orada yaşamış, atasının yas mərasimində iştirak etməmiş, yaşadığı dövrdə də mübahisəli mənzilə geri qayıtmamış, mirasın qəbulu üçün qanunvericliklə müəyyən edilmiş müddətlərdə hər hansı bir tədbir görməmiş, nə də ki, mirası faktiki qəbul etməmişdir. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatları formal xarakter daşımış, heç bir zaman orada yaşamamışlar. İş üzrə şahidlər Tahir Məmmədov, Əfilə Bəşirova ifadələrində hal hazırda cavabdehləri tanımadıqlarını, miras qoyan X5 vəfatından illər əvvəl təxminən 1988-1989-cu illərdə öz ailəsi ilə birlikdə başqa yerə köçdüyünü, bir daha onların məhləsinə geri qayıtmadığını. Oqtay İslamovu atası X5 vəfatında, yas mərasimlərində görmədiklərini, atalarının vəfatından sonra o evdə daim İddiaçı ailəsi ilə birlikdə yaşadığını, məhlələrində, küçədə daim qonum qonşuların xeyir, şər məclisləri olduğunu, nə cavabdehlər nə də ki, onların ataları Oqtay İslamov 19891990-cı illərdən bəri bir gün belə olsun, onların küçələrinə gəlmədiklərini, nə də ki həmin məclislərdə iştirak etmədiklərini bildirmişlər. Məhkəmə, Cavabdeh4 hazırlıq iclasında verdiyi ilkin izahatında qeyd etdiklərini digər sübutlarla tədqiq edərək belə qənaətə gəlmişdir ki, izahatda qeyd edilən fikirlər həqiqətə uyğun deyildir, formal mülahizələrə əsaslanır. Cavabdeh4 izahatında qeyd etdiyi halları təsdiq edəcək heç bir sübut təqdim etməmiş, bunun əksinə ilk iddia üzrə iddiaçı tərəfin təqdim etdiyi sübutlarla ilk iddia üzrə Cavabdeh4 izahatında qeyd etdiyi nüanslar təkzib edilmişdir. Belə ki, Cavabdeh4 izahatında 2019-cu ilə qədər atası ilə davamlı olaraq ünvan 7 ünvanında yaşadığını, atasının da ölənə qədər həmin ünvanda yaşadığını və bununla bağlı sübutlarını, şahidlərini gətirə biləcəyini bildirsə də bununla bağlı tərəflərindən nə şahid dəvət edilmiş, nə də ki, hər hansı bir dəlil təqdim edilmişdir. Bundan əlavə, Cavabdeh4 izahatında hər iki evin ayrı ayrılıqda sayğaclarının olduğunu, onların yaşadığı evin də atası Oqtay İslamovun adına ayrıca smart sayğacları olduğunu və kommunal xərclərini özlərinin ödədiyini bildirsə də qarşı tərəfin təqdim etdiyi “Azəriqaz” İB, "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktublarında həmin ünvan üzrə bir sayğacın olması (İddiaçı adına) qeyd edilmiş, bununla Cavabdeh4 qeyd etdiyi hal rəsmi sənədlərlə təkzib edilmişdir. Bundan əlavə, ilk iddia üzrə Cavabdeh4 izahatında atasının vəfatından sonra əmisi tərəfindən evdən qovulduqdan sonra 2019-cu ildə Gülüstan qəsəbəsində torpaq alaraq ev tikməyə başladıqlarını, 2020-ci ildən həmin evdə yaşadıqlarını, 2022-ci ildən evin bütün kommunal xətlərinin çəkildiyini və sayğacların quraşdırıldığını bildirmişdir. Cavabdehin bu ifadələri də iddiaçı tərəfin təqdim etdiyi sübutlarla təkzib edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş X6 09 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, X17 tərəfindən X6 hesabına 2017-ci ilə qədər əmlak və torpaq vergisi ödəmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X38 tərəfindən verilmiş sorğuya cavab məktubunda ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.2011-ci il tarixində X18 ilə müqavilə bağlanmış, “Azəriqaz” İB tərəfindən verilmiş məlumatın araşdırılmasının nəticəsi haqqında məktubdan görünür ki, abonent kodu : **********00360, sayğac nömrəsi : **********9 olan mənzildə quraşdırılan məişət qaz sayğacı X1 Sistemində istehlakçi kimi ilk dəfə xx.xx.2010-cu il tarixdə X9 adına qeydiyyata alınmışdır. Cavabdeh4 2022-ci ildə çəkdirdiyini iddia etdiyi kommunal xətləri ilə bağlı sənədlərdən görünür ki, 2010-cu ildən hazırda yaşadığı ünvan üzrə atasının adına kommunal xidmət göstərilmişdir. X6 verdiyi məlumatlarla, kommunal xidmətin göstərilməsi ilə bağlı müqavilələr onu sübut edir ki, əslində X17 ailəsi ilə birlikdə iddiaçının və şahidlərin bildirdiyi kimi, uzun illər əvvəl hətda miras qoyanın sağlığında yaşadığı yeri tərk edərək ailəsi ilə birlikdə Gülüstan qəsəbəsində özünə ev tikərək orada yaşamağa başlamışdır. Həmçinin, Cavabdeh5 məhkəmə iclasında verdiyi izahatda qardaşı Cavabdeh4 qeyd etdiklərini təkzib edərək 1992-ci ildən ataları X10 ailəsini də götürərək Gülüstan qəsəbəsinə yerləşdiyini və bir daha ünvan 10 ünvanına geri qayıtmadıqlarını bildirmişdir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edib ki, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədən düşmüş 1246 və 1273-1-ci maddələri tətbiq edilməlidir. Mülki Məcəllənin 1273-1-ci (qüvvədən düşmüş ) maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi miras fiziki şəxsin ölümü ilə açılır. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək hüququ qazanır. Miras qoyan bütün əmlakını o cümlədən də ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evini oğlu İddiaçı vəsiyyət etmiş, X5 ölümündən sonra birinci dərəcə üzrə digər vərəsələr məcburi payın qəbulu ilə bağlı notariat kontoruna rəsmi müraciət etməmiş, nə də ki, məcburi payın faktiki qəbulu ilə bağlı hər hansı bir hərəkət etməmişlər. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Hüquqi nəticə etibari ilə cavabdehlərə münasibətdə miras qoyanın digər oğlu X17 istər rəsmi olaraq notariat kontoruna ərizə ilə müraciət formasında, istərsə də faktiki qəbul formasında miras əmlakında məcburi payını qəbul etmədiyindən onun ölümündən sonra onun vərəsələrinin də babalarından miras qalmış əmlakdan pay tələb etmək hüququ əsassızdır. Çünki məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edirsə qanunvericiliyə əsasən onun payı vəsiyyət üzrə vərəsəyə keçir. Belə ki, Mülki Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Məhkəmə qarşılıqlı iddianın vəsiyyətnamənin etibarsızlığı ilə bağlı hissəsinə münasibətdə bildirir ki, vəsiyyətnamənin etibarsızlığı üçün əsas yoxdur. Vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş eyni zamanda vəsiyyətnaməni vəsiyyət edənin yerinə imza atan X15 ifadəsində X5 xəstə olması səbəbi ilə notariusun evə çağrıldığını və mərhumun xəstə olması səbəbindən onun istəyi ilə imzanı özü çəkdiyini bildirmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2 iddia ərizəsində qeyd etdikləri halları, o cümlədən də məhkəmə iclasında izahat zamanı babasının dəfn xərclərini əmisi İddiaçı ilə birlikdə atasının qarşıladığını, mərasimlər təşkil etdiklərini, atası X9 vəfatına qədər birlikdə mübahisəli evdə yaşadıqlarını, atasının vəfatından sonra əmisi İddiaçı təzyiqləri nəticəsində evdən çıxdıqlarını, 2019-2020-ci il aralığında torpaq alaraq ev tikib orada yaşadıqlarını, buna baxmayaraq daim mübahisəli evə baş çəkdiklərini bildirsədə qeyd etdiklərini sübut edəcək heç bir dəlil, şahid, yazılı sübut, maddi sübut məhkəməyə təqdim etməmişdir, Belə ki, cavabdehlər 2019-cu ilə kimi mübahisəli evdə yaşadıqlarını iddia etsə də İddiaçı tərəfindən həmin küçədən kifayət qədər qonşular məhkəmə araşdırmasına cəlb edilməsinə baxmayaraq ilk iddia üzrə cavabdehlər tərəfindən ilk iddianın təkzib edilməsi, qarşılıqlı iddiada qeyd edilənləri isə təsdiq edəcək heç bir şahid cəlb edilməmiş. Məhkəmə iclasında dindirilmiş şahidlərin hamısı birmənalı olaraq uzun müddətdir ki, qonşuluqda yaşadıqlarını və ailədə miras qoyan İslamov Rufulla ilə oğlu Oktay İslamovun münasibətlərinin normal olmadığını, Oqtay İslamovun atasının vəfatından illər əvvəl evi tərk edib getdiyini, bu səbəblə də X5 evi digər oğlu İddiaçı vəsiyyət etdiyini, həmçinin də Oqtayın anasının vəfatından sonra ailəsi ilə birlikdə evi tərk edərək birdəfəlik getdiklərini və bir daha geri qayıtmadıqlarını, nəinki 2019-cu ilə kimi orada yaşadıqlarını hətta atalarının vəfatında belə geri qayıtmadıqlarını bildirmiş, bütün qonşuların bir-birinin xeyir-şərinə gedib gəldiyini, hər kəsin bir-birini tanıdığını, lakin onları 30 ildən çoxdur ki, görmədiklərini, görsələr belə tanımayacaqlarını qeyd etmişlər.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

14. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, vəsiyyətnamə Mülki Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyət edən tərəfindən tərtib olunur və imzalanır. Eyni zamanda vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasının yeganə əsası onu vəsiyyət edənin lal kar kor və sair imkansızlığı vəsiyyətnamənin başqası tərəfindən imza edilməsinə əsas ola bilər. Lakin vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması halında vəsiyyətnamədə Nazirlər Kabineti tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq olunmuş formada qeydiyyat arayışı verilməli, vəsiyyət edən şəxsin vəsiyyətnaməni imzalaya bilməməsi səbəblərini tibbi rəy əsasında konkret göstərməlidir. Mövcud vəsiyyətnamədə isə vəsiyyət edənin vəsiyyətnaməni imzalaya bilməməsinin konkret səbəbləri göstərilməmiş, xəstəliyi ilə bağlı tibbi rəy vərəsəlik işinə əlavə edilməmişdir. Vərəsəlik açılarkən 27 saylı Notarius tərəfindən MM-nin 1182-ci maddəsinin tələbləri pozulmuş bu da vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. Vərəsəlik hüqqunda ailə təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin dgər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) mirasqoyana bağlı olan şəxslərə, mirasqoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi payı ayrılır. Qanunvercilikdə vəsiyyət üzrə vərəsəlik hüququna xas olan vəsiyyət etmə azadlığının məhdudlaşdırılması da nəzərdə tutulmuşdur. Qanunda da göstərildiyi kimi, məcburi pay üzrə vərəsənin vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldığı andan yaranır. Mülki Məcəllədən də göründüyü kimi şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə üzrə sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında qarşılıqlı İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İlk iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddanın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından ilk iddia haqlı sayılır, qarşılıqlı iddianın faktiki halları isə yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından qarşılıqlı iddia haqlı sayılmır.

27. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

29. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən hər iki iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

30. Belə ki, işin mübahisəsiz halıdır ki, miras qoyan 1915-ci il təvəllüdlü X11 14 iyun 2007ci ildə ölmüşdür. X8, X12, X17 və İddiaçı adlı 4 övladı olmuşdur. X16 2005-ci ildə, qızı X12 2013-cü ildə, oğlu Oqtay İslamov 30 oktyabr 2019-cu ildə ölmüşdür. Cavabdeh2 Oqtay İslamovun arvadı, X20, Cavabdeh4 və Cavabdeh5 isə övladlarıdır. Bakı şəhəri 27 saylı dövlət notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmiş, reyestr üzrə qeydiyyata alınmış 06 iyun 2001-ci il tarixli vəsiyyətnamə ilə X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən də ünvan 1 ünvanında yerləşən evi İddiaçı vəsiyyət etmişdir. ünvan 4, Yeni qaydalarla: AZ 1113, ünvan 2 ünvanında yerləşən, sahəsi 140.20 kv.metr fərdi yaşayış evi mərhum X5 adına tam pay üzrə mülkiyyət hüququ xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri 11 saylı Notariat Ofisinin notariusu tərəfindən İddiaçı verilmiş 06 iyul 2024-cü il tarixli məktubda göstərilib ki, 14 iyul 2007-ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakda, yəni ünvan 11, Yeni qaydalarla: ünvan 3 ünvanında Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olsalar da həmin ünvanda yaşamadıqlarından, mirası faktiki qəbul etmədiklərindən həmin ünvana dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş, vərəsəlik hüququ haqqında şəhadətnamənin tam payda verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

31. Qarşılıqlı iddia üzrə yekun tələb miras qoyanın İddiaçı verdiyi xx.xx.2001-ci il tarixli 82 saylı vəsiyyətnamənin etibarsız hesab olunması, qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi ilə bağlıdır. Təmin olunmadığı üçün qətnamədən apellyasiya şikayəti verilib, qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması istənilir.

32. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM.m. 217.2). Miras qoyan 1915-ci il təvəllüdlü X11 14 iyun 2007-ci ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə və hazırda da qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İlkin iddiaçının miras əmlakı qanun üzrə vərəsə kimi qəbul etməsini qarşılıqlı iddiaçı da mübahisələndirmir. Əksinə vəsiyyət üzrə vərəsə kimi, yəni vəsiyyətnamə üzrə qəbul etməsini mübahisələndirir. Başqa sözlə, vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini düşünür. Demək ki, mahiyyət etibarı ilə ilkin iddiaçının miras əmlaka sahiblik etməyə və ya idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi mirasın onun tərəfindən qəbul edilmiş sayılmasını qəbul edir. Ancaq miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsini etibarlı saymır.

33. Ancaq qarşılıqlı iddiaçının atası Oqtay İslamov tərəfindən mirasın hansısa formada qəbul edilməsi hər hansı bir sübutla təsdiq edilmir. Baxmayaraq ki, bu halları sübut etmək yükü onun üzərinə düşür, bu barədə məhkəməyə bir dənə də olsun sübut təqdim edilməmişdir. Əksinə ilkin iddiaçı tərəfin təqdim etdiyi çoxsaylı və mötəbər sübutlarla mərhum Oqtay İslamovun miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməsi təkzib olunmuşdur. Bu cür vəziyyətdə qarşılıqlı iddiaçının vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququ da yaranmamışdır. Ona görə də yalınz bu hal da kifayət edirdi ki, qarşılıqlı iddia rədd edilmiş olsun.

34. Bundan əlavə, məcburi payla əlaqədar apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, Mülki Məcəllənin 1202.2-ci maddəsinin tələbinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Göründüyü kimi, Oqtay İslamov tərəfindən mirasın hansısa formada qəbul edilməsi təsdiq olunmadığından məcburi payın qəbul edilməsindən də söhbət gedə bilməz. Çünki məcburi payın qəbul edilməsi də müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

35. Qeyd olunanlara baxmayaraq məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllənin 1179.2ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius təsdiqləsin. Məcəllənin 1180-ci maddəsində isə göstərilir ki, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Apellyasiya şikayətində yanlış olaraq qeyd olunur ki, “vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanmasının yeganə əsası onu vəsiyyət edənin lal kar kor və sair imkansızlığı vəsiyyətnamənin başqası tərəfindən imza edilməsinə əsas ola bilər”. Əksinə Mülki Məcəllənin 1182-ci maddəsi imkan verir ki, əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Mübahisələndirilən vəsiyyətnamənin məzmununa diqqət yetirdikdə bəlli olur ki, miras qoyan xəstə olduğu üçün notariat əməliyyatları onun qeydiyyatda olduğu ünvanda aparılmış, notarius vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən iki şahidin yanında yazmış, miras qoyan xəstə olduğu üçün vəsiyyətnaməni imza edə bilmədiyinə görə onun xahişi ilə vəsiyyətnaməni X15 imzalamışdır. Əfilə Bəşirova birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və o, bu faktı bir daha təsdiq etmişdir. Burada şübhəli bir halın olması da istisna olunur. Çünki miras qoyanın həmin vaxt 86 yaşı olmuş və onun xəstə olması və vəsiyyətnaməni şəxsən imza edə bilməməsi inkar oluna bilməz. Apellyasiya baxışı zamanı ilkin iddiaçının nümayəndəsi də həmin vaxt miras qoyan babasının əlllərinin əsdiyini təsdiq etdi. Demək ki, qarşılıqlı iddianın və apellyasiya şikayətinin bu dəlili özü-özlüyündə əsassız olmuşdur.

36. Mülki Məcəllənin 1179, 1180 və 1182-ci maddələrinin məqsədi vəsiyyət edənin vəsiyyət sərəncamının, yəni vəsiyyətnamənin məzmununun onun iradəsinə uyğunluğunun həqiqiliyini təmin etməkdən ibarətdir. Başqa sözlə, vəsiyyət edən şəxsə etdiyi hərəkətin məğzi aydın olmalıdır. Burada qanunvericilik şahidlərin sayını və vəsiyyət edənin hər hansı bir səbəbdən vəsiyyətnaməni imzaya bilməməsi əlaqədar fərqli qayda nəzərdə tutub. Bu mənada, hazırkı iş üzrə vəsiyyətnaməni başqa şəxs tərəfindən imzalanmasının əsası Mülki Məcəllənin 1180 və 1182-ci maddələrində nəzərdə tutulmuşdur və bu şərtlərə də əməl edilmişdir.

37. Qarşılıqlı iddiada və apellyasiya şikayətində göstərilir ki,..vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması halında vəsiyyətnamədə Nazirlər Kabineti tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq olunmuş formada qeydiyyat arayışı verilməli, vəsiyyət edən şəxsin vəsiyyətnaməni imzalaya bilməməsi səbəblərini tibbi rəy əsasında konkret göstərməlidir. Mövcud vəsiyyətnamədə isə vəsiyyət edənin vəsiyyətnaməni imzalaya bilməməsinin konkret səbəbləri göstərilməmiş, xəstəliyi ilə bağlı tibbi rəy vərəsəlik işinə əlavə edilməmişdir. Vərəsəlik açılarkən 27 saylı Notarius tərəfindən MM-nin 1182-ci maddəsinin tələbləri pozulmuş bu da vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. Əvvəla, Nazirlər Kabineti xx.xx.2000-ci il tarixli qərarı ilə qərara almışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları” təsdiq edilsin(əlavə olunub). Həqiqətən də qeyd olunan Qərarla 29 nömrəli forma Fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə ğörə imza edə bilməyən şəxsin adından vəsiyyətnamədə təsdiq qeydi təsdiq edilmişdir. Qeyd olunan təsdiq qeydində vəsiyyət edən şəxsin vəsiyyətnaməni imzalaya bilməməsi səbəblərinin tibbi rəy əsasında konkret göstərilməli olması nəzərdə tutulmamışdır. Bunun göstərilməsi də mümkün deyildir. Çünki imza edə bilməmək yalnız xəstəliklə bağlı deyil, həm də fiziki çatışmazlığa və ya hər hansı başqa səbəbə görə ola bilər. Burada xəstəliyə görə imza edilmənin mümkün olmaması üçün xüsusi olaraq tibbi rəyin tələb olunması da ağlabatan deyildir. Çünki tibbi rəyin alınması üçün kifayət qədər zaman tələb oluna bilər. Vəsiyyət edən şəxsdən isə vəsiyyətnamə tərtib edilərkən xəstəliyi ilə bağlı tibbi rəy tələb etmək hüququa uyğun hesab edilə bilməz. Yetər ki, vəsiyyətnamə onun iradəsinə uyğun olmuş olsun. Hətta vəsiyyət edənin xəstəliyi ilə bağlı tibbi rəyin olmaması belə vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Çünki Mülki Məcəllənin 1182-ci maddəsində xəstəliklə bağlı tibbi rəyin olması və onun vərəsəlik işinə əlavə edilməli olması nəzərdə tutulmamışdır. Göründüyü kimi, apellyasiya şikayətində açıq-aşkar əsassız dəlillərdən istifadə edilməsi də onun əsassız olmasını bir daha təsdiq edir.

38. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5099/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5099/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar