Məhkəmə qərarları › İş №2(103)-1248/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1248/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1248/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə qarşı onun Hərbi liseydən xaric olunması barədə həmin Liseyin rəisinin 23 oktyabr 2024-cü il tarixli 260 nömrəli əmrinin ləğv olunması və İddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-9949/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Alıyev X2 Naxçıvanski adına Hərbi Liseydən xaric olunması barədə həmin Liseyin rəisinin xx.xx.2024-cü il tarixli 260 nömrəli əmrinin ləğv olunması və İddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 9949/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

3. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh orqan orta məktəb statusuna malik orqandır, inizbati orqan deyil. Mübahisənin özü mahiyyəti təhsil müəssisəsinə bərpa olunmaqdan ibarətdir. Mübahisə inzibati aktın qəbul olunması ilə bağlı deyildir. Bu səbəblə də çıxarılmış qərardad əsassız və qanunsuzdur.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bənd 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 136 nömrəli Qərarı Bənd 4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi, onun idarə, şöbə və xidmətləri.

11. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.9. Hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Maddə 24. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.08 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi” Bənd 1.1. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iddiaçı şikayətində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orta məktəb statusuna malik olmaqla, inizbati orqan olmadığını bildirsə də, qeyd olunmalıdır ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sturukturuna daxil olan və onun tabeliyində olan xüsusi təhsil müəssisəsidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri inzibati orqan olduğundan Cəmşid Naxçıvanski adına Hərbi Lisey də inzibati orqan statusuna malikdir.

16. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehin inzibati orqanın xx.xx.2024-cü il tarixli 260 nömrəli əmrinin ləğv edilməsi, bunun nəticəsi olaraq onun Liseyə bərpa olunması barədədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 9949/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar