Məhkəmə qərarları › İş №2(103)-1249/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1249/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1249/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı MMMC-nin nümayəndəsi X2 Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Hümbətov Firdovsi Cəmiyyət oğluna, Cavabdeh8, X5, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, X3 və Cavabdeh2 qarşı "ödənilməmiş kommunal xərclərinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh8 3277 (üç min iki yüz yetmiş yeddi) manat, X4 1273 (bir min iki yüz yetmiş üç) manat, Cavabdeh1 3741 (üç min yeddi yüz qırx bir) manat, Cavabdeh5 3442 (üç min dörd yüz qırx iki) manat, X1 1404 (bir min dörd yüz dörd) manat, Cavabdeh7 3212 (üç min iki yüz on iki) manat, Cavabdeh6 3918 (üç min doqquz yüz on səkkiz) manat, Cavabdeh4 3816 (üç min səkkiz yüz on altı) manat, Cavabdeh3 2602 (iki min altı yüz iki) manat, Məmmədova (Həsənova) Aygün Vaqif qızından 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir.

3. Qətnamədən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh8 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İşə apellyasiya qaydasında baxılarkən iddia irəli sürülən mənzillərdən biri olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251a ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4 məxsus olmadığı məlum olmuşdur.

5. İddiaçının nümayəndəsi N.Səfərov məhkəmə iclasında ödənişlərlə bağlı iddia irəli sürülən mənzilin Cavabdeh4 mülkiyyətində olmaması səbəbindən ona münasibətdə iddia tələbindən imtina barədə ərizə təqdim etmişdir. Tərəflərin izahatı:

6. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, Dövlət reyetrindən çıxarış təqdim edərək bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 251a ünvanında yerləşən qeyri-yaşayış sahəsi hazırkı Cavabdeh4 deyil, "xxxx" ASC-nin mülkiyyətindədir. Bu səbəbdən, iddiaçının Cavabdeh4 aid hissədə iddia tələbindən imtinasının qəbul edilərək, Cavabdeh4 aid hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi N.Səfərov ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddia irəli sürülən Cavabdeh4 məxsus olmadığını, bunun hazırkı məhkəmə prosesinin gedişində onlara məlum olduğunu bildirmiş və ərizə təqdim edərək Cavabdeh4 münasibətdə iddiadan imtina etdiklərini bildirmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

8. Digər cavabdehlər və onların nümayəndəsi və vəkilləri iddiaçının Cavabdeh4 münasibətdə iddia tələbindən imtinası barədə Kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi.

9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aellyasiya Məhkəməsinin mövqeyi:

11. Məhkəmə kollegiyası iddiadan imtinaya dair ərizəni müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

12. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

13. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

14. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.

15. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

16. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.

17. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

18. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

19. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:

20. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi bir hissədə ləğv olunmalı və həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı cavabdehlər Hümbətov Firdovsi Cəmiyyət oğluna, Cavabdeh8, X5, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, X3 və Cavabdeh2 qarşı "ödənilməmiş kommunal xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının Cavabdeh4 dair hissədə iddia tələblərindən imtinası qəbul edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilsin və Cavabdeh4 aid hissədə iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar