Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1256/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Elməddin Rəhimovun iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı «subroqasiya tələbinin təmin edilməsi barədə» 2(004)- 4498/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış «Audi Q7» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 2350 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 2380,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 16.09.2013-cü il tarixdə idarə etdiyi «Daewoo BS 090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Ə.Rəcəbli küçəsində yol-nəqliyyat hadisəsi törədərək X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış «Audi Q7» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin CYP 757837 saylı inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. Nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 19.11.2014-cü il tarixli hesabata uyğun olaraq, «Audi Q7» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2850 manat ziyan dəymişdir. **********5 saylı sığorta müqaviləsinə və 012663 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 500 manat çıxmaqla, 2350 manat sığorta ödənişi həyata keçirmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «AUDİ Q7» markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2350 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 2380,40 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın ona qarşı təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati protokol onun tərəfindən imzalanmamış, onun əvəzinə saxta imza atılmış, ümumiyyətlə onun belə bir protokolun olmasından məlumatı olmamışdır. Çünki o, ümumiyyətlə heç vaxt sözügedən dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü olmamış və idarə etməmişdir. Belə ki, sərnişin daşıma sahəsində qəbul olunmuş qaydalara əsasən sürücülər növbəlilik prinsipi ilə yalnız onlara təhkim edilən bir nəqliyyat vasitəsini idarə edirlər. Cavabdeh2 firmasının rəhbərliyi də bu prinsipdən çıxış edərək nəqliyyat vasitəsini dəyişməmək şərtilə hər sürücünü yalnız bir avtonəqliyyat vasitəsinə təhkim etmişdir. Digər tərəfdən isə inzibati protokolda göstərilən, o zaman qüvvədə olmuş İXM-nin 151.3-cü maddəsinin məzmunu baş vermiş qəza hadisəsi ilə uyğun gəlmir. Sonradan, İnzibati Xətalar Məcəlləsində həmin maddənin məzmununa baxarkən məlum olmuşdur ki, həmin maddədə yalnız sürət aşmasından söhbət gedir. Eyni zamanda, məhkəmə öz qətnaməsində DYP-nin ona qarşı inzibati məsuliyyətə cəlb etmə haqqında qərarına istinad etsə də, iş materiallarında belə bir qərar yoxdur. Halbuki, İnzibati Xətalar Məcəlləsinə görə İnzibati Xəta törətmiş şəxs barəsində protokol tərtib edildikdən sonra inzibati məsuliyyətə cəlb etmək haqqında qərar qəbul edilməməlidir. Həmin qərardan isə onun məhkəməyə şikayət vermək hüququ vardır. İş materiallarında həmçinin guya onun polisə izahat verərək hadisəni şərh etdiyinə dair 13 noyabr 2014-cü il tarixli izahatı var. Qeyd etmək istəyir ki, onun latın qrafikasından ümumiyyətlə anlayışı yoxdur və heç vaxt latın qrafikası ilə bir söz belə yazmamışdır. İzahatın sonundakı imza isə ona məxsus deyil. Belə ki, izahat da saxta tərtib olunmuşdur. Məlumat üçün bildirir ki, işlədiyi Cavabdeh2 firmasında «D» kateqoriyası olan sürücülərin sürücülük vəsiqələri onlardan alınaraq rəhbərliyin özündə saxlanılırdı. Bunun əsas səbəbi çoxtutumlu sərnişin avtobuslarını idarə etmək hüqüqu olmayan sürücülər bu və ya digər yol qəza hadisələri törətdikləri zaman rəhbərlik tərəfindən operativ tədbir görülərək hüququ çatmayan sürücüyə görə hüquqi şəxsin külli miqdarda cərimə olunmasını və avtonəqliyyat vasitəsinin müvafiq duracağa yerləşdirilməsi ilə avtobusun xətdən çıxarılması və beləliklə maşın kolonunun sırasının azalmaq, plan-tapşırığın yerinə yetirilməsinə əngəllərin qarşısını almaq üçün onların əvəzinə «D» kateqoriyasından sürücülərin sürücülük vəsiqələrinin müvafiq orqanlara təqdim edirdilər. Şübhəsiz Cavabdeh2 firmasının rəhbərliyi bu hadisədə də ənənəvi taktikasından istifadə etmişdir. Bir daha tam əminliklə bildirir ki, o, həmin gün həmin avtonəqliyyat vasitəsini idarə etməmiş, heç bir yol qəza hadisəsi törətməmişdir. Bu işin saxta olduğu isə hamıya, eləcə də ona məlumdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin inzibati xəta haqqında 13.11.2014-cü il tarixli, CYP seriyalı 757837 saylı protokolu və qərarı ilə Cavabdeh1 İXM-nin 151.3-cü maddəsi ilə inzibati xəta törədilməsində təqsirli bilinmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 15.08.2014-cü il tarixli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsinin surətinə əsasən «Audi Q7» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" şirkəti ASC tərəfindən sığortalanmışdır. ABN 445869 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Daewoo BS 090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 firmasının mülkiyyətindədir. Cavabdeh2 firması tərəfindən Cavabdeh1 verilmiş yol vərəqəsinə əsasən «Daewoo BS 090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil şəhərdaxili və şəhərətrafı sərnişin daşınması üçün ona verilmişdir. 012663 saylı Sığorta aktına əsasən «Daewoo BS 090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşınla X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış «Audi Q7» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində «Audi Q7» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2350 manat məbləğində ziyan dəymişdir. 15.12.2014-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" şirkəti ASC tərəfindən X1 adına 2350 manat məbləğində pul köçürülmüşdür. 19.11.2014-cü il tarixli Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktda qeyd olunmuşdur ki, X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış «Audi Q7» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 2850 manat məbləğində qiymətləndirilmişdir. Qeyd etmək lazımdır ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qanunun tələblərinə görə baş vermiş sığorta hadisəsi zamanı sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Vurulmuş maddi ziyanın əvəzi olaraq, 2350 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə verilmişdir. İş üzrə digər cavabdeh olan Cavabdeh2 Firması «Daewoo BS 090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin inzibati xəta haqqında 13.11.2014-cü il tarixli, CYP seriyalı 757837 saylı protokoluna əsasən Cavabdeh1 yol vərəqəsi əsasında həmin nəqliyyat vasitəsini idarə edərək İXM-nin 151.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Bu səbəbdən, iddiaçı haqlı olaraq, Cavabdeh1 qarşı subroqasiya tələbi irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin inzibati xəta haqqında 13.11.2014-cü il tarixli qərarı ilə Cavabdeh1 «Daewoo BS 090» markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edərək qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar İXM-nin 151.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 3(005)-574/2022 saylı qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin inzibati xəta haqqında qeyd edilən qərarından şikayəti baxılmadan geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15.03.2022-ci il tarixli, 3(103)-615/2022 saylı qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 3(005)-574/2022 saylı qəradadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(004)-4498/2020 saylı qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1256/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1256/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver