Məhkəmə qərarları › İş №2(103)-1258/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1258/2022

26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1258/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X1 və X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş ziyanın tutulması” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-5777/2021 saylı iş üzrə qəbul etdiyi 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1900 manat və 30 manat dövlət rüsumu, 4642,50 manat miqdarında itirdiyi real gəlirin tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 iyul 2021-ci il tarixdə ona məxsus bir baş inək səhər saat 06:00-da yaşadığı Qusar rayonunun Yasab kəndi ərazisində cavabdeh "xxxx" ASC-nə məxsus olmaqla onun tərəfindən istismar edilən elektrik xətti naqilinin yerə düşməsi nəticəsində elektrik cərəyanı vurmuş və yerindəcə ölmüşdür. Onun inəyi ilə bərabər həmin vaxt həmkədlisinin Cəlilova Bacıqızının da inəyi həmin səbəbdən ölmüşdür. İnəyi 6 yaşar idi, diri çəkisi təxminən 320 kq olardı. İnəklərin ölməsi ilə əlaqədar Qusar rayon Baytarlıq sahəsinin müdiri S.Eyvazovun iştirakı ilə 08.07.2021-ci il tarixində aktlar tərtib edilmişdir. Hesab edir ki, elektrik naqili tərəfindən yerə düşməmişdir. Kəndin ərazisində elektrik şəbəkəsinin elektrik xətləri və elektrik dayaqları çox yararsız vəziyyətdədir. Həmin hal Qusar rayon İHB-nin Yasab İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş № 267 olan 04.08.2021-ci il tarixli arayışla da təsdiq olunur. Hadisə baş verən gün, 08.07.2021-ci il tarixində Qusar rayonunun Yasab kəndi ərazisində hava sakit, küləksiz və yağıntısız idi. Ümumiyyətlə son aylar Qusar rayonu ərazisində normal vəziyyətdə olan elektrik xətt və dirəklərinə təsir edə biləcək təbiət hadisəsi baş verməmişdir. Məhz cavabdeh təşkilat tərəfindən yüksək təhlükə mənbəyi hesab edilən texniki cəhətdən təhlükəli vəziyyətdə olan elektrik xətlərindən istifadə edilməsi nəticəsində elektrik xəttinin naqili yerə düşmüşdür. Hesab edir ki, inəyinin diri çəkisinin 320 kg və onun 6 yaşar olduğunu əsas tutaraq onun qiyməti 1900.00 manat olmalıdır. Həmçinin cavabdehin təqsirindən baş vermiş hadisə nəticəsində o, inəyin ona verə biləcəyi faydasından (real gəlirdən) 3 il müddətinə məhrum olmuşdur. O, 3 il ərzində inəyin verdiyi süddən və hər ildə inəyin verdiyi buzovdan məhrum olmuşdur. Qusar rayonunda yerli cins inəyin süd üzrə məhsuldarlığı ildə 1200-1500 litrdir. Hal-hazırda 1litr südün orta bazar qiyməti 0,90-1,00 manatdır. 3 il ərzində inəyindən orta hesabla ildə 1350 litr olmaqla cəmi 4.050 litr süd sağılmalı idi. Süddə nisbətdə ona 3 il ərzində dəymiş zərər 3847 manat 50 qəpik təşkil edir. Hal-hazırda yerli cins körpə buzovun bazar qiyməti 250-280 manatdır. Buzova nisbətdə ona dəymiş zərərin miqdarı ildə bir buzovdan məhrum olmağı nəzərə almaqla 3 il ərzində 795 manat təşkil edir. Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-5777/2021 saylı iş üzrə qəbul etdiyi 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 1990 manat dəymiş zərər və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissənin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh "xxxx" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Hazırki iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi Qusar rayon Yasab baytarlıq şöbəsinin müdiri və 4 nəfər kənd sakinin iştirakı ilə tərtib olunmuş 08 iyul 2021-ci il tarixli akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Belə ki, aktı imzalayan şəxslər 08 iyul 2021-ci il tarixdə saat 06:00 radələrində Qusar rayonu Yasab kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində İddiaçı məxsus 1 baş inəyin tələf olmasının şahidi olduğunu bildirmişdirlər. Halbuki baş vermiş hadisənin səhər saat 06:00 radələrində, yəni ətrafda insanların demək olar ki olmadığı bir vaxtda baş verdiyi nəzərə alınsa aktı imzalayan şəxslərin həmin hadisənin birbaşa şahidi olmaqlarına dair əsaslı şübhələr yaranmış olur. Lakin qeyd edilən aktın həqiqiliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən akt müvafiq məhkəmə ekspertizasına göndərilməmiş, aktı imzalayan şəxslərin şahid qismində işə cəlb edilməsi təmin edilməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin iş materiallarında olan Qusar Rayon Baytarlıq İdarəsinin rəyi hadisə baş verdikdən 19 gün sonra yəni 27 iyul tarixdə verilmiş və rəydə tələf olunan mal-qaraya baxış keçirildiyi bildirilmişdir. Halbuki iş materiallarında olan 08 iyul tarixli aktda tələf olmuş mal-qaranın dezinfeksiya edilərək dərin quyuya basdırldığı qeyd olunduğu nəzərə alınsa belə bir baxışın mümkün olmasına və Baytarlıq İdarəsinin rəyinin mötəbər sübut kimi qəbul olunmasına dair əsaslı şübhələr yaranmış olur. Bundan əlavə Rayon Baytarlıq İdarəsinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən müvafiq yarılma aktı da iddiaçı tərfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndələri X3 və X5 ayrı-ayırılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Baxılan iş üzrə qətnamədən cavabdeh şikayət verdiyindən, iddiaçı isə qətnaməni mübahisələndirmədiyindən Kollegiya qətnamənin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi ki, İddiaçı ilk olaraq iddia ərizəsində cavabdeh "xxxx" ASC-dən 1900 manat və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1900 manat və 30 manat dövlət rüsumu, 4642,50 manat miqdarında itirdiyi real gəlirin tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı son olaraq iddia ərizəsinə əlavədə cavabdehdən 1900 manat və 30 manat dövlət rüsumunun eləcə də 4642,50 manat miqdarında itirdiyi real gəlirin tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbini dəymiş zərərin tutulması hissəsində təmin etməklə 1990 manat dəymiş zərərin tutulmasını qət edərək iddia tələbindən kənara çıxmışdır; halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxılması prosessual hüquq normanın pozulması kimi qiymətləndirilməli və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehdən 1990 manat dəymiş zərərin tutulması hissəsində əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Qusar Rayon Polis X7 Bölməsinin 22.07.2021-ci il tarixli məktubundan görünür ki, 08.07.2021-ci il tarixində Qusar rayonu Yasab kəndində elektrik naqili qırılması nəticəsində sizə məxsus bir baş iribuynuzlu heyvan tələf olmuşdur və sizə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan 08.07.2021-ci il tarixli aktdan görünür ki, 08.07.2021-ci il tarixdə Renat Cəlilova məxsus yerli cins qırmızı olan 320 kq.d/çəkidə orta köklükdə olan 1 baş inək heyvanlar səhər saat 06:00 radələrində yüksək gərginlik olan elektrik xəttinin qırılması və yerə düşməsi nəticəsində həmin 1 baş ilbuynuz heyvan elektrik cərəyan vurmaqla tələf olmuşdur. Həmin 1 baş iribuynuzlu heyvan texnika vasitəsilə ilə dərin quyu qazaraq, həmin yeri dezinfiksiya olanda basdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Qusar rayon Baytarlıq İdarəsinin 27.07.2021-ci il tarixli rəyindən görünür ki, özlərinə məxsus iri buynuzlu heyvanlar elektrik cərəyanı zamanı müəyyən olmuşdur ki, həqiqətən yüksək gərginlik olan elektrik xətti qırılmış və 2 baş iri buynuzlu heyvanı cərəyanı vurmuşdur. Tələf olmuş iri buynuzlu heyvanlar texnika vasitəsilə ilə dərin quyu qazılaraq basdırılmış və dizenfeksiya olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında X4 17.09.2021-ci il tarixli məktubundan görünür ki, məxsus 629939 identifikasiya nömrəli inəkdə 08.03.2021-ci il tarixində süni mayalanma aparılmış və bu barədə məlumatlar 16.03.2021-ci il tarixində Elektron kənd təsərrüfatı İnformasiya Sisteminə işlənilmişdir. Sizə məxsus 629939 identifikasiya nömrəli inək yerli cins inəklərə aid olduğu üçün orta köklük dərəcəsində olması kimi nəzərə alınır. Respublika üzrə ststistik məlumatlara əsasən yerli cins inəklərin orta illik süd məhsuldarlığı 1200-1500 litr təşkil edir. İş materiallarında olan “Riad” firmasının arayışından görünür ki, “Riad” firması tərəfindən ondan ötəri ki, diri çəkisi 320,00 kq. Olan 6 yaşar yerli cins inəyin bazar qiyməti 1850,00- 2000,00 manat, yerli cins körpə buzovun bazar qiyməti 250,00-280,00 manat, bir litr südün bazar qiyməti 0,90-1,00 manatdır. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinin mənasına görə isə, delikt nəticəsində şəxsə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə olunan mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət göstərən, eləcə də cavabdeh "xxxx" ASC bu fəaliyyəti nəticəsində iddiaçıya münasibətdə mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydalarına görə mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 2-ci bəndinə görə bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. Həmin Qaydaların 3-cü bəndinin b) yarımbəndinə əsasən mühafizə zonası gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular,habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələrdir. Göründüyü kimi elektrik şəbəkələrinin qorunmasını, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir. İşdən isə görünür ki, iddiaçıya məxsus inək elektrik naqillərinin qırılıb yerə düşməsi nəticəsində elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur. Belə olan halda lazımı qaydada elektrik şəbəkəsinin mühafizəsini təmin etməyən "xxxx" ASC, törətdiyi deliktə görə iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh "xxxx" ASC-dən 1900 manat dəymiş zərərin iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olmuşdur. Həmçinin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilməli, digər tərəfdən apellyasiya şikayəti iddia tələbinin mübahisələndirilən hissədə rədd edilməsi barədə dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla işin qeyd olunan halları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə bağlı eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən və həmin hissədə də iddia tələbi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 385, 387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-5777/2021 saylı iş üzrə qəbul etdiyi 18 oktyabr 2021-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" ASC-dən 1900 manat dəymiş zərər tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar