Məhkəmə qərarları › İş №2(103)-1261/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1261/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1261/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: mülkiyyətin ədalətli kompensasiyası X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətin ədalətli kompensasiyası” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə eyni ünvanda yeni, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 132.8 kv.m tam təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi, həmçinin müvəqqəti olaraq başqa ünvanda yaşama ilə bağlı kirayə haqlarını, həmçinin hazırkı mənzildən digər ünvana köçürmə ilə bağlı xərcləri ödəməyi, iddiaçı isə mülkiyyətində olan ünvan 1, mənzil 106 ünvanında yerləşən 70 kv.m ibarət yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əsas müqaviləyə əlavə və dəyişikliklərə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, giriş 2, mərtəbə 9, sahəsi 132.8 kv.m olan 119 saylı mənzil təmirsiz olaraq mənzil mülkiyyətçisi olan iddiaçıya təhvil verilmiş, mənzilin təmirsiz verildiyinə görə mənzil mülkiyyətçisinə 27.000 manat kompensasiya ödənilmişdir.

3. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 162, mənzil 119 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 560, M9, m5) ünvanında yerləşən 127.20 kv.metr ölçüdə mənzil xx.xx.2021-ci il tarixdə iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/255 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsinin 114,62 kv.m (texniki səhv nəticəsində 115,5 kv.m) olduğu müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsinin otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi də daxil olmaqla 114,62 kv.m olduğu müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin ümumi sahəsinin otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri) habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi də daxil olmaqla 114,62 kv.m. olduğu müəyyən edilmişdir. Həmin mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,50 kv.m olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsünün verilməyən 13,9 kvadrat metr hissəsinə görə 34.000 manat kompensasiyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən 132,8 kv.m sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Mənzil ona təhvil verilmişdir və hazırda orada yaşamaqdadır. Lakin, daha sonra mənzilə mülkiyyət hüququ haqqında çıxarış alarkən məlum olmuşdur ki, həmin mənzilin sahəsi 132.8 kv.m yox, 127.2 kv.m-dir. Lakin, bu düzgün göstərici deyil. Belə ki, mənzilin ölçülməsi ilə bağlı Əmlak Komitəsinə ərizə yazaraq müraciət etmişdir. Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən ölçmə işləri aparılaraq mənzilin 125.1 kv.m olduğu hesablanmış, amma arayışda ölçü göstərməyərək sadəcə göstərilənlərlə uyğunluq təşkil etdiyini bildirilmişdir. Müqavilədə və çıxarışda göstərilən ölçülərdə fərq yarandığından o, yaranmış problemi həll etmək məqsədilə cavabdehə dəfələrlə müraciət etmiş, danışıqlar aparmış, lakin heç bir nəticə əldə etməmişdir. Reyestrdən çıxarış üzrə olan sahə müqavilədə nəzərdə tutulandan az və səhvdir. Sonradan qanunla hesablama qaydalarına uyğun aparılmış hesablama nəticəsində ona verilmiş mənzilin 118.9 kv.m olduğu qənaətinə gəlmişdir.

9. Cavabdeh MMC iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında sökülmüş 59.9 kv.m (oxdan-oxa 70 kv.m) köhnə mənzilin əvəzi olaraq iddiaçıya yeni binada ümumi sahəsi 132.8 kv.m olan mənzil verilmiş və müqavilə öhdəliyinə görə verilməli sahədən ibarət olan mənzil iddiaçıya təhvil verilmişdir. Bundan başqa, Dövlət reyestri xidmətindən iddiaçının adına verilmiş çıxarışdan görünür ki, mənzilin ümumi sahəsi azalma əmsalı tətbiq edilməklə 127.2 kv.m təşkil edir. Yəni azalma əmsalı tətbiq edilmədən, arakəsmə divarları və təmir işlərini nəzərə alınmasa, verilmiş sahə müqavilədə nəzərdə tutulmuş ümumi sahədən daha artıqdır. Nəzərə almaq lazımdır ki, mənzilin kənar divarları təxminən 11x12=132 (2x11=22) 2x12=24) (24+22=46) 46x0.36=16.56 kv.m. təşkil edir. Orta arakəsmə divarları təxminən 41x0.16=6.56 kv.m təşkil edir. Mənzilin iki balkonu (locika) cəmi 7.74 kv.m təşkil edir, amma 3.87 kv.m qeyd edilmişdir. Mübahisəli mənzilin sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla 127 kv.m təşkil edir. Divaraltı sahələr, sütunlar və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin müqavilədə nəzərdə tutulduğundan da artıq olduğu müəyyən edilir. Sahələrin fərqli olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 68/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X5).

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil aldıqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 118,9 kv.metr olduğunu müəyyənləşdirdiyini göstərmişdir. İddiaçı tələbində mənzilinin ölçüsünün müqavilədə nəzərdə tutulandan az olmasını daşınmaz əmlakın reyestrindən çıxarış alandan sonra bildiyini göstərmiş və tələbini məhz bununla əsaslanmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” nın tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir.

13. Beləliklə, müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 127.20 kv.m (çıxarışa əsasən) təşkil etmişdir. Divaraltı sahələr, sütunlar şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiqedilmədən mənzilaltı sahənin 133.5 kv.m (ekspert rəyinə əsasən) olduğu müəyyən edilmişdir. Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı əsasında sahəsi ilə həmin mənzilin cavabdeh tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq 5.6 kv.metr (132,8 kv.m (müqavilə üzrə verilməli olan) - 127,20 kv.m = 5,6 kv.m) təşkil etmişdir. Sahələrin fərqli olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Göründüyü kimi iddiaçının tələbinin əsası kimi irəli sürdüyü faktiki hallar sübut olunmamışdır.

14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil aldıqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 118,9 kv.metr olduğunu müəyyənləşdirdiyini göstərmişdir. İddiaçının tələbinin əsası kimi irəli sürdüyü faktiki hallar sübut olunmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarış hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.3cü, 227.1-ci, 227.2-ci, 385.1-ci, 385.2-ci, 425.1-ci, 442-ci, 752.1-ci, 766-ci, 773-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 119.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu rəyi məhz AR Şəhərsalma və Tikinti Məcəlləsinin və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə uyğun deyildir. Çünki, məhz sözügedən hüquqi aktlarda ölçü aparılarkən ara divarlarının yerləşdiyi sahələr istisna olunmuşdur. Bu səbəbdən məhz işə baxan məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli rəyi deyil, xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda, sözügedən iş üzrə xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyinin düzgün olmadığını təsdiq edən hallardan biri də sonuncu iki ekspert rəyləri – yəni, xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli və xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyləri arasındakı müddət fərqidir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, 1 günlük qısa bir müddət ərzində ekspertin iki fərqli nəticəyə gəlməsi əslində onun düzgün ölçü aparmadığını və özü-özünü təkzib etdiyini göstərir. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3058/2023 nömrəli, xx.xx.2023-cü il tarixli anonimləşdirilmiş qətnaməsində qeyd olunmuşdur ki, “Apellyasiya baxışı zamanı əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadan hesablanarkən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 3137-ci məhəllə 27 saylı mənzilin (yeni qaydalarla: Bakışəhəri Yasamalrayonu X10 küçəsi 37, M5, m5) ümumi sahəsi 92,6 kv.m, həmin qanunvericiliyin tələbləri nəzərə alınaraq hesablandıqda isə 88,1 kv.metr təşkil edir.” Məhkəmənin iş üzrə preyudisial əhəmiyyət daşıyan sözügedən qətnaməsi də bir daha təsdiq edir ki, əgər mənzildə ölçü aparılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əməl edilməklə aparılarsa, bu zaman heç bir halda ara divarların ölçüləri, o cümlədən, birinci instansiya məhkəməsində qeyd olunan divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi yolverilməzdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/6914 nömrəli rəylə mübahisə predmeti olan mənzilin həqiqi ölçüləri təsdiq olunmuşdur. Yəni, iddiaçının sübut etməli olduğu məsələ bununla bitmiş hesab olunur. Bundan sonra sözügedən mənzilin tərəflər arasındakı müqavilədə qeyd olunan ölçüdən az olmadığını sübut etmək öhdəliyi Cavabdeh tikinti şirkətinin öhdəliyidir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-744/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-68/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli)

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, tərəflər aralarında bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı mülkiyyətində olan yaşayış sahəsi və həyətdə olan dəmir qarajı sökmək üçün tikinti şirkətinə təhvil vermiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 127,20 kv.m göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə 3 dəfə tikinti-texniki ekspertizası keçirilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspert rəylərinə istinad edərək qeyd etmişdir ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi sahəsi 132.8 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş sonuncu ekspertizanın rəyi ilə də öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podrat tapşırığını kəmiyyətcə tam yerinə yetirmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya müqavilə üzrə müəyyən edilmiş sahəyə uyğun mənzil sahəsi verilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, ümumi sahəsi 132.8 kv.m olan mənzil iddiaçıya söküntüyə gedən ərazidə yerləşən 70 kv.m sahəsi olan mənzilin əvəzi olaraq verilmişdir və verilən mənzilin sahəsi sökülən mənzilin sahəsindən təxminən iki dəfəyə qədər çoxdur. İddiaçı bu sahəyə görə cavabdehə hər hansı məbləğdə pul ödəməmişdir. Əksinə, cavabdeh təmir xərci kimi iddiaçıya əlavə olaraq 27.000 manat kompensasiya ödəmişdir. Cavabdeh eyni zamanda iddiaçının müvəqqəti olaraq başqa ünvanda yaşama ilə bağlı kirayə haqlarını və digər ünvana köçürmə ilə bağlı xərclərini də ödəmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sonuncu iki ekspert rəyləri xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə verilmiş, rəylərin verilməsi arasında 6 ay müddət fərqi olmuşdur.

24. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 752.1-ci, 762-ci, 766-cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinə, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 744/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmamış və öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3507 nömrəli ekspert rəyində iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində inşa edilmiş 162 saylı evin, 119 saylı mənzilinin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Nəticə etibarı ilə apellyasiya instansiyası məhkəməsi mənzilin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddəsinindəki qaydadan fərqli, yəni mənzilinin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla müəyyənləşdirilməli olmasını kifayət qədər əsaslandıra bilməmişdir.

28. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 21-ci, 385.1-ci, 425.1-ci, 442-ci, 752.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217-ci, 416-cı, 418-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

31. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

33. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

34. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın: 2-ci bəndinə əsasən balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır; 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

39. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və həmin göstərişləri, habelə apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında olan göstərişləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada təmin edilməsinə hər hansı əsas yoxdur.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 162 saylı evin, 106 saylı mənzili (ümumi sahəsi 59,9 kv.m) İddiaçı mülkiyyətində olmuşdur. Həmin evin də yerləşdiyi sahə hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün cavabdehin istifadəsinə verilmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçının mülkiyyətində olan həmin mənzilin sökülməsini və bu ünvanda tikiləcək yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 132.8 kv.m tam təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi, həmçinin onun müvəqqəti olaraq başqa ünvanda yaşaması ilə bağlı kirayə haqlarını, hazırkı mənzildən digər ünvana köçürmə ilə bağlı xərcləri ödəməyi, iddiaçı isə mülkiyyətində olan mənzili və həyətdə olan dəmir qarajı sökmək üçün cavabdehə təhvil verməyi, bu müqavilə üzrə nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Sonradan xx.xx.2019-cu il tarixdə müqaviləyə dəyişiklik edilmiş və cavabdeh inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsindən sahəsi 132.8 kv.m olan 119 saylı mənzili təmirsiz olaraq iddiaçıya təhvil verməyi və bunun müqabilində (mənzil təmirsiz verildiyinə görə) iddiaçıya 27.000 manat kompensasiya ödənilməsini öhdəsinə götürmüşdür.

42. Hazırda iddiaçı həmin müqavilənin şərtlərinə əsasən ona 132.8 kv.m ölçüdə mənzilin verilməli olmasına baxmayaraq, mənzilə dair verilmiş çıxarışda sahənin 127.2 kv.metr olduğunun göstərildiyini, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun apardığı hesablama nəticəsində isə mənzilin ümumiyyətlə 118,9 kv.m ölçüdə olduğunu müəyyən etdiyini və nəticədə ona məhz 118,9 kv.m ölçüdə məhzilin təhvil verildiyini iddia edir və yaranmış 13,9 kv.m ölçüdə fərqin dəyəri olan 34.000 manat məbləğində pulun ona ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbi ilə razılaşmır və sökülmüş 59.9 kv.m (oxdan-oxa 70 kv.m) köhnə mənzilin əvəzi olaraq iddiaçıya yeni binada ümumi sahəsi 132.8 kv.m olan mənzilin təhvil verildiyini, mənzilin ümumi sahəsinin azalma əmsalı tətbiq edilməklə 127.2 kv.m təşkil etdiyini, azalma əmsalı tətbiq edilmədən, arakəsmə divarları və təmir işləri nəzərə alınmadığı halda, verilmiş sahənin müqavilədə nəzərdə tutulmuş ümumi sahədən də artıq olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.

43. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində yaşayış binalarında mənzillərin ümumi sahəsinə daxil olan sahələrin siyahısı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndində lociya mənzilin ümumi sahəsinə daxil edilən bir sahə kimi qeyd edilmiş və mənzilin ümumi sahəsinin hesablanması zamanı bu sahələrin də xüsusi hesablanması qaydası müəyyən edilmişdir.

44. Hazırda mübahisələndirilən mənzillə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda bu mənzilin ümumi sahəsinin 127,2 kv.m. olduğu göstərilmiş və hesablama yuxarıda istinad olunan Qaydaların tələblərinə uyğun olaraq mənzildə olan 02 ədəd lociyanın sahəsinin 0,5 azaltma əmsallarına vurulması ilə aparılmışdır. Həmin lociyaların da real sahələrinin müvafiq olaraq 4,3 kv.m və 4,9 kv.m olması nəzərə alındığı təqdirdə qeyd edilən mənzillə bağlı tərtib edilmiş plana (texniki pasporta) əsasən mənzilin ümumi sahəsi (25,8+14,4+4.3+24,9+2,7+4,6+3,6+20,8+4,9+25,7) 131,7 kv.m. təşkil edir.

45. Mənzilin ümumi sahəsinin texniki pasporta əsasən 131.7 kv.m, müqavilə üzrə isə 132.8 kv.metr göstərilməsi (yaranmış 1,1 kv.m fərqlə) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzili təmirlidir. Formalaşmış təcrübəyə əsasən mənzildə təmir işlərinin görülməsi, o cümlədən suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin bir neçə (ən azı 1 kv.m.) azalmasına səbəb olur. Bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür. Bu hal da nəzərə alınaraq, nəticə etibarı ilə texniki pasportda göstərilən sahə ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə demək olar ki, eynilik təşkil edir.

46. Nəzərə alınmalıdır ki, iddiaçı bu barədə sübut təqdim etməsə də, iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mənzilin ölçülməsi ilə bağlı ərizə yazdığını və qurumun mütəxəsisləri tərəfindən yenidən aparılmış hesablamalar nəticəsində mənzilin 125,1 kv.m olduğunu müəyyən etdiklərini, lakin ölçü göstərməyərək, bu barədə arayışda uyğunsuzluğun olmadığını qeyd etdiklərini bildirir. Başqa sözlə, sahədə hər hansı uyğunsuzluğun olması nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən də təsdiq edilməmişdir.

47. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə 3 dəfə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və xx.xx.2022-ci il tarixli (texniki səhv nəticəsində 115,5 kv.m göstərilmişdir), xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspert rəylərinə əsasən mübahisəli mənzilin ümumi sahəsinin 114,62 kv.m olması, o cümlədən sonuncu rəydə mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla ümumi sahəsinin 133,5 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəylərində göstərilən mənzilin sahəsi ilə dövlət reyestrindən çıxarışda göstərilən sahə fərqinə münasibətdə qeyd edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən dövlət reyestrində əks olunmuş məlumatlar, o cümlədən sahənin (ölçünün) müəyyən edilməsinə əsas olmuş mənzilin texniki pasportunda olan göstəricilər (otaqların adı, sahəsi və sair) əsas götürülməli və mülki iş üzrə hüquqi dəyərləndirmə məhz texniki pasportda göstərilmiş otaqlar (tikililər) və onların sahələri əsas götürülməklə aparılmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası, iş üzrə keçirilmiş ekspert rəylərini mötəbər sübut kimi qəbul etmir və mülki işə tətbiq edilməməsi qənaətinə gəlir.

48. Ümumiyyətlə ekspert rəylərinin məzmununa istinadən qeyd edilməlidir ki, ekspert tədqiqatı aparılarkən ümumiyyətlə texniki pasportda olan məlumatlar nəzərə alınmamışdır. Nəticədə texniki pasportda mənzil üzrə 10 otaq (tikili) göstərilsə də, rəylərdə say etibarı ilə 9 tikilinin olduğu qeyd edilmişdir. Rəylərdə mənzilin ümumi sahəsinin, eləcə də tikililərin ayrı-ayrılıqda sahələrinin baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində müəyyən edildiyi vurğulanmışdır. Bu da öz növbəsində qərardad üzrə qoyulmuş digər sualın icrası qaydasında mənzilin bayır və ara divarlarının sahələrinin də eyni qaydada aparılmış ölçü işləri vasitəsi ilə müəyyən edilməsini mümkün edirdi. Buna baxmayaraq, rəylərdə mənzilə dair hər hansı layihə sənədlərinin olmamasına istinadən mənzilin xarici və daxili divarlarının eninin (mövcud vəziyyətdə) dəqiqliklə müəyyən ediməsinin mümkün olmadığı göstərilmişdir. Halbuki, ən azı mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmaqla və alınmamaqla ümumi sahənin müəyyən edilməsi bayır və ara divarlarının sahəsinin də müəyyən edilməsini mümkün edirdi.

49. Məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırda “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına istinad edərək, sahənin düzgün hesablanmadığını iddia edən, o cümlədən yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahənin nəzərə alınmalı olmaması mövqeyindən çıxış edən iddiaçı xx.xx.2017-ci il tarixli müqavilə bağlanan zaman cavabdehə təhvil verdiyi mənzilin ölçülərinə münasibətdə bu mövqedən çıxış etməmiş və ümumi sahəsi 59,9 kv.m. olan mənzilini daha əlverişli qaydada, yəni faktiki olaraq “oxdan – oxa” hesablatdırmaqla, 70 kv.m. ölçüdə olan mənzil kimi təhvil vermişdir.

50. Bununla belə, cavabdeh iddiaçı ilə aralarında yaranmış podrat münasibətləri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş və iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətinin rədd edilməsini şərtləndirir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar