Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1262/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndələri X7 və X8, Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 25 saylı Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs 28 saylı Notariat Kontoru) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2348/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 25 saylı Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs 28 saylı Notariat Kontoru) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair onun adından Cavabdeh3 və X5 arasında bağlanmaqla Bakı şəhəri 25 saylı Notariat Ofisinin notariusu İ.N.Bayramov tərəfindən xx xxxxx 2005-ci ildə 4Ə-01-45 reyestr qeydi ilə AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin saxta müqavilə əsasında torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi, həmçinin Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən xx xxxx 2016-cı ildə təsdiq edilən və reyestrdə 2V/1 nömrəsi ilə qeyd olunan X2 vəsiyyətnaməsi və xx.xx.2017-ci il də verilmiş (2V/65 nömrəsi ilə qeydə alınmış) vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-2348/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın rədd edilməsinin əsası kimi birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə iddianı rədd edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. İddiaçı müqavilənin tərtib edilməsində ümumiyyətlə iştirak etməmiş, belə bir müqavilə notariat qaydada bağlanmamışdır. Belə olan halda, iddiaçının müqaviləni bağlandığı vaxtdan hər hansı formada məlumatının olması inandırıcı deyil. İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hansı əsaslarla sənədləşdirilməsi barədə ilk olaraq xx.xx.2018-ci il tarixdə müraciət etmiş, ərizədə ona məxsus torpaq sahəsinin xəbəri olmadan qanunsuz olaraq satıldığını, adından istifadə edilərək hansı üsullarla özgəninkiləşdirilməsi barədə məlumat vermələrini və müvafiq sənədlərin surətlərinin ona verilməsini xahiş etmişdir. Sənədlər verilmədiyindən həm ümumi, həm də inzibati-iqtisadi məhkəməyə müraciət etmişdir. İddiaçı hüquqlarının pozulması məlum olduğu 2018-ci ilin iyun ayından aidiyyəti dövlət orqanlarına müraciətlər etmiş, sonradan mübahisənin həll olunmadığını görüb məhkəmələrə iddia ərizələri ilə müraciətlər etmişdir ki, bu da iddianın axımının kəsilməsini və bu müddətin ötürülmədiyini sübut edir. Həmçinin MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ və məhdud əşya hüququ. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndələri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdehlər və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdelər və 3-cü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı mülkiyyətinə verilmiş, İddiaçı ilə X6 və Cavabdeh3 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış əmlakın alqı-satqı müqaviləsinə əsasən ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,04 ha X3, 0,02 ha Cavabdeh3 mülkiyyətinə vermiş, çıxarışlara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi X3 adına və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx xxx 2017-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 olmuş, X1 məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 və Cavabdeh2 vəsiyyət etmişdir. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. İddiaçı əqdin etibarlılığı şərtlərinin pozulduğunu iddia edir. Bu əsaslarla əqdin mübahisələndirilməsi Mülki Məcəllənin 337.1 -ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (337.1). Lakin kollegiya hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Çünki iddiaçı istinad etdiyi halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Hazırkı işdən göründüyü kimi, iddiaçının aradan uzun bir müddət keçməsinə baxmayaraq tələbin irəli sürməməsi, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan iddiaçının hüquqən qorunmağa daha az layiq olduğu meydana çıxır. İddiaçının alqı-satqı müqaviləsi barədə məlumatın yeni əldə etdiyini yalnız onun mülahizələrinə əsaslanır və bu barədə məhkəməyə tutarlı sübutlar təqdim olunmamışdır. Başqa sözlə, iddia tərəfi, istinad etdiyi etibarsızlıq şərtini formal mülahizələrlə əsaslandırmış, konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Halbuki, istinad etdiyi halları sübut etmək iddiaçının borcudur, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Bununla belə, məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə ilk iddiaya iddia müddəti tətbiq edilməli və İddiaçı Bakı şəhəri 28 saylı Notariat Ofisinin üçüncü şəxs kimi göstərildiyi, cavabdehlər Bakı şəhəri 25 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2348/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1262/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1262/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Əmlak tələbi - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver