Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1262/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 13 №-li evə (bundan sonra – ev) dair cavabdehin adına verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li reyestr çıxarışı və həmin çıxarışın verilməsinə əsas olmuş reyestr qeydi ilə bağlıdır. Reyestr çıxarışından görünür ki, evin 2/4 hissəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb (iş v. 92). Evin həmin hissəsi əvvəlcə cavabdehin atasının mülkiyyətində olub. O, xx.xx.2016-cı il tarixdə ölüb. Cavabdeh atasına məxsus hissəni xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən miras kimi qəbul edib, xx.xx.2017-ci il tarixdə həmin hissə üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Bu məlumat qeydiyyat orqanının məktubunda əks olunub (iş v. 88). İddiaçı həmin ünvanda yaşayır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, reyestr çıxarışı və həmin çıxarışın verilməsinə əsas olmuş reyestr qeydi ləğv edilsin. İddia onunla əsaslandırılıb ki, 2003-cü ildə cavabdehin atası Nurəddin İbrahimov evin 2/4 hissəsini iddiaçıya satıb, evin pulunu alaraq giriş qapısının açarını iddiaçıya təqdim edib, daha sonra isə iddiaçının və onun ailə üzvlərinin evə qeydiyyata alınmasını təmin edib. 2003-cü ildə iddiaçı ailə üzvləri ilə birlikdə evə köçərək orada yaşamağa başlayıb, 2016-cı ilin sentyabr-oktyabr aylarında isə evi tamamilə söküb və həmin ünvanda tamamilə başqa ölçüdə yeni ev tikib. Cavabdeh atasının ölümündən sonra öz adına reyestr çıxarışı alıb, daha sonra iddiaçıya və ailə üzvlərinə qarşı iddia ilə məhkəməyə müraciət edərək evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsini tələb edib. Cavabdeh iddia edir ki, evi atasından qalmış miras kimi qəbul edib. Evin cavabdehin atasına məxsus hissəsi bir mərtəbəli və bir otaqdan ibarət olub, sahəsi 40 kv.m təşkil edib. Lakin hazırkı ev iki mərtəbədən və üç otaqdan ibarətdir, ümumi sahəsi 120 kv.m təşkil edir. Cavabdehin adına verilmiş reyestr çıxarışında göstərilən ev mövcud deyil. Evin tamamilə sökülməsi səbəbindən reyestr çıxarışı və çıxarışın verilməsinə əsas olmuş qeydiyyat ləğv edilməlidir. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, iddiaçının ev üzərində hər hansı hüququ dövlət reyestrində qeydə alınmadığına görə o, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılıb. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Prosessual qanunvericilikdə “cavabdeh” ifadəsi cavabverən mənasında işlədilir, yəni ona qarşı yönələn iddiaya məhkəmədə cavab verir. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün aydınlaşdırılmalıdır ki, cavabdeh kimi göstərilən Cavabdeh nəyə cavab verməlidir? Müəyyən olunur ki, Cavabdeh hazırkı iddiaya cavab verməli deyil. Belə ki, iddia ərizəsində reyestr qeydi və onun əsasında verilmiş reyestr çıxarışı mübahisələndirilir. Reyestr qeydinin anlayışı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində müəyyэn olunub. Həmin maddədən görünür ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı hüquqi aktdır. Bu hüquqi aktın nə barədə olması həmin maddədə açıqlanıb və qeyd olunub ki, hüquqi akt daşınmaz əmlaka hüquqlarla bağlı 4 halın dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədədir: 1) hüquqların əmələ gəlməsinin; 2) hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün); 3) hüquqların başqasına keçməsinin; 4) hüquqlara xitam verilməsinin. Cavabdehə münasibətdə 3-cü hal (mülkiyyət hüququnun başqasına keçməsi) baş verib. Belə ki, evin 2/4 hissəsi üzərində cavabdehin atasının mülkiyyət hüququ onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehə keçib. Vərəsəliyin anlayışı da bunu təsdiq edir. Belə ki, vərəsəlik - ölmüş şəxsin əmlak hüquqlarının və vəzifələrinin başqa şəxslərə (vərəsələrə) keçməsidir. Reyestr qeydinin aparılması ilə mülkiyyət hüququnun cavabdehin atasından cavabdehə keçməsi dövlət tərəfindən tanınıb və təsdiq olunub. Əgər hüququn keçməsi (vərəsəlik) mübahisələndirilsəyidi Cavabdeh buna cavab verməli idi. Cavabdeh reyestr qeydinin, yəni hüququn keçməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktın düzgünlüyünə görə məsuliyyət daşımır. Çünki reyestr qeydi onun tərəfindən aparılmayıb və ya reyestr çıxarışı onun tərəfindən verilməyib. Reyestr qeydinin anlayışından da görünür ki, bu, dövlət tərəfindən tanınma və təsdiq edilmədir. Dövlət tərəfindən tanınma və təsdiq edilmənin düzgünlüyünə görə məsuliyyəti dövlətin müvafiq qurumu – qeydiyyat orqanı daşıyır. İddianın əsası ondan ibarətdir ki, qeydiyyat orqanı mövcud olmayan hüququn başqasına keçməsini tanıyıb. Əgər hüquq mövcud deyildirsə o, başqasına keçə bilməz. İddiaçı iddia edir ki, cavabdehin atasına məxsus olan daşınmaz əmlak (evin 2/4 hissəsi) söküldüyünə görə məhv olmuş sayılır. Mülki Məcəllənin 203.1-ci maddəsinə görə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Əgər həqiqətən daşınmaz əmlak məhv olubsa mülkiyyət hüququ itirilmiş (xitam olunmuş) sayılır. Xitam olunmuş (mövcud olmayan) mülkiyyət hüququ vərəsəlik qaydasında bir şəxsdən (cavabdehin atasından) başqasına (cavabdehə) keçə bilməz. Mövcud olmayan mülkiyyət hüququnun başqasına keçməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi mümkün deyil, əgər tanıma və təsdiq etmə baş veribsə bu barədə olan hüquqi akt (reyestr qeydi) qanunsuz sayılır. Lakib qeydiyyata dair mübahisə qeydiyyatı həyata keçirən orqana qarşı qaldırılmalıdır. Mülki Məcəllənin 150.1-ci maddəsinin göstərişi də bunu təsdiq edir. Həmin maddəyə görə əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddiann rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh Nurəddin qızına qarşı “mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1262/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1262/2021
05.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver