Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1264/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X6, Cavabdeh1 MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(006)-6262/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və Cavabdeh2 5750 manat manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-də 06.02.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22.03.2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X18 tərəfindən idarə olunan «Mercedes Benz C220» markalı ** CM *** dövlət qeydiyyat nişanlı və X5 tərəfindən idarə olunan «Hyundai Sonata» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmiş, bundan başqa X18 hadisə nəticəsində yüngül xəsarət almışdır. Binəqədi rayonu RPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 5750 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. «Ravon Nexia» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsus olduğundan, avtomobil etibarnamə olmadan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(006)- 6262/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 subroqasiya hüququ əsasında 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 5780,40 (beş min yeddi yüz səksən manat, qırx qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-ya ödənilməsi, iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməsi Qeyd olunan qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 2(006)-6262/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsini ləğv edib, iddianın tam təmin edərək 5750 manat məbləğində xərcin və ödənilmiş 46,20 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsi zamanı avtomobili qanuni əsaslar olmadan idarə etsə də, avtomobilin mülkiyyətçi Cavabdeh1 MMC-nin sahibliyindən hüquqa zidd götürülməsi ilə bağlı sübutlar təqdim olunmadığından, zərərin əvəzi yalnız Cavabdeh2 tutulmalıdır. Qeyd edirlər ki, Cavabdeh2 Cavabdeh1 MMC-yə məxsus olan avtomobili etibarnamə olmadan idarə etməsi mübahisə edilməmişdir. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin bu maddəsinə əsasən “Ravon Nexia” markalı 90PN829 dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyindən çıxmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə deyil, ”Azərmaş” MMC-nin üzərinə düşür. Məhkəmə iclasında isə ”Azərmaş” MMC müvafiq sübutlar təqdim etməmişdir. AR MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 1-ci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə iddia tələbləri qismən təmin edildiyindən və məhkəmə qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin 27.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, 22.03.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı qəsəbəsi, Pirşağı-Fatmayı yolunun hərəkət hissəsində Cavabdeh1 MMC-yə məxsus Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi «Ravon Nexia R3» markalı, **-PN-*** dölət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində həmin avtomobillə eyni istiqamətdə qarşısında olan X11 məxsus olmaqla idarə etdiyi «Mercedes Benz» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılması və nəticədə «Mercedes Benz» markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin qarşı hərəkət istisqamətinə keçməsi ilə Novxanı-Pirşağı yolu ilə hərəkətdə olan X3 idarə etdiyi «Hyundai Sonata» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinə dəyməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Mercedes Benz» markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X18 və «Ravon Nexia R3» markalı,**- PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, «Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və həmin avtomobildə sərnişin olan azyaşlılar X13 və X2 zərər vurmayan bədən xəsarətləri almışdırlar. 24.05.2021-ci il tarixli, 25.05.2021-ci il tarixli və 03.06.2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən X9 hesabına 3040,15 manat, X3 hesabına 1959,85 manat və X9 hesabına 750 manat icbari zərər ödənişi köçürülmüşdür. Cavabdeh1 MMC (lizinq verən) ilə X14 (lizinq alan) arasında bağlanmış 06.02.2018-ci il tarixli, AL-181 nömrəli X8 əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. 1 saylı Əlavəyə görə, bu verilən əmlak «Ravon Nexia R3» markalı nəqliyyat vasitəsidir. Cavabdeh1 MMC, X14 (öhdəlikləri ötürən) və "xxxx" MMC (öhdəlikləri qəbul edən) arasında bağlanmış öhdəliklərin ötürülməsi barədə 14.06.2019-cu il tarixli, MAS-181 nömrəli müqaviləyə əsasən, E.Novruzov öz istifadəsində olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan «Ravon Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə təhvil vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyin görə, Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş, digər cavabdeh olan Cavabdeh1 MMC-nin hazırki tələb üzrə cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilməmiş, bu səbəbdən də zərərin əvəzi yalnız Cavabdeh2 tutulmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Ravon-Nexıa R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, etibarnamə olmadan idarə edilməsi nəticəsində yol nəqliyyat hadisəsi törədilməsi və avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığortalanmış avtomobillərə zərər vurulması işin mübahisəsiz halıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator şikayətində “Ravon-Nexıa R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 istifadəsinə qanuni əsaslar olmadan verilməsinə istinad etmişdir. Bununla bağlı qeyd edilir ki, Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında 06 avqust 2018-ci il tarixdə AL-181 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 14 iyun 2019-cu il tarixli Al-181 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Ravon- Nexıa R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan "xxxx" MMC-nin müvəqqəti istifadəsinə vermişdir. Birinci instansiya məhkəməsində mülki işə baxılarkən iddiaçının nümayəndəsinə Cavabdeh1 MMC-nin "xxxx" MMC ilə əvəz edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi buna etiraz etmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh1 MMC “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun sahibliyindən çıxdığını sübuta yetirdiyindən, vurulan zərər üçün məsuliyyət daşımır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun apellyasiya şikayəti ilə iddianın tam təmin edilməsini və ödənilmiş 46,20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, 46,20 manat dövlət rüsumunun ödənildiyini təsdiq sübut (qəbz) iş materiallarında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə apellyator аpellyаsiyа şikayətinin əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmə araşdırmasında sübutа yetirə, şikayətin dəlillərini qanun nöqteyi-nəzərindən əsaslandıra bilməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(006)- 6262/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1264/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1264/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver