Məhkəmə qərarları › İş №2(103)-1266/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1266/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1266/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1868/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, bina 70, 36 saylı mənzilə və həmin mənzildə yerləşən əşyalara cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədilə təmir-tikinti işlərinə görə 2657 manat, mənzildə yerləşən əşyaların yenisi ilə əvəz edilməsinə görə 1500 manat, mənzildən istifadənin qeyri- mümkünlüyü səbəbindən 11 aylıq icarə haqqına görə 5500 manat, mənəvi zərərə görə 2000 manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 110 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 11797 manat məbləğində pulun cavabdehdən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1868/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, bina 70, 36 saylı mənzilə dəymiş maddi ziyana görə 2657 manat, əşyaların yenisi ilə əvəz edilməsinə görə 1000 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat olmaqla, cəmi 3767 (üç min yeddi yüz altmış yeddi) manat və ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat hissəsi tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, mebelə dəyən zərərlə bağlı ekspert rəyindən narazıdır, belə ki, onun mənzilindən iddiaçının mənzilinə su sızması nəticəsində mətbəx mebelinin yalnız bir hissəsinə zərər dəyə bilərdi, hazırkı halda isə suyun axıdılması nəticəsində dəymiş zərər bütün mətbəx mebelinə aid edilmişdir. Bu səbəbdən, mətbəx mebelinə dəymiş zərərin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsini bildirmiş və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək göstərdi ki, qətnamə qanunsuzdur, xüsusən də mətbəx mebelinə münasibətdə iddiaçı evinə aldığı yeni mətbəx mebelinin pulunu da dəymiş zərər kimi qeyd edərək ondan tələb edir, hesab edir ki suyun axıdılması nəticəsində mətbəx mebeli bütünlüklə sıradan çıxa bilməzdi, həm də həmin mebelin guya bir il qabaq quraşdırılması da uydurmadır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan **********76-05301-093063 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, bina 70, 36 saylı mənzil İddiaçı məxsusdur. Binanın komendantı X4, sakinlər X1, X2 və Vəkil tərəfindən tərtib edilmiş 06.12.2019cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, bina 70, 36 saylı mənzilə baxış keçirilərkən iddiaçının mənzilinin qonaq otağının və mətbəxinin, həmçinin mətbəx mebelinin yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Məhkəmənin 03.03.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.08.2020-ci il tarixli, 10/104 saylı ekspertiza rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 70 saylı evin 36 saylı mənzilin tavanında, döşəməsində və divarlarında olan əlamətlərə, eləcə də mülki iş materiallarında olan, 26.12.2019-cu il tarixli aktın məlumatlarına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 70 saylı evin 36 saylı mənzilinə yuxarı mərtəbədəki 40 saylı mənzildən (paltar yuyanın su xəttinin partlaması nəticəsində) suyun sızması müəyyən olunmuş, iddiaçının mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2657,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 30 manat dövlət rüsumu, hüquqi yardıma görə 20 saylı Vəkil bürosuna 110 manat ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 2945- 2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, bina 70, 36 saylı mənzilə üst mərtəbədə yerləşən, Cavabdeh məxsus 40 saylı mənzildən su axması nəticəsində iddiaçıya məxsus mənzildəki mətbəx mebelinə hansı hissədə ziyan dəyməsi və onun məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi 15.03.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək mətbəx mebelinin ölçüsü, isehsal yeri, texniki göstəriciləri, istismar müddəti barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.06.2021-ci il tarixli məlumatından müəyyən olunur ki, ekspert 15.03.2021-ci il tarixli vəsatətin yerinə yetirilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina etmişdir. Mülki iş materiallarında olan 01.04.2021-ci il tarixli bildirişdən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15.03.2021-ci il tarixli vəsatəti icra edilməsi üçün tərəflərə göndərilmiş, bildirişlərin tərəflərə çatdırılması xəbərnamələrlə də təsdiq olunur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin bütünlüklə ləğv edilməsini xahiş etsə də, iddia tələbinin məhz mətbəx mebelinə dəymiş ziyanın təmin edilməsi hissəsindən narazı olduğunu həm apellyasiya şikayətinin məzmununda, həm də öz izahatlarında qeyd etmişdir. Bu səbəbən, hazırkı halda Məhkəmə kollegiyası iddia tələbləri bölünən olduğu üçün Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən mübahisləndirilən hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin mətbəx mebelinə dəymiş ziyanın ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, rayon məhkəməsi tərəfindən təyin olunaraq əldə olunmuş ekspert rəyi ilə də cavadehin təqsiri səbəbindən su axıdılması nəticəsində iddiaçıya dəymiş zərərin məbləğinin 2657 manat olduğu müəyyən olunmuşdur. Cavabdeh həmin rəyin əsassız olması və ya şübhə altına alınması üçün hər hansı tutarlı dəlil irəli sürə bilməmişdir. Qətnamə həmin hissədə əsaslıdır. Bununla belə, rayon məhkəməsi iddia tələbini mətbəx mebelinə dəymiş ziyana dair hissədə qismən təmin edərkən göstərmişdir ki, mətbəx mebelinin tam yararsız vəziyyətə düşməsi kifayət qədər əsaslandırılmadığından və məhkəmə araşdırmaları zamanı həmin mebelin hadisədən bir il əvvəl mənzilə quraşdırılması təsdiq edildiyindən, məhkəmə, mətbəx mebelinə görə iddiaçıya dəymiş ziyanı 1000 manat məbləğində qiymətləndirərək, tələbin həmin hissədə qismən təmin edilməsi qənaətinə gəlir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 2945-2946-cı məhəllə, Məhəmməd Hadi küçəsi, bina 70, 36 saylı mənzilə üst mərtəbədə yerləşən, Cavabdeh məxsus 40 saylı mənzildən su axması nəticəsində iddiaçıya məxsus mənzildəki mətbəx mebelinə hansı hissədə ziyan dəyməsi və onun məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi 15.03.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək mətbəx mebelinin ölçüsü, isehsal yeri, texniki göstəriciləri, istismar müddəti barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.06.2021-ci il tarixli məlumatından müəyyən olunur ki, ekspert 15.03.2021-ci il tarixli vəsatətin yerinə yetirilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina etmişdir. Mülki iş materiallarında olan 01.04.2021-ci il tarixli bildirişdən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15.03.2021-ci il tarixli vəsatəti icra edilməsi üçün tərəflərə göndərilmiş, bildirişlərin tərəflərə çatdırılması xəbərnamələrlə də təsdiq olunur. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Qanunun tələbinə görə, tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Belə olan halda kollegiyanın mövqeyinə görə, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı iddiaçının hərəkətsizliyində ifadə olunan davranışı MPM-ni 106.2-ci maddəsinin təsiri altına düşür. Beləliklə, Kollegiya hesab edir ki, iddia tələbi mətbəx mebelinin tam yararsız vəziyyətə düşməsi hissədə əsaslandırılmadığından, həmin tələblə bağlı biri digərini tamamlayan, əsaslı və şübhədənkənar sübutlar Məhkəməyə təqim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməzdi, qətnamə həmin hissədə əsaslı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi iddia tələbinin mətbəx mebeli ilə bağlı hissədə tam və hərtərəfli araşdırma aparmamış, həmin hissədə gəldiyi nəticə ziddiyyətli olmuşdur, buna görə də cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehin şikayətinə əsasən iddia tələbinin mətbəx mebelinə dəymiş ziyanın ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən iddiaçının kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1868/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin mətbəx mebelinə dəymiş ziyanın ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar