Məhkəmə qərarları › İş №2(103)-1268/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1268/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1268/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMCyə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı və onun nümayəndə və vəkili Vəkil4, Cavabdeh MMC-nin vəkili Vəkil3 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Dünya Göz” Xəstəxanasındakı əməliyyatı ilə bağlı ödədiyi 4100 manat, Türkiyə Respublikasının İstanbul şəhərindəki “Gazi Osmanpaşa” Xəstəxanasındakı əməliyyata xərclədiyi 8676.36 manat, gediş haqqı, mehmanxana, qidalanma da daxil olmaqla xərclənən 6000 manat, mənəvi zərərə görə 20.000 manat, iddia tələbi üzrə məhkəməyə müraciət olunan tarixdən sonra iddiaçının çəkdiyi əlavə xərclər olan 5000 manat, eləcədə iddia ərizəsi və əlavə iddiaya görə dövlət rüsumu kimi ödənilmiş 280 manat, cəmi 44,056.36 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Səbail Rayon Məhkəməsinin 2(009)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 23.776.36 (iyirmi üç min yeddi yüz yetmiş altı manat, otuz altı qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 191.33 (bir yüz doxsan bir manat, otuz üç qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya intansiyasında birinci icraat:

3. İddiaçı qətnaməni mübahisələndirməmiş, Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1336/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova - sədrlik edən və məruzəçi, F.Babayev və C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1015/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16.515,63 (on altı min beş yüz on beş manat, altmış üç qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154 manat məbləğində pulun tutulması qət edilmişdir. Kassasiya intansiyasında icraat:

5. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Cavabdeh MMCdən İddiaçı xeyrinə 23.776.36 (iyirmi üç min yeddi yüz yetmiş altı manat, otuz altı qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 191.33 (bir yüz doxsan bir manat, otuz üç qəpik) manat məbləğində pulun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3540/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1336/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya intansiyasında ikinci icraat: Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və izahatında əsasən iddiaçının gözündə aparılmış əməliyyatın uğursuz olmasının, ümumiyyətlə isə cavabdehin təqsirinin olmasının sübut olunmadığını bildirmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndə və vəkili Vəkil4 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər və göstərdilər ki, cavabdehin təqsirli olması məsələsi Ali Məhkəmənin qərarı ilə də artıq öz təsdiqini tapıb, iddiaçının çəkdiyi xərclər barədə sübutları rayon məhkəməsinə təqdim ediblər, rayon məhkəməsi də valyutaların həmin dövrün məzənnəsinə uyğun olaraq düzgün hesablama aparıb, mənəvi zərərlə bağlı isə hazırkı işin halları, eləcə də iddiaçının şəxsiyyəti ilə bağlı hallar mütləq olaraq nəzərə alınmalıdır. Sübutların tədqiqi:

10. 14.10.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən və 28-xx.xx.2022-ci il tarixli epikriz hesabatından görünür ki, iddiaçı müayinə olunmaq üçün Cavabdeh MMC-ə 4100 manat ödəniş etmiş və dr. Mahmut Öztürk müayinə etmişdir.

11. xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına 98.667.80 TRY ödənilmişdir.

12. Mülki iş materiallarında olan fakturalardan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023cü il tarixdə ******* TRY ödənilmişdir.

13. Sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 454 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmiş, 03-05 aprel 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində-X3 mehmanxanasına 528 AZN məbləğ pul köçürərək orada qalmış, xx.xx.2023-cü il tarixdə 490.80 manat pul xərcləməklə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir.

14. Mülki iş materiallarında olan fakturalardan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023cü il tarixdə 2360 TRY, xx.xx.2023-cü il tarixdə 750 TRY, xx.xx.2023-cü il tarixdə ******* TRY, xx.xx.2023-cü il tarixdə 1000 TRY ödənilmişdir.

15. Fakturalardan görünür ki, İddiaçı tərəfindən “LİV BONA DEA HOSPİTAL”a xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 100 manat ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 2598 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmiş, 14.05-17.05 aprel 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərindəArcade Hotel Nisantası mehmanxanasına 489 EUR məbləğ pul köçürərək orada qalmış, xx.xx.2023-cü il tarixdə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir.

16. İddiaçı xx.xx.2023-cü il tarixdə 707.02 manat məbləğdə vəsait xərcləməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir.

17. Cavabdeh MMC-nin katarakta əməliyyatı və (ya) göz daxili linza yerləşdirilməsi, dəyişdirilməsi və ya düzəldilməsi üçün xəstəni məlmatlandırma və təsdiq formasından aydın olur ki, İddiaçı xəstəlik haqqında məlumat, müalicənin müvəffəqiyyət şansı və keçiriləcək əməliyyatın müddəti, həmçinin sağalma müddəti ilə əlaqəli olan mümkün problemlər, tibbi müdaxilənin kim tərəfindən harada, necə ediləcəyi və diqqət yetirilməsi vacib olan məqamlar, habelə tibbi müdaxilənin ehtimal olunan ağırlaşmaları (əlavə təsirləri) riski, digər müalicə variantları, lazım olduqda eyni mövzuda tibbi yardımı necə əldə etmək barədə məlumatlar və tibbi müdaxilədən imtina etdikdə meydana gələ biləcək risklər barədə məlumatlandırılıraq ondan razılıq şərhi alınmışdır.

18. 06.04.2023-cü il tarixli epikrizdən də görünür ki, iddiaçı Türkiyənin İstanbul şəhərinin “Gazi Osmanpaşa” Xəstəxanasında müayinədən keçmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “Gazi Osmanpaşa” Xəstəxanası tərəfindən verilmiş hesabatdan aydın olur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı xəstəxanaya müraciət etmiş, xx.xx.2023cü il tarixdə sol gözündən katarakta əməliyyatı aparılaraq gözünə linza qoyulmuş, xx.xx.2023-cü il tarixdə isə son müayinəsi edilərək müalicəsi davam etmişdir.

19. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 Bakı şəhəri Səbail rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, iddiaçıya “Katarakta. Diabetik retinopatiya” diaqnozu aparılmış müvafiq müayinələrdən sonra düzgün təyin edilmiş, iddiaçının üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə müayinələr zamanı onun sağ gözünün buynuz qişasında hər hansı bir tavma müəyyən edilməmiş, həmçinin mütəxəssis müayinəsi zamanı “Endotelial distrofiya OD-FAKO” əməliyyatından sonra iddiaçının sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuş və buna məsul şəxs əməliyyatı icra edən həkim-oftalmoloqdur.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 16 aprel 2024-cü il tarixli, 1620 nömrəli rəyində qeyd edilir ki,1950-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilən məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. X1 xx.xx.2022-ci il tarixdə “Dünya Göz” xəstəxanasında müayinəsi zamanı ona “Katarakta (yetişməmiş). Diabetik retinopatiya” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən “İntravitreal Anti VEGF. Fakoemulsifikasiya ilə katarakta cərrahiyyəsi və İOL implantasiyası” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Səadət Mahmudovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə aparılmış müayinələr zamanı onun sağ gözünün buynuz qişasında hər hansı bir travmaya aid əlamətlər müəyyən edilməmiş və diaqnozda öz əksini tapmamışdır. Tibbi sənədlərin təhlili və mütəxəssis müayinəsinə əsasən İddiaçı aparılmış “Endotelial distrofiya OD-FAKO” əməliyyatından sonra onun sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Buynuz qişanın zədələnməsi sağ gözdə icra edilmiş qüsurlu əməliyyatın nəticəsidir və buna məsul şəxs əməliyyatı icra edən həkim-oftalmoloqdur. Səadət Mahmudovaya əməliyyatdan sonra adekvat konservativ müalicələr təyin edilmişdir. Lakin bu müalicələr effektsiz olmuş və təkrar əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur.

21. Məhkəmə xərcləri:

22. İddia ərizəsinin verilməsinə görə xx.xx.2023-cü il tarixli (Ödəniş qəbzinin №**********) qəbzdə iddiaçı 210 manat, iddia tələbinin həcminin artılmasına dair xx.xx.2023-cü il tarixli (Ödəniş qəbzinin №**********) qəbzdə isə 70 manat ödədiyi aydın olur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

27. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

28. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

29. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

30. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il, 7 №-li Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

42. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3540/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən hazırkı apelyyasiya baxışının predmeti olan - maddi və mənəvi zərərin məbləği hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında ikinci dəfə baxılır.

51. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

52. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

53. Apellyasiya instansiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş, kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki:

54. “..Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə keçirilmiş məhkəmətibbi ekspertizaları və mütəxəssis rəyləri ilə müəyyən etmişlər ki, “Dünya Göz” xəstəxanasında X2 təyin edilən diaqnoza əsasən aparılmış cərrahiyyə əməliyyatından öncə onun sağ gözünün buynuz qişasında hər hansı bir travmaya aid əlamətlər müəyyən edilməmiş və diaqnozda öz əksini tapmamışdır. Tibbi sənədlərin təhlili və mütəxəssis müayinəsinə əsasən, İddiaçı aparılmış əməliyyatdan sonra onun sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Buynuz qişanın zədələnməsi sağ gözdə icra edilmiş qüsurlu əməliyyatın nəticəsidir və buna məsul şəxs əməliyyatı icra edən həkimoftalmoloqdur. Səadət Mahmudovaya əməliyyatdan sonra adekvat konservativ müalicələr təyin edilmişdir. Lakin bu müalicələr effektsiz olmuş və təkrar əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur.

55. Qeyd edilənlər nəzərə alındıqda cavabdehin əməlində mülki hüquq pozuntusunun (deliktin) sadalanan əlamətlərinin mövcud olması və bu çərçivədə iddiaçıya dəymiş zərərə görə məsuliyyət daşıması barədə məhkəmələrin gəldikləri qənaət qanuni və əsaslıdır. Ona görə də cavabdehin kassasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. ... Kollegiya bildirir ki, iddiaçı xərclərin bir çoxunu xarici ölkədə çəkdiyinə görə ödənilmiş xarici valyutanın ödəniş gününə Azərbaycan manatına olan məzənnəsinin nəzərə alınması maddi zərərin məbləğinin düzgün müəyyənləşdirilməsi üçün əhəmiyyətli olmuşdur. Buna baxmayaraq, apelyasiya məhkəməsi iş materiallarında olan, xarici valyutada aparılmış ödənişlər üzrə məzənnə fərqini nəzərə almaqla hesablama apardığını əsaslandırmamışdır.

57. Bundan əlavə, Kollegiya hesab edir ki, mənəvi zərərin həcmi ilə bağlı məhkəmənin ortaya qoyduğu əsaslandırma (iddiaçının 74 yaşı olması, bir gözünün bulanıq görməsi, bununla bağlı müalicənin davam etməsi) açıqlayıcı olmamışdır. Başqa sözlə, sadalanan halların hansı səbəbdən mənəvi zərər məbləğini azaltmağa əsas verdiyi başadüşülən deyil”.

58. Göründüyü kimi, Ali Məhkəmənin (102)-3540/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında cavabdehin əməlində mülki hüquq pozuntusunun (deliktin) sadalanan əlamətlərinin mövcud olması və bu çərçivədə iddiaçıya dəymiş zərərə görə məsuliyyət daşıması barədə məhkəmələrin gəldikləri qənaətin qanuni və əsaslı olması qeyd edilmişdir. Odur ki, hazırkı apellyasiya baxışının predmeti cavabdehin apellyasiya şikayətinə əsasən, yalnız maddi və mənəvi zərərin məbləği ilə bağlıdır.

59. Məhkəmə Kollegiyası maddi zərərlə bağlı qeyd edir ki, rayon məhkəməsi iddia tələbini maddi zərər hissədə 23.776.36 manat müəyyən edərkən iddiaçı tərəfin təqdim etdiyi və tərəflərin çəkişməsi prinsipinə uyğun araşdıraraq və həmin dövrün müvafiq məzənnə fərqini nəzərə almaqla hesablama aparmaqla əldə etdiyi qənaət əsaslı olmuşdur. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cavabdeh tərəf iddiaya etirazında, məhkəmə iclaslarındakı izahatlarında, başlıcası isə rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində əsasən iddiaçının üzərində aparılmış əməliyyatın düzgün həyata keçirildiyini, başqa sözlə desək, onların tərəfindən iddiaçıya zərər vurulmasına səbəb olan delikt törətmədiklərini, bu halın sübuta yetirilmədiyinə istinad etmişdir. Düzdür, cavabdeh şikayətində ümumi olaraq rayon məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edilən hissədə ləğv edilərək, həmin hissədə də iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir, lakin cavabdeh şikayətində maddi və mənəvi zərərlə bağlı hissədə rayon məhkəməsinin gəldiyi qənaətin əsaslı olub-olmamasına hər hansı münasibət bildirməmiş, ümumiyyətlə şikayətdə bu hallar mübahisələndirilməmişdir, konkret olaraq rayon məhkəməsinin maddi zərərlə bağlı nədə səhvə yol verdiyini, hansı xərclərin düzgün hesablamadığını göstərməmişdir. Elə hazırkı apellyasiya icraatı zamanı da cavabdehin nümayəndəsi məxsusi olaraq ancaq iddiaçıya zərər vurulmasıyla bağlı təqsirli olmadıqlarını qeyd edərək, bu halın sübuta yetirilmədiyini diqqətə çatdırmışdır. Halbuki, Ali Məhkəmənin hazırkı işlə bağlı xx.xx.2024-cü il tarixli qərarında cavabdehin həmin halla bağlı olan kasassiya şikayəti təmin edilməmiş və cavabdehin delikt törətməsinin sübut olunduğu müəyyən edilmişdir. Demək ki, cavabdehin apellyasiya şikayəti maddi zərərlə bağlı hissədə əsassızdır və təmin edilə bilməz.

60. Mənəvi zərərin məbləği ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

61. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il, 7 №-li Qərarına əsasən, “mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Hazırkı halda rayon məhkəməsi mənəvi zərərin məbləğini 10.000 manat müəyyən edərkən, öz mövqeyini belə əsaslandırmışdır ki, göz ən vacib orqanlardan biri sayılır və iddiaçı gözündə OD əməliyyatından sonra buynuz qişasının zədələnməsi və kerotoplastika icra olunması nəticəsində əsəb, stres, sarsıntı, iztirablar, digər psixoloji narahatlıqlar keçirmişdir. Məhkəmə Kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin qüsurlu əməliyyatı nəticəsində iddiaçının düçar olduğu vəziyyəti, eləcə də iddiaçının özünün fərdi xüsusiyyətlərini-həkim, həm də tibb elmləri doktoru- professor olmasını, qüsurlu icra edilən əməliyyat nəticəsində dərin nigaranlıq, məyusluq və ümidsizlik hisləri keçirməsi, özünün də həkim kimi uzun illər əmək sərf etdiyi sahəyə inamın azalması və müvafiq olaraq da ciddi psixoloji və mənəvi sarsıntı və iztirablara məruz qalmasını nəzərə almaqla, mənəvi zərərin məbləğinin 10.000 manat müəyyən edilməsinin hazırkı işin hallarına uyğun olması qənaətinə gəlir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırkı işin qeyd edilən məxsusi halları baxımından Avropa Məhkəməsinin presedentlərinə müvafiq olaraq təkcə pozuntu faktının müəyyən olunması öz-özlüyündə yetərli hesab edilə bilməzdi, bu halda müəyyən məbləğdə pul kompensasiyasının ödənilməsi qaçılmaz olmuşdur ki, bu baxımdan da hesab olunur ki, rayon məhkləməsinin mənəvi zərər və onun məbləği ilə bağlı gəldiyi nəticə əsaslı və ədalətli olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə:

63. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

64. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar