Məhkəmə qərarları › İş №2(103)-127/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-127/2025

02.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-127/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı MMMC-nin vəkili və nümayəndəsi Vəkil3, cavabdeh-iddiaçı Cavabdeh, üçüncü şəxslər Esmira Kazımova və Suraya Qurbanovanın, üçüncü şəxslər Vəsilə Əsgərova, Esmira Kazımova, Nüşabə Rüstəmova, Suraya Qurbanova, Təranə Qasımova, Aynur Kərimova və Sevda Qasımovanın vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “əmlak və pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və qarajların təhvil verilməsi barədə” qarşılıqlı iddiasına, üçüncü şəxslər X17, X13, X14, X18, X9, X10, X11, X15 və X7 cavabdeh İddiaçı MMMC-yə qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-753/2023 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı MMMC-nin apellyasiya şikayətinə, üçüncü şəxslər Sevda Qasımova, Suraya Qurbanova, Esmira Kazımova, Vəsilə Əsgərova, Nüşabə Rüstəmova, Təranə Qasımova və Aynur Kərimovanın birgə verdiyi apellyasiya şikayətinə və üçüncü şəxs Dilarə Qocayevanın ayrıca verdiyi apellyasiya şikayətinə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh və "xxxx" MTK–ya qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1457/2024 nömrəli qətnaməsindən İddiaçı MMMC apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Yuxarıda göstərilən iki mülki iş apellyasiya instansiyası məhkəməsində bir icraatda birləşdirilib. 2.Mübahisə Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 mərtəbəli yaşayış binası ilə bağlıdır. Birinci mülki iş barədə 3.Birinci mülki işdə üç iddia var. 4.Birinci iddiada, yəni İddiaçı MMMC-nin ilk iddiasında tələb olunub: 1) Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 mərtəbəli yaşayış binasının həyətində yerləşən yardımçı tikiliyə, binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına Cavabdeh qanunsuz sahibliyinə və istifadəsində son qoyulsun; 2) İddiaçı MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 ədəd kamera, 1 ədəd videoqeydiyyat aparatı, kamera görüntülərini özündə əks etdirən 1 ədəd monitor, İddiaçı MMMC-nin nizamnaməsi, İddiaçı MMMC-nin VÖEN şəhadətnaməsi, kommunal haqların yığımı barədə qeydlər olan jurnallar, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələr, "xxxx" MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin surətləri Cavabdeh tərəfindən İddiaçı MMMC-yə təhvil verilsin; 3) binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 manat, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 manat, İddiaçı MMMC-nin bank hesabında olan pul vəsaiti, kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürülmüş 100 manat, Nadir Kərimovdan qabaqcadan götürülmüş 75 manat Cavabdeh tərəfindən İddiaçı MMMC-yə geri qaytarılsın. 5.İkinci iddiada, yəni iddiaçı Cavabdeh qarşılıqlı iddiasında tələb olunub: 1) İddiaçı MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokol etibarsız hesab edilərək onun yaratdığı bütün hüquqi nəticələr ləğv edilsin; 2) həmin binanın 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokunun altında yerləşən 31 nömrəli avtomobil qarajı cavabdeh İddiaçı MMMC-dən alınaraq iddiaçı Cavabdeh təhvil verilsin. 6.Üçüncü iddiada, yəni 9 nəfər üçüncü şəxs Sevda Qasımova, Dilarə Qocayeva, Suraya Qurbanova, Esmira Kazımova, Elnarə Qasımova, Vəsilə Əsgərova, Nüşabə Rüstəmova, Təranə Qasımova və Aynur Kərimovanın iddiasında tələb olunub ki, cavabdeh İddiaçı MMMC həmin üçüncü şəxslərə məxsus olan, həmin binada yerləşən 5-6, 10, 11, 12, 13-14, 15, 16, 18-19, 24-25, 26-27, 32-33 nömrəli avtomobil dayanacaqlarından (qarajlardan) çıxarılsın və həmin qarajlar üçüncü şəxslərə təhvil verilsin. 7.Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-753/2023 nömrəli qətnaməsi ilə qət olunub ki, İddiaçı MMMC-nin ilk iddiası və üçüncü şəxslər Sevda Qasımova və digərlərinin iddiası təmin edilməsin, iddiaçı Cavabdeh qarşılıqlı iddiası təmin olunsun, İddiaçı MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokol etibarsız hesab edilərək onun yaratdığı bütün hüquqi nəticələr ləğv edilsin və həmin binanın 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokunun altında yerləşən 31 nömrəli avtomobil qarajı İddiaçı MMMC-dən alınaraq Cavabdeh təhvil verilsin. 8.Qətnamədən üç apellyasiya şikayəti verilib. 9.Birinci apellyasiya şikayətində, yəni İddiaçı MMMC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunsun 10.İkinci apellyasiya şikayətində, yəni üçüncü şəxslər Sevda Qasımova, Suraya Qurbanova, Esmira Kazımova, Vəsilə Əsgərova, Nüşabə Rüstəmova, Təranə Qasımova və Aynur Kərimovanın birgə verdiyi apellyasiya şikayətində tələb olunub ki, qətnamə üçüncü şəxslərin iddiasının rədd edilməsinə aid hissədə ləğv edilsin və həmin iddia təmin olunsun. 11.Üçüncü apellyasiya şikayətində, yəni üçüncü şəxs Dilarə Qocayevanın ayrıca verdiyi apellyasiya şikayətində tələb olunub ki, qətnamə üçüncü şəxs Dilarə Qocayevanın iddiasının rədd edilməsinə aid hissədə ləğv edilsin və Dilarə Qocayevanın iddiası təmin olunsun. İkinci mülki iş barədə 12.İkinci mülki işdə bir iddia var. İddiaçı MMMC-nin iddia ərizəsində tələb olunub ki, cavabehlər Cavabdeh ilə "xxxx" MTK-nın arasında bağlanmış, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 mərtəbəli yaşayış binasnın zirzəmisində yerləşən 31, 34 və 35 saylı qarajlara pay hüququnun əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilələr etibarsız hesab olunsun. 13.Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1457/2024 nömrəli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. 14.İddiaçı MMMC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya intansiyası məhkəməsində icraat 15.Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdehİddiaçı MMMC-nin vəkili və nümayəndəsi Vəkil3 həmin MMMC-nin hər iki qətnamədən verdiyi apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxslərin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 16.Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh İddiaçı MMMC-nin hər iki qətnamədən verdiyi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 17.Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər Esmira Kazımova və Suraya Qurbanova üçüncü şəxslərin apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı MMMC-nin apellyasiya şikayətlərinin isə əsassız olduğunu bildirdilər. 18.Məhkəmə iclasında iştirak edən, üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 üçüncü şəxslərin apellyasiya şikayətlərinin əsaslı olduğunu, İddiaçı MMMC-nin apellyasiya şikayətlərinin isə əsassız olduğunu bildirdi. 19.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin birinci mülki iş barədə mövqeyi 20.Birinci mülki iş üzrə İddiaçı MMMC-nin ilk iddiasındakı 1-ci tələb, yəni binanın həyətində yerləşən yardımçı tikiliyə və binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına Cavabdeh qanunsuz sahibliyinə və istifadəsində son qoyulması barədə tələb əsassızıdır. 21.Belə ki, binanın həyətində yerləşən yardımçı tikili barədə tələb onunla əsaslandırıb ki, bu tikili yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. Tələbin hüquqi əsası kimi AR Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinə istinad olunub. Lakin binanın həyətində yerləşən yardımçı tikili binanın hissəsi deyil. İddia tələbinin özündə də qeyd olunub ki, həmin tikili binada deyil, binanın həyətində yerləşir. İddiaçı MMMC bu tikilinin binanın hissəsi olduğunu təsdiq edən sübut təqdim etməyib. Odur ki, həmin tikiliyə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinin tətbiq edilməsi, yəni tikilinin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab edilməsi mümkün deyil, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 22.Binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağı barədə tələb onunla əsaslandırılıb ki, avtomobil dayanacağı yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. Tələbin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinə istinad olunub. Lakin avtomobil dayanacağına həmin maddənin göstərişinin tətbiq edilməsi mümkün deyil. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilədə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub (cild 4, iş v. 188). Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid deyil. Odur ki, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 23.Birinci mülki iş üzrə İddiaçı MMMC-nin ilk iddiasındakı 2-ci tələb, yəni İddiaçı MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 ədəd kamera, 1 ədəd videoqeydiyyat aparatı, kamera görüntülərini özündə əks etdirən 1 ədəd monitor, İddiaçı MMMC-nin nizamnaməsi, İddiaçı MMMC-nin VÖEN şəhadətnaməsi, kommunal haqların yığımı barədə qeydlər olan jurnallar, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələr, "xxxx" MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin Cavabdeh tərəfindən İddiaçı MMMC-yə təhvil verilməsi barədə tələb əsassızdır. Belə ki, tələb edilənlərin Cavabdeh sahibliyində olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməyib. Ona görə də məhkəmə AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 24.Birinci mülki iş üzrə İddiaçı MMMC-nin ilk iddiasındakı 2-ci tələb, yəni binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 manat, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 manat, İddiaçı MMMC-nin bank hesabında olan pul vəsaiti, kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürülmüş 100 manat, Nadir Kərimovdan qabaqcadan götürülmüş 75 manat Cavabdeh tərəfindən İddiaçı MMMC-yə geri qaytarılması barədə tələb əsassızdır. 25.Belə ki, ilk iddia ərizəsində qeyd olunub ki, binanın fasiləsiz elektrik enerjisi sərfiyyatı borcuna görə yaranmış 544 manat borc, habelə binanın məişət tullantılarının daşınmasına görə hesablanmış 350 manat borc bina sakinlərinin vəsaiti hesabına yığılaraq yeni yaradılmış İdarə heyətinə verilmiş, lakin İdarə heyəti tərəfindən qeyd edilən xərclər aidiyyəti üzrə ödənilməmişdir. Məhkəmə qeyd edir ki, həmin məbləğin geri qaytarılmasını tələb etmək hüququ İddiaçı MMMC-yə məxsus deyil, pul ödənişi etmiş müvafiq şəxs (bina sakini) Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad edərək pulun geri qaytarılmasını tələb edə bilər. Eyni qayda Zülfiyyə Abdullayevadan alındığı iddia edilən 100 manata və Nadir Kərimovdan alındığı iddia edilən 75 manata da aidir. İddiaçı MMMC-nin bank hesabında olan pul vəsaitinin Cavabdeh olması isə müəyyən olunmur. 26.Birinci mülki iş üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasında 1-ci tələb, yəni İddiaçı MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı bütün hüquqi nəticələr ləğv edilməsi barədə tələb əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edib ki, ümumi yığıncaq keçirilən zaman Mənzil Məcəlləsinin tələbləri pozulub. İş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, keçirilmiş iclasda X2 seçilməsi barədə qərar qəbul edilsə də, sonradan tərtib olunmuş protokolda sədr olaraq X12 göstərilmişdir. X16 iclasda iştirak etdiyini, ilk səsvermədə X1 seçilməsini, bir neçə gün sonra isə iclas keçirilərək X3 seçilməsini göstərsə də, digər şahidlər səsvermənin elə həmin gün olması barədə ifadə vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin iradə ifadəsini əks etdirmir. Bundan başqa, ümumi yğıncaq Mənzil Məcəlləsinin 44 və 45-ci maddələri tələblərinə əməl edilmədən çağırılmışdır. Odur ki, birinci instansiya məhkəməsi ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsini qət etməklə düzgün nəticəyə gəlib. 27.Birinci mülki iş üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasında 2-ci tələb, yəni binanın 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokunun altında yerləşən 31 nömrəli avtomobil qarajının cavabdeh İddiaçı MMMC-dən alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi barədə tələb əsaslıdır. Belə ki, Cavabdeh ilə "xxxx" MTK arasında həmin qarajların payçı Cavabdeh mülkiyyətinə verilməsinə dair xx.xx.2016-cı il müqavilə mövcuddur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilədə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub (cild 4, iş v. 188). Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid deyil. Ona görə də məhkəmə Mülki Məcəllənin 164-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməklə düzgün nəticəyə gəlib. 28.Birinci mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 9 nəfər üçüncü şəxs Sevda Qasımova, Dilarə Qocayeva, Suraya Qurbanova, Esmira Kazımova, Elnarə Qasımova, Vəsilə Əsgərova, Nüşabə Rüstəmova, Təranə Qasımova və Aynur Kərimovanın onlara məxsus, həmin binada yerləşən 5-6, 10, 11, 12, 13-14, 15, 16, 18-19, 24- 25, 26-27, 32-33 nömrəli avtomobil dayancaqlarından (qarajlardan) İddiaçı MMMC-nin çıxarılması və həmin qarajlar üçüncü şəxslərə təhvil verilməsi barədə tələbi əsasızdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, üçüncü şəxslər Vəsilə Əsgərova, Sevda Qasımova, Suraya Qurbanova, Esmira Kazımova, Nüşabə Rüstəmova, Təranə Qasımova, Aynur Kərimova və Dilarə Qocayevanın adlarına bağlanmış müqavilələrdə qeyd olunan qaraj kimi göstərilən sahələr binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nıəzərdə tutulub (cild 4, iş v. 188). Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə aid deyil. Müəyyən olunub ki, qeyd oluna qarajlar üçüncü şəxslərin özlərinin sahibliyindədir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında şəxsən iştirak edən üçüncü şəxslər Esmira Kazımova və Suraya Qurbanova, habelə məhkəmə iclasında şəxsən iştirak etməyən digər üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 bu faktı, yəni qarajların üçüncü şəxslərin özlərinin sahibliyində olmasını təsdiq etdilər. Göründüyü kimi, üçüncü şəxslər qarajlar üzərində sahiblikdən məhrum edilməyiblər. Ona görə də məhkəmə Mülki Məcəllənin 164-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Apellyasiya instansiyası məhkəməsinin ikinci mülki iş barədə mövqeyi 29.İkinci mülki iş üzrə İddiaçı MMMC-nin iddia ərizəsində irəli sürülən, cavabehlər Cavabdeh ilə "xxxx" MTK-nın arasında bağlanmış,həmin binanın zirzəmisində yerləşən 31, 34 və 35 saylı qarajlara pay hüququnun əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli müqavilələrin etibarsız hesab olunmasına dair tələb əsassızdır. Belə ki, tələb onunla əsaslandırılıb ki, avtomobil dayanacağı yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. Tələbin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin göstərişinə istinad olunub. Lakin avtomobil dayanacağına həmin maddənin göstərişinin tətbiq edilməsi mümkün deyil. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1043 nömrəli ekspert rəyinə görə, Cavabdeh adına bağlanmış müqavilələrdə qeyd olunan qaraj kimi göstərilən sahə binanın layihə sənədlərində zirzəmi-qaraj kimi nəzərdə tutulub (cild 4, iş v. 188). Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, zirzəmi-qaraj kimi nəzərdə tutulan sahə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərininin ümumi paylı mülkiyyətinə aid deyil. Odur ki, birinci instansiya məhkəməsi bu tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 30.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-753/2023 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı MMMC-nin apellyasiya şikayəti, üçüncü şəxslər Sevda Qasımova, Suraya Qurbanova, Esmira Kazımova, Vəsilə Əsgərova, Nüşabə Rüstəmova, Təranə Qasımova və Aynur Kərimovanın birgə verdiyi apellyasiya şikayəti və üçüncü şəxs Dilarə Qocayevanın ayrıca verdiyi apellyasiya şikayəti təmin edilməsin və həmin qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1457/2024 nömrəli qətnaməsindən İddiaçı MMMC-nin apellyasiya şikayəti təmin edilməsin və həmin qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı MMMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar