Məhkəmə qərarları › İş №2(103)-1273/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1273/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1273/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7162/2024 nömrəli, xx.xx.2024 cü il tarixli qərardadından İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” notariat ofisində bağlanmış razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındaki mənzilin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi vəkil Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış “müqavilənin ləğv edilməsi və Cavabdeh ünvan 2 ünvanındakı mənzilin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7162/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi vəkil Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan mübahisə və iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə yox, xx.xx.2021-ci il tarixdə tərəflər arasında notarial qaydada bağlanmış razılaşma müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması olmuşdur. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli razılaşma müqaviləsində nəzərdə tutulandan daha artıq alimentin təyin edilməsi üçün məhkəməyə müraciət edərək müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən aliment hər uşaq üçün 80 manat məbləğində müəyyən olunur. Cavabdeh hər uşaq üçün 80 manat məbləğində alimentin ödənilməsi şərti ilə razılaşmış və İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin 1 otağını cavabdehə yaşamağa təqdim etmişdir. Cavabdeh aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu rayon məhkəməsinin №2(008)-4086/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunaraq İddiaçı hər uşaq üçün 205 manat, ümumilikdə 705 məbləğində alimentin tutulması qət olunmuşdur (Həmin mübahisə ilə əlaqədar Cavabdeh məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənəd və Sabunçu rayon Məhkəməsinin №2(008)-4086/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qərardaddan şikayətə əlavə edilir). Göründüyü kimi mübahisənin səbəbi tərəflər arasında olan müqavilənin pozulması olduğundan iddia tələbi də buna uyğun olaraq həmin müqavilənin ləğv edilməsi və cavabdehin həmin ünvanda yerləşən mənzildən çıxarılmasıdır. Həmçinin müvafiq müqavilənin 2.7-ci bəndinə əsasən tərəflər öz öhdəliyini yerinə yetirmədiyi təqdirdə müqavilə ləğv olunmuş hesab edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının qanununa əsasən yalnız əmək və ailə münasibətlərindən irəli gələn işlər üzrə mediasiyanın tətbiqi zəruri şərt olduğundan və hazırki iş üzrə tələb müqavilənin ləğv edilməsi olduğundan ailə münasibətlərindən irəli gələn mübahisə olmadığından mediasiya prosesinin tətbiqi mütləq deyil. Belə ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilən № e-2(008) 7162/2024 saylı mülki iş üzrə iddiaçının tələbi müqavilənin ləğv edilməsi və cavabdehin məznilin ona yaşamağa təqdim olunmuş otağından çıxarılması olduğundan mübahisə üzrə mediasiya prosesinin tətbiq edilməməsi Mülki Prossesual Məcəlləsinin 259.03.13 və “Mediasiya” haqqında Azərbaycan Respublikası Qanunun 29.1-ci maddələrinin tələblərini pozmur. Odur ki, bu əsaslarla İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.03.13 və Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 21.9-cu maddələrinə riayət edilməsini bir daha təsdiq edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7162/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbləri üzrə icraatın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi ilk olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, iddia tələbi tərəflər arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış razılaşma müqaviləsinin ləğv edilməsi olduğundan və iddiaçı müqavilənin ləğvi barədə digər tərəfə pretenziya qaydasında məhkəmədən kənar qaydada müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilk olaraq Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” notariat ofisində bağlanmış razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındaki mənzilin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi vəkil Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixdə tərəflər arasında bağlanmış “müqavilənin ləğv edilməsi və Cavabdeh ünvan 2 ünvanındakı mənzilin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı ilk olaraq müqavilənin etibarsızlığını tələb etməklə yanaşı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındaki mənzilin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, daha sonra isə müqavilənin ləğvini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin qeyd olunan mərhələsində birinci instansiya məhkəməsinin iddia tələbinin baxılmamış saxlanılması barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edildikdən sonra tərəflər iş üzrə izahatlarını vermiş, cavabdeh iddia tələbinə öz etirazını təqdim etmiş eləcə də, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mübahisələndirilən müqavilənin 2.7-ci bəndinə əsasən tərəflər öz öhdəliyini yerinə yetirmədiyi təqdirdə müqavilə ləğv olunmuş hesab edilir. İddiaçı da məhz bu əsasla məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsi və və Cavabdeh ünvan 2 ünvanındakı mənzilin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, cavabdeh iddia ərizəsinə etirazını təqdim etməklə iddiaçının müqavilənin mübahisələndirilməsinə öz iradə ifadəsini bildirmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı ilk olaraq müqavilənin etibarsızlığını tələb etdiyindən eləcə də işin qeyd edilən hallarına əsasən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət edilməsinə artıq zərurət olmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi “mübahisənin mahiyyəti tərəflər arasında uşaqların saxlanması ilə bağlı tərəflərin aliment öhdəlikləri ilə bağlı razılığın pozulması yəni cavabdeh tərəfindən aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət edildiyini” bildirməklə iddiaçının məhkəməyə müraciət olunmadan əvvəl mediasiya şurasına müraciət etməli olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə də razılaşmır və hesab edir ki, Mediasiya haqqında Azərbaycan Respublikasının qanununa əsasən yalnız əmək və ailə münasibətlərindən irəli gələn işlər üzrə mediasiyanın tətbiqi zəruri şərt olduğundan və hazırki iş üzrə tələb müqavilənin ləğv edilməsi olduğundan ailə münasibətlərindən irəli gələn mübahisə olmadığından mediasiya prosesinin tətbiqi mütləq deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin baxılmamış saxlanılması və sonradan verilmiş şikayət əsasında ləğv edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə kollegiya bu qənaətə gələrkən tərəflərin qaldırılmış iddia üzrə mövqelərinin aydın olmasını və dəfələrlə keçirilmiş məhkəmə iclasından sonra iddianın baxılmamış saxlanması ilə əlaqədar iddiaçıya yenidən məhkəməyə müraciət edilməsinin əsassız süründürməçiliyin yol verilməz olmasını nəzərə almışdır. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7162/2024 nömrəli, xx.xx.2024 cü il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7162/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” barədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar