Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1283/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1267/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış və X7 tərəfindən idarə edilən “Mitsubishi L200” markalı, ** ZF *** nömrə qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı məxsus "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.
2. Avto Servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, “Dəymiş zərərin hesablanmasına dair” akta əsasən "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin aradan qaıdırlması üçün əvəz edilməli olan ehtiyyat hissələrinin qiyməti 1.525 manat, görülməli olan işlərin qiyməti 950 manat təşkil edir.
3. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən cəmiyyət "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2.475 manat məbləğində müəyyən edildiyini və bank hesab rekvizitləri təqdim edildiyi, habelə müvafiq sənədlər imzalandığı halda sığorta ödənişinin hesaba köçürməyə hazır olduqlarını bildirmişdir.
4. AZ-MAŞ QTSC-nin 10 may 2022-ci il tarixli qüsur aktına əsasən "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşmüş hissələri və onların bazar dəyiri müəyyən edilərək, arxa buferin - 400 manat, arxa sol qanadın - 400 manat, arxa sağ qanadın - 300 manat, arxa sol stopun - 300 manat, arxa sağ stopun - 300 manat, arxa sağ qanad altlığının - 100 manat, arxa kapotun - 250 manat, arxa baqaj stopunun - 80 manat, arxa kulşutel qazanının - 300 manat, benzin bakının - 360 manat, ehtiyat təkər və diskin - 210 manat, iki ədəd ehtiyat təkərin altında yerlədirilmiş datçiklərin - 140 manat, arxa elektrik şnurlarının - 250 manat, arxa bufer altı dəmir kəmərlərinin - 160 manat, arxa hissənin işıqlandırılmasını təmin edən lampaların - 50 manat, nömrə yerləşdirilən löhvələrin - 70 manat, baqaj daxili örtük dəstinin - 220 manat, sürətlər qutusunun - 800 manat, ehtiyat təkər vannasının - 250 manat, baqaj zamokunun - 90 manat, baqaj embleminin - 30 manat, baqaj kəpənəyinin - 50 manat, baqaj novçalarının - 70 manat, dəmir işlərinin görülməsi üçün zəhmət haqqının - 1500 manat, elektrik işlərinin görülməsi üçün zəhmət haqqının - 200 manat, rəngsaz işlərinin görülməsi üçün - 700 manat, qeyd edilən hissələrin və təmir işlərinin ümumi dəyərinin – 7.580 manat təşkil etdiyi göstərilmişdir.
5. İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən iddiaçı tərəfindən AZ-MAŞ QTSC-nin 10 may 2022-ci il tarixli qüsur aktına istinadən "Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər, o cümlədən əvəz edilməli olan ehtiyyat hissələri, onların dəyəri və görülməli olan işlərin dəyəri barədə məlumat verilmiş və "xxxx" ASC tərəfindən təklif edilmiş 2.475 manat, habelə əlavə olaraq, 2.525 manat məbləğində pul vəsaitinin ödənilməsi xahiş edilmiş, əks halda bu məbləğin və onun ödənilməsinin gecikdirilmiş hər günü üçün 0,1 faiz dəbbə pulunun tutulması tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4895 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan “Az-Maş” QTSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz C 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.200,00 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan “Mersedes Benz C240” minik markalı, ** XT *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan üçün 5.000 manat sığorta məbləğinin və xx.xx.2022-ci il tarixindən ödənildiyi günədək ödənilməsinin gecikdirilmiş hər günü üçün həmin məbləğin 0.1 faiz miqdarında cərimənin cavadehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan “Mersedes Benz C240” minik markalı, ** XT *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə sığorta haqqı olaraq cavadeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla 2.475 manat maliyyə vəsaitinin ayrılması təklif edilmişdir. Həmin təklif reallığı əks etdirmədiyi üçün təklifi qəbul etməmişdir. Belə ki, mütəxəssis tərəfindən avtomobiln sıradan çıxmış hissələri, mexanizmləri nəzərdən keçirilərək yararsız hala düşmüş hissələrin və təmir işlərinin dəyəri müəyyən edilərək, akt tərtib edilmiş və həmin aktda arxa buferin - 400 manat, arxa sol qanadın - 400 manat, arxa sağ qanadın - 300 manat, arxa sol stopun - 300 manat, arxa sağ stopun - 300 manat, arxa sağ qanad altlığının - 100 manat, arxa kapotun - 250 manat, arxa baqaj stopunun - 80 manat, arxa kulşutel qazanının - 300 manat, benzin bakının - 360 manat, ehtiyat təkər və diskin - 210 manat, iki ədəd ehtiyat təkərin altında yerlədirilmiş datçiklərin - 140 manat, arxa elektrik şnurlarının - 250 manat, arxa bufer altı dəmir kəmərlərinin - 160 manat, arxa hissənin işıqlandırılmasını təmin edən lampaların - 50 manat, nömrə yerləşdirilən löhvələrin - 70 manat, baqaj daxili örtük dəstinin - 220 manat, sürətlər qutusunun - 800 manat, ehtiyat təkər vannasının - 250 manat, baqaj zamokunun - 90 manat, baqaj embleminin - 30 manat, baqaj kəpənəyinin - 50 manat, baqaj novçalarının - 70 manat, dəmir işlərinin görülməsi üçün zəhmət haqqının - 1500 manat, elektrik işlərinin görülməsi üçün zəhmət haqqının - 200 manat, rəngsaz işlərinin görülməsi üçün - 700 manat, qeyd edilən hissələrin və təmir işlərinin ümumi dəyərinin – 7.580 manat təşkil etdiyi göstərilmişdir Lakin avtomobilə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən ötəri baxış keçirilmiş, reallığa uyğun olmayan məbləğ təkil edilmişdir. Həmin məbləğin və əlavə olaraq 2.525 manat maliyyə vəsaitini ərizəsinə əlavə edilmiş bank hesabına köçürülməsi xahişi ilə cavabdehə yazılı müraciəti də cavabsız qalmışdır.
9. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbində olan “məbləğ” sözünu “ödəniş” sözü kimi dəqiqləşdirmiş və iddia tələbində olan “məbləğ” sözünü ismin müvafiq halında “ödəniş” sözü kimi nəzərə alınmasını xahiş etmişdir.
10. Cavabdeh tərəf iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, İddiaçı məxsus olan "Mersedes Benz C240” minik markalı, ** XT *** dövlət nömrə dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Bakı Sığorta ASC'' tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış ** ZF *** nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən zərər vurulmuşdur. Zərərin məbləği onlar tərəfindən 2.475 manat müəyyən edilmişdir. Lakin iddiaçı dəymiş zərərin məbləğinin 7.580 manat məbləğində olduğunu iddia edərək, dəymiş ziyan üçün 5.000 manat, xx.xx.2022-ci il tarixindən ödənilməsinin gecikdirildiyi hər gün üçün həmin məbləğin 0.1 faizi miqdarında cərimənin cavabdeh '"xxxx" ASC-dən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:04 radələrində X7 tərəfindən "Bakı Sığorta” ASC-nin qaynar xətt nömrəsinə zəng edirlərək, idarə etdiyi ‘‘Mitsubishi L200” markalı avtomobil ilə sığorta hadisəsinin törətdiyi barədə məlumat vermişdir. "xxxx" ASC nin nümayəndələri dərhal hadisə yerinə çıxış edərək, hadisəni qeydə almış, ilkin araşdırmaya əsasən zərər çəkmiş “Mercedes Benz C240” markalı, ** XT *** nömrə nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün avtomobil təmir müəssisəsinə yönləndirilmişdir. Nəticədə avtomobilə vurulmuş zərər 2.475 manat məbləğində müəyyən edilmiş və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məkdub göndərilmişdir. Lakin iddiaçı bu məbləğlə razı olmadığını bildirmişdir. Belə olduğu təqdirdə "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya "Bakı Sığorta” ASCyə müqavilə əsasında xidmət göstərən müstəqil ekspertlər sırasından bir müstəqil ekspert seçilməsi xx.xx.2022-ci il tarixli məktubla təklif edilmişdir. Lakin, iddiaçı bu təklifə münasibət bildirməmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə "Bakı Sığorta” ASC-yə qarşı hazırkı iddia ərizəsinində qeyd edilən əsassız tələbləri irəli sürmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomobilə dəymiş zərərin məbləği xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən 2.475 manat məbləğində müəyyən edilsə də, iddiaçı bununla razılaşmamış və xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya 2.475 manat pul vəsaitindən əlavə 2.525 manat məbləğində vəsaitin ayrılmasını da tələb etmişdir. Halbuki, qanunvericiliyin müvafiq n ormalarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin məbləği məhz qanunvericiliyə müvafiq qaydada hesablanmışdır. Bu səbəbdən iddianı əsassız hesab edirlər.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1267/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 5.000 manat məbləğində sığorta ödənişinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 70 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 80 manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 20 manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X9)
12. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının idarə etdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən icbari sığorta müqaviləsi ilə sığortalanmış avtomobilin toqquşması, yolnəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı barədə tərəflər arasında razılaşma əldə edilməmişdir. Bu səbəbdən təyin edilmiş ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilmişdir. Belə ki, rəylə razılaşmamaq üçün hər hansı əsas müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, sığorta ödənişinin məbləği ilə bağlı tərəflər arasında mübahisənin mövcud olmasına görə iddiaçı tərəfindən sığorta ödənişinin qəbul edilməməsi sığorta ödənişinin sığorta şirkəti tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissədinə iddia təmin edilə bilməz. Həmçinin, iddianın qismən təmin olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən 70 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci, 926.1-ci, 934.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci, 56-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 103.1-ci, 119.1-ci, 206.1-cı, 217.4-cü, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin “iddia qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsini və iddia tələblərinin təmin edilməyən hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə xx.xx.2022ci il tarixdə təqdim etdiyi ərizədə "xxxx" ASC tərəfindən təklif edilmiş 2.475 manat, habelə əlavə olaraq, 2.525 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş etmiş, əks halda bu məbləğin və onun ödənilməsinin gecikdirilmiş hər günü üçün 0,1 faiz dəbbə pulunun tutulması tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində də sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilmədiyi halda, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faiz həcmində dəbbə pulunun ödənilməsi təsbit edilmişdir. Lakin məhkəmə bu normanı yalnız olaraq, tətbiq etmişdir.
16. Cavabdeh "xxxx" ASC də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin iddianın təmin edilmiş hissəsində də rədd edilməsini xahiş etmişdir.
17. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini birinci instansiya məhkəməsində iddiaya qarşı verilmiş yazılı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, iddia tələbinə məhkəməyə ilkin verilmiş qaydada, yəni sığorta məbləğinin və dəbbə pulunun tutulması tələbi ilə baxıldığı halda sığortaçının öhdəliyinin son həddi məbləğində olan pulun iddiaçının xeyrinə tutulması yolverilməzdir. Məhkəmə ilkin iddia tələbi Mülki Məcəllənin 904.1-ci maddəsinə müvafiq qaydada verdiyi halda, prosessual hüquq normalarını pozaraq, iddiaya dəqiqləşmə ərizəsini qəbul etmiş və nəticədə tətbiq edilməli olmayan normanın, Mülki Məcəllənin 926.1-ci maddəsinin normalarını tətbiq etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert tədqiqatının nəticələrinə dair ekspert rəyi qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib edilmədiyi üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdilər. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallar birtərəfli olmaqla iş üzrə obyektiv nəticəyə gəlinməsi imkanını istisna etmişdir. Həmin tədqiqat zamanı yalnız iddiaçının təqdim etdiyi qüsur aktı nəzərə alınmışdır. Onlara ekspert tədqiqatı barədə məlumat verilməmiş, nümayəndələrinin bu tədqiqatda iştirakı təmin edilməmişdir. Ekspert avtomobilə baxış keçirmədən bəzi detallarla bağlı rəy vermişdir (arxa sol qanad, benzin bakı, təkər altı datçik, arxa elektrik şnurları, ehtiyyat təkər və disk, surətlər qutusu). Halbuki, iddia ərizəsinə əlavə edilmiş şəkillər əsasında həmin detallarla bağlı tədqiqatın aparılması qeyri-mümkündür. Belə ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillər, ümumiyyətlə həmin detallara aid deyil və avtomobilə baxış keçirmədən, həmin fotoşəkillər əsasında avtomobilin təmir bərpasına dair çəkilməli xərclərin dəyərinin hansı meyarlar əsasında müəyyən edildiyi sual doğurur. Ekspert rəyində avtomobilin bəzi detallarının (arxa stop, arxa sağ qanad altlığı, arxa kapot, arxa baqaj stopu, arxa səs boğucu qazan, ehtiyat təkər və disk) qiyməti əhəmiyyətli dərəcədə şişirdilmişdir və real bazar qiymətini əks etdirmir. Lakin məhkəmə təkrar ekspertizanın keçirilməsi barədə əsaslı vəsatətlərini təmin etməmişdir. Ümumiyyətlə sığorta məbləğinin və cərimənin tutulması tələb edildiyindən, iddia ümumiyyətlə geri qaytarılmalı idi. Belə ki, sığorta məbləğinin üzərinə cərimə məbləğinin hesablanması yolverilməzdir. Bu tələblər biri-biri ilə əlaqəli olmayan tələblərdir. Məhkəmə xərcləri də məhkəmə tərəfindən düzgün bölüşdürülməmişdir. Nəticədə birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında mübahisəyə dair səhv hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni qanunun normalarına uyğun əsaslandırmamış, maddi və prosessual normaları düzgün tətbiq etməyərək, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Tərəflər bir-birinin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdilər.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin apellyasiya şikayətinə qarşı isə etiraz edərək, apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının apellyasiya şikayətinə qarşı isə etiraz edərək, apellyasiya şikayətinin təmin, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərinə aid edilmişdir; 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir; 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır; 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir; 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir; 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir; 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur; 24.1.6-cı maddəsinə əsasən zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Apellyasiya şikayətlərinə uyğun olaraq, qətnamənin tam və qismən ləğv edilməsi tələb edildiyindən və nəticə etibarı ilə iddia tələbinin həm təmin olunan, həm də təmin olunmayan hissələri mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə bu hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə bu apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin məbləğini müəyyən etməklə, onun əvəzinin ödənilməsini təmin etməlidir. Üçüncü şəxsin də onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud qanunvericiliklə müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb etmək hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda, dəymiş zərərin qiymətləndirilməsi, habelə müəyyən edilmiş zərər məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilmədikdə bu məsələnin həlli qaydası (zərərin qarşılıqlı razılıqla təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılması) təsbit edilmişdir.
29. 23 aprel 2022-ci il tarixdə iddiaçının mülkiyyətində olan “Mercedes Benz” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdeh "xxxx" ASC-də sığortalanmış “Mitsubishi L200” markalı, ** ZF *** nömrə qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin (sığorta hadisəsinin) baş verməsi, nəticədə iddiaçıya məxsus avtomobilə maddi zərərin vurulması, bununla da cavabdehin dəymiş zərərə görə icbari sığorta müqaviləsinə əsasən sığorta haqqını ödəmək öhdəliyinin yaranması işin mübahisə olunmayan hallarıdır.
30. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdehin özü tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər qiymətləndirilmiş və bunun nəticəsi olaraq, Avto Servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, “Dəymiş zərərin hesablanmasına dair” akta əsasən vurulmuş zərər 2.475 manat (ondan 1.525 manat dəyişilməli olan ehtiyat hissəsinin, 950 manat isə görülməli olan işlərin dəyəri) məbləğində müəyyən edilərək, bu məbləğin ödənilməsi barədə ona məktub göndərilmişdir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmamış və müraciətinə əsasən AZ-MAŞ QTSC tərəfindən keçirilmiş qiymətləndirməyə əsasən tərtib edilmiş qusur aktına istinadən avtomobilə 7.580 manat məbləğində maddi zərərin vurulduğunu iddia edərək, icbari sığorta məbləğini təşkil edən 5.000 manat sığorta ödənişinin ödənilməsini tələb etmişdir.
31. Tərəflər arasında mübahisə də məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranmışdır. Lakin sığorta hadisəsi baş verdikdən sonra icbari sığortanı həyata keçirən cavabdeh zərərin özü (mütəxəssisləri) tərəfindən müəyyən edilmiş həcmi barədə iddiaçı ilə aralarında razılıq əldə edilmədiyinə baxmayaraq, qanunvericiliyin belə hallarla bağlı tələblərinə riayət etməyərək, qarşılıqlı razılıq əsasında zərərin miqdarının qiymətləndirilməsinin aparılması üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertin təyin olunması üçün hər hansı tədbir görməmişdir. Halbuki, qeyd edilən aktlar ehtiyyat hissələrinin sayı, görülməli olan işlər və onların dəyəri baxımından biri-birindən əhəmiyyətli dərəcədə fərqlənmiş, bu halın mövcud olması isə zərər məbləğinin qiymətləndirilməsinə müstəqil ekspertin cəlb edilməsini bilavasitə şərtləndirmişdir və sığorta ödənişinin aparılması vəzifəsini daşıyan cavabdeh öz aktının mövcud və gələcək mötəbərliyinin təmin edilməsi baxımından bu işin təşkilində daha maraqlı olmalı idi. Nəticə etibarı ilə cavabdeh zərərin obyektiv qiymətləndirilməsi, o cümlədən bu məsələdə iddiaçı ilə razılıq əldə edilməsi istiqamətində ümumiyyətlə hər hansı addım atmamışdır. Cavabdeh həm iddiaya qarşı yazılı etirazda, həm də apellyasiya şikayətində qiymətləndirmənin keçirilməsi məqsədi ilə müqavilə əsasında xidmət göstərən müstəqil ekspertlər sırasından bir müstəqil ekspertin seçilməsi təklifi ilə xx.xx.2022-ci il tarixdə məktubla iddiaçıya müraciət etdiyini bildirsə də, bu halı təsdiq edə bilməmiş, nəinki iddiaçıya belə bir məktubun göndərildiyini, ümumiyyətlə belə bir məktubun mövcud olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu məsələdə qanunvericiliyin tələblərinə riayət etmədiyi qənaətinə gəlmişdir.
32. Bu səbəbdən zərər məbləğinə aydınlıq gətirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və buna uyğun aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/4895 nömrəli rəyində “Az-Maş” QTSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara istinadən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz C 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6.200,00 manat məbləğində müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı ilk növbədə qeyd edir ki, ekspert tədqiqatında istifadə edilən “Az-Maş” QTSC-nin qüsur aktı avtomobilə baxış keçirilməklə tərtib edilmişdir. Ekspert tədqiqatı da bu aktda göstərilən ehtiyyat hissələri və görülməli olan işlər əsas götürülməklə aparılmışdır. Ehtiyyat hissələri və görülməli olan işlərlə bağlı müəyyən edilmiş qiymətlər nəzərdən keçirilmiş, lakin rəy malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə olunmaqla tərtib edilmişdir. Məhz bunun nəticəsi olaraq bəzi ehtiyyat hissələri və görülməli olan işlərlə bağlı məhkəmə eksperti tərəfindən fərqli, yəni daha aşağı qiymətlər müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası rəydə göstərilən ehtiyyat hissələrinin, habelə görülməli olan işlərin qiymətlərini şişirdilmiş hesab etmir, bu qiymətlərlə razılaşır.
34. Ehtiyyat hissələri, o cümlədən apellyasiya şikayətində göstərilən arxa sol qanad, benzin bakı, təkər altı datçik, arxa elektrik şnurları, ehtiyyat təkər və disk, surətlər qutusu ilə bağlı qeyd olunmalıdır ki, hadisə zamanı arxa sol qanadın zədələnməsi fotoşəkillərdən aşkar şəkildə görünür və bunu müəyyən etmək üçün xüsusi bilik tələb olunmur. Digər tərəfdən avtomobilin xeyli sayda hissələrdən ibarət olması, habelə bu hissələrin əksəriyyətinin, o cümlədən apellyasiya şikayətində göstərilən benzin bakının, təkər altı datçikin, arxa elektrik şnurlarının, ehtiyyat təkər və diskin avtomobilin arxa hissədən daxilində, yəni görünməyən hissəsində yerləşməsi aşkardır. Sığortalanmış avtomobilin iddiaçının avtomobilinin arxa hissəsindən toqquşması bu hissələrin zədələnməsini mümkün edir. Hazırda bu hissələrin də zədələnməsini şübhə altına alan cavabdeh öz mövqeyinin təsdiqi olaraq, yalnız xx.xx.2022-ci il tarixli qüsur aktına istinad edir ki, bu da həmin hissələrin zədələnməməsi qənaətinə gəlmək üçün həm kifayət deyil, həm də əsas ola bilməz. Hər bir halda, bu vəziyyətin yaranmaması üçün iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edən zaman, cavabdeh məsələyə aydınlıq gətirilməsi üçün müstəqil ekspert dəvət etməklə qiymətləndirmə keçirməli idi. Qeyd olunmalıdır ki, məhz belə halların yaranmasının qarşısının alınması məqsədi ilə qanunverici bu barədə müddəanı qanunvericilikdə təsbit etmişdir. Lakin artıq müəyyən edildiyi kimi cavabdeh qanunvericiliyin bu barədə tələblərinə riayət etməyərək, müstəqil ekspertin dəvət edilməsi üçün hər hansı tədbir görməmişdir. Bu səbəbdən həmin hissələrin zədələnməməsi barədə cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz.
35. Digər tərəfdən ehtiyyat təkər və diskin zədələnməməsi mövqeyindən çıxış edən cavabdeh, eyni zamanda bu hissələrin qiymətinin şişirdilmiş olduğu göstərir. Bu baxımdan dolayısı ilə həmin ehtiyyat hissələrinin zədələnməsini qəbul edir, lakin zərər məbləği ilə razılaşmır. Həmçinin, nəzərə alınmalıdır ki, ekspert rəyi ilə zərər məbləğinin 6.200 manat olduğu müəyyən edilmişdir. İcbari sığorta məbləği isə 5.000 manat təşkil edir. İddiaçı yeni iddia qaldırmaq və fərq məbləğini tələb etmək niyyətində olmadığını bildirir. Bu səbəbdən məsələn (nəzəri olaraq), benzin bakının, habelə surətlər qutusunun reallıqda zədələnməməsi qənaətinə gəlindiyi halda belə, bu hissələrin ümumi qiyməti (800 + 360 = 1.160) 1.160 manat təşkil etmiş olur ki, bu məbləğlər nəzərə alınmadan da ümumi məbləğ (6.200 – 1.160 = 5.040 manat) 5.000 manatdan artıq olmuş olur.
36. Məhkəmə kollegiyası cavabdehin iddia ərizəsinin geri qaytarılmalı olması, habelə tələbdə sığorta ödənişinin deyil, sığorta məbləğinin göstərilməsi barədə dəlillərini ümumiyyətlə əsassız hesab edir. Belə ki, iddia üzrə tələbdə istifadə olunan sözdən asılı olmayaraq, iddiaçının tələbi və mübahisənin mahiyyəti açıq və aşkardır.
37. Bununla belə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti üzrə dəlillərini (həmçinin, tutulmuş dövlət rüsumunun düzgün hesablanmaması hissəsində) əsassız hesab edir, o cümlədən onun təqdim etdiyi qüsur aktı da nəzərə alınmaqla, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə hər hansı zərurət görmür. Bu səbəbdən kollegiya hesab edir ki, zədələnmiş ehtiyyat hissələrinin sayı, dəyəri, habelə görülməli işlər və onların dəyəri baxımından məhz iddiaçının təqdim etdiyi aktda olan məlumatlar və bu məlumatlara uyğun məhkəmə eksperti tərəfindən müəyyən edilmiş zərər məbləği əsas götürülməlidir.
38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi olaraq müraciət edilərək, sığorta ödənişinin ödənilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh hüquqi nəticə etibarı ilə əsassız olaraq ötən dövr ərzində sığorta ödənişini ödəməmişdir. Hazırda da ümumiyyətlə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini tələb edir. Bu da öz növbəsində ödənişin gecikdirildiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması üçün şərtsiz əsas yaradır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu tələblə bağlı düzgün qənaətə gəlməmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1267/2022 saylı qətnaməsi qismən, yəni “hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin edilməli, xx.xx.2022-ci il tarixdən qətnamə ilə müəyyən olunmuş sığorta ödənişi tam ödənilən tarixədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1267/2022 saylı qətnaməsi qismən, yəni “hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. xx.xx.2022-ci il tarixdən qətnamə ilə müəyyən olunmuş sığorta ödənişi tam ödənilən tarixədək, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov