Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1289/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Avrasiya Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Avrasiya Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi zərər qismində 19.000 manat, mənəvi zərər qismində 50.000 manat, ümumilikdə 69.000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə “Avrasiya Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Avrasiya Hospital) fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən klinikada Vüqar Ələkbərov adlı həkim tərəfindən onunn qol və sinə nahiyələrində kiçiltmə ilə əlaqədar estetik əməliyyatlar həyata keçirilmişdir. Əməliyyatların keçirilməsi ilə bağlı ona üzərində “Ödənilib” ştampı vurulmuş, ciddi hesabat blankı olmayan ödəniş qəbzi verilmişdir. Həmin qəbzdən başqa ona hər hansı bir başqa sənəd təqdim edilməmişdir. Ödəniş qəbzindəki məbləğ 6.400 manat təşkil edir. Əməliyyat uğursuz alınmış və bu günə qədər həkimin verdiyi vədlərə baxmayaraq əməliyyatın nəticələri müsbətə doğru dəyişməmişdir. Belə ki, əməliyyat aparıldıqdan sonra onun sinə və qolları eybəcər vəziyyətə gətirilmiş, həddindən artıq böyük yara izləri qalmışdır. Əməliyyatın üzərindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq əməliyyatın fəsadları aradan qalxmamış, əməliyyatın izləri, o cümlədən kobud tikiş izləri və tikişdən qalma dərin çapıqlar açıq şəkildə görünməkdə davam edir. Sadalanan hallar onun normal həyatına həddindən artıq mənfi təsirlər göstərmiş, o, fəal ictimai həyat tərzindən, şəxsi və cinsi həyatdan tamamilə məhrum olmuşdur. Tək olmadığı şəraitdə, əməliyyat olunan bədən nahiyyələrini göstərməkdən utanır, idmanla məşğul ola bilmir və hətta çimərliyə belə getmək imkanından məhrum olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 19.000 manat maddi zərər dəymişdir. Belə ki, yalnız əməliyyat zamanı cavabdehin xəzinəsinə 6.400 manat vəsait ödəmiş, bundan əlavə isə həkimə 2.000 manat pul vəsaiti ödənilmişdir. Əməliyyatların fəsadlarını aradan qaldırmaq üçün isə yeni əməliyyatlar keçirilməlidir. Bu əməliyyatların dəyəri isə 10.000 manatdan artıq təşkil edir. Mənəvi zərərin məbləğinə gəlincə isə hesab edir ki, cavan bir xanımın yarım il ərzində bu şəkildə mənəvi iztirab çəkməsi və sarsıntı keçirməsi əlbətdə ki, pulla ölçülə bilməz. Lakin, zərərvuran şəxslərin təqsiri və əmlak vəziyyətini nəzərə alaraq, belə qənaətə gəlir ki, vurulmuş mənəvi zərərin 50.000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan olacaqdır. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 şifahi vəsatətinə əsasən cavabdeh “Avrasiya Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti əsl cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Bundan başqa, iİşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi zərər qismində 19.000 manat, mənəvi zərər qismində 50.000 manat, ümumilikdə 69.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi zərər qismində 6.400 (altı min dörd yüz) manat, mənəvi zərər qismində 1.600 (bir min altı yüz) manat, ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual və maddi hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin 6.400 manatlıq mədaxil qəbzi istisna olmaqla maddi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini göstərmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, yalnız əməliyyat zamanı iddiaçı cavabdehin xəzinəsinə 6.400 manat vəsait ödəmiş. Bundan əlavə isə həkimə 2.000 manat pul vəsaiti ödənilmişdir. Əməliyyatların fəsadlarını aradan qaldırmaq üçün isə yeni əməliyyatlar keçirilməlidir və bu əməliyyatların dəyəri isə 10.000 manatdan artıq təşkil edir. Mənəvi zərəri isə birinci instansiya məhkəməsi cəmi 1.600 manat qarşılığında kompensasiya etmişdir. Mənəvi zərərin məbləğinə gəlincə isə hesab edir ki, cavan bir xanımın 2 il ərzində bu şəkildə mənəvi iztirab çəkməsi və sarsıntı keçirməsi əlbətdə ki, pulla ölçülə bilməz. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi mənəvi zərərin miqdarı, yəni 1.600 manat məbləğində pul vəsaiti hazırki halda ağlabatan və ədalətli olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməsinə və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyində göstərikmişdir ki, yaraların ikincili sağalması immun sisteminin zəifləməsi, yaraya infeksiyanın düşməsi, toxuma xüsusiyyəti səbəblərdən baş verə bilər. Ekspert rəyindən də müəyyən olunur ki, iddiaçıda yaranmış problem həkimin təqsirindən yaranmamışdır. Əgər əməliyyat əməliyyatı icra edən cərrah tərəfindən düzgün şəkildə icra edilmişdirsə və iddiaçıda yaranmış problem cərrahın təqsirindən yaranmamışdırsa o zaman “xxxx” MMC-dən vurulmuş zərər olaraq 8.000 manat tutula bilməz. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan ekspert rəyini nəzərə almamış və ehtimallara əsaslanaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təvsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydmlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 cavabdeh təşkilatın direktoru X6 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, cavabdeh təşkilatın apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, cavabdeh “xxxx” MMC-nin direktoru Abdulla Cəfərli tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 verdikləri apelyasiya şikayətini müdafiə etdiklərini, cavabdeh “xxxx” MMC-nin direktoru Abdulla Cəfərli tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə və verdikləri apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, verdikləri apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsini, cavabdeh “xxxx” MMC-nin direktoru Abdulla Cəfərli tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vüqar Ələkbərovun iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Cavabdeh “xxxx” MMC-nin direktoru Abdulla Cəfərli isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaşının və cavabdehin apelyasiya şikayətlərində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, ********** saylı, xx xxxxxx 2018-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən cavabdeh “xxxx” MMC-nin (Avrasiya Hospital) hesabına 6.400 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş matеriallarında olan, cavabdeh “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli MC116 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək “Süd vəzilərinin hipertrofiyası. Qarında, beldə, ayaqlarda yağ hipertrofiyası. Artıq piylənmə. Qollarda yağ hipertrofiyası, dəri sallanma” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş matеriallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət X1 Plastik və X2 151 saylı, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıda braxioplastika, reduksion mamamplastika əməliyyatı icra olunmuşdur. Müayinə zamanı hər iki bazunun arxa səthində, qoltuqaltı nahiyəyə doğru davam edən, bəzi yerlərdə tam yumşalmamış və bir qədər hipertrofik, çəhrayı rəngli çapıq toxuma qeyd olunur. Süd vəzilərində aparılmış reduksion mammaplastika əməliyyatına müvafiq “T” şəkilli kəsik xətti boyunca çəhrayı rəngli çapıq toxuma, döş qəfəsinin lateral tərəfində bir qədər artıq piy yığıntısı qeyd olunur. Bu dəyişikliklərin yaranması əməliyyatdan sonra mümkün hal kimi dəyərləndirilir. Göstərilən dəyişikliklər keçirilmiş əməliyyatla bağlıdır. Aparılan cərrahi əməliyyat texniki cəhətdən düzgün icra olunmuşdur. Estetik korreksiyaedici əməliyyata ehtiyac ola bilər. İş matеriallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X8 xx.xx.2020-ci il tarixli 305/KEŞ saylı ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə Avrasiya Hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Süd vəzilərinin hipertrofıyası. Qarında, beldə, ayaqlarda yağ hipertrofıyası. Artıq piylənmə. Qollarda yağ hipertrofıyası, sallanma” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xəstənin razılığı alınaraq onun üzərində “Mammoplastika. Liposaksiya. Broxioplaslika” cərrahiyyə əməliyyatları icra edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. Lakin toxuma xüsusiyyətləri ilə əlaqədar əməliyyat yarasının ikincili sağalması səbəbindən o, xx.xx.2019 il tarixdə yenidən Avrasiya Hospitala daxil olmuş və təkrar “Açıq yaranın tikilməsi” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Yaralarının ikincili sağalması immun sisteminin zəifləməsi, yaraya infeksiyanın düşməsi, toxuma xüsusiyyəti və s. səbəblərdən baş verə bilər. İddiaçı üzərində icra edilmiş operativ müdaxilələr ona təyin edilmiş diaqnoza uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Cərrahiyyə əməliyyatlarının proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. Lakin İddiaçı fizioloji xüsusiyyətlərini nəzərə alaraq onun üzərində operativ müdaxilələrin aparılmasına əks göstərişi olmamışdır. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda hal-hazırda icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra hər iki bazunun arxa səthində, qoltuqaltı nahiyəyə qədər davam edən, bəzi yerlərdə tam yumşalmamış və bir qədər hipertrofik, çəhrayı rəngli çapıq toxumalarının, həmçinin hər iki süd vəzilərində aparılmış reduksion mammaplastika əməliyyatına müvafiq “T” şəkilli kəsik xətti boyunca çəhrayı rəngli çapıq toxumalar və döş qəfəsinin lateral tərəfində bir qədər artıq piy yığıntısının olduğu müəyyən edilmişdir. Qeyd olunanlar estetik baxımından korreksiya oluna bilər. Tibbi müdaxilələrə sərf olunacaq vəsaitin maliyə baxımından qiymətləndirilməsi məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllnin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən cərrahiyə əməliyyatının keçirilməsi üçün iddiaçı tərəfindən 6.400 manat məbləğində pulun ödənilməsi mədaxil orderi ilə öz təsdiqini tapmışdır. Lakin, maddi ziyanın digər hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi ona ödənilmiş 6.400 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməs nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini (yəni hüquqa zidd əməlin inzibati xəta sayılmasını), bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakterini, cavabdehin təqsirini, yəni ehtiyatsızlıqdan zərər vurmasını, cavabdehin əmlak vəziyyətini və iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 1.600 (bir min altı yüz) manat məbləğində pul tutulması ağlabatan və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa məhkəmə kollegiyası cavabdeh X4 apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Həmin Qanunun 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bundan başqa, cavabdeh “xxxx” MMC-nin direktoru Abdulla Cəfərli apelyasiya şikayətində qeyd etmişdir k, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyinə göstərilir ki, yaraların ikincili sağalması immun sisteminin zəifləməsi, yaraya infeksiyanın düşməsi, toxuma xüsusiyyəti səbəblərdən baş verə bilər. Ekspert rəyindən də müəyyən olunur ki, iddiaçıda yaranmış problem həkimin təqsirindən yaranmamışdır. Buna görə “xxxx” MMCdən vurulmuş zərər olaraq 8.000 manat tutula bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin hazırki dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyində iddiaçı üzərində icra edilmiş operativ müdaxilələr ona təyin edilmiş diaqnoza uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi qeyd edilsə də, sonda iddiaçının estetik baxımından korreksiya olunmasına ehtiyacının olması qeyd edilmişdir ki, bu halda rəy əsaslı hesab oluna bilməz. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilə və düzgün nəticə kimi qiymətləndirilə bilməzdi. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsasizdır. Bundan başqa cavabdeh “xxxx” MMC-nin direktoru Abdulla Cəfərli apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə qətnamənin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, tərəflərin apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh “xxxx” MMC-nin direktoru Abdulla Cəfərlinin apelyasiya şikayətlərində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1289/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1289/2021
02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver