Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-129/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Lıu Cəmılə Rafıqovna cavabdeh X3 qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e- 2(010)-3878/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə Liu Xinan rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2 övladları dünyaya gəlmişdir. Liu Xinan xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış daşınmaz əmlak və bank hesablarındakı pul vəsaitlərinə münasibətdə onun vərəsələri - həyat yoldaşı İddiaçı, övladı X10, övladı X11 və anası Yuzhen Yinin qanun üzrə vərəsəlik hüququları tanınmaqla həmin miras əmlaklara münasibətdə pay hüquqları müəyyən edilmişdir. Hazırda iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahələrinin özünə qaytarılmasını, eyni zamanda mərhum həyat yoldaşı ilə iş ortağı olan cavabdeh arasında bağlanmış əməkdaşlıq sazişi əsasında mərhum həyat yoldaşı tərəfindən qoyulmuş investisiyanın miras əmlak kimi geri qaytarılmasını tələb edir. Liu Xinanla iddiaçının birgə nikahından anadan olan Leyli və Aylin adlı uşaqlar yetkinlik yaşına çatmadıqlarına görə onların qanuni nümayəndələri kimi iddiaçı çıxış edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən 1.14 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34) cavabdeh tərəfindən iddiaçıya qaytarılması, 116221 (yüz on altı min iki yüz iyirmi bir) ABŞ dollar pulun (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və hüquqi yardımın göstərilməsinə görə ödənilən 500 (beş yüz) manat, həmçinin dövlət rüsumuna görə ödənilən 490 (dörd yüz doxsan) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən 1.14 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34) İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahələrində və ona bitişik digər torpaq sahələrində ididaçının rəhmətə getmiş əri Liu Xinan Cavabdeh birlikdə biznes fəaliyyəti ilə məşgul olmuşdur. İddiaçının əri Liu Xinan 27 yanvar 2021-ci il tarixdə ölmüşdür. Qanunla müəyyən edilmiş müddətdə vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməsi və mülkiyyət hüququ haqqında şəhadətnaməsi alınması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmişdir. Həmin müraciət əsasında vərəsəlik işi açılmışdır. Çıxarışı olan mənzil və bank hesabları üzrə notariat tərəfindən qanunvericiliyə uyğun olaraq paylar müəyyən edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik işi üzrə nikahdan sonra əldə olunan əmlaklara münasibətdə İddiaçı ölmüş şəxsin arvadı olduğu üçün cəmi 5/8 pay, uşaqları Liu Leyli 1/8, Liu Aylin 1/8 pay, anası 1/8 pay almışdır. Rəhmətə getmiş ər Liu Xinan ilə cavabdeh arasında sonuncu dəfə 16 iyun 2020-ci il tarixli “İnvestisya və iştirak barədə birgə və korporativ razılaşma” müqaviləsi imzalanmışdır. Həmin müqavilədən görünür ki, Liu Xinan və cavabdeh ayrı ayırılıqda 168700 ABŞ dolları, cəmi 337400 ABŞ dolları investisiya qoymuşdur. Həmçinin həmin müqavilədən görünür ki, cəmi 71751 ABŞ dollar borc var. Borcun 1/2 hissəsi çıxıldıqda Liu Xinanın 132824 ABŞ dolları investisiyası qalır. Həmin məbləğin 7/8 hissəsi vərəsələr İddiaçı, Liu Leyliyə,Liu Aylinə, qalan 1/8 hissəsi isə digər vərəsə Liu Xinanın anasına aiddir. Yəni vərəsələr İddiaçı, Liu Leyliyə,Liu Aylinə 116221 ABŞ dolları pul çatmalıdır. Çin Respublikasının vətəndaşı Liu Xinan öldükdən sonra cavabdeh ona məxsus əmlakları mənimsəmiş, vərəsələrinə qaytarmamışdır. Bununla əlaqədar olaraq dəfələrlə şifahi söhbətlər aparılmış,lakin nəticə olmamışdır. Sonuncu dəfə cavabdehə 4 iyul 2022-ci il tarixdə “Pretenziya məktubu” göndərilmiş, cavabdeh tərəfindən 20 iyul 2022-ci il tarixli məktubla problemin həll olunması üçün görüşməyə hazır olduğunu bildirmiş, buna əsasən 27 iyul 2022-ci il tarixə saat 09.00-a görüş təyin edilmiş, lakin cavabdeh tərəf özü və nümayəndəsi gəlməmişdir. 27 iyul 2022-ci il tarixə saat 09.42-də cavabdehlə əlaqə saxlanıldıqda Bakıdan kənarda olduğunu bilmişdir. Liu Xinan öldükdən sonra cavabdeh dəfələrlə eyni bəhanələrlə işin məhkəmədən kənar həll edilməsindən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(010)- 3878/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X7 xüsusi mülkiyyətində olan, Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27 olan 1.14 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48 olan 3.31 ha torpaq sahəsi və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********34 olan 1.12 ha torpaq sahələrinin cavabdeh X1 alınaraq iddiaçı X8 geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 490 manat dövlət rüsumunun 100 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən vəkilə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddia tələbi Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən 1.14 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha torpaq sahəsinin (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34) cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında olan müvafiq çıxarışlardan göründüyü kimi 1.12, 1.14 və 3.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə olan halda, həmin torpaq sahələri cavabdehin qanunsuz sahibliyindən götürülməklə qanuni mülkiyyətçisinə geri qaytarılmalıdır. Həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qeyd olunan torpaq sahələrinə münasibətdə hər hansı bir iddiası yoxdur və həmin torpaq sahələrinin iddiaçıya qaytarılmasına etiraz etmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı qeyd olunan formada iddia tələbi ilə məhkəməyə müraciət etsə də, lakin mərhum həyat yoldaşı tərəfindən cavabdehlə birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün investisiya olaraq qoyulmuş pul vəsaitinin miras kütləsi olması, bununla bağlı vərəsəlik işinin açılması, miras aktivinin və passivinin nədən ibarət olması və həmin pul vəsaitinin miras əmlak qismində qəbul edilməsi iə bağlı sübutları (sənədləri) məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 290-cu maddəllərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 154.1, 157.2, 1133.1, 1151.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarına əlavə edilmiş müqavilərdən görünür ki, ölmüş şəxs Liu Xinan və cavabdeh ayrı-ayrılıqda 168700 ABŞ dolları, cəmi 337400 ABŞ dolları investisiya qoymuşdur. Həmçinin həmin müqavilədən görünür ki, cəmi 71751 ABŞ dollar borc var. Yəni iş üzrə 337400 ABŞ dolları miras aktivi, 71751 ABŞ dollar miras passivi mövcuddur. Birinci instansiya məhkəməyə müqavilədə göstərilənlərə diqqət etməmiş, miras aktivinə və passivə qiymət verməmişdir. Əmlakın ümumi dəyəri 337400 ABŞ dollardır. Cavabdeh tərəf ölmüş şəxsin payını özündə saxlayaraq mirasçıları miras payından məhrum etmişdir. Cavabdehin qanunsuz hərəkətinə məhkəmə tərəfindən qiymət verilməmiş, qətnamədə əsaslandırılmamışdır. Qanunvericiliyə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 168700 ABŞ dolların 1/2 hissəsi ölmüş şəxsin arvadı olan İddiaçı mülkiyəti sayılır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hissəyə qiymət verilməmişdir. Qanunla müəyyən edilmiş müddətdə vərəsə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməsi və mülkiyyət hüququ haqqında şəhadətnaməsi alınması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmişdir. Həmin müraciət əsasında vərəsəlik işi açılmışdır. Çıxarışı olan mənzil və bank hesabları üzrə notariat tərəfindən qanunvericiliyə uyğun olaraq paylar müəyyən edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş notarial işindən görünür ki, iddiaçı mirası tamamilə qəbul etmişdir. Qanunvericiliyə əsasən əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur. Cavabdeh səlahiyyətsiz şəxs olmasına baxmayaraq, miras əmlaka daxil olan əmlakları özündə qanunsuz saxlayaraq mirasçılara vermir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “investisiya və iştirak barədə birgə və korporativ razılaşma” adlanan sənədin çin dilindən tərcüməsindən görünür ki, Cavabdeh, Liu Xinan, Wang Tianzuo və Tu Qiang səhmdarlar kimi hazırki razılaşmanı imzalamışlar. Həmin razılaşmada göstərilir ki, qarşılıqlı hörmət, vicdanlı əməkdaşlıq və qarşılıqlı fayda əsas götürən 4 səhmdar arasında bərabərlik və dostluq əsasında bu yaxınlarda yaradılan məsləhətləşmələrdən sonra invenstiya əməkdaşlığı ilə bağlı ortaq əməkdaşlıq haqqında razılıq əldə olunmuşdur. Razılıq sənədinə əsasən hazırda həqiqi tərəfdaşlar Liu Xinan və Cavabdehdur. Həmçinin razılaşma sənədində göstərilmişdir ki, 42 ha bağça sahəsinin özəl şəhadətnaməsi hazırda Fəxrəddin Zeynalov, Cəmilə Li, Tahir Məmmədov və Şamil Şabanovun adına qeydiyata alınmışdır. Bu müqaviləni imzaladıqdan sonra 4 səhmdar butün torpaq mülkiyyət sənədlərini yeni yaradılan meyvə bağları idaretmə paylarına köçürməlidirlər. Müəyyən edilmişdir ki, Liu Xinan ilə cavabdeh arasında sonuncu dəfə 16 iyun 2020-ci il tarixli “investisya və iştirak barədə birgə və korporativ razılaşma” müqaviləsi imzalanmışdır. Həmin müqavilədən görünür ki, Liu Xinan və cavabdeh ayrı ayırılıqda 168.700 ABŞ dolları, cəmi 337.400 ABŞ dolları investisiya qoymuşdur. Həmçinin həmin müqavilədən görünür ki, cəmi 71.751 ABŞ dollar borc var. İddiaçının tələblərinə əsasən borcun 1/2 hissəsi çıxıldıqda Liu Xinanın 132.824 ABŞ dolları investisiyası qalır. Həmin məbləğin 7/8 hissəsi vərəsələr İddiaçı, Liu Leyliyə, Liu Aylinə, qalan 1/8 hissəsi isə digər vərəsə Liu Xinanın anasına aiddir. Yəni vərəsələr İddiaçı, Liu Leyliyə,Liu Aylinə 116.221 ABŞ dolları pul çatmalıdır. Cavabdeh tərəfin iddiaya olan etirazının əsası ondan ibarətdir ki, tələb olunan məbləğdə investiya torpağa qoyulub, cavabdehin özünə verilməyib. Lakin işin halları onu göstərir ki, faktiki olaraq bütün sahə və onun üzərində olan tikililər və ağaclar cavabdehin istifadəsindədir. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən iddiaçıya məxsus cəmi 5,57 ha təşkil edən (1.14 ha (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34,) torpaq sahələrinin həmçinin Fəxrəddin Zeynalov, Cəmilə Li, Tahir Məmmədov və Şamil Şabanovun adına olan torpaq sahələrinin ümumilikdə 42 ha torpaq sahəsini əhatə edib-etməməsini, hər birinin adına olan torpaq sahəsinin bazar dəyəri müəyyən edilməsi sualları qoyulmuşdur. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 10/4469 saylı ekspert rəyindən görünür ki, verilmiş vəsatətdə ayrı-ayrılıqda torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin (plan ölçü sənədlərinin) və baxışdan sonra müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi xahiş olunsa da, bugünədək təqdim edilməmişdir. Bu səbəbdən bu sual üzrə tədqiqat aparılmamışdır. Verilmiş vəsatətdə ayrı-ayrılıqda torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin Mərkəzə təqdim edilməsi xahiş olunsa da, bugünədək təqdim edilməmişdir. Bu səbəbdən aparılmış tədqiqatla, Xaçmaz rayonu, Maksudkənd ərazisində yerləşən ümumilikdə 42 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 840000.0 manat (200 x 4200 sot) məbləğində müəyyən olunur. Göründüyü kimi torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin (plan ölçü sənədlərinin) və baxışdan sonra müvafiq mütəxəssis rəyinin ekspertizaya təqdim edilməməsi əsası ilə ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmamışdır. Belə olan halda xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığından, təqdim edilən fotoşəkillər də nəzərə alınmaqla hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 9/9573 saylı ekspert rəyindən görünür ki, Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən İddiaçı, Fəxrəddin Zeynalov, Tahir Məmmədov və Şamil Şabanovun adına olan torpaq sahələri ümumilikdə 42 ha torpaq sahəsinin əhatə edirmi? Əgər etmirsə, həmin torpaq sahələrinin ümumilikdə sahəsi nə qədərdir sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən mütəxəssis rəyi təqdim edilmədiyi üçün qərardadın tədqiqat aparılmamış; mütəxəssis rəyi təqdim edilmədiyi üçün Fəxrəddin Zeynalov, Tahir Məmmədov və Şamil Şabanovun adına olan torpaq sahələrininin hər birinin ayrı-ayrılıqda koordinatlarını ayrılıqda müəyyən etmək mümkün olmamışdır. Mərkəzə təqdim edilmiş çıxarışlara əsasən X2 xüsusi mülkiyyətində cəmi 19.095 ha torpaq sahəsinin olduğu müəyyən edilir. 42 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 840000.0 manat (200 x 4200 sot) məbləğində olduğu nəzərə alındıqda, 19 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 380000.0 manat (200 x 1900 sot) məbləğində olduğu müəyyən edilir. Hüquqmüəyyənedici sənədləri təqdim edilməyən, qərardadla sualda yazılmış 42 ha torpaq sahəsindən (42 ha (19 ha + 5.57 ha) 17.43 ha) yerdə qalan torpaq sahəsinin 17.43 ha olduğu və 42 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 840000.0 manat (200 x 4200 sot) məbləğində olduğu nəzərə alındıqda, 17.43 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 348600.0 manat (200 x 1743 sot) məbləğində olduğu müəyyən edilir. Tərəflər gəlmədiyi səbəbindən tikililərə və nəqliyyat vasitələrinə baxış keçirilmədiyindən dəyərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində cəmi 5.57 ha torpaq sahəsinin olduğu müəyyən edilir. 42 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 840000.0 manat (200 x 4200 sot) məbləğində olduğu nəzərə alındıqda, 5.57 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 111400.0 manat (200 x 557 sot) məbləğində olduğu müəyyən edilir. Tərəflər gəlmədiyi səbəbindən tikililərə və nəqliyyat vasitələrinə baxış keçirilmədiyindən dəyərini müəyyən etmək mümkün olmamışdır. Beləliklə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası, eləcə də əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və nəticə etibarı ilə müəyyən edilmişdir ki, investisiya ilə alınmış 42 ha torpağın dəyəri 840000 manat, iddiaçıya məxsus 5.57 ha torpaq sahəsinin dəyəri isə 111400 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə iddiaçının mərhum həyat yoldaşı tərəfindən cavabdehlə birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün investisiya olaraq qoyulmuş pul vəsaitinin miras kütləsi olması, bununla bağlı vərəsəlik işinin açılması, miras aktivinin və passivinin nədən ibarət olması və həmin pul vəsaitinin miras əmlak qismində qəbul edilməsi iə bağlı sübutları (sənədləri) məhkəməyə təqdim etməməsi əsası ilə iddia tələbini - 116.221 (yüz on altı min iki yüz iyirmi bir) ABŞ dollar pul vəsaitinin (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd etmişdir. Halbuki işin faktiki halları ilə müəyyən edilmişdir ki, Liu Xinan ilə cavabdeh arasında sonuncu dəfə 16 iyun 2020-ci il tarixli “İnvestisya və iştirak barədə birgə və korporativ razılaşma” müqaviləsi imzalanmışdır. Həmin müqavilədən görünür ki, Liu Xinan və cavabdeh ayrı-ayırılıqda 168.700 ABŞ dolları, cəmi 337.400 ABŞ dolları investisiya qoymuşdur. Həmçinin həmin müqavilədən görünür ki, cəmi 71.751 ABŞ dollar borc var. Bununla yanaşı müəyyən edilmişdir ki, İddiaçı Liu Xinandan qalmış miras əmlakı qəbul etmişdir. Göründüyü kimi, İddiaçı Liu Xinandan qalmış miras əmlakı qəbul etdiyindən mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Liu Xinan ilə cavabdeh arasında sonuncu dəfə 16 iyun 2020-ci il tarixli “İnvestisya və iştirak barədə birgə və korporativ razılaşma” müqaviləsində olan 337400 ABŞ dolları miras aktivi, 71751 ABŞ dollar miras passivi mövcuddur. 337400 ABŞ dolları miras aktivinin yarısı 1/2 hissəsi baxımından hər iştrakçı üçün 168.700 ABŞ dolları, borc isə 35.875 ABŞ dolları təşkil edir. Beləliklə də, qoyulmş investisiya da Liu Xinanın payı 132.825 ABŞ dolları təşkil edir. (168.700 - 35.875= 132.825 ABŞ dolları) İşin faktiki hallarından da göründüyü kimi Lui Cəmiləyə məxsus torpağ sahəsinin dəyəri 111 400 manat təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus 132.825 ABŞ dollarının manatı olan məzənnəsi (132825 x 1.70) 225.802 manatdan Lui Cəmiləyə məxsus torpaq sahəsinin dəyəri 111400 manat çıxılmaqla, 114.402 ( 225802-111400 ) manat təşkil edir. Lakin iddiaçı tərəfin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi müraciətlərində apellyasiya şikayətinə baxılarkən Lui Cəmiləyə məxsus torpağın dəyəri çıxıldıqda ona çatacaq miras payının məbləği 112982 manat göstərilməsinin nəzərə alınmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası iddia tələbində iddiaçının cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan məbləğinin 116.221 (yüz on altı min iki yüz iyirmi bir) ABŞ dollar pul göstərilməsini və apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi müraciətlərində 112.982 manat təşkil etmələrini qeyd etməsinə qiymət verərək hesab edir ki, müraciətlərdə göstərilən məbləg aparılmış araşdırmalar nəticəsi olaraq iddiaçı tərəfin özünün hesablaması ilə miras payının məbləği kimi müəyyən edildiyindən həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması məqsədəmüvafiq olmaqla obyektiv və ədalətlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni təmin olunmayan hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməklə cavabdehdən 112.982 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının xərci qismində cəmi məbləğ 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(010)- 3878/2022 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 112.982 manat İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının xərci qismində cəmi məbləğ 250 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov