Məhkəmə qərarları › İş №2(103)-1290/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1290/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1290/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddialar üzrə ekspertiza və mütəxəssis rəylərinin zərərvuranın zərərin onun təqsiri üzündən baş vermədiyini təsdiq edən yeganə sübutlar olduğu və bu sübutların da onun məsuliyyətdən azad edilməsi üçün birmənalı əsas olduğu qənaətinə gəlmək sağlamlığına real zərər vurulan şəxsləri zərərvurana münasibətdə müdafiəsiz vəziyyətə salır») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-860/2024 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı “Azevromed Klinikası” tərəfindən xx.xx.2023cü il tarixdə keçirilmiş daxili orqanların ultrasəs müayinəsi ilə qeyd olunan nəticəyə gəlinmişdir: qaraciyərin exogenliyi artmış, intrahepatik öd axarları genişlənmiş, qaraciyərin altında 65x38x55 (V≈72sm3 ) kapsulası qalın, daxili dirsers möhtəviyyatdan ibarət, çəpərli, maye tərkibli, avaskulyar kista izlənmişdir. MRT məsləhət görülmüşdür. Öd kisəsinin forması S-varidir. Öd möhtəviyyatı qeyrihəmcinsdir (dispersdir).

2. İddiaçı “İstanbul NS Klinika” tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş kontrastlı üst abdomen MRT incələməsi ilə qeyd olunan nəticəyə gəlinmişdir: qaraciyər sağ pay lateralposterioruna indentasiya göstərən, ekstrahepatik, T2 hiper-T1 hiposiqnallı, yalnız incə divarları kontrast tutan 68-22-60 mm ümumi ölçülü septalı kista sahəsi qeyd edilir.

3. Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli döş qəfəsi rentgenoqrafiyası sənədində göstərilib ki, hər iki ağciyər döş qəfəsində normal pozisiyada yerləşib; plevra boşluğu sərbəstdir; traxeyanın və ana bronxun lokalizasiyası normaldır; mediastenumda nəzərəçarpan patoloji limfa düyünü müşahidə edilməmişdir; ağciyərin şəffaflığı norma daxilindədir; diafraqma günbəzvari formadadır, yerləşməsi adidir; ürəyin hüdudları dəyişməmişdir.

4. Cavabdeh tərəfindən tərtib edilmiş əməliyyat protokol formasında göstərilib ki, xx.xx.2023cü il tarixdə saat 18:25-də İddiaçı diaqnostik laparotomiya əməliyyatına başlanılmış və 19:00-da əməliyyat bitmişdir.

5. İddiaçı adına olan 14118 nömrəli, xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) ******* nömrəli çıxarışda göstərilib ki, İddiaçı “qaraciyərin hemangioması” diaqnozu qoyulmuşdur.

6. İddiaçı “Stimul Hospital” tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş üst qarın boşluğunun İV kontrastlanma ilə KT müayinəsi ilə qeyd olunan nəticəyə gəlinmişdir: qaraciyər sağ payda konturunda skallopingə səbəb olan incə kapsullu, subdiafraqmatik başlayaraq 6-cı seqmentə qədər uzanmaqda olan 85x45 mm ölçüdə kistik struktur izlənilir. Perihepatik minimal sərbəst maye izlənilir.

7. “X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 387 nömrəli tibbi arayışda göstərilib ki, İddiaçı “qaraciyərin sağ payının absesi” diaqnozu qoyulmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdeh PHŞ-ya qarşı sağlamlığa vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş ziyan səbəbindən müayinə və müalicəyə xərclədiyi 2.000 manat, mənəvi ziyan kompensasiyası qismində 10.000 manat vəsaitin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

9. İddiada göstərilib ki, xx.xx.2023-cü il tarixdə Cavabdehdə həmin xəstəxananın ümumi cərrahı Rauf Mirzəyev tərəfindən exinokok kistası diaqnozu ilə açıq əməliyyat olunmuşdur. Əməliyyatdan sonra isə Rauf Mirzəyev onda exinokok kistası deyil, qara ciyərin arxasında hemangioma olduğunu bildirmişdir. Dediyinə görə, ona toxunmağı təhlükəli hesab etdiyi üçün ona əl vurmamış və qarın nahiyəsini yenidən tikərək əməliyyatı yekunlaşdırmışdır. 3 gün həmin xəstəxanada yatdıqdan sonra xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. xx.xx.2023-cü il tarixdə “Məlhəm” klinikasına müraciət etmişdir. Oranın invaziv radioloqu İlqar Hüseynov bir daha dəqiqləşdirmək üçün ona Kompüter Tomoqrafiyasından keçməyi tapşırmışdır. xx.xx.2023-cü il tarixdə “Stimul” klinikasında KT müayinəsindən keçmiş və onda kista olduğu təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixdə “Məlhəm” klinikasında həmin kistanın içindəki maye drenaj yolu ilə boşaldılmışdır. Təxminən 10 gün müddətində kistadan mayeni çəkən drenaj üstündə qalmış və həkimin tapşırdığı prosedurları yerinə yetirmişdir. xx.xx.2023-cü il tarixdə həmin drenaj bədənindən çıxarılmışdır. Hal-hazırda özünü normal hiss edir və əvvəlki ağrıları yoxdur. Cavabdehdəki əməliyyatdan əvvəl olunduğu ultrasəs və MRT müayinələri onda kista olduğunu göstərirdi. Bu müayinələrin sənədləri cərrah Rauf Mirzəyevə əməliyyatdan əvvəl təqdim olunmuşdur. Əməliyyatdan sonra da keçdiyi ultrasəs və KT müayinəsi sənədlərində də onda kista olduğu qeyd olunmuşdur. Həmçinin, yuxarıda qeyd etdiyi kimi, “Məlhəm Hospitalı”nda həmin kistanın içi drenaj yolu ilə boşaldılmışdır, bu da onun Rauf Mirzəyev dediyi kimi hemangioma deyil, kista olduğunu bir daha sübut edir. Həm əməliyyatdan əvvəlki, həm də sonrakı bütün müayinə sənədlərində mayeli kista qeyd olunduğu halda Rauf Mirzəyev səhlənkarlıq edərək onu səhvən hemangioma hesab etmiş və əməliyyatı yerinə yetirməmişdir. Nəticədə əsassız yerə onun qarın nahiyəsini yararaq ona travma yetirmiş, əmək qabiliyyətini müvəqqəti itirməsinə səbəb olmuş və yenidən öz hesabına özəl klinikada əməliyyata girmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-860/2024 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın rədd qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» PHŞ-nın xx.xx.2024-cü il tarixli, KEŞ-172 saylı ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1) İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-nın Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış instrumental müayinə cavablarına əsasən, qaraciyər nahiyəsində kistik sahəsinin olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq «Diaqnostik laparotomiya» cərrahiyyə əməliyyatının aparılması qərara alınmış və icra edilmişdir. 2) İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-yə daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə «AzEvroMed» klinikasında daxili orqanların ultrasəs və xx.xx.2023-cü il tarixdə isə «İstanbul NS» klinikasında kontrastlı üst abdomen MRT müayinələrinə əsaslanaraq, ilkin olaraq «Qaraciyərin exinokokku» diaqnozunun düzgün olmasına əsas verir. 3) Tibbi praktikada istifadə edilən instrumental müayinə üsulları nisbi xarakter daşıyır və belə olan halda diaqnostik müdaxilələrin aparılmasına zərurət yaranır. İlkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə «Diaqnostik laparatomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində qaraciyərin hemangioması səbəbi ilə digər hər hansı bir müdaxilə aparılmadan əməliyyat sonlandırılmışdır. Bu əməliyyat taktikası da həkimin seçimindən asılıdır. 4) İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Daha sonra İddiaçı «Məlhəm Hospital»a müraciət etmiş və xx.xx.2023-cü il tarixdə onun üzərində «Qaraciyərin absesinin perkutan drenajı» cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mövcud olan patologiya sonradan kəskinləşmiş və kliniki olaraq özünü büruzə vermişdir. Bunun da, xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da aparılmış cərrahi əməliyyatla və sonradan İddiaçı yaranmış qaraciyərin absesi ilə səbəbli əlaqəsinin olması istisna edilir. 5) İddiaçı «Məlhəm Hospital»da aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» PHŞ-nın xx.xx.2024-cü il tarixli, KEŞ-745 saylı təkrar ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Məlikov Emiİ Feyruz oğlunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-nın Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış instrumental müayinə cavablarına əsasən, qaraciyər nahiyəsində kistik sahəsinin olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq «Diaqnostik laparotomiya» cərrahiyyə əməliyyatının aparılması qərara alınmış və icra edilmişdir. 3.7. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-ya daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə «AzEvroMed» klinikasında daxili orqanların ultrasəs və xx.xx.2023-cü il tarixdə isə «İstanbul NS» klinikasında kontrastlı üst abdomen MRT müayinələrinə əsaslanaraq, ilkin olaraq «Qaraciyərin exinokokku» diaqnozunun düzgün olmasına əsas verir.

4. Tibbi praktikada istifadə edilən instrumental müayinə üsulları nisbi xarakter daşıyır və belə olan halda diaqnostik müdaxilələrin aparılmasına zərurət yaranır. İlkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə «Diaqnostik laparotomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində qaraciyərin hemangioması səbəbi ilə digər hər hansı bir müdaxilə aparılmadan əməliyyat sonlandırılmışdır. Bu əməliyyat taktikası da həkimin seçimindən asılıdır.

5. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Daha sonra İddiaçı «Məlhəm Hospital»a müraciət etmiş və xx.xx.2023-cü il tarixdə onun üzərində «Qaraciyərin absesinin perkutan drenajı» cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mövcud olan patologiya sonradan kəskinləşmiş və kliniki olaraq özünü büruzə vermişdir. Bunun da, xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da aparılmış cərrahi əməliyyatla və sonradan İddiaçı yaranmış qaraciyərin absesi ilə səbəbli əlaqəsinin olması istisna edilir.

6. İddiaçı «Məlhəm Hospital»ında aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdur. İddiaçı ona hazırda cavabdeh klinikada ilkin olaraq qoyulmuş diaqnoza uyğun düzgün tibbi müalicə və müdaxilə edilmədiyini, bunun nəticəsində onun təkrarən eyni diaqnoza əsasən müalicə almasını iddia edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının üzərində aparılmış cərrahi əməliyyatın ona qoyulmuş ilkin diaqnoza uyğun olub-olmaması, habelə sonrakı ağırlaşmaların onun üzərində aparılmış cərrahi əməliyyatla əlaqəli olub-olmamasının müəyyən edilməsi xüsusi tibbi biliklər tələb etdiyindən buna dair təyin edilmiş məhkəmə tibbi ekspertizalarının rəyləri ilə iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı zamanı həkim tərəfindən səhvə yol verilmədiyi, əməliyyat zamanı həkim tərəfindən aşkar edilmiş hallara uyğun prosedur həyata keçirildiyi müəyyən edilmiş, sonrakı ağırlaşmaların cərrahi əməliyyatla əlaqəsi istisna edilmişdir. Təqdim olunmuş ekspert rəylərindən göründüyü kimi, Cavabdeh PHŞ-da iddiaçıya münasibətdə düzgün müayinə aparılmış, «Diaqnostik laparotomiya» cərrahiyyə əməliyyatı düzgün icra edilmiş, cavabdeh tərəfindən iddiaçıya bununla əlaqədar olaraq hər hansı maddi ziyan vurulmamışdır. Belə ki, həkim tərəfindən qoyulmuş diaqnoza uyğun aparılmış əməliyyat zamanı aşkar edilmiş hal həkimin əməliyyatı sonlandırmasına səbəb olmuşdur. Həkimin bu əməliyyat taktikası onun seçimindən asılı olaraq müəyyən edilmiş və ekspert rəyində bu halın yolverilən olması göstərilmişdir. Xüsusilə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-da aparılmış cərrahi əməliyyatla, sonradan İddiaçı yaranmış qaraciyərin absesi arasında səbəbli-əlaqə istisna edilir. Beləliklə, cavabdeh klinikada aparılmış tibbi müdaxilə zamanı iddiaçıya zərər vurulması ilə nəticələnən hər hansı təqsirli hərəkətlər müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair əsas iddia tələbi, eləcə də həmin tələbdən doğan vurulmuş mənəvi zərərin ödənilməsi tələbi təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib göstərir ki, xx.xx.2023-cü il tarixində X7 cərrah Rauf Mirzəyevin icra etdiyi əməliyyatdan əvvəl ona, keçdiyi USM (AzEvroMed klinikası, xx.xx.2023) və MRT (İstanbul NS Klinikası, xx.xx.2023) həm kağız, həm də disk müayinə sənədləri təqdim edilmişdi. Cərrah əminliklə onda “Qaraciyərin exinikokku” diaqnozunun olduğunu bildirmiş və ona təqdim etdiyi MRT müayinəsinin diskinə baxmağa ehtiyac olmadığını qeyd etmişdir. Əməliyyatın növünü soruşduqda isə ona açıq əməliyyat edəcəyini bildirmişdir və onunla əsaslandırmışdr ki, exinokokk əməliyyatında rahat və təmiz iş aparmaq üçün açıq əməliyyat daha məqsədəuyğundur. Cərrah xx.xx.2023-cü il tarixində əməliyyata başlamış, qarın boşluğunu yarmış və dərhal da sonlandıraraq yardığı yeri yenidən tikmişdir. Əməliyyatdan sonra, əməliyyatı yarımçıq saxlamağının səbəbini onda “Qaraciyərin exinokokku” deyil, “Qaraciyərin hemangioması” aşkar etməsi ilə izah etmişdir. Üç gün xəstəxanada yatdıqdan sonra, xx.xx.2023-cü il tarixində onu epikrizdən də göründüyü kimi “Qaraciyərin hemangioması” diaqnozu ilə evə yazmışdır. Əməliyyatı başqa diaqnoz səbəbilə yarıda saxlamaqla cərrah Rauf Mirzəyev özünün ilkin qoyduğu diaqnozun səhv olduğunu özü təsdiq etmişdir. Əməliyyat epikrizindən göründüyü kimi cərrah Rauf Mirzəyev “Qaraciyərin exinokokku” diaqnozu ilə açıq əməliyyata başlamış, lakin əməliyyat vaxtı onda “Qaraciyərin hemangioması” olduğunu öz gözü ilə gördüyünü təkidlə bildirmişdir və bu barədə epikriz sənədinə də qeyd etmişdir. Lakin nə Rauf Mirzəyevin etdiyi əməliyyata qədərki, nə də əməliyyatdan sonra keçdiyi müayinə sənədlərində Qaraciyər hemangioması ilə bağlı heç bir əlamət təsdiq olunmamışdır. Rauf Mirzəyevin qoyduğu “Qaraciyər hemangioması” diaqnozunun səhv olduğunu sübut edən daha bir tutarlı fakt xx.xx.2023-cü il tarixində müraciət etdiyi “Məlhəm Hospitalı”nın qoyduğu diaqnoz və həmin problemi aradan qaldıran müalicəsidir. Belə ki, həmin “Qaraciyərin sağ payının absesi” diaqnozu əsasında “Məlhəm Hospitalı”nın apardığı düzgün müalicə nəticəsində xx.xx.2024-cü il tarixli KT müayinəsindən də görünür ki, onda aşkar olunan kistanın ölçüsü əhəmiyyətli dərəcədə kiçilmiş və səhhətindəki problemlər də aradan qalxmışdır. Beləcə, cərrah Rauf Mirzəyev heç bir müayinə sənədinə istinad etmədən, yalnız gözü ilə gördüyünü bildirərək X8 epikriz sənədində yanlış “Qaraciyər hemangioması” diaqnozunu qeyd etmişdir. Yuxarıda qeyd olunduğu kimi, əməliyyatdan öncə Rauf Mirzəyevə müayinə sənədlərini təqdim edərkən onda birmənalı şəkildə “Qaraciyərin exinokokku” diaqnozu olduğunu bildirmiş və əməliyyata da həmin diaqnozla başlamışdır. Əməliyyatdan sonra isə cərrah epikriz sənədində üzərində Diaqnostik Laparotomiya əməliyyatının aparıldığını qeyd etmişdir. Yəni sənəddən də göründüyü kimi cərrah üzərində diaqnostika məqsədilə əməliyyat aparıb. Burdan belə bir nəticə çıxır ki, cərrah əvvəl “Qaraciyərin exinokokku” diaqnozu ilə əməliyyata başlamış, əməliyyat vaxtı həmin diaqnoz özünü doğrultmamış və cərrah özünü sığortalamaq üçün əməliyyatdan sonra guya diaqnoz qoymaq məqsədilə üzərində diaqnostik laparotomiya əməliyyatı aparmışdır. Əgər cərrahın ilkin qoyduğu diaqnoza şübhəsi var idisə və həqiqətən də üzərində diaqnostik əməliyyat aparmaq planı var idisə onda əvvəldən bu barədə niyə onu məlumatlandırmamışdı? Təbii ki, diaqnostik məqsədlə onu yaracağını bilsəydi, o, razı olmazdı. Yəni xəstənin hansı məqsədlə əməliyyat olunmasını bilməyi haqqı deyilmi? Necə ola bilər ki, bir adla əməliyyata başlayasan və başqa bir adla əməliyyatı bitirəsən? Bütün bunlar cərrahın ilkin diaqnozu səhv qoymasını və onu sonradan diaqnostik məqsədlə etdiyini bildirməklə ört-basdır etdiyini sübut edir. Nəsimi Rayon Məhkəməsinin vəsatəti əsasında təyin etdiyi Məhkəmə-Tibb Ekspertizası KEŞ-172, xx.xx.2024-cü il tarixli rəyində məhkəmənin qoyduğu əsas sualdan - diaqnozunu təyin etməkdən boyun qaçırmışdır. Bu məsələnin həlli məhz həmin diaqnozdan asılı olduğu üçün ekspertiza konkret olaraq obyektiv şəkildə ona təqdim olunan iki USM, bir MRT və iki KT müayinə sənədlərinə (həm kağız, həm də disk) istinad etmək əvəzinə yalnız cərrahın subyektiv fikirlərinə əsaslanmışdır. Məhkəmə-Tibbi Ekspertizasının rəyindəki absurdluq burasındadır ki, cərrahın ilkin qoyduğu “Qaraciyərin exinokokku” diaqnozunu doğru sayır, daha sonra isə başqa diaqnoz - “Qaraciyərin hemangioması” aşkarlandığı səbəbindən əməliyyatı sonlandırdığını qeyd edir. Belə ki, ekspertizanın 2-ci cavabında USM(AzEvroMed klinikası, xx.xx.2023) və MRT (İstanbul NS Klinikası, xx.xx.2023) müayinələrinin əsasında cərrahın qoyduğu “Qaraciyərin exinokokku” diaqnozunu doğru sayır. Bəs onda sual yaranır ki, əgər ilkin “Qaraciyərin exinokokku” diaqnozu doğru idisə, onda niyə cərrah başqa diaqnoz – “Qaraciyərin hemangioması” diaqnozu adı altında əməliyyatı sonlandırmışdı? Bu aşkar şəkildə cərrahın qoyduğu ilkin diaqnozun doğru olmadığını sübut edir. Əgər ikinci qoyduğu diaqnoz – “Qaraciyərin hemangioması” düzdürsə, onda niyə heç bir müayinə sənədində öz təsdiqini tapmadı? Məhkəmə-Tibbi Ekspertizasına cərrah Rauf Mirzəyev tərəfindən edilən əməliyyatdan sonra keçdiyi müayinələr – KT (Stimul Hospitalı, xx.xx.2023), USM(Məlhəm Hospitalı, xx.xx.2023), KT (Stimul Hospitalı, xx.xx.2024) həm kağız, həm də disk şəklində təqdim edilmişdir. Yəni ekspertizanın bu çoxsaylı müayinələr əsasında daha ətraflı araşdırma aparmaq və daha dəqiq diaqnoz qoymaq imkanı olduğu təqdirdə, bu sənədlərin heç birinə istinad etmədən elmi əsası olmayan və faktlara istinad etməyən bir rəy vermişdir. Məhkəmə-Tibbi Ekspertizasının KEŞ-172, xx.xx.2024-cü il tarixli rəyində, 5-ci cavabında qeyd edilir ki, xx.xx.2023-cü il tarixində müraciət etdiyi Məlhəm Hospitalı ona düzgün diaqnoz təyin etmiş və düzgün də müalicə aparmışdır. Məlhəm Hospitalı öz epikrizində “Qaraciyərin sağ payının absesi” diaqnozu qoymuş və həmin diaqnoz əsasında da müalicəsini aparmışdır. Həmin müalicədən sonra onun səhhətindəki problem həll olunmuşdur. Bunu həmin müalicədən əvvəl və sonrakı müayinə sənədinə baxdıqda, kistanın ölçüsünün əhəmiyyətli şəkildə kiçilməsi bariz şəkildə sübut edir. Bu onu təsdiq edir ki, onun düzgün diaqnozunu məhz Məlhəm Hospitalı qoymuşdur, çünki onun müalicəsindən sonra səhhətindəki problem də həll olunmuşdur. Bəs onda sual yaranır ki, cərrah Rauf Mirzəyevin qoyduğu diaqnozların niyə heç biri təsdiqlənmədi? Bu fakt qarşısında ekspertiza heç bir arqument gətirməyərək susur və yenə də yanlış diaqnoz təyin etmiş və sağlamlığına travma yetirmiş cərrahın səhvinə haqq qazandırmağa davam edir. Bütün bu yaranan suallardan məlum olur ki, Məhkəmə-Tibbi Ekspertizası öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, məhkəmənin qoyduğu əsas sualdan - diaqnozun təyin edilməsindən boyun qaçırmış, iki dəfə kobud səhvə yol verən cərrahın müstəsna maraqlarına xidmət etmişdir. İlkin ekspertizanın öz üzərinə düşən vəzifəsini yerinə yetirməməsi və absurd rəyindən sonra, vəsatəti əsasında Nəsimi Rayon Məhkəməsi yenidən Məhkəmə-Tibbi Ekspertizası təyin olunması barədə qərar qəbul etmişdir. Guya təkrar keçirilən KEŞ-745, xx.xx.2024-cü il tarixli ekpertiza rəyində komissiya heyəti fərqli göstərilsə də, məzmunu və nəticəsi ilkin rəyin hərfi kopiyası idi, yəni birinci rəyin üzünü ikinci rəyə köçürmüşdülər. Bu onu sübut edir ki, məhkəmənin təkrar ekspertiza təyin etməsinə baxmayaraq, təkrar ekpertiza keçirilməmiş, əvəzində birinci ekspertizanın rəyi kopyalanaraq yeni rəy adı altında məhkəməyə təqdim edilmişdir. Bu məsələni hakimin dəqqətinə çatdırmağına baxmayaraq, işin həmin iclasda yekunlaşmalı olduğunu hakim ona bildirmişdir. Yenə də çoxsaylı müayinə sənədləri - həm kağız, həm disk şəklində təqdim edilməsinə baxmayaraq, ekspertiza cərrahın maraqlarına xidmət edən rəy vermişdir. Bunu etməklə, yenə də Məhkəmə-Tibbi Ekspertizası onun qarşısında qoyulan həmin əsas sualdan diaqnozunu təyin etməkdən boyun qaçırmışdır. Məhkəmə-Tibbi Ekspertizasının cərrahın müdafiəsi üçün gətirdiyi arqument həqiqətən də absurdluq, işə səhlənkar və savadsız yanaşma nümayiş etdirir. Ekspertiza, öz nəticəsinin 3-cü cavabında qeyd edir ki, instrumental müayinə vasitələri nisbi xarakter daşıdığı üçün dəqiq diaqnoz qoymaq məqsədilə cərrahın xəstə üzərində Diaqnostik Laparotomiya (diaqnostik məqsədlə yarma) əməliyyatı aparması zəruridir. Xəstəyə diaqnoz qoymaq üçün onun yarılması həqiqətən də absurd bir yanaşmadır. Cərrah diaqnozu dəqiqləşdirmək üçün ona təqdim edilən USM(X13) və MRT (X1) müayinə sənədlərilə ətraflı tanış olmalı idi, kağız sənədindən əlavə təqdim olunan diskdə orqanlara daha dəqiq və hər tərəfdən baxmaq imkanı var idi. Zərurət yarandığı təqdirdə təkrar müayinə təyin edə bilərdi. İnstrumental müayinələr nə qədər çox olarsa, həkimin səhv etmə ehtimalı da azalır. O, isə bütün bu imkanlardan və qabaqcıl metodikalardan istifadə etmək əvəzinə, işinə qeyri-peşəkar və səhlənkar yanaşaraq müayinə sənədlərinə ciddi yanaşmadan nəticəsi özünə də naməlum qalan bir əməliyyat aparmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh PHŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işç inin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

16. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanun:

Maddə51.Peşə vəzifələrininlazımisəviyyədə yerinə yetirilməməsinə görə müalicə həki mi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Maddə 58. Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir.Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

17. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı:

“Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.3, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə gəldiyi nəticəsi düzgün olmamışdır.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

28. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eləcə də müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, yəni iş üzrə mövcud olan faktlar qətnamədə qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilib. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

29. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Bununla əlaqədar, mülki hüquq pozuntusunun tərkibi yarandığından, Cavabdehn mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müayinə və müalicənin düzgün aparıldığı, bunun ekspert rəyi ilə öz əksini tapdığı qənaətinə gələrək maddi və mənəvi ziyanla bağlı iddianı tam rədd etmişdir.

30. Bununla əlaqədar, mülki iş apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etdi ki, işə birinci instansiya məhkəməsində baxılarkən təqdim edilən məhkəmə tibbi ekspertiza rəylərinin kifayət qədər aydın və tam olmadığından, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar yenidən iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının cərrah həkim mütəxəssislərinin iştirakı və rəyi alınmaqla əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 ekspertlərinə həvalə edilərək ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh PHŞ-nın Cərrahiyyə şöbəsinə daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə «AzEvroMed» klinikasında daxili orqanların ultrasəs və xx.xx.2023-cü il tarixdə isə «İstanbul NS» klinikasında kontrastlı üst abdomen MRT müayinələrinə əsaslanaraq “ilkin olaraq «Qaraciyərin exinokokku» diaqnozunun düzgün olmasına əsas verir” dedikdə nə nəzərdə tutulur, yəni bu diaqnoz düzgün qoyulmuşdurmu? Qeyd olunan müayinələrə əsaslanaraq ilkin olaraq xəstəliyə uyğun həqiqi diaqnoz qoyula bilərdimi? Əgər qeyd olunan müayinələrə əsaslanaraq xəstəliyə uyğun həqiqi diaqnoz qoyulması mümkün deyildisə, cərrahi əməliyyata başlamazdan əvvəl əlavə hansı müayinələr tələb olunurdu və əməliyyata başlamazdan əvvəl bu müayinələrin keçirilməsi hansı səbəbdən təmin edilməmişdir? - İddiaçı ilkin olaraq «Qaraciyərin exinokokku» diaqnozunun qoyulması düzgün olmuşdursa, ilkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün üzərində xx.xx.2023-cü il tarixdə «Diaqnostik laparotomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi» cərrahiyyə əməliyyatının icra edilməsinə hansı tibbi zərurət olmuşdur və bu cür cərrahi tibbi müdaxilə qanunvericiliyin məcburi tələbinə (tibb sahəsi üzrə hüquqi aktın müddəasını konkret göstərməklə) uyğun idimi, eləcə də xəstənin razılığı olmadan(bu cür razılıq olmuşdursa məhkəməyə təqdim edilməklə) məhz «diaqnostik məqsədlə yarma, qarın boşluğunu təftiş etmə və drenaj edilməsi» cərrahiyyə əməliyyatı icra edilə bilərdimi? Əməliyyatın gedişində «Qaraciyərin exinokokku» diaqnozu təsdiq edilmədiyi halda, “qaraciyərin hemangioması” səbəbi ilə digər hər hansı bir cərrahi müdaxilə aparılmamasının səbəbi nə olmuşdur? Cərrah həkim “qaraciyərin hemangioması”səbəbi ilə başqa hansı əməliyyat taktikası seçə bilərdi və niyə seçməmişdi, yaxud seçə bilməzdisə əsası hansı hallar olmuşdur? - İddiaçı xx.xx.2023-cü il tarixdə «Məlhəm Hospital»da üzərində «Qaraciyərin absesinin perkutan drenajı» cərrahiyyə əməliyyatı aparılmasının səbəbi hansı xəstəlik olmuşdur? “Qaraciyərin absesi” diaqnozu hansı müayinələrə əsaslanaraq qoyulmuşdur və bu xəstəliyin yaranma müddəti hansı dövrləri(konkret ili, ayı və günü göstərməklə) əhatə edir? “Qaraciyərin absesi” diaqnozu ilə «Qaraciyərin exinokokku» diaqnozu və “Qaraciyərin hemangioması” diaqnozunun arasında hansı səbəbli əlaqə vardır? “Qaraciyərin absesi” diaqnozunun xx.xx.2023-cü ildə aşkar edilməsi mümkün idimi, mümkün deyildisə hansı hallara görə mümkün ola bilməzdi? İddiaçı mövcud olan patologiyanın sonradan kəskinləşməsinin qaraciyərin absesi ilə səbəbli əlaqəsinin olması istisna edilir dedikdə nə nəzərdə tutulur? - İddiaçı həqiqi xəstəliyi nə olmuşdur və bu xəstəliyə hansı diaqnoz qoyulmalı idi? -Ekspertlərə izah edilmişdir ki, ekspertiza qarşısında qoyulan suallara cavab verərkən, onların məzmununa və dəqiqliyinə xüsusi diqqət yetirsin, hər bir sual ayrıca cavablandırılsın.

31. «Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 tərəfindən verilmiş 1750 saylı, 19 mart 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "X10" PHŞ-ə daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə "AzEvroMed" klinikasında daxili orqanların ultrasəs və xx.xx.2023-cü il tarixdə isə "İstanbul NS" klinikasında kontrastlı üst abdomen MRT müayinələrinə əsaslanaraq, ilkin olaraq "Qaraciyərin exinokokku" diaqnozunun düzgün olmasına əsas verir. Tibbi praktikada istifadə edilən instrumental müayinə üsulları nisbi xarakter daşıdığı üçün bəzən bu məqsədlə diaqnostik müdaxilələrin aparılmasına zərurət yaranır. İlkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə "Diaqnostik laparotomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində qaraciyərin hemangioması səbəbi ilə digər hər hansı bir müdaxilə aparılmadan əməliyyat sonlandırılmışdır. Bu əməliyyat taktikası da həkimin seçimindən asılıdır. Qaraciyərin hemangioması qaraciyərin damar patologiyasıdır, əməliyyat zamanı qaraciyərdə olunan görüntü hemangiomaya oxşadığından differensiasiya aparılması mümkün olmamış və əməliyyat saxlanılmışdır. Xəstəyə diaqnozun dəqiqləşdirilməsi üçün bu sahə üzrə ixtisaslaşmış tibb müəssisəsinə müraciət etməsi məsləhət görülmüşdür. İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə "X10" PHŞ- də icra edilmiş cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Daha sonra İddiaçı "Məlhəm" Hospitala müraciət etmiş və xx.xx.2023-cü il tarixdə onun üzərində "Qaraciyərin absesinin perkutan drenajı" cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mövcud olan patologiya sonradan kəskinləşmiş və kliniki olaraq özünü birüzə vermişdir. Bunun da xx.xx.2023-cü il tarixdə "X10" PHŞ-də aparılmış cərrahi əməliyyatla və sonradan İddiaçı yaranmış qaraciyərin absesi ilə səbəbli əlaqəsinin olması istisna edilir. İddiaçı "Qaraciyərin absesi" olmuşdur.

32. Azərbaycan Tibb Universitetinin X2 tərəfindən verilmiş 3-28-20-2/2-136/2025 saylı, 07 aprel 2025-ci il tarixli mütəxəssis rəyində isə qeyd edilib ki, ünvanladığınız qərardadı, xəstəlik tarixləri və digər tibbi sənədləri dərindən araşdırdıqdan sonra qarşıya qoyulan suallar aşağıdakı şəkildə cavablandırılır: -X5 əməliyyatdan əvvəl aparılan ultrasəs müayinəsi və kontrastlı MRT müayinələrinə əsaslanaraq "ilkin olaraq Qaraciyər Exinokokku diaqnozunun düzgün olmasına əsas verir" fikri əməliyyatdan əvvəl aparılan müayinələrdə diaqnozun düzgün qoyulduğu anlamına gəlir. Yəni əməliyyatdan əvvəl aparılan bu iki müayinə diaqnozun düzgün qoyulması üçün yetərlidir və digər yardımçı müayinə üsullarına ehtiyac yoxdur. -X5 ilkin diaqnoz düzgün qoyulmuş və əməliyyat düzgün təyin olunmuşdur. Bildirmək istərdik ki, əməliyyatdan əvvəl cərrah "Diaqnostik laparatomiya" aparılmasını planlaşdırmamış və "Qaraciyər exinokokkunun'' ləğvi əməliyyatının icrası üçün laparatomiya (qarın boşluğunun açılması) icra etmişdir. Yəni əməliyyat öncədən diaqnostik məqsədlə aparılmamışdır. Əməliyyatın gedişində Qaraciyərə müdaxilə olunacaq sahədə (exinokokkun ləğvi məqsədilə) geniş damarlanma sahəsinin olduğunu görən cərrah əməliyyatın gedişi zamanı həmkarları ilə məsləhətləşmiş və xəstənin həyatı üçün təhlükəli ola biləcək qanaxma riskini nəzərə alaraq əməliyyatı dayandırmışdır ki, bu da cərrahi praktikada müşahidə olunan hallardandır. Səhiyyə qanunvericiliyində "Diaqnostik laparatomiya"-nın aparılması yolveriləndir. Belə ki, Azərbaycan səhiyyəsində tətbiq olunan "XBT”-də (Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin Beynəlxalq Təsnifatı) ölkəmizdə qanunvericiliyin icazə verdiyi əməliyyatların sırasında "Diaqnostik məqsədlə laparotomiya" 2.6.780. 54.11 sıra nömrəsi ilə verilmişdir. Bundan əlavə, Tibb Universiteti tələbələri üçün tərtib olunmuş dərsliklərdə də Diaqnostik məqsədlə laparotomiya və laparoskopiya barədə məlumarlar yer alır. Rusiya Federasiyası və Türkiyə Cümhuriyyəti səhiyyəsində də "Diaqnostik məqsədlə laparotomiya və laparoskopiya" aparılması yolveriiəndir. Əməliyyatn gedişində cərrah qaraciyərin hemangioması kimi dəyərləndirdiyi damarlanmış sahəyə xəstənin həyatı üçün təhlükəli ola biləcək proffuz (intensiv) qanama riskinin yüksək olmasını nəzərə alaraq müdaxilə etməmişdir və bu da əməliyyatı icra edən həkimin seçiminə bağlıdır. -İddiaçı xx.xx.2023 tarixində "Məlhəm hospital"da üzərində aparılan "Qaraciyər absesinin perkutan drenajı'" əməliyyatının səbəbi böyük ehtimalla qaraciyər exinokokkunun irinləməsi və absesləşməsi olmuşdur. Qaraciyər absesinin diaqnozu əməliyyatdan öncə aparılan laborator-instrumental müayinələr əsasında qoyulmuşdur. Qaraciyər absesinin yaranması və ya qaraciyər exinokokkunun absesləşməsi üçün konkret zaman göstərmək mümkün deyil. Qaraciyər absesi, qaraciyər exinokokku və qaraciyər hemangioması arasında səbəbli əlaqəyə gəldikdə isə qeyd edə bilərik ki, qaraciyər exinokokku əsasən qaraciyər daxili öd yolları ilə əlaqələnib absesləşə bilər. Bundan əlavə nadir hallarda infeksiyalaşma və absesləşmə hematogen (qanla) və limfogen (limfa mayesi) yolla da baş verə bilər. 04.10.23 tarixində əməliyyatdan əvvəl aparılan ultrasəs və MRT müayinələrinin raporlarında qaraciyər absesi diaqnozu müəyyən edilməmişdir ki, bu da müayinəni icra edən həkimlərin təcrübəsinə əsasən gəldikləri qərardır. İddiaçı mövcud olan patologiyanın sonradan kəskinləşməsinin qaraciyərin absesi ilə səbəbli əlaqəsinin olması istisna edilir dedikdə yəqin o nəzərdə tutulur ki, bu absesin yaranması ilə birinci əməliyyatın icrası arasında səbəbli əlaqə yoxdur. -İddiaçı həqiqi xəstəliyi qaraciyər exinokokku və onun sonradan absesləşməsi olmuşdur.

33. Məhkəmə tərkibi iş üzrə alınmış məhkəmə tibbi ekspertiza rəylərinin mötəbər olmaması və ziddiyyətli olması barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırki iş üzrə iki dəfə ilkin və təkrar tibbi ekspertiza birinci instansiya, bir dəfə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertiza rəyləri alınıb, həmçinin Azərbaycan Tibb Universitetinin X2 da 07 aprel 2025-ci il tarixli mütəxəssis rəyi vermişdir. Birinci rəy verilərkən iddiaçı ekspertizada iştirak edib, digər rəylər isə iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən verilmişdir.

34. İşin mübahisəsiz halıdır ki, cərrah həkim müayinə sənədlərinə baxaraq iddiaçıya əminliklə “Qaraciyərin exinikokku” diaqnozu qoyaraq üzərində bu sahə üzrə digər ixtisaslı həkim mütəxəssislərin iştirakı olmadan açıq əməliyyat aparmaq qərarını verib qarın boşluğunu yarmış, lakin qısa müddət sonra əməliyyatı yarımçıq saxlayıb yardığı yeri tikmişdir. Səbəb kimi əməliyyat zamanı “Qaraciyərin exinokokku” deyil, “Qaraciyərin hemangioması” aşkar etdiyini göstərib. Ancaq açıq əməliyyat zamanı cərrah həkim “Qaraciyərin hemangioması”nı öz gözü ilə görmüşdürsə nə əməliyyata qədərki, nə də əməliyyatdan sonrakı müayinə sənədlərində “Qaraciyər hemangioması” ilə bağlı heç bir əlamət təsdiq olunmamışdır. 3 rəyi vermiş 8 ekspert və mütəxəssis rəyini vermiş, yüksək tibbi ixtisası və elmi dərəcəsi olan 2 həkim də “Qaraciyərin hemangioması” diaqnozunun həqiqi olduğunu təsdiq etməyiblər. Üstəlik əməliyyatı icra edən cərrah həkimi “Qaraciyər hemangioması” diaqnozunun səhv qoyduğunu sübut edən iddiaçının xx.xx.2023-cü il tarixdə müraciət etdiyi “Məlhəm Hospitalı”nın qoyduğu diaqnoz və həmin problemi aradan qaldıran müalicəsi olmuşdur. Belə ki, “Qaraciyərin sağ payının absesi” diaqnozu əsasında “Məlhəm Hospitalı”nın apardığı düzgün müalicə nəticəsində xəstədə aşkar olunan kistanın ölçüsünün əhəmiyyətli dərəcədə kiçilməsi və səhhətindəki problemlərin aradan qalxması sonrakı müayinə sənədləri ilə təsdiq edilib. Bütün bunlar da cavabdeh Klinikanın cərrah həkiminin bilavasitə açıq əməliyyat zamanı birbaşa gözü ilə gördüyünü qeyd etdiyi “Qaraciyər hemangioması” diaqnozunun yanlış olduğunu bir daha təsdiq edib.

35. Bundan əlavə, 1-ci rəyin nəticə hissəsnin 3-cü, 2-ci rəyin nəticə hissəsinin 4-cü, 3cü rəyin nəticə hissəsinin 2-ci bəndində qeyd olunur ki, “Tibbi praktikada istifadə edilən instrumental müayinə üsulları nisbi xarakter daşıdığı üçün bəzən bu məqsədlə diaqnostik müdaxilələrin aparılmasına zərurət yaranır. İlkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün İddiaçı üzərində xx.xx.2023-cü il tarixdə "Diaqnostik laparotomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində qaraciyərin hemangioması səbəbi ilə digər hər hansı bir müdaxilə aparılmadan əməliyyat sonlandırılmışdır. Bu əməliyyat taktikası da həkimin seçimindən asılıdır”. Tibb Universitetinin X2 tərəfindən verilmiş rəyin 2-ci bəndində isə qeyd olunub ki, “əməliyyatdan əvvəl cərrah "Diaqnostik laparatomiya" aparılmasını planlaşdırmamış və "Qaraciyər exinokokkunun'' ləğvi əməliyyatının icrası üçün laparatomiya (qarın boşluğunun açılması) icra etmişdir. Yəni əməliyyat öncədən diaqnostik məqsədlə aparılmamışdır. Əməliyyatın gedişində Qaraciyərə müdaxilə olunacaq sahədə (exinokokkun ləğvi məqsədilə) geniş damarlanma sahəsinin olduğunu görən cərrah əməliyyatın gedişi zamanı həmkarları ilə məsləhətləşmiş və xəstənin həyatı üçün təhlükəli ola biləcək qanaxma riskini nəzərə alaraq əməliyyatı dayandırmışdır ki, bu da cərrahi praktikada müşahidə olunan hallardandır. Göründüyü kimi, ekspertlər rəylərdə tibbi praktikada istifadə edilən instrumental müayinə üsullarının nisbi xarakter daşıdığı üçün bəzən bu məqsədlə diaqnostik müdaxilələrin aparılmasına zərurət yarandığını və ilkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün iddiaçının üzərində xx.xx.2023-cü il tarixdə "Diaqnostik laparotomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edildiyini” və bu əməliyyat taktikasının da həkimin seçimindən asılı olduğunu, mütəxəssis həkimlər isə rəyində əməliyyatdan əvvəl cərrahın "Diaqnostik laparatomiya" aparılmasını planlaşdırmadığını və "Qaraciyər exinokokkunun'' ləğvi əməliyyatının icrası üçün laparatomiya (qarın boşluğunun açılması) icra etdiyini, yəni əməliyyatın öncədən diaqnostik məqsədlə aparılmadığını göstəriblər. Demək ekspertlərin yanaşmasından belə çıxır ki, cərrah həkim həm diaqnostik müayinələrə əsasən ilkin diaqnozu düzgün qoyub və cərrahi əməliyyata başlayıb, eyni zamanda müayinə üsulları nisbi xarakter daşıdığına görə həm də “diaqnostik müdaxilələrin aparılmasına zərurət yarandığını və ilkin diaqnozun və patologiyanın xarakterinin dəqiqləşdirilməsi üçün” iddiaçının üzərində xx.xx.2023-cü il tarixdə "Diaqnostik laparotomiya; Qarın boşluğunun təftişi və drenaj edilməsi" cərrahiyyə əməliyyatı icra edib. Bu cür rəylərin nə qədər ziddiyyətli, əsassız və şübhəli olduğu isə açıq-aşkar sezilir. Başqa sözlə, ekspertlərin rəyin məzmununda məlum olmayan məqsəd ilə bir-birinə zidd, bir-birini təkzib edən mövqe bildirmələri yolverilməzdir. Ən azından bilməli idilər ki, iddiaçı qarın boşluğunda diaqnostik məqsədlə ona tibbi xidmət göstərilməsini cavabdeh Klinikaya yaxud cərrah həkimə sifariş verməmişdir. Əgər iddiaçının belə bir razılığı olmuşdursa cavabdeh bu barədə məhkəməyə sübut təqdim edərdi, ancaq edilməyib. Əksinə bu hal üzrə Tibb Universitetinin X2 tərəfindən verilmiş rəydə cavabdeh Klinikanı “qorumaq, müdafiə etmək” məqsədi ilə “daha inandırıcı” tibbi termindən istifadə olunub, yəni “əməliyyatdan əvvəl cərrahın "Diaqnostik laparatomiya" aparılmasını planlaşdırmadığını, “Qaraciyər exinokokkunun'' ləğvi əməliyyatının icrası üçün laparatomiya (qarın boşluğunun açılması) icra edildiyini, yəni əməliyyatın öncədən diaqnostik məqsədlə aparılmadığı” göstərilib. Əlbətdə ki, bu rəydə də göstərilənlər həqiqi olsa belə, yenə də cavabdeh mülki hüquqi məsuliyyətə cəlb edilməkdən azad edilə bilməz. Çünki cərrah həkim əməliyyatın gedişində öz gözü ilə “qaraciyərin hemangioması”nı görmüşdürsə yaxud əvvəlcədən bunu görə biləcək ehtimalı olmuşdursa, əməliyyat zamanı bu cür “diaqnoza” cərrahi müdaxilə etmək üçün kifayət edən səviyyədə tibbi biliyi və bacarığı yox idisə, əməliyyat öncəsi daha ixtisaslı cərrah həkimlərin də bu əməliyyata cəlb edilməsini təşkil etməli idi. Ancaq nə cərrah həkim, nə də cavabdeh Klinika bu sahə üzrə ixtisaslı həkimləri cərrahi müdaxiləyə cəlb etməyib yaxud cəlb etmək istəməyib. Demək ki, qaraciyərə müdaxilə olunacaq sahədə (exinokokkun ləğvi məqsədilə) geniş damarlanma sahəsinin olduğunu “görən” cərrah əməliyyatın gedişi zamanı “həmkarları ilə məsləhətləşmək əvəzinə” xəstənin həyatı üçün təhlükəli ola biləcək qanaxma riskini nəzərə alıb əməliyyatı dayandırmaq yox, əməliyyata başlamazdan əvvəl bu cür çıxılmaz vəziyyətdə qalacağını görməli və duymalı idi. Başqa sözlə, qaraciyərdə olan görüntünü hemangiomaya oxşadaraq differensiasiya apara bilməyəcəydisə və xəstəyə diaqnozun dəqiqləşdirilməsi üçün bu sahə üzrə ixtisaslaşmış tibb müəssisəsinə müraciət etməyi əvvəlcədən məsləhət görülməli idi.

36. Bundan başqa, 1-ci və 2-ci ekspert rəylərində bir tərəfdən cavabdeh Klinikanın cərrah həkiminin qoyduğu ilkin diaqnozun və ona uyğun icra etdiyi cərrahi müdaxilənin düzgün olduğu göstərilir, digər tərəfdən isə hər iki rəyin nəticə hissəsinin axırıncı bəndlərində İddiaçı «Məlhəm Hospital»ında aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun və düzgün olduğunu qeyd edirlər. Bu göstərilənlər də rəylərin məzmununun ziddiyyətli olduğunu və bir-birini tamamlamadığını təsdiq edir. Çünki cavabdeh Klinikanın qoyduğu diaqnoz və cərrahi müdaxilə düzgün idisə, onda hansı səbəbdən heç bir təsdiqini tapmayan diaqnoz(qaraciyərin hemangioması) səbəbi ilə əməliyyat dayandırılırdı yaxud xəstənin «Məlhəm Hospital»ında müayinə və müalicəsinə yenidən niyə zərurət yarandı. Əksi qeyd edildikdə, iddiaçının üzərində «Məlhəm Hospital»ında aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdursa, onda bu cür müayinə və müalicəni təyin etdikləri diaqnoza uyğun və düzgün niyə cavabdeh Klinika etmirdi. Ritorik olsa da, bu cür suallara 3 ekspert rəyini vermiş 8 ekspert və mütəxəssis rəyini vermiş və bu sahədə kifayət qədər yüksək tibbi ixtisası və elmi dərəcəsi olan 2 həkim cavab verməli idi yaxud cavab verməyə hazır olmalı idi. Ağlabatan mühakimə də təsdiq edir ki, qısa zaman kəsiyində iddiaçının üzərində «Məlhəm Hospital»ında aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdursa, demək ki, kifayət qədər ixtisaslaşmış tibbi biliyə və təcrübəyə malik idisə cavabdeh Klinikanın cərrah həkimi də bunu etməli idi yaxud edə bilərdi. Ancaq nəinki etməyib, əksinə iddiaçının qarın boşluğunu zərurət olmadığı halda açıq əməliyyat nəticəsində yarıb, qısa müddət sonra isə, yenə də bilavasitə gördüyü damarlanmış sahəni “qaraciyərin hemangioması” kimi səhv diaqnozla dəyərləndirərək əməliyyatı yarımçıq dayandırmış, bununla da xəstəyə cərrahi müdaxiləsinin nəticəsi uğursuz olduğuna görə ona ağır travma yetirmişdir. Bütün bunları ekspertlər və mütəxəssis rəyi vermiş həkimlər gördüyü və bildiyi halda cavabdeh Klinikanın və onun cərrah həkiminin kobud səhvinə haqq qazandırmaları isə başadüşülən olmamışdır.

37. Göstərilənlərdən başqa, ekspertiza qarşısında qoyulmuş suallar fərqli olsa da 1-ci və 2-ci ekspert rəylərin mətni və məzmunu eyni olmuş, hətta apellyasiya instansiyası məhkəmə tərəfindən təyin edilmiş ekspertiza qarşısında olan sualların məzmunu tamamilə fərqli olsa da 3-cü rəyin məzmunu da demək olar ki, əvvəlki rəylərin mətni ilə eyni olmuşdur. Bu faktın özü də ekspertlərin insan sağlamlığına vurulan zərərə nə dərəcədə laqeyid, biganə və səhlənkar yanaşdıqlarına dəlalət edir. Ən azından xüsusi biliyə malik olduğunu nümayiş etdirən ekspertlər Tibb Universitetinin X2nın verdiyi rəydə olduğu kimi qarşılarına qoyulan suallara uyğun rəy verməyə borclu idilər. Çünki ekspertlərin xüsusi biliyə malik şəxs statusu var və onlar bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyırlar. Ancaq onlar bu cür rəylər verməklə məsuliyyətdən çəkinmədiklərini nümayiş etdiriblər. Yəni, ekspertlərin tərtib etdikləri rəylərdə bu cür ziddiyyətli fikir bildirmələri, açıqaşkar olmasa belə həkim olan həmkarlarını müdafiə etmək xarakteri daşıması anlaşılan olsa da, başa düşülən deyildir. Bir daha vurğulanır ki, ekspert prosessual statusa malik olan şəxs olmaqla bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ekspert rəyi xüsusi biliyə malik olan şəxs tərəfindən verildiyindən dəqiq, konkret, aydın və əsaslandırılmış olmalıdır. Əks halda onun sübut əhəmiyyəti və mötəbərliliyi şübhə altına alına bilər. Ekspert rəyləri məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Bütün bunları görən birinci instansiya məhkəməsi isə əksinə ekspertiza rəylərini mötəbər və ziddiyyətsiz sübutlar kimi qəbul edərək əsassız olaraq iddianı tam rədd etmişdir. Bu cür yanaşma isə ədalət mühakiməsinin məqsədlərinə uyğun deyildir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi yekun qənaətə gələrkən təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək, nəticəyə də məhz bu cür qiymətləndirməyə uyğun gəlir. Beləliklə, məhkəmə tərkibinin məhkəmə təcrübəsini müəyyən edən yekun qənaətinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddialar üzrə ekspertiza və mütəxəssis rəylərinin zərərvuranın zərərin onun təqsiri üzündən baş vermədiyini təsdiq edən yeganə sübutlar olduğu və bu sübutların da onun məsuliyyətdən azad edilməsi üçün birmənalı əsas olduğu qənaətinə gəlmək sağlamlığına real zərər vurulan şəxsləri zərərvurana münasibətdə müdafiəsiz vəziyyətə salır.

38. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, iddiaçı müayinə və müalicə ilə əlaqədar edilmiş ödənişlərin əvəzi qismində 2000(iki min) manat tələb etsə də, iş materiallarında onun bu məqsədlə 1060,91(min altmış manat, doxsan bir qəpik) manat ödədiyi təsdiq olunur, daha artıq vəsait xərcləməsinə dair isə sübut təqdim etməmişdir. Ona görə də həmin məbləğ maddi zərərin əvəzi kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 39.Bundan başqa, iddiaçı cavabdehdən 10000 (on min) manat mənəvi zərər də tələb etmişdir. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki cavabdeh müəssisənin həkimi düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir. Əlbəttə ki, açıqaşkar uğursuz, nəticəsiz, lüzumsuz və tibbi zərurət olmayan cərrahi müdaxilə ilə qarın boşluğunun yarılması və ağır travma alması nəticəsində, üstəlik əməliyyat gedişində yanlış diaqnoz səbəbindən əməliyyatın uğursuz sonluqla başa çatdırılmasına görə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin mümkün olduğunu da apellyasiya şikayətində açıqlamır. Belə olan vəziyyətdə apellyasiya şikayətində göstərilən dəlillərin də iddia tələbini tam həcmdə təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır.

40. Göründüyü kimi, cavabdeh Klinikanın cərrah həkiminin düzgün və tam olmayan tibbi müdaxiləsi iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Buna görə də, cavabdeh mənəvi zərərə görə də məsuliyyətdən azad edilməməli və o, iddiaçıya vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir.

41. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi və mənəvi zərər yalnız cavabdeh Klinikadan tutulması və iddiaçıya ödənilməsi düzgündür. Çünki qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh tibb müəssisəsi öz işçisi olan həkimin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

42. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 860/2024 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdehndən 1060,91 (min altmış manat doxsan bir qəpik) manat maddi və 5000 (beş min) manat mənəvi zərər olmaqla, cəmi 6060,91 (altı min altmış manat doxsan bir qəpik) zərər əvəzi tutularaq İddiaçı ödənilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir.

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-860/2024 saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdehndən 1060,91 (min altmış manat doxsan bir qəpik) manat maddi və 5000 (beş min) manat mənəvi, cəmi 6060,91 (altı min altmış manat, doxsan bir qəpik) zərər əvəzi tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar