Məhkəmə qərarları › İş №2(103)-1292/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1292/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1292/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh X2 nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X4 və X5 qarşı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş 2.000 manat maddi ziyanın onun xeyrinə tutulması və su sızmasına səbəb olan nasazlığın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə vurulmuş maddi zərərə görə 767 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, 52 saylı mənzildə su sızmasına səbəb olan nasazlığın Cavabdeh2 öz vəsaiti hesabına aradan qaldırılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işə baxılan zaman onun iştirakı təmin olunduğundan hələ xeyli müddət əvvəl mənzilinin su axıdılması ehtimal olunan hissələrini təmir etdirdiyini, xeyli müddət bundan əvvəl Cəfərova Ruhiyyənin mənzilinə su axıdılması baş verən andan etibarən əsaslı təmir işi aparmışdır. Lakin buna baxmayaraq onun mənzilindən yuxarı mərtəbədəki yaşayış sahəsindən su axıntısına yol verildiyinə görə həmin axıntı onun mənzilinə töküldüyü, oradan da aşağı mərtəbəyə sızmanın olmasını mümkün hesab edir. Lakin həmin axıntı onun mənzilinə də yuxarı mərtəbədən axıdıldığna görə yaşayış sahələrinə baxış keçirən ekspert axıntının mənbəyini müəyyən etmək üçün onun mənzilindən yuxarıda yerləşən yaşayış sahəsinə də baxış keçirilməli olduğu halda bunu etməmişdir. Eyni zamanda iddiaçı vurulmuş zərər kimi 2.000 manat tələb etsədə onu zərərin qiymətini şişirdilmiş halda göstərməsi ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, onun mənzilindən yuxan mərtəbədə yerləşən mənzilin sahibi X9 onun mənzilindən aşağı mərtəbələrə su sızmasının olduğunun onunla söhbət edən zaman etiraf etmişdir. Məhkəmə qətnamə çıxaran zaman “xxxx” MTK-nm sədri, mənzil sahibi və şahid tərəfindən tərtib olunmuş akta sübut kimi istinad edilməsinə zərurətin olmadığını qeyd edərək məhkəmə tikinti texniki ekspertizası təyin etmişdir ki, həmin ekspertin yaşayış sahəsini müayinə etdiyi zaman onun iştirakı təmin olunmadığından yenə də yuxarı mərtəbədən axıntının baş verməsini ekspertin nəzərinə çatdıra bilməmişdir. Hesab edir ki, ekspert yuxarı mərtəbədə müayinə etsəydi axıntının məhz onun mənzilindən deyil yuxarı mərtəbədəki mənzillərdən baş verməsini müəyyən edərdi və bununlada axıntının qarşısının alınması mümkün olardı. Məhkəmə qətnamə çıxaran zaman Mülki Məcəlləsinin 21-ci maddəsinə və 1097-ci maddəsinə istinad etmişdir. Həmin normalarda zərərin kimin tərəfindən müəyyən edilməsi dəqiqləşdirildikdən sonra həmin şəxsdən zərərin əvəzinin ödənilməsinin tələb olunması ehtiva edilir. Lakin hazırki işdə axıntının onun mənzilindən baş verməsi sadəcə ehtimala əsaslanır. Axı o, yuxarıda göstərir ki, onun mənzilinin kommunal qurğuları yenicə əsaslı təmirdən çıxmışdır, su axıdıcı borular tamamilə yenilənmişdir. Məsələni tam, obyektiv araşdırılması üçün təkrar ekspertiza təyin olunmalı, ekspertin qarşısında onun mənzilinin üstündə yerləşən mənzilə də baxış keçirilməsi, həmin mənzildən onun mənzilinə axıntının müəyyən olunub-olunmaması müəyyən edilməsi sualı qoyulmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 bildirdi ki, Mətanətin evi qurudur. Onun evinə su sızma yoxdur. Ekspert evinə getmişdir. Qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 13282 saylı rəyi ilə, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 45 saylı mənzilin üst mərtəbəsində 48/49 saylı mənzilin yerləşdiyini və aktda göstərilənləri nəzərə alaraq 45 saylı mənzilə 48/49 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilinin susızma nəticəsində yaranmış qüsurlarının aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 767 manat məbləğində olduğu müəyyən edilmişdir. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 24338 saylı rəyi ilə, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 767 manat məbləğində olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 81 saylı evin 45 saylı mənzilinin üst mərtəbəsində yerləşən 48-49 saylı mənzilinin dəhliz, mətbəx tikililərinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğunu və eləcə də, 52 saylı mənzilin hamam tikilisinin qarşısında yerləşən dəhlizmətbəx tikilisinin döşəməsi su sızma nəticəsində yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq, su sızma 52 saylı mənzildən, 48-49 saylı mənzilə və sonra da 45 saylı mənzilə keçdiyi müəyyən edilir. Mülki Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh Məlahət Nəbiyeva apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, hazırki iş üzrə, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmuşdur. Çünki, iddiaçı cavabdehdən maddi zərərə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya zərər vurması müəyyən edilmişdir. Belə ki, bu hal iş materialları ilə tam təsdiq olunur. İkincisi, iş üzrə keçirilmiş hər iki ekspertiza rəyi ilə iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Məlahət Nəbiyeva onun mənzilinə də yuxarı mərtəbədən su axıdıldığna görə yaşayış sahələrinə baxış keçirən ekspertin axıntının mənbəyini müəyyən etmək üçün onun mənzilindən yuxarıda yerləşən yaşayış sahəsinə də baxış keçirilməli olduğu halda bunu etmədiyini göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, əlavə məhkəmə tikinti-texniki ekspertizası zamanı ekspert 45 saylı mənzilin üst mərtəbəsində yerləşən 48-49 saylı mənzilin dəhliz, mətbəx tikililərinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğunu, eləcə də, 52 saylı mənzilin hamam tikilisinin qarşısında yerləşən dəhliz-mətbəx tikilisinin döşəməsi su sızma nəticəsində yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq, su sızmanın 52 saylı mənzildən, 48-49 saylı mənzilə və sonra da 45 saylı mənzilə keçdiyini müəyyən etmişdir. Başqa sözlə, əgər 52 saylı mənzilə də yuxarı mərtəbədən su sızması halı olsaydı ekspert bunu müəyyən edə bilərdi ki, necə ki, 48-49 saylı mənzildə bunu müəyyən etmişdi. Ancaq ekspert 52 saylı mənzilin tavanı və divarları üzərində su sızmasına aid əlamətlər aşkar etməmişdir. Buna görə də, onun mənzilindən yuxarıda yerləşən mənzilə baxış keçirilməsinə də zərurət olmamışdır. Ekspert rəyləri məhkəmə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin, iş üzrə keçirilmiş həm ilk, həm də əlavə məhkəmə tikinti texniki ekspertizasının rəyləri ilə məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Buna görə də, həmin rəylər mötəbər sübut kimi qəbul edilməlidir. Təkrar ekspertiza keçirilməsinə də zərurət və əsas yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh X3 apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar