Məhkəmə qərarları › İş №2(103)-1292/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1292/2022

02.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1292/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 85 000 ABŞ dolları və ya manatla hazırkı məzənnəsi üzrə 144 500 manat, kirayə haqqı 42 000 manat, mənzilinə təmirinə sərf edilmiş 25 000 manat, əldən çıxmış fayda (gəlir) 36 000 manat, cəmi 247 500 manatın alınmasının təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 maddələri ilə məhkum olunmuş Cavabdeh2 və CM-nin 178.3.2, 308.2-ci maddələri ilə məhkum olunmuş Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu tərəfindən hər ikisinə vurulmuş 20 000 manat mənəvi ziyanın müştərək qaydada onlardan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş №2(005)-4342/22) iddia rədd edilmişdir. İddiaçılar qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 və MMC-nin direktoru vəzifəsində işləmiş Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Binəqədi ray., M.K-Atatürk pr., ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin AS-korpustınıın 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138.97 kv.m. 3 otaqlı 23 saylı mənzilin 11 dekabr 2003-cü il tarixli 165 nömrəli müqavilə ilə X1 və ümumiyyətlə Azər Xəlilova ayrılmasına baxmayaraq 2011-ci ilin noyabr ayında göstərilən yaşayış sahəsini ona 85000,00 ABŞ dollarına sataraq pulu hissə-hissə almaqla, ondan bir neçə günə X4 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-də (Maqnit) mağazasının yanında yerləşən X3 işlədiyi kafedə, habelə Bakı şəhəri,, Nərimanov rayonu, “Kaspian Shoop” TM-də almaqla arvadı İddiaçı2 adına tərtib edilmiş Cavabdeh2 tapşırığı ilə Cavabdeh1 MMC-nin direktoru kimi imza edib şirkətin möhürü ilə təsdiq etdiyi saxta kassa mədaxil orderi qəbzini təqdim etməklə nəticədə həmin mənzilin satılması ilə bağlı 85000,00 ABŞ dollarını ələ keçirərək Cavabdeh1 MMC-nin hesabına mədaxil edib onun hüquqlarına və qanuni mənafeyinə ağır nəticəyə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Bu günə qədər iddiaçıya nə mənzil, nə də ABŞ dolları qaytarılmamışdır. Hər ikisi mənzilə baxmış, bir müddətdən sonra mənzildə təmir işlərinin aparılması üçün Şəfaət adlı şəxsə 2650,00 AZN pul vermişdir. Mənzildə suvaq və hörgü işlərinin aparılmasını xahiş etmiş, lakin həmin vaxt MMC-nin direktoru ona mənzilin təmiri üçün Azər Xəlilovdan icazə almaq lazım olduğunu demişdir. O da, cəmiyyətin direktoru İlhamla birlikdə “AMAY” TM-nə getmiş, Azər ofisdə sənədlərə baxmış, Cavidin ondan aldığı 85000,00 ABŞ dollarını cəmiyyətin hesabına köçürdüyünü bildirmiş və ona təmir etməyə icazə vermişdir. Bu barədə ödəniş qəbzinin arxasına öz xətti ilə icazə verilməsi barədə adını və soyadını göstərmişdir. Mənzildə hissə-hissə olaraq suvaq, hörgü, elektrik, santexnik işləri, plastik qapı və pəncərələri, mənzilin giriş qapısını dəyişdirilməklə birlikdə mal və materialların alınması, gətirilməsi, daşınılması, saxlanılması üçün xərc çəkmişdir. Daha sonra onu aldatdıqlarını anlamış, məlum olmuşdur ki, arvadı Məlahət Novruzovun adına aldığı 3 otaqlı mənzil başqasınındır, mənzil girovdadır. Bu günə qədər 85000,00 ABŞ dollarını geri ala bilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 MMC-nin 17 noyabr 2011-ci il tarixli 437 nömrəli müqaviləsinin, eyni tarixli maliyyə arayışının və kassa mədaxil orderlərində binanın A5 korpusunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. olan 23 saylı mənzil İddiaçı2 adına sənədləşdirilmiş, müqaviləyə əsasən borc yoxdur. Müqavilənin 3.1 və 4-cü bəndlərində mənzilin 1 kv.m-nin dəyərinin 300 manat olmaqla ümumi dəyərinin 41691,00 AZN olması göstərilir. 5.4-cü bəndində bu müqavilənin alıcıya girov müqaviləsi kimi verilməsi və razılaşmaya əsasən İV bəndində göstərilən məbləğin alıcıya qaytarılması və müqaviləyə xitam verilməsi qeyd olunur. Mənzilin dəyərinin tam ödənilməsi 2 ədəd kassa mədaxil orderi ilə rəsmiləşdirilmişdir. 12 aprel 2012-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki, həmin mənzildə hörgü və suvaq işləri aparılması üçün Məlahət Novruzovudan 2650,00 AZN alınmışdır və onun adına tərtiv edilmiş 17 noyabr 2011-ci il tarixli 2 ədəd kassa mədaxil orderi qəbzinin əksi olunan vərəqin arxa tərəfində Azər Xəlilovun imza etdiyi yazıda göstərilir ki, “bu mənzilin təmirinə sentyabrın 15-də başlaııılmağına etiraz etmirəm”. İddiaçı2 adına tərtib edilmiş 17 noyabr 2011-ci il tarixli 437 saylı müqavilədə, müqaviləyə əlavə edilmiş maliyyə arayışında “direktor” qrafalarındakı imzalar və 2 ədəd kassa mədaxil orderi qəbzində rəhbər qrafalarındakı imzalar X6 tərəfindən icra olunmuşdur. Hökmün sürətindən eləcə də görünür ki, İddiaçı1, Cavabdeh2, C.Qurbanov və Cavabdeh3 qarşı iddia verərək onlardan maddi ziyana görə 208456,00 manat, mənəvi ziyana görə isə 50000,00 manat alınaraq ona verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Lakin məhkəmə 85000,00 ABŞ dolları tələb etmək əvəzinə maddi zərərin dolların 2011-ci ilin məzənnəsi ilə 78.40 qəpikdən hesablayaraq 66886,00 manat tələb etməsini göstərmiş, iddianın qalan hissəsini rədd etmişdir. Halbuki, qüvvədə olan Mülki və Mülki Prosessual qanunvericiliyə əsasən alqı-satqı hansı “pul vahidi” - valyuta və ya manatla aparılmışdırsa, həmin pul məbləği verildiyi kimi də geri qaytarılmalıdır. Ondan alınmış pul valyuta şəklində olmaqla 85000,00 ABŞ dolları təşkil edir. Həmin məbləğ də iddiaçıya ödənilməlidir. 2010cu ildə manatın alıcılığına hazırkı dövrə münasibətdə 2011-ci ildə manatın alıcılığı hazırkı dövrə nisbətdə hədsiz aşağıdır. Manat devalivasiya olmuşdur. Bu səbəbdən də, manat üzərində indeksasiyası aparılmalıdır. Bu günə manatın ABŞ dolları ilə məzənnəsi 1 manat 70 qəpikdən hesablanaraq ona əslində 144500,00 manat ödənilməlidir (çox qəribədir ki istintaq orqanı və məhkəmə bu tələbdən yan keçmişdir). 2011-ci ilin noyabr ayından 2017ci ilin avqust ayınadək Bakı şəhəri, Nizami rayonu, Həsən Əliyev pr., 2-ci Bulvar, Azər Əliyev küçəsi, ev 5, mən. 7-də kirayəşin yaşayaraq, hər ay kommunal xərcləri ilə birlikdə 500 manatdan, 42000,00 manat kirayə haqqı ödəmişdir. Təqsirləndirilən şəxslər, Cavabdeh2 və Cavabdeh3 tərəfindən aldanılaraq 2011-ci ildə mənzil satqı adı ilə 85000,00 ABŞ dollarını ələ keçirmiş, iddiaçını ailəsi ilə birlikdə evsiz-eşiksiz qoymuş, çoxlu borc-xərc içərisində qaldığından uzun müddət ərzində istintaqda-məhkəmədə süründürülərək çoxlu mənəvi əzablar, sarsıntılar çəkmiş, qohum-qardaş, dost-tanış yanında şərəf-ləyaqəti alçalmış, müxtəlif daxili xəstəliklər keçirmişdir. Bunun üçün cavabdeh tərəf onlara ən azı 25000,00 manat mənəvi ziyan ödəməlidir. 2011-ci ilin noyabrından bu günə qədər 03 avqust 2021-ci ilədək olan 10 il müddət ərzində onun 85000,00 ABŞ dolları özündə olsaydı müxtəlif işlərə vəsait qoyaraq istifadə etsəydi, hər ay ən azı 300 manatdan 36000,00 manat real gəlir əldən çıxmışdır. Bu da Cavabdeh1 MMC və təqsirləndirilən şəxslərdən tələb olunmalıdır. Hökmün surətindən həmçinin görünür ki, X5 Cavabdeh1 MMC-yə qarşı 163164 saylı müqavilələr üzrə yaranmış öhdəliyin icra edilməsinə dair iddia vermişdir. Nərimanov Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə həmin mənzillərin ona təhvil verilməsi “Xudafərin" MMC-nin üzərinə vəzifə kimi qoyulmuşdur. Məhkəməyə daxil olan 19.02.2015-ci il tarixli qərardaddan görünür ki, qeyd edilən mənzillər Rəna Novruzovaya təhvil verilmişdir. Məhkəmənin hökmündə göstərilsə də, heç bir mənzil onlara təhvil verilməmiş, həm də onlardan alınmış 85000,00 ABŞ dolları özlərinə qaytarılmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli hökmü ilə iddiaçıların göstərdikləri məsələyə münasibət bildirilmiş, hüquqi qiymət verilmişdir. Hazırda onların 85000,00 ABŞ dolları tələb etmələri əsassızdır. Hökmdə İddiaçı1 xeyrinə tutulmalı məbləğ 66.886 manat müəyyən edilməklə bu məbləğin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması müəyyən edilmişdir. İddianın digər halları ilə bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. ilə də əsaslandırılmışdır. Apelyator həmçinin Mülki Məcəllənin 152, 157-ci maddələrinin tələblərinin pozulduğunu da qeyd etmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda onun tələbi yalnız cavabdehlərdən 85000 ABŞ dolları məbləğində pulun tutulması barədədir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı1 apellyasiya baxışı zamanı qətnamənin yalnız 85000 ABŞ dolları tələbinin rədd olunması hissəsindən narazı olduğunu bildirsə də, apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və qətnamədən İddiaçı1la yanaşı digər iddiaçı da apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxladı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, İddiaçı1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddia ərizəsində tələbə cavab verməli olan şəxslər kimi həm Cavabdeh1 MMC, həm də Cavabdeh2 və Cavabdeh3 göstərilmişdir. Cavabdeh2 Cavabdeh1 MMC-nin təsisçisi, Cavabdeh3 isə direktoru vəzifəsində işləmişlər. Cavabdeh1 MMC-yə qarşı tələb 85 000 ABŞ dolları və ya manatla hazırkı məzənnəsi üzrə 144 500 manat, kirayə haqqı 42 000 manat, mənzilin təmirinə sərf edilmiş 25 000 manat, əldən çıxmış fayda (gəlir) 36 000 manat, cəmi 247 500 manatın alınmasının təmin edilməsi barədə, Cavabdeh2 və Cavabdeh3 qarşı tələb isə 20 000 manat mənəvi ziyanın onlardan müştərək qaydada tutulması barədədir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 157.2, 157.8, 165.1-ci və s maddələrinə, eləcə də MPM-nin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinad edərək iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32,5 308.2ci və Quluzadə (Quliyev) Ramiz Mirzə oğlu CM-nin 178.3.2, 308.2-ci maddələri təqsirli bilinmiş, həmin cinayət işində hazırkı mülki işdə iddiaçı olan İddiaçı1 və İddiaçı2 təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iddia verərək onlardan maddi ziyana görə 208.455 manat, mənəvi ziyana görə isə 50.000 manat pul tələb etmiş, cinayət işinin istintaqı zamanı vurulmuş maddi zərərin miqdarı 66.886 manat müəyyən edilmiş, cinayət işi üzrə mülki iddia qismən, yəni 66.886 manat həddində təmin edilmiş, maddi ziyan tələbi qalan hissədə, eləcə də 50.000 manat mənəvi ziyan tələbi rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli hökmünün mülki iddia ilə bağlı hissəsi üzrə 10.02.2020-ci il tarixli icra sənədi verilmiş, icra sənədi icra olunmuş və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 30.06.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddiaçının tələbinin hüquqi tövsifi ilə bağlı Mülki Məcəllənin 157.2, 157.8 və 165.1-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmənin qənaətinə görə iddiaçılar istər Cavabdeh1 MMC-yə, istərsə də digər cavabdehlərə qarşı tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli hökmü ilə iddiaçının xeyrinə 66.886 manat tutulması qət edildiyindən, hazırda həmin məbləğin 85000,00 ABŞ dolları olmaqla cavabdehlərdən tələb edilməsi əsassızdır və preyudisiya institutunun təbiətinə ziddir. Belə ki, iddiaçının 85000,00 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. İddiaçılar iddia tələbinin digər hissələri olan kirayə haqqına görə 42000,00 manat, mənzilinə təmirinə sərf edilmiş xərcə görə 25000,00 manat, əldən çıxmış gəlirə görə 36000 manatın cavabdehlərdən tutulması ilə bağlı da hər hansı sübut təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15.07.2015-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Avropa Məhkəməsi “Yohannesson və digərləri İslandiyaya qarşı 18 May 2017-ci il tarixli qərarında qeyd olunur ki, «“Eyni əməl” anlayışı – 7 saylı Protokolun 4-cü maddəsindəki ne bis in idem prinsipinin idem elementi – ikinci “əmələ” görə məhkəmə təqibi və ya məhkum etmənin qadağan olunması kimi başa düşülməlidir, çünki o identik faktlar və ya mahiyyətcə eyni faktlardan irəli gəlir. Ərizəçilərin məhkum olunması və maliyyə sanksiyasının tətbiqi gəlirin düzgün bəyan edilməməsinə əsaslanmışdır. Bundan başqa, vergi icraatı və cinayət məhkəmə icraatı eyni dövr və mahiyyət etibarilə eyni miqdarda vergidən yayınmaya əsaslanmışdır. Beləliklə, «ne bis in idem prinsipinin» (eyni hüquq pozuntusuna görə iki dəfə cəza verilməsinin yolverilməzliyi) idem elementi mövcuddur.» Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, iddiaçıların tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar cinayət işinə baxılarkən də mülki iddia vermiş və həmin iddialarında Cavabdeh1 MMC-nin direktoru Cavabdeh3 və təsisçisi Cavabdeh2 138,97 kvm ümumi sahəsi olan 3 otaqlı mənzilə görə ödədikləri 208455 manatın, təmirə görə xərclədikləri 15000 manatın və mənəvi zərərə görə 50 000 manatın tutulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Hazırkı işdə iddiaçılar həmin cavabdehlərdən, yəni Cavabdeh3 və Cavabdeh2 mənəvi zərərə görə 20 000 manatın tutulmasını xahiş etmişlər. Halbuki, qanuni qüvvəyə minmiş hökmlə onların mənəvi zərərə görə 50 000 manat pul tələbləri rədd olunmuşdur. İddiaçılar mənzilə görə ödədikləri məbləğin qanuni qüvvəyə minmiş hökmə əsasən 66886 manat qiymətləndirilməklə tutulması ilə razılaşmayaraq hazırda Cavabdeh1 MMCdən həmin məbləği 85 000 ABŞ dolları olmaqla, yaxud məzənnə üzrə 144500 manat olmaqla tələb edirlər. Halbuki, bu məsələyə cinayət işi üzrə məhkəmə baxışında araşdırılıb qiymət verildiyindən hazırkı icraatda ona yenidən qiymət verilə bilməz. Eləcə də, cinayət işində təmirə çəkilmiş xərclərlə bağlı irəli sürülmüş 15 000 manat pul tələbi rədd olunsa da, iddiaçılar hazırda Cavabdeh1 MMC-dən eyni əsasla 25 000 manat pul tələb edirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.06.2019-cu il tarixli hökmünün göstərilən hissələrdə hazırkı iş üzrə preyudisiallığını qəbul etmiş və iddianı həmin hissələrdə rədd etmişdir. Eləcə də, kirayə haqqı və əldən çıxmış fayda ilə bağlı hissədə tələblər sübuta yetirilmədiyindən məhkəmə düzgün olaraq bu tələbləri də rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyatorlar öz tələblərini və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar