Məhkəmə qərarları › İş №2(103)-1293/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1293/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1293/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında 10220,00 manat məbləğində sığorta ödənişinin əvəzinin, 30,40 manat dövlət rüsümunun, ümumilikdə 10250,40 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(094)- 245/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(094)-245/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qətnamə çıxarılarkən işin halları tam araşdırlmamış, məhkəmə iclasında cavabdehin iştirakı təmin olunmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Cavabdeh çıxarılmış qətnamədə borcunun çox göstərildiyini, borc tələbinin şişirdildiyini, bu borcla razı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh (apellyator) Cavabdeh məhkəməyə gəlməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə də məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş üzrə birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, **-UU-*** dövlət qeydiyyat nişanlı Volkswagen Tiguan markalı avtonəqliyyat vasitəsi “Paşa Sığorta" ASC tərəfindən 30 aprel 2018-ci il tarixində "Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. 30 iyul 2018-ci il tarixində Cavabdeh idarə etdiyi özünə məxsus olan **-VC-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsi ilə **-UU-*** dövlət qeydiyyat nişanlı Volkswagen Tiguan markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh barəsində 06 sentyabr 2018-ci il tarixli AP0034235 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsi ilə təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsi, həmin hadisə nəticəsində sığortalanmış avtomobilə zərər vurulması və hadisənin törədilməsində Cavabdeh təqsirli olması apellyator tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan 30 aprel 2018-ci il tarixli «Avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi»nin surətindən göründüyü kimi, "xxxx" ASC ilə R.Məmmədova arasında sığorta müqaviləsi imzalanmış və R.Məmmədovaya məxsus «Volkswagen Tiguan» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta obyekti kimi müəyyən olunmuşdur. İş materiallarında olan AP № ******* seriyalı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli cinayət işinin başlanmasının rəddedilməsi haqqında qərara əsasən, sürücü Cavabdeh barəsində İXMnin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərinin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi və qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokrorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 18.10.2018-ci il tarixli Sığorta Aktına əsasən, X1 məxsus «Volkswagen Tiguan» markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər və sığorta ödənişi 11500 manat müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə ilə müəyyən olunmuş məbləği "xxxx" ASC-nin tərtib etdiyi zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 17 avqust 2018-ci il tarixli Hesabata istinad etməklə əsaslanmışdır. Həmin hesabata əsasən “Volkswagen Tiguan” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 11500 manat, o cümlədən ehtiyat hissələrinin dəyəri 10050 manat, zəhmət haqqı 1450 manat məbləğində müəyyən olunmuşdur. Apelyasiya instansiya məhkəməsi cavabdehin iddiaçı tərəfindən sığortalıya vurulmuş ziyanın düzgün hesablanmamasını apellyasiya şikayətində mübahisələndirdiyindən və həmin məbləğ iddiaçının özünün tərtib etdiyi hesabata əsasən müəyyən edildiyindən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə daxil olmuş 19 mart 2020-ci il tarixli 3037 nömrəli ekspert rəyinə əsasən, 2011-ci il buraxılışlı “Volkswagen Tiguan” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 7706,00 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olmadıqlarını, “Euro Style” LTD tərəfindən tərtib edilmiş qüsur aktını təqdim edərək həmin qüsur aktında qeyd edilən məbləğdən də az miqdarda, yəni 11500,00 manat məbləğin ödənilməsinin cavabdehlə razılıq əsasında tələb edildiyini, lakin ekspertin zərəri həmin məbləğdən də az qiymətləndirməsinin əsassız olduğunu qeyd edərək iş üzrə təkrar məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1293/2020 saylı 13.08.2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş 19 oktyabr 2020-ci il tarixli 9/3611 nömrəli ekspert rəyinə əsasən, 2011-ci il buraxılışlı “Volkswagen Tiguan” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 7705,00 manat müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh idarə etdiyi özünə məxsus **-VC-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsi ilə **-UU-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Tiguan” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş və həmin zərərin məbləği "xxxx" ASC tərəfindən sığortalanmış şəxsə ödənilmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC-nin subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğini avtomobilin mülkiyyətçisindən və zərər vuran şəxsdən tələb etmək hüququ yaranmışdır. Lakin keçirilmiş məhkəmə ekspertizaları nəticəsində verilmiş rəyləri əsas götürərək kollegiya hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində dəyən zərərin məbləği 7705,00 manat müəyyən edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 23 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 7 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(094)- 245/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 7705,00 (yeddi min yeddi yüz beş) manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 23 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 7 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar