Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1293/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X19 və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(006)-3994/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə görə barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 1(099)-98/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, ona qanunsuz olaraq həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunmuşdur. 2.İddiaçı qanunsuz olaraq həbsdə saxlanılmasına görə ona maddi və mənəvi zərər dəydiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X12 məxsus Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına görə 4.800 manat, “Mercedes Benz E240” minik markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına görə 13.400 manat, bir illik gəlirini təşkil edən 41.000 manat, Vergi borcuna görə 2.637,27 manat olmaqla, vurulmuş maddi ziyana görə cəmi 61.837,27 manat və vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 mart 1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Evlidir və himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Lənkəran şəhər Mərkəzi Bazarında paltar satmaqla məşğul olmuşdur və bununla bağlı həbs olunduğu vaxta qədər hər ay düzənli olaraq vergiləri dövlət büdcəsinin hesabına ödəmişdir. Lənkəran rayonu Sütəmurdov kənd sakini X14 Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsininCənub X9 əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Regional Şöbəyə gətirilib üzərinə baxış keçirilərək sorğu-sual edilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni Lənkəran rayonu Sütəmurdov kənd sakini Ramin adlı şəxsdən aldığını bildirmişdir. O, 06 iyul 2022ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X9 əməkdaşları tərəfindən saxlanılsa da, onun saxlanması barədə sənədləşmələr 07 iyul 2022-ci il tarixdə tərtib edilmişdir. 06 iyul 2022-ci il tarixdən 10 avqust 2023-cü il tarixədək olan müddət ərzində isə o, həbsdə olmuşdur. Belə ki, Lənkəran rayon Məhkəməsinin qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. O, yalnız Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(099)-98/2023 saylı hökmünə əsasən bəraət aldıqdan sonra həbsdən azad edilmişdir. Yəni, 1 il 1 ay müddətində həbsdə saxlanılmışdır. Cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı təsdiq edilərək məhkəməyə verilmişdir. Onun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 10 avqust 2023- cü il tarixli 1(099)-98/2023 saylı hökmü ilə ona, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə də, o, bütün bu dövr ərzində qanunsuz olaraq 1 il 1 ay müddətində həbsdə saxlanılmışdır. Buna baxmayaraq, həmin hökmdən Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəməsində X11 şöbəsinin dövlət ittihamçısı X16 apellyasiya protesti vermiş, onun apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası özünün 01 noyabr 2023-cü il tarixli 1(106)-680/2023 saylı qərarı ilə dövlət ittihamçısı X16 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 1(099)-98/2023 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Daha sonra yenidən Ali Məhkəməyə kassasiya protesti verilmiş və Ali Məhkəmədə də işə baxılaraq kassasiya protesti təmin edilməmişdir. O, həbs edilməmişdən əvvəl Lənkəran şəhərində yerləşən Mərkəzi Bazarda müxtəlif növ geyim əşyalarının satışı ilə məşğul olmuşdur və bununla öz ailəsini dolandırmışdır. Həmçinin mütəmadi olaraq gəlir vergisi ödəmişdir. O, hər ay təqribən 3.500-4.000 manat dəyərində qazanc əldə etmişdir. Həbsdə olduğu bu müddət ərzində 35.000-40.000 manat məbləğində gəlirdən məhrum olmuşdur. Onun Lənkəran şəhərində olan biznesi məhz həbsdə olduğu üçün çökmüşdür və o, iflas etmişdir. Artıq onun pulu olmadığına görə biznesini qura bilmir və bütün gəlirlərindən məhz günahsız yerə həbs olunduğu üçün məhrum olmuşdur. Bundan əlavə, onun həyat yoldaşı özlərinin tələbatını ödəmək üçün məcbur qalıb müxtəlif dükanlardan nisyə olaraq ərzaq məhsulları almışdır. Sonradan o, azadlığa çıxdıqdan sonra həmin dükanlara olan borcların ödənilməsi məqsədi ilə həyat yoldaşı X12 məxsus torpaq sahəsini 4.800 manat pul vəsaiti müqabilində satmış və əldə olunmuş pulla borcları ödəmişlər. Bundan əlavə, o, həbsdə olduğu müddət ərzində həmçinin arvadı evin dolanışığını təmin etmək məqsədi ilə ona məxsus olan «Mercedes Benz E240» markalı ** SB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 13.400 manata satmışdır və əldə olunan pul ilə ailənin dolanışığını təmin etmişdir. Həmçinin o, həbsdə olduğu müddət ərzində vergilər ödənilmədiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2.637 manat 27 qəpik məbləğində vergi borcu yaranmış və onun həmin borcu ödəmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan əlavə, o, qanunsuz olaraq həbs olunduğu üçün həyat yoldaşı X17 yaddaşın itməsi xəstəliyinə tutulmuşdur və hazırda da xəstəlikdən əziyyət çəkir. Bundan əlavə, o, günahsızolaraq 1 il 1 ay müddətə haqsız yerə azadlığından məhrum olunduğu üçün, eləcə də, heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzabəziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə barəsində cinayət işi başlanmış və bir il bir ay müddətinə həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Həmçinin saxlanıldığı zaman mütəmadi olaraq döyülmüşdür və şəxsiyyəti polis əməkdaşları tərəfindən alçaldılmışdır. Bu barədə məsələ hökmdə də öz əksini tapmışdır. Bu səbəbdən, hesab edir ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin 50.000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludurlar. Bu səbəbdən, iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi hesabına olacağı üçün hesab edir ki, hazırki iddia tələbinin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. Yuxarıda qeyd olunanlara əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslı olmaqla qanunidir və təmin olunmalıdır. Çünki, mənəvi zərərin miqdarını müəyyən edərkən keçirdiyi mənəvi sarsıntının və iztirabların ağırlığını, bu sarsıntıların uzun bir müddət ərzində, yəni 1 il 1 ay ərzində davam etdiyini və eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmünə əsasən həbsdən azad edildiyi vaxtdan sonra da dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və kassasiya protesti verilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının son qərarı qəbul edilənədək davam etməsi nəzərə alınmışdır. 5.Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsiMəmmədzadə Mirazər Vüqar oğlu məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanmasını və həbsdə saxlanılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş maddi ziyanın əvəzi olaraq 61.837,27 manat, mənəvi ziyanın əvəzi olaraq isə 50.000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquqmühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayəttəqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinincavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruzqaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu səbəbdən, iddianın tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 noyabr 2024-cü il tarixli, 2(006)-3994/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Vüsalə Musayeva) iddia tələbi qismən təmin edilərək, iddiaçı X18 vurulmuş mənəvi zərərə görə 22.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 7.X7 AR CM-nin 234.1-ci maddəsi ilə, İddiaçı AR CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 22062049 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli ittiham aktının surətindən görünür ki, X7 AR CM-nin 234.1-ci maddəsi ilə, İddiaçı AR CM-nin 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə görə barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 8.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(099)-98/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, ona qanunsuz olaraq həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunmuşdur. 9.Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 1(106)- 680/2023 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilməmiş, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(099)-98/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. 10.Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli 1(102)-1213/2024 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli 1(106)-680/2023 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. 11.Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X17 21 yanvar 2023-cü il tarixdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına müvafiq diaqnozla daxil olmuş, 06 fevral 2023-cü il tarixdə müalicə tədbirləri başa çatdıqdan sonra xəstəxanadan evə yazılmışdır (çıxmışdır). 12.“Elektron Notariat” X1 xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X17 xüsusi mülkiyyətində olan, Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0,03 ha torpaq sahəsini Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 18 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 4.800 manata X3. 13.15 avqust 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, X17 “Mercedes Benz E240» markalı ** SB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 13.400 manata X2. 14.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 iyul 2024-cü il tarixli məktubundan görünür ki, uçotbaza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 38.000 manat təşkil etmişdir.Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də, təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğunun nəzərə alınması xahiş olunmuşdur. 15.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 iyul 2024-cü il tarixli məktubundan görünür ki, şəxsi hesab vərəqəsinə əsasən vergilər üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 923,30 manat ödəniş edilmişdir. 16.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X13 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı 5 gün müddətində 2.637,27 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, qeyd olunan borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. 17.Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli e-2-2(121)-2755/2023 saylı qətnaməsindən görünür ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, onun ölkədən getmək hüququ vergilər və digər məcburi dövlət ödənişləri üzrə olan öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. 18.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi 26000,0 manat təşkil etmişdir. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğunun nəzərə alınmasını xahiş etmişdir. 19.Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı bəraət alaraq həbsdən azad olunanadək 1 il 1 ay ərzində əsassız yerə həbsdə saxlanılması işin mübahisəsiz halıdır.Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində həbsdə saxlanılması və s.) doğrudur. 20.Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 13.000 (on üç min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 13.000 manat (1.000 manat x 13 ay) müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır. 21.Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə təqsirləndirilərək, həbs edilmiş, uzun müddət ərzində törətmədiyi cinayət əməlinə görə ittiham edilməsi ilə əlaqədar mənəvi iztirab çəkmiş, uzun müddət məşğul olduğu və ona qazanc gətirən işindən kənarda qalmış, gəlirdən məhrum olmuşdur. 22.İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Dövlət Vergi Xidmətinin müvafiq məktubundan müəyyən edilir ki, şəxsin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə illik gəliri 26000 manat təşkil etmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.2022ci il tarixdənxx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddət üçün onun əvvəlki il üzrə gəlirləri nəzərə alınmalıdır. Belə ki, sahibkarlıq fəaliyyətində illik gəlirin dəyişəbilən (artması və ya azalması) nəzərə alınmaqla hesab etmək mümkündür ki, şəxsin gəlirləri 2022-2023-cü illərdə arta bilərdi. Bu baxımdan məhkəmə şəxsin gəlirlərindən məhrum olduğu dövr üçün də eyni məbləği nəzərə alır. İddiaçının 2021-ci ilin 12 ayı ərzində gəlirinin 26000 manat olması nəzərə alınmaqla onun aylıq gəliri (26000:12≈2167) 2167 manat və həbsdə saxlandığı 13 ay müddəti üçün (2167x13≈28170) 28170 manat təşkil edir. 23.Beləliklə məhkəmə iddiaçının vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olub, gəlir əldə etməsi nəzərə alınmaqla onun həbsdə saxlandığı 13 ay müddət üçün itirilmiş qazancının 28170 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmişdir. 24.Məhkəmə iddia tələbinin iddiaçının arvadının xüsusi mülkiyyətində ola daşınmaz və daşınar əmlakını satması ilə bağlı pul tələb etməsini əsassız hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, əvvəla iddiaçının arvadı olan X17 öz xüsusi mülkiyyətində olan daşınmaz əmlak kimi torpaq sahəsinə və daşınar əmlak kimi isə avtomobilə dair sərəncam verməkdə səlahiyyətli olmuşdur. İddiaçının həbsdə olduğu müddətdə arvadının öz mülkiyyətində olan əmlakını özgəninkiləşdirməsi iddiaçının yalnız həmin əmlakın ər-arvadın ümumi birgə mülkiyyət hesab edilməsi halında hüquqlarını pozmuş olardı ki, iddiaçının hazırki iddia tələbində irəli sürdüyü dəlillər bununla bağlı deyil.Digər tərəfdən iddiaçının arvadı həmin əmlakları əvəzli qaydada özgəninkiləşdirmiş və bunun müqabilində pul əldə etmişdir. Həmin pulun hazırki iş üzrə cavabdehdən tələb etməsi tamamilə əsassızdır. 25.Məhkəmə iddiaçının iddia tələbini vergi borcuna görə 2637,27 manat pulun tutulması hissəsində də əsassız hesab edərək qeyd etmişdir ki, həmin borcun hesablanmasına dair sənədlərdən müəyyən edilir ki, şəxsin vergi ödəyicisi olmaqla həbsdə olduğu dövrdə bu fəaliyyəti həyata keçirməməsi və bunun da nəticəsində ona vergi borclarının hesablanması aydındır. Lakin bu borcun şəxsin həbsdə olduğu dövrdə hesablanmasının əsaslılığı ilə bağlı məsələ şəxs tərəfindən müvafiq icraatda mübahisələndirilə bilər və hətta iddiaçı həmin vergi borcu ödəməmişdir. Odur ki, müvafiq icraatda mübahisələndirmək imkanına malik olduğu və üstəlik də faktiki olaraq ödəmədiyi pulu hazırki iş üzrə cavabdehdən tələb etməsi tamamilə əsassızdır. 26.Məhkəmə gəldiyi nəticəni Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7 və 12-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2, 21 və 23-cü; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına;“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur.Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya maddi və mənəvi zərərə görə 41.170 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 41.170 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir.Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mənəvi zərərə görə kompensasiya müəyyən edilərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirmə mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparılmalıdır. Eyni zamanda Nəsimi Rayon Məhkəməsi tərəfindən iddiaçıya dəymiş maddi ziyanın hesablanmasında müvafiq pozuntulara yol verilmişdir. Belə ki, məhkəmə qətnaməsində İddiaçı cinayət işinin istintaqı ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb olunması ilə əlaqədar ona dəymiş ziyanın məbləği İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına istinad olunaraq onun 2021-ci il üzrə gəlirləri əsas götürülməklə hesablanmışdır. Halbuki, şəxs 2022-ci ildə istintaqa cəlb olunub və həmin ilin ilk iki rübündə müvafiq fəaliyyətlə məşğul olmuşdur. Belə olan halda ona dəymiş ziyanın 2021-ci ilin gəlirləri üzrə hesablanması doğru deyildir. X26 Xidmətinin məlumatına əsasən İddiaçı gəlirləri 2022-ci ilin 1-ci rübündə 3.000 manat və 2-ci rübündə 3.000 manat olmuşdur ki, bu isə 2021-ci illə müqayisədə onun gəlirlərinin azaldığını göstərməkdədir. Bu baxımdan məhkəmə qətnaməsində iddiaçının həbs olunmayacağı halda onun gəlirlərinin artacağı ilə bağlı mövqeyi də əsaslı hesab oluna bilməz. Göstərilənləri nəzərə alaraq iddiaçıya dəymiş maddi ziyanla bağlı məhkəmə qətnaməsində göstərilən dəlillərlə razılaşmayaraq hesab edir ki, qətnamə həmin hissədə də əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 32.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 33.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 34.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 35.Maddə 5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 36.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 37.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 38.Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri həcmində qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyasıapellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(006)-3994/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən 10 avqust 2023-cü il tarixinədək müddətdə qanunsuz olaraq həbsdə saxlanılmaqla azadlıqdan məhrum edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar onda inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər yaratmaqla nəticədə iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, o, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 45.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının 13 ay müddətində qanunsuz azadlıqdan məhrum edilməsi, bununla da cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 46.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 48.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsigöstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir.Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq,narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X10rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvizərər ödənilməsi qərarına gəlmişdir. 50.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə PraktikiQaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərələ bağlı hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 52.Kollegiya cavabdeh tərəfin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 53.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 54.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 55.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 56.Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir. 57.Məhkəmə kollegiyası həmçinin apellyatorun kompensasiya məbləğinin hesablanması zamanı Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin nəzərə alınması barədə dəlilini də əsassız hesab edərək qeyd edir ki, Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. 58.Göründüyü kimi qeyd olunan norma cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş, cinayət mühakimə icraatı qaydasında həll edilən məsələni tənzimləməklə hazırkı mülki iddia və iddianın əsasında duran fakitki hallarla əlaqəsi yoxdur. 59.Məhkəmə kollegiyası həmçinin gəlirindən məhrum olması ilə bağlı dəymiş maddi ziyanın ödənilməsi hissəsində də məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddət üçün onun əvvəlki il üzrə gəlirlərinin əsas götürülməsi əsaslı hesab edilməlidir. 60.Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Dövlət Vergi Xidmətinin müvafiq məktubundan müəyyən edilir ki, şəxsin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə illik gəliri 26000 manat təşkil etmişdir. 61.Kollegiya qeyd edir ki, sahibkarləq fəaliyyəti ilə əldə edilən gəlirin qeyri-sabitliyi və dəyişəbilən olması nəzərə alınmaqla iddiaçının 2021-ci ilin 12 ayı ərzində gəlirinin 26000 manat, aylıq gəlirinin isə (26000:12≈2167) 2167 manat məbləğində müəyyən edilməsi və həbsdə saxlandığı 13 ay müddəti üçün itirdiyi qazancının (2167x13≈28170) 28170 manat məbləğində müəyyən edilməsi ədalətli və ağlabatan hesab edilir. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 64.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 65.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(006)-3994/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1293/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1293/2025
19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver