Məhkəmə qərarları › İş №2(103)-1294/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1294/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1294/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(001)-3222/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçıya qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 31.561,64 manat məbləğində əsas borcun, 22.881,06 manat cərimə borcunun, ümumilikdə isə 54.442,7 manat məbləğində pul vəsaitinin ondan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-852/2019 saylı, 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiaçıya qarşı “pul tələbinə dair” iddiasının qismən təmin edilməsi, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 01.07.2018-ci il tarixli P001-2018 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 31.561,64 manat əsas borc, 2.000 manat dəbbə pulu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat məbləğində hissəsinin, ümumilikdə 33.571,64 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3477/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-852/2019 saylı, 28 iyun 2019cu il tarixli qətnaməsi, cavabdeh Orxan Qürbətli tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2020-ci il tarixli 2(102)-3134/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(106)-3477/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Həmin qətnamənin çıxarmasına səbəbkar birbaşa bu iş üzrə cavabdeh olan şəxs Cavabdehdur. Çünki, "xxxx" MMC tərəfindən 01.07.2018-ci il tarixli P0012018 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan 01.07.2018-ci il tarixli “təhviltəslim” Aktı üzrə 31 561,64 manat dəyərində olan məhsullar iddiaçıya deyil, Cavabdeh təhvil verilmişdir. Bu hal məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində şahid qismində ifadə verərək, eləcə də, Şirvan Apellyasiya Məhkəməsinə ərizə ünvanlıyaraq 01.07.2018ci il tarixli P001-2018 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi olan 01.07.2018-ci il tarixli “təhvil-təslim” Aktı üzrə 31 561,64 manat dəyərində olan məhsulun "xxxx" MMC tərəfindən məhz ona təhvil verilməsini bir daha etiraf etmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, 31561,64 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(001)-3222/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 22.000 (iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 20,91 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə cavabdehin formal etirafına əsaslanmışdır. Borcun qəbul edilməsi üçün məhkəmədə etiraf edilməsi, təbii ki, ağlabatan deyil. Belə bir hal olsaydı, bunu məhkəmədən kənar da həll etmək olardı. Cavabdehin etiraf etməsinin əsas səbəbi iddiaçının üzərində olan borca görə gələcəkdə görüləcək tədbirlərin aradan qaldırılması məqsədilə etdikləri xahiş olmuşdur ki, məhkəmə əslində proses zamanı etirafın formal xarakter daşıdığını anlamış, “bu etiraf onsuz da məsələnin həlli deyil” desə də, sonunda belə bir qətnamə qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirakı etmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdehin apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin həmin hissəsi təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 04.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, "xxxx" MMC ilə bağlanmış müqavilə üzrə X1 verilməli olan malların 22000 manat dəyərində olan hissəsini İddiaçı deyil, o qəbul etmiş və həmin hissədə ona qarşı irəli sürülən tələb əsaslıdır. 04.05.2021-ci il tarixli məhkəmə baxış iclasının protokolundan göründüyü kimi, iddiaçı cavabdehin izahatına cavab olaraq bildirmişdir ki, iddia tələbinin qismən - 22000 manat hissəsində təmin edilməsinə razıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından göründüyü kimi cavabdeh iddia tələbini qismən - 22000 manat hissəsində etiraf etmişdir. Cavabdeh özü də apellyasiya şikayətində iddianı etiraf etdiyini bildirmişdir. Belə olan halda "xxxx" MMC ilə bağlanmış müqavilə üzrə X1 verilməli olan malların 22000 manat dəyərində olan hissəsini İddiaçı deyil, cavabdehin qəbul etməsinə və həmin hissədə ona qarşı irəli sürülən tələbin əsaslı olmasını bildirməsinə istinad edilərək iddianın etiraf edilməsi təsdiq edilməli və iddia tələbləri sübutlar araşdırılmadan təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdehin etirafın formal xarakter daşıması ilə bağlı dəlilləri qeyri-müəyyəndir. Həmçinin, o, etiraf etməsinin əsas səbəbinin iddiaçının üzərində olan borca görə gələcəkdə görüləcək tədbirlərin aradan qaldırılması məqsədilə etdikləri xahiş olduğunu bildirsə də, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, iddianın onun tərəfindən etiraf edilməsi və məhkəmənin etirafı qəbul etməsi qanuna zidd hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(001)-3222/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar