Məhkəmə qərarları › İş №2(103)-1295/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1295/2022

16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1295/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili X2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Azərbaycan Müəllifləri” İctimai Birliyinə və Cavabdeh2 qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5808/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Azərbaycan Müəllifləri” İctimai Birliyinə və Cavabdeh2 (Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Müəllifləri" İctimai X8 28.12.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıların "Azərbaycan Müəllifləri" İctimai Birliyinin təsisçiliyinə bərpa olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birliyin ilkin təsisçiləri iddiaçılar olmuşdur. Birliyin yarandığı tarixdən 2008-ci ilin birinci yarısını əhatə edən dövrdə Birliyin sədri İddiaçı1 olmuşdur. 2008-ci ilin ikinci yarısından etibarən Birliyin sədri vəzifəsini Cavabdeh2 icra etmişdir. Onun səlahiyyət müddəti 10 mart 2017-ci il tarixdə bitmişdir. X12 28.12.2018ci il tarixli qərarı ilə iddiaçılar təsisçilikdən çıxarılmış, Cavabdeh2, X19 və X7 yeni təsisçi seçilmişlər. X21 qəbul olunmuş qərarların, yəni Birliyin adının, hüquqi ünvanının dəyişməsi, Nizamnaməsinin 3-cü redaksiyada təsdiq edilməsi, sədrin seçilməsi, idarəetmə orqanlarının formalaşdırılması və s. faktların dövlət qeydiyyatına alınması ilə bağlı 11.09.2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin sənədlər natamam təqdim edildiyindən həmin faktlar dövlət qeydiyyatına alınmamışdır. X12 28.12.2018-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməli, iddiaçılar Birliyin təsisçiliyinə bərpa edilməlidirlər. İddiaçıların birliyin təsisçiliyindən çıxarılması barədə qərarın qanuni qüvəyyə minməsi üçün qanunda göstərilən dəyişiliklər mütləq şəkildə dövlət qeydiyyatına alınmalıdır və buna görə də məhkəmə iddia tələbinin rədd edilməsi üçün həmin halı əsas götürə bilməz. Hazırda AR Ədliyyə Nazirliyində Birliyin təsisçisi qismində iddiaçıların adı göstərilir. "Edilmiş dəyişikliklər" isə dövlət qeydiyyatına alınmadığından qanuni qüvvəsini almamışdır və keçərsizdir. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2019-cu il tarixli, 05/5187/2-11 nömrəli məktubundan görünür ki, Birliyin qanuni təmsilçisi olan Cavabdeh2 səlahiyyət müddəti 10.03.2017-ci il tarixdə bitmişdir. Cavabdeh2 səlahiyyət müddəti 10.03.2017-ci il tarixdə bitdiyindən onun sədrliyi ilə keçirilən "Azərbaycan Müəllifləri" ictimai X8 28.12.2018-ci il tarixli iclası və həmin iclasda qəbul edilən eyni tarixli qərar da etibarsızdır və bunu Azərbaycan Respublikası "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 14.3-cü maddəsi tələb edir. Birliyin "sədri" İ.X6 Yığıncağını toplamaq hüququnun olmaması ilə yanaşı, 28.12.2018-ci il tarixdə ümumiyyətlə Ümumi Yığıncağın keçirildiyi də şübhəlidir. Həmin iclasın qərarı sonradan hazırlanmışdır və əsli yoxdur. Birliyin 3 təsisçisinə belə bir iclasın keçiriləcəyi ilə bağlı çağırış (dəvətnamə, mesaj və s.) gəlməmiş, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5808/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 2018ci ildə olan Xətai rayon məhkəməsində tərəf olmamışlarsa, məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Digər iddiaçı X23. Səfər oğlunun hazırki iddia tələbinin qaldırılması ilə bağlı subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi 05.01.2018-ci il tarixli 2(011)-472/2018 saylı qətnaməsində iddiaçı tərəfindən “Azərbaycan Müəllifləri” İctimai X8 28.12.2018-ci il tarixli qərarı mübahisələndirilməmişdir. Qətnamədə istinad olunan Xətai rayon Məhkəməsinin 05.01.2018-ci il tarixli qətnaməsində sadəcə iş materialları kimi həmin ərizə sadalanmışdır. Həmin hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçılar tərəfindən Birliyin təsisçiliyindən könüllü olaraq imtina etdikləri, İddiaçılar tərəfindən təsisçilikdən çıxarılmaqla bağlı hər hansı ərizə yazılmamışdır. Buna görə hazırda həmin qərar mübahisələndirilir. Bundan başqa, mövcud qanunvericiliyə görə, əgər iddiaçılar Birliyə qarşı hər hansı maddi, mənəvi və digər iddia və ya tələblərinin olmaması barədə öhdəlik götürsə idi belə, məhkəməyə müraciət hüququndan imtina etibarsızdır. Bundan əlavə, məhkəmə iddia tələbini həm də ona görə təmin etməmişdir ki, “iş materiallarına əlavə edilmiş 28.12.2018-ci il tarixii qərardan görünür ki, həmin qərar tək Cavabdeh2 tərəfindən deyil, X12 504 nəfərdən ibarət üzvü tərəfindən qəbul edilmişdir və Ümumi Yığıncağın gündəliyində 12 məsələ müzakirəyə çıxarılmışdır. Gündəlikdə qoyulan məsələlər Nizamnamə ilə müəyyən edilən Birliyin əsas fəaliyyəti ilə bağlı olmuşdur”. Məhkəmənin gəldiyi bu nəticə ilə də razılaşmaq olmaz. Ona görə ki, əvvəla iddiaçılar hazırki mülki iş üzrə həmin qərarı mübahisələndirirlər, həmin qərarın qanunsuz olduğu üçün ləğv edilməsini xahiş edirlər. İkincisi, bu qənaətə gələrkən, məhkəmə nəzərə almamışdır ki, Birliyin sədrinin fəaliyyət müddəti 11.03.2017-ci ildə bitmişdir. Səlahiyyətli olmayan şəxs, necə Ümumi Yığıncağın çağırılması ilə bağlı təşəbbüslə çıxış edə bilər. Bundan başqa, yığıncaqda guya iştirak etmiş 504 nəfərdən ən azı 20 nəfərdən artığı həmin vaxt həyatda olmamışlar (1. Oktay Zülfüqarov 31.05.1929-31.08.2016, X22, 01.05.1947-13.06.2017, Suğra Bağırzadə 74 yaş və başqaları) vəfat etmişlər. Onlar necə iddiaçıların təsisçilikdən çıxarılması ilə bağlı qərar verə bilərdi və ya 28.12.2018-ci ildə keçirilmiş Ümumi Yığıncaqda iştirak edə bilərdi. Bundan əlavə, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Ümumi Yığıncağın 28.12.2018-ci il tarixli qərarı əsasında təsisçilikdən çıxarılsalar belə, hazırda həmin dəyişikliklər Ədliyyə Nazirliyində qeydə alınmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, Xətai rayon Məhkəməsinin 05.01.2018-ci il tarixli qətnaməsi preyudisial əhəmiyyətli hesab edilə bilməz. Əvvəla iddiaçılar təsisçilikdən cavabdehin xeyrinə imtina etməkləri, eləcə də Birliyə qarşı hər hansı formada iddia qaldırmayacaqları ilə bağlı öhdəlik götürmələri ilə bağlı ərizə verməmişlər, əgər belə bir ərizə olsa belə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə heç bir araşdırma aparmamış, cavabdehin Ümumi Yığıncaq çağırması üçün səlahiyyətli şəxs olub-olmaması, Ümumi Yığıncaq keçirilərkən Nizamnaməyə uyğun olaraq təsisçilərə hər hansı formada məlumat verilib-verilməməsinə qiymət verilməmişdir. Ümumi Yığıncağın ümumiyyətlə keçirilməməsi, yalnız iddiaçıların şikayətlərindən sonra tez-tələsik müvafiq sənədlərin hazırlanmasına, qətnamədə guya iddiaçıların təsisçilikdən könüllü iradələrinə əsaslanaraq çıxmaları ilə bağlı ərizənin iddiaçılar tərəfindən mübahisələndirilməsinə baxmayaraq, həmin hallar araşdırılmamışdır. Nəticədə iddia tələbi təmin edilməsə də, məhkəmə tərəfindən Ümumi Yığıncağın 28.12.2018-ci il tarixli qərarının hansı əsaslara görə qanuni hesab etməsinə dair heç bir əsaslandırma ortaya qoyulmamışdır. Sadəcə qanunlara istinad edilməklə kifayətlənmiş, hansı sübutları nəyə görə mötəbər hesab etdiyini, nəyə görə qəbul etmədiyini əsaslandırmamışdır. Bundan başqa məhkəmə iclasında vəsatət əsasında Ümumi Yığıncağı çağırmış Məmmədkərimovun Birliyin sədri olmadığına görə nümayəndəyə verdiyi etibarnamə qanuni olmadığı üçün qəbul edilməsə də, sonradan iddia tələbinin təmin olunmaması ilə bağlı gəlinən nəticə başa düşülən deyil. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə ona görə səhv nəticəyə gəlmişdir ki, iddiaçıların X17 28.12.2018-ci il tarixli qərarını mübahisələdirmək üçü subyektiv hüquqları mövcuddur. Belə ki, həmin qərar birbaşa onların qanunla qorunan hüquqlarına və mənafelərinə toxunur. Birinci instansiya məhkəməsi qərəzli olaraq işə mahiyyəti üzrə baxılmasında maraqlı olmamış, lazımi sübutları təqdim etmək üçün şərait və vaxt yaratmamışdır. Buna görə də, X14 guya iştirak etmiş şəxslərin bir neçə nəfərinin 2018-ci ildən daha əvvəl vəfat etməsi ilə bağlı məhkəməyə sübutları təqdim edə bilməmişlər. Bütün bu hallar isə əslində hər hansı Ümumi Yığıncağın keçirilmədiyini, yalnız sonradan sənədlərin hazırlandığını göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, onun və digər iddiaçıların təsisçilikdən çıxma barədə ərizələri olmamışdır. Digər tərəfdən hazırda mübahisələndirilən qərar qəbul edilərkən təsisçi kimi onlara məlumat verilməmişdir. Digər tərəfdən qərara uyğun olaraq edilmiş dəyişikliklər müafiq qaydada qeydiyyata alınmamışdır. Qeyd olunan pozuntular birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və lazimi qaydada araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçıların hazırki tələblər məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları olmamışdır, belə ki, iddiaçılar təsisçilikdən könüllü olaraq imtina etmişlər. Digər tərəfdən hazırdamübahisələndirilən qərar qanuna uyğun keçirilmiş, Cavabdeh2 səlahiyyət müddəti uzadılmışdır. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi izahatında bildirdi ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 2018-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən təsis edilmiş publik hüquqi şəxsdir. İddia tələbi Agentliyin hüquq və maraqlarına toxunan bir iddia tələbi deyil. Yəni iddia tələbinin rədd edilməsi Agentliyin maraqlarına və Nizamnamə qoyulmuş məqsədlərinə aid deyil. Ümumiyyətlə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin əvvəlki adı “X9 Əmlak hüquqlarının İdarəçiliyi” İctimai Birliyi olmuşdur. 2004-cü ildə Müəllif Hüquqları Agentliyində uçota alınmışdır. 2018-ci ildə Əqli Mülkiyyət Agentliyi yarandıqdan sonra qeydiyyata alma proseduru barəsində qanunvericiliyə dəyişiklik edilmişdir, akkreditasiya üsuluna keçirilmişdir. Buna əsasən də kollektiv idarəetmə təşkilatları müvafiq icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçməli və fəaliyyətini bu istiqamətdə həyata keçirməlidirlər. Bir neçə dəfə Nizamnaməyə dəyişiklik olmuşdur. Həm əvvəlki dövrün qanunvericiliyi və indi qüvvədə olan qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməli olduğu halda məlumat verilməyib. Yazılı şəkildə müraciət edilsə də Birliyin fəaliyyəti, qonorarlar, göstərdiyi sfera və s. barədə heç bir məlumat ala bilməmişlər. Birliyin Nizamnaməsində birlik əvvəl X11, sonra isə müəlliflərin hüquqlarını müdafiə edən təşkilat kimi fəaliyyət göstərsə də, akkreditasiyadan keçməmişdir. Yəni ki, birliyin fəaliyyəti qanunauyğun deyil. İddia tələbinin təmin edilməsi və ya rədd edilməsi məsələsini məhkəmənin mülahizəsinə həvalə edir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarına olan “Azərbaycan Müəllifləri” İB-nin ümumi yığıncağının 28.12.2018ci il tarixli qərardan görünür ki, Birliyin 504 nəfərdən ibarət üzvü Ümumi Yığıncaqda iştirak etmiş və Ümumi Yığıncağın gündəliyində 12 məsələ müzakirəyə çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-472/2018 saylı, 05.01.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 “Azərbaycan Müəllifləri” İB-nə və Cavabdeh2 qarşı Birliyin təsis sənədlərinin, möhür və ştampaının, ictimai birlikdə istifadəçi təşkilatlar, müəllif və hüquq sahibləri, xarici təşkilatlarla bağlanmış müqavilələrin, bank və maliyyə hesabat sənədlərinin, pul və əsas vəsait, birliyin əmlakının və birliyin digər sənədlərinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə sadalanan materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar - X1, İddiaçı2 və X5 04.08.2009-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məktubla müraciət edərək “X11 Əmək Hüquqlarının İdarəçiliyi” İB-nin onlara məxsus olan təsisçilik və digər hüquqlarından imtina etdiklərini, həmin hüquqların Cavabdeh2 keçməsinə razılıqlarını, “X11 Əmək Hüquqlarının İdarəçiliyi” İB-yə hər hansı maddi, mənəvi və digər iddia və ya tələblərinin olmadığını bildirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə İddiaçı1 iddiası onun təsisçi kimi 2008-ci ildə hüquqlarından imtina etməsi və həmin vaxtdan da Birliyin fəaliyyətində iştirak etməməsi əsası ilə rədd edilmiş, həmin qətnamədən İddiaçı1 verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5236/2018 saylı, 04.06.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, sonuncu qətnamədən yenə də İddiaçı1 kassasiya şikayəti isə AR Ali Məhkəməsinin 07.12.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandgrmgödgr ki, iddiaçılar Birliyin təsisçiliyindən könüllü olaraq imtina etdikləri, Birliyə qarşı hər hansı maddi, mənəvi və digər iddia və ya tələblərinin olmamamsı barədə öhdəlik götürdüklərindən eləcə də, bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də müəyyən edildiyindən onların hazırkı iddia tələbi ilə iddia irəli sürməyə subyektiv hüquqları yoxdur. İş materiallarına əlavə edilmiş 28.12.2018-ci il tarixli qərardan görünür ki, həmin qərar yalnız Cavabdeh2 tərəfindən deyil, X12 504 nəfərdən ibarət üzvü tərəfindən qəbul edilmişdir və Ümumi Yığıncağın gündəliyində 12 məsələ müzakirəyə çıxarılmışdır. Gündəlikdə qoyulan məsələlər isə Nizamnamə ilə müəyyən edilən Birliyin əsas fəaliyyəti ilə bağlı olmuşdur. İddiaçıların iddialarının əsasını təşkil edən onların təsisçilikdən çıxarılma məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, yuxarıda şərh edildiyi kimi, iddiaçılar hələ 2008ci il tarixdə könüllü olaraq Birliyin təsisçilyindən Cavabdeh2 xeyrinə imtina etmişlər. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddia tələbinin - İddiaçı1 münasibətdə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da digər iddiaçılar – İddiaçı2 və İddiaçı3 münasibətdə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi, yalnız İddiaçı1 2008-ci il tarixdə Birliyə dair olan hüquqlarından Cavabdeh2 xeyrinə imtina etmişdir və onun Birliyə dair hər hansı iddia qaldırmağa subyektiv hüquqlarının olmaması 2018-ci il tarixdə mülki işə baxmış məhkəmələr tərəfindən müəyyən edilərək hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, İddiaçı1 Birliyin təsisçiliyindən könüllü olaraq imtina etməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də müəyyən edildiyindən məhz İddiaçı1 hazırkı iddia tələbi ilə iddia irəli sürməyə subyektiv hüququ olmamışdır. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 isə Birliyin təsisçiliyindən könüllü olaraq imtina etməsi barədə hər hansı sübut iş materiallarında olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmış 2(011)-472/2018 saylı işdə İddiaçı1la yanaşı digər iddiaçıların da Birliyə dair olan hüquqlarından Cavabdeh2 xeyrinə imtina etmələrinə istinad etsə də, qeyd olunan mülki iş apellyasiya baxışı zamanı tələb edilərək öyrənilmiş və iddiaçılar İddiaçı2 və İddiaçı3 Birliyin təsisçiliyindən könüllü olaraq imtina etməsi barədə ərizələrinin əsilləri iş materiallarında mövcud olmamış, eləcə də həmin iş üzrə tərəf olmaları müəyyən edilməmişdir, hazırki işin materiallarına da belə bir ərizələrin əsli əlavə edilməmiş, ərizələrin surətləri məhkəməyə təqdim edilsə də, iddiaçılar ərizələrin onlar tərəfindən imzalanmadığını israrla bildirmiş, cavabdeh isə mübahisəli ərizələrin əsillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçılar - İddiaçı2 və İddiaçı3 münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 82.3-cü maddəsinə istinad etməsi düzgün olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar - İddiaçı2 və İddiaçı3 münasibətdə ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi onlara münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Republikasının Konstitusiyanın 58-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Həmin Qanunun 25-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi yığıncağın səlahiyyətinə ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi; ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi; ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; illik hesabatın təsdiq edilməsi; başqa təşkilatlarda iştirak; ictimai birliyin yenidən təşkili və ləğv edilməsi kimi məsələlərin həlli aiddir. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. İş materiallarında olan Birliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən “Azərbaycan Müəllifləri” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyrihökuməti təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir. Nizamnamənin 5-ci hissəsinə əsasən Birliyin təsisçiləri hüquqi şəxslər və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər. Təsisçilər bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də birliyin üzvləri hesab olunurlar. Təsisçilər və üzvlər bərabər hüquqlara malikdirlər. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər: bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək; birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq; birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək; birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək; öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək; onu hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək; birliyin müvafiq orqanların etiraz və şikayət etmək. Nizamnamənin 6-cı bəndinə əsasən Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. X20 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncağın səlahiyyətinə Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi, əmlakının formalaşdırılması və istifadə prinsiplərinin müəyyən edilməsi, icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl dayandırılması, illik hesabatının təsdiq edilməsi, başqa təşkilatlarda iştirak, Birliyin yenidən təşkili və ləğv edilməsi, Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, Birliyin Nizamnaməsinə eləcə də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir ki, Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. X20 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Müəllifləri” İB-nin 28.12.2018-ci il tarixli ümumi yığıncağı keçirilərkən iddiaçılar - İddiaçı2 və İddiaçı3 yığıncağın yeri və vaxtı barədə məlumat verilməmiş, əgər belə bir məlumat olubsa da həmin məlumatın İddiaçı2 və İddiaçı3 çatdırılması barədə hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Halbuki həmin yığıncağın nəticəsi olaraq qəbul edilmiş qərarla İddiaçı2 və İddiaçı3 İctimai Birliyin təsisçilikdən çıxarılmışlar. Digər tərəfdən qeyd edilən qərarda əvvəlki tərkib kimi sədr – Cavabdeh2 göstərilsə də iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 səlahiyyət müddəti 10.03.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi “Azərbaycan Müəllifləri” İB-nin 28.12.2018-ci il tarixli ümumi yığıncağı səlahiyyəti olmayan şəxsin sədrliyi keçirilmiş, eləcə də yığıncağın yeri və vaxtı təsisçilər İddiaçı2 və İddiaçı3 lazımi qaydada məlumatlandırılmamışdır. Həmçinin təsisçilər İddiaçı2 və İddiaçı3 təsisçilikdən könüllü çıxmaları barədə ərizələri mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunan pozuntuların müəyyən edilməsi istiqamətində iş materiallarını lazımi qaydada araşdırmamış və nəticə etibarı ilə Birliyin 28.12.2018-ci il tarixli qərarını qanuni hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə maddi hüquq normasını düzgün tətbiq etməməklə iş üzrə düzgün olmayan nəticə gəldiyindən iddiaçılar - İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti əsaslı olmuşdur və onların apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar - İddiaçı2 və İddiaçı3 münasibətdə ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi onlara münasibətdə təmin edilməli, İddiaçı1 apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçıların ödəmiş olduqları dövlət rüsumları onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5808/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi – iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 iddiası təmin edilsin. "Azərbaycan Müəllifləri" İctimai X8 28.12.2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 "Azərbaycan Müəllifləri" İctimai Birliyinin təsisçiliyinə bərpa olunsunlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar