Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1296/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə kollegiyası İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "mülkiyyət hüququnun müdafiəsi, qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3021/2023 saylı qərardadından cavabdeh "xxxx" MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu ərazisində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qarşısında, Şamil Əzizbəyov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində qanunsuz inşa edilməkdə olan ticarət köşkünün onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh "xxxx" MTK cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsini özbaşına artırmaqla, inşa etdiyi 27,50 kv.m əlavə sahənin öz vəsaiti hesabına sökülməsi və Bakı şəhəri, Nəsimi rayonu, Şamil əzizbəyov küçəsi, 4 saylı girişin 3-cü mərtəbəsində yerləşən mənzilinə layihədə nəzərdə tutulmayan, özbaşına qaraşdırılmış liftin istismarının dayandırılması, dərhal həmin liftin sökülməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3021/2023 saylı qərardadı ilə "xxxx" MTK-nın İddiaçı qarşı "qanunsuz tikilinin sökülməsi və liftin istismarının dayandırılması" tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" MTK şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və mülki iş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Bundan sonra İddiaçı müqavilə ilə aldığı Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi ilə S.Vurğun küçələrinin kəsişməsində yerləşən 268 kv.m sahəni təmir edərək, binanın hər iki tərəfini (qabaq və sağ tərəfin) şüşə konstruksiyası ilə üzlətdirərək 80 sm önə və sağa çəkmiş, beləliklə təsdiq olunmuş layihədən kənara çıxaraq, qeyri-qanuni 27,50 kv.m əlavə sahə əldə etmişdir. Məqsədli olaraq binanın sağ tərəfində yerləşən nəzarət köşkü ilə binanın arasında olan məsafəni daraltmış, həmin köşkün oradan götürülməsi üçün özü-özlüyündə “əsas” yaratmışdır. Məhkəmə isə göstərilən xüsusatları nəzərə almadan, göstərilən işlərin yeni görüldüyünü, sahənin “Rahat” supermarketə icarəyə verildiyi üçün təmir edildiyini nəzərə almamışdır. Həmçinin məhkəmə mübahisənin eyni tərəflər arasında eyni qeyriyaşayış sahəsi ilə bağlı aparıldığını, iddianın ayrı icraatda verildiyi təqdirdə digər işin icraatının dayandırılmasına zərurət yaranacağı, bununla da mübahisənin əsasız yerə uzanması halını nəzərə almamışdır. Eləcə də məhkəmə hazırkı mülki işin hazırlıq mərhələsində olduğunu, mübahisəyə birlikdə baxılmasının məqsədəmüvafiq olduğunu, ayrı icraatda baxılacağı təqdirdə məhkəmənin yükünün lüzumsuz yerə artacağı kimi önəmli məqamlara diqqət etməmişdir. Bir icraatda baxılmağı üçün kifayət qədər əsaslar olmasına baxmayaraq, qarşılıqlı iddianın təmin ediləcəyi təqdirdə ilk iddia tələbinin rədd olunması labüdlüyünə qiymət verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3021/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir; 155.1-ci maddəsinə əsasən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə qarşılıqlı iddianın icraata qəbul edilməsinin əsasları (3 əsas), qaydası (iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir) və müddəti (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) təsbit edilmişdir. Eyni zamanda, müddət keçdikdən sonra qarşılıqlı iddianın verilməsini mümkün edən hallar sadalanmış, lakin bu hallar belə iddianın icraata qəbul edilməsinin hər üç deyil, yalnız iki əsasına aid edilmişdir. Belə ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisələrin daha tez və düzgün baxmaqla nəticələnməsi əsası ilə qarşılıqlı iddia yalnız iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bu müddətdən sonra qarşılıqlı iddianın verilməsinə yol verilmir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olduqdan sonra, həmin tarixdə icraata qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilməklə xx.xx.2023-cü il tarixdə bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, o cümlədən bildiriş həmin tarixdə Cavabdeh MTK-nın “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Göndərilmiş bildiriş isə "xxxx" MTK tərəfindən poçt qəbzinə imza edilməklə xx.xx.2023-cü il tarixdə rəsmi olaraq qəbul edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə kooperativ “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Lakin qarşılıqlı iddia ərizəsini məhkəməyə, yalnız xx.xx.2023-cü il tarixdə verilmişdir. Halbuki, ona təqdim edilmiş məhkəmə bildirişinə əlavə edilmiş prosessual hüquq və vəzifələrin izahına dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən çıxarışda qarşılıqlı iddianın verilməsi qaydasını və müddətini əks etdirən 154-cü və 155-ci maddələrin məzmunu açıqlanmışdır. Bununla belə, qeyd edilən prosessual hərəkətin yerinə yetirilməsi üçün müddətin axını xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. xx.xx.2023-cü il tarixdən (poçt vasitəsi ilə təqdim edilmə tarixi) hesablandıqda isə müddətin axını xx.xx.2023-cü il tarixdə bitmiş olur. Bununla belə, hər iki halda cavabdeh mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ünvanlaması isə onun iddia ərizəsi ilə tanış olduğuna dəlalət edir. Qeyd edilənlər öz növbəsində qarşılıqlı iddianın müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir. Məhkəmə kollegisyası o halı da qeyd edir ki, hər iki iddianın predmetini ayrı-ayrı əmlaklar təşkil edir. Belə ki, ilk iddia ticarət köşkünün sökülməsi ilə bağlı olduğu halda, qarşılıqlı iddia İddiaçı məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin və liftin sökülməsi ilə bağlıdır. Hər iki mübahisənin tərəfləri eyni olsa da, predmetləri fərqlidir. Bu baxımdan qarşılıqlı iddia Mülki Prosessual Məcəllənin 156.1.3-cü maddəsində əks etdirilmiş hala uyğun gəlir. Bu halın mövcudluğu da digər iki haldan fərqli olaraq, müəyyən edilmiş 20 günlük müddətin keçməsindən sonra iddianın verilməsini ümumiyyətlə qeyri-mümkün edir. Halbuki, hazırki vəziyyətdə digər iki haldan hər hansı birinin mövcud olması da qarşılıqlı iddianın icraata götürülməsi üçün hər hansı əsas yaratmış olmur. Belə ki, qarşılıqlı iddianın verilməsi üçün əsasların məhz 2023-cü ilin dekabr ayında (5 aydan sonra) əmələ gəlməsini, habelə qarşılıqlı iddianın müəyyən edilmiş müddətdə təqdim edilməsinin tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmamasını təsdiq edən hər hansı sübut mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MTK-nın qarşılıqlı iddiasını geri qaytarmaqda haqlı olmuşdur. Cavabdeh "xxxx" MTK qarşılıqlı iddianı iddia ərizəsinin surətini aldıqdan sonra mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddət ərzində verməmiş, bu müddətin keçməsindən sonra verilməsini isə mümkün edən hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3021/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1296/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1296/2024
30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver