Məhkəmə qərarları › İş №2(103)-1296/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1296/2025

30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1296/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2004-cü il tarixli, 154/A saylı müqavilə üzrə 231.000 ABŞ dolları məbləğində borcun və məhkəmə xərcləri üzrə 1.500 manat pulun tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2004-cü il tarixli, 154/A saylı müqavilə üzrə 23.100 ABŞ dolları məbləğində (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borcun tutularaq İddiaçı Mənzil Tikinti” Kooperativinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və apellyasiya şikayətini işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən apellyasiya şikayətinin verilmə müddətini bərpa etməklə apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qərardadı tamamilə qanunsuz və əsassızdır, onun hüquqlarını kobud şəkildə pozur. Qətnamədən “xəbərdar” və ya məlumatlı olmaq, habelə onun nəticə hissəsinin təsdiq olunmuş surətinin tərəflərə rəsmi qaydada verilməsi qətnamənin surətinin verilməsi kimi qiymətləndirilə bilməz (AR MPM-in 360-cı maddəsi). Məhkəmə qərardadında göstərmişdir ki, “Məhkəmə qətnaməsi ona məhkəmənin yekun iclasında da elan edilmiş və bunun üzərindən 7 aydan çox müddət keçmişdir. Bu halda məhkəmə qətnaməsinin ona rəsmi verildiyi andan deyil, cavabdehin qətnamənin ona (cavabdehə) məlum olduğu andan hesablanmasını ədalətli və ağlabatan hesab edir”. Halbuki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin məlum iş üzrə qətnaməsində də onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayətin verilə bilməsi göstərilmişdir. Qətnamədə göstərilən bu hal indi də heç kim tərəfindən ləğv edilməyibdir. Göstərilən bu hal məhkəmənin özünün qərardadında göstərdiyi kimi məlum qətnamə də ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Prosessual müddətin bərpası ilə hər hansı bir prosessual hüququn həyata keçirilməsi üçün qanuna müəyyən edilmiş müddət bitdikdən sonra həmin hüququn həyata keçirilməsi üçün konkret şəxsə imkan verilməməsi başa düşülür. Bununla belə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin göstərilən qətnaməsi MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş rəsmi qaydada ona verildiyi gündən 1 ay müddət keçsəydi onda AR MPM-nin 133-cü maddəsinin göstərilən tələblərini tətbiq etmək olardı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, bundan sonra cavabdeh “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə (vəsatətlə) ilə məhkəməyə müraciət edərək, onun da iştirakı təmin edilməklə şikayət üzrə işə məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası həmin vəsatəti əsaslı hesab etmədiyindən təmin etməmişdir. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qətnaməsi cavabdehin iddia ərizəsində qeyd edilmiş ünvanına göndərilmiş, lakin zərf “Bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Daha sonra sözügedən qətnamə 11 mart 2024-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “tələbin pensiyaya yönəldilməsi barədə” ərizələrlə həmin icra şöbəsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra olunması üçün icra şöbəsinə göndərilməsinə və icra sənədinə əsasən ondan iddiaçının xeyrinə tutulmalı olan məbləğə (23.100 ABŞ dolları) istinad edərək, bu borcu ödəməkdən imtina etmədiyini bildirərək, icra sənədi üzrə tələbin pensiyasının 25%-nə yönəldilməsini xahiş etmişdir. Başqa sözlə cavabdeh ən azı aprel ayında qətnamə barədə məlumatlı olmuş, həmin qətnamədən narazı olmamış, hətta icra edilməsi üçün icra şöbəsinə bir deyil, iki dəfə ardıcıl olaraq şəxsən müraciət etmiş və tutmanın onun pensiyasına yönəldilməsini xahiş etmişdir. Digər tərəfdən qətnamənin elan edildiyi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh şəxsən iştirak etmişdir. Qeyd edilənlərə baxmayaraq, cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinin bugünədək ona təqdim olunmadığını bildirmiş və qətnamənin rəsmi şəkildə ona təqdim olunmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni rəsmi qaydada əldə etmişdir. Bundan sonra isə xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin səbəbini üzürlü hesab edərək, bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Halbuki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda iddiaçı tərəfindən göstərilən hal bu hallara aid deyil. Nəticə etibarı ilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində apellyasiya şikayətinin verilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qətnaməsindən şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar