Məhkəmə qərarları › İş №2(103)-1301/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1301/2022

02.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1301/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı Yaqub oğlunun, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Yaqub oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7267/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 51 saylı dövlət notariat kontoru cəlb edilməklə) “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mənzilə dair ünvan 2500 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 410 saylı bağ sahəsinə dair Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 31.10.2020-ci il tarixli 4Ə-1501 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini etibarsız hesab edilməklə, ondan yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə qızı Cavabdeh2 arasında bağlanan, Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqviləsini etibarsız hesab edərək, ondan yaranmış hüquqi nəticələrin ləğv edilməsi həmçinin müqavilələr etibarsız hesab edildikdən sonra qeyd olunan birgə nikah dövründə əldə olunan hər üç əmlakın Cavabdeh1 qız ilə aralarında ½ hissədə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 24 aprel 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və X4 doğulmuşdur. Arvadı Cavabdeh1 təkidi ilə öz mülkiyyətində olan və valideynlərindən ona miras qalmış bağ və mənzili oğlu Cavabdeh3 və qızı Cavabdeh2 adına bağışlama müqaviləsi ilə keçirmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh1 onu aldadaraq əmisi X1 bağışlama müqaviləsi əsasında ünvan 5ni 1998-ci ildə onun mülkiyyətinə vermiş elə həmin il o arvadının adına bağışlamışdır. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 410 saylı bağ sahəsi atası öləndən sonra anası və bacısı onun xeyrinə vərəsəlik paylarından imtina etdiklərindən onun adına vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan başqa ünvan 3 ünvanındakı mənzili mülkiyyətinə 1997-ci ildə alğı-satqı müqaviləsi əsasında keçirmişdir. Bakı şəhəri 51 saylı dövlət notaria kontorunda 31.10.2020-ci il tarixli 4Ə-1500 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə ünvan 4 ünvanındakı mənzili ailə üvlərinin təkidi ilə Cavabdeh3 adına keçirilmişdir. Elə həmin gün Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 31.10.2020-ci il tarixli 4Ə-1501 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə atasından ona miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 410 saylı bağ sahəsini arvadının təkidi ilə oğlu Cavabdeh3 adına keçirmişdir. Bundan başqa birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsini Cavabdeh1 Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə qızı Cavabdeh2 adına keçirməklə birgə nikah dövründə əldə edilmiş əmlakdan onu məhrum etmişdir. Nəticədə onun heç bir əmlakı qalmamaqla yanaşı onu qaldığı evdən də, ailə üzvləri təhqir edərək çıxarmışlar. Buna görə o, məhkəməyə müraciət edərək, valideynlərindən miras qalan bağının ona qaytarılması və birgə nikah dövründə əldə etdikləri və hazırda qeydiyyatda olduğu ünvan 3 ünvanındakı mənzilə dair bağışlama müqaviləsi etibarsız hesab edilməklə birgə nikah dövründə əldə etdikləri üçün Cavabdeh1 ilə bərabər paylara bölünməsini xahiş edir. Cavabdehlər onu aldadaraq, etibarından suiistifadə edərək, əmlaklarını ələ keçirmişlər. Ona psixoloji təsir etməklə aldatma yolu ilə bağışlama müqavilələrini bağlamağa nail olmaqla onu ağır vəziyyətə salmışlar. Onun nə valideynlərindən ona qalan bağları, əziyyətlə işləyib aldığı evi əlindən çıxmışdır. Çünki onun mülkiyyətində olan əmlakları başqa formada əldə edə bilməyəcəklərini bildiklərindən ona şər atmaqla əmlaklarını ələ keçirdikdən sonra onu evdən qovmuşlar. Bundan başqa Cavabdeh3 ünvan 3 ünvanındakı mənzili satışa qoymuşlar. Bu da bir daha sübut edir ki, keçmiş ailə üzvlərinin məqsədi əmlaklarını ələ keçirmək olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7267/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi-vəkili onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin olunmasını xaniş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və nümayəndə-vəkil apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 və maraqlı şəxs Bakı şəhəri 51 saylı dövlət notariat kontorunun nümayəndəsi səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verir. İddiaçı, Cavabdeh1, X4 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verənlər İddiaçı, Cavabdeh1, X4 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran Bağ massivi, 410 saylı sahə üzərində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verirlər. Müqavilə bağlanan zaman Cavabdeh2 adından və X3 adından X5 çıxış etmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanan 27.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə verir. Bakı şəhəri 51 saylı notariat ofisinə vermiş olduğu elektron ərizəsində arvadı Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,15 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazının olmadığını və bununla razı olduğunu bildirmişdir. 21 iyun 2001-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismar birliyi komissiyasının sərəncamı ilə Nardaran qəsəbəsində olan 411 saylı 0,15 ha torpaq sahəsi Cavabdeh1 adına bağın icarəyə verilməsi haqqında 7840 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir. 21 iyun 2001-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismarı birliyi komissiyasının sərəncamı ilə Nardaran qəsəbəsində olan 410 saylı 0,25 ha torpaq sahəsi İddiaçı adına bağın icarəyə verilməsi haqqında 4187 nömrəli müqavilə ilə rəsmiləşdirilmiş, həmin tarixdə Təlan Əliyevin ərizəsi əsasında bağ sahəsi Cavabdeh1 adına keçirilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər birbirlərinin ailə üzvləridirlər - iddiaçı Cavabdeh1 əri, Cavabdeh2 və Cavabdeh3 isə onun Cavabdeh1 ilə olan nikahından doğulan uşaqlarıdır. İddiaçı ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermişdir. 21 iyun 2001-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən “Birlik” bağlar təsərrüfatının və istismarı birliyi komissiyasının sərəncamı ilə Nardaran qəsəbəsində olan 410 saylı 0,25 ha torpaq sahəsi İddiaçı adına bağın icarəyə verilməsi haqqında 4187 nömrəli müqavilə ilə rəsmiləşdirilmiş, həmin tarixdə Təlan Əliyevin ərizəsi əsasında bağ sahəsi Cavabdeh1 adına keçirilmişdir. İddiaçı, Cavabdeh1, X4 və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanan 31.10.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran Bağ massivi, 410 saylı sahə üzərində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verilmişdir. Tərəflər arasında mübahisənin əsas mahiyyəti ondan ibarətdir ki, iddiaçı alğı-satqı və vərəsəlik yolu ilə əldə etmiş olduğu əmlakların cavabdehlər tərəfindən aldadılaraq, sonunculara bağışlandığını, nəticədə mülkiyyətçi olaraq əmlakına olan hüquqlarından və əmlaklarından məhrum olduğunu iddia edir. Cavabdehlər isə iddia tələbini qəbul etmir. Birinci instansiya məhkəməsi iddiaçının aldadıldığına və ona psixoloji təzyiq göstərilməsi ilə bağlı istinad etdiyi hallar tədqiq edilmiş sübutlar əsasında öz təsdiqini tapmadığı, bununla bağlı əsaslı sübutlar təqdim edilmədiyini, müqavilənin bağlanması zamanı hər hansı qanunsuzluğa yol verilmədiyini və müqavilənin tərəflərin iradə ifadəsinə uyğun olduğunu vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmiş, hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-ci, 339.1, 666.1-ci və 673-cü maddələri ilə izah etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə görə isə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Şərh olunanlar kontekstində işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, iddiaçı istinad etdiyi halları, yəni ünvan 1 ünvanındakı mənzilə dair ünvan 2500 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 410 saylı bağ sahəsinə dair Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 31.10.2020-ci il tarixli 4Ə-1501 saylı Cavabdeh3 adına keçirilən daşınmaz əmlakın bağışlanması müqaviləsini, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 411 saylı bağ sahəsinə dair Cavabdeh1 ilə qızı Cavabdeh2 arasında bağlanan, Bakı şəhəri 51 saylı dövlət notariat kontorunda 27 yanvar 2021-ci il tarixli 4Ə-120 saylı daşınmaz əmlakın bağışlanması müqviləsini ona psixoloji təsir etməklə aldatma yolu ilə bağlanmasına dair mötəbər sübut növü təqdim etməmişdir. Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, qanunvericilik hədiyyə verənin bağışlamadan imtina etməsini Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrində sadalanan əsaslardan birinin mövcud olması ilə şərtləndirmişdir ki, işin müəyyən olunmuş halları ilə həmin əsasların mövcud olması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7267/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar