Məhkəmə qərarları › İş №2(103)-1304/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1304/2020

15.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1304/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1863/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 122 saylı evin 4 saylı mənzilinin (bundan sonra – mübahisəli mənzil) 1/3 hissəsinin Cavabdeh, 2/3 hissəsinin isə onun xeyrinə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.1983-cü il tarixdə rəsmi ailə qurmuşdur. Onların birgə nikahlarından 1986-cı il təvəllüdlü Salman, 1987-ci il təvəllüdlü Sevinc, 1989-cu il təvəllüdlü Səbinə, 2001-ci il təvəllüdlü Xədicə adlı uşaqları doğulmuşdur. X1 İİ qrup əlildir. Nikahın pozulması barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə vermişdir. Birgə nikah dövründə mübahisəli mənzili əldə etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1863/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək mübahisəli mənzilə 1/2 pay nisbətində iddiaçının, 1/2 pay nisbətində cavabdehin paylı mülkiyyət hüququnun tanınması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 122 saylı evin 4 saylı mənzilinin bölünməsində onun payının artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil birgə nikah dövründə olsa da, nikahdan əvvəl əldə etdiyi vəsaiti hesabına əldə edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, uşaqlarından biri Səbinə 1-ci qrup əlildir və onun qəyyumluğuna verilib. Apellyasiya baxışı zamanı cavabdeh şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verərək mənzilin bölünməsində onun payının artırılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər xx xxxxxx 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər 2006-cı ildə - birgə nikah dövründə mübahisəli mənzilini əldə etmişlər və həmin mənzilin tam mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli, 12960 saylı ekspert rəyinə əsasən mənzilin tərəflər arasında 1/3 və 2/3 paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsi İnşaat norma və qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32). Mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (36.3). Ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (37.1.). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 34.1). Oxşar məzmunlu normalar Mülki Məcəllənin 225-ci maddəsində də təsbit edilmişdir. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Ər-arvad arasındakı ümumi əmlakın bölünməsi zamanı onların payları bir qayda olaraq bərabər hesab edilir. Bununla yanaşı, qanunverici ayrı-ayrı hallarda yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alaraq payların qeyri-bərabər bölünməsini də mümkün hesab edir. Qanun yalnız tərəflərin birgə nikahlarından uşaqlarının olmasını və həmin uşaqların valideynlərdən birinin yanında qalmasını həmin valideynin payının daha çox müəyyən edilməsinə birmənalı əsas hesab etmir. Ailə qanunvericiliyinin mənasına görə qeyri-bərabər bölgünün uşaqların mənafeyindən və (və ya) tərəflərdən birinin diqqətəlayiq mənafeyindən irəli gəldiyi əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən tərəflərin həmin əmlaka bərabər payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından mübahisəsiz qaydada göründüyü kimi mübahisəli mənzil tərəflərin nikahda olduqları dövrdə cavabdehin adına qeydə alınmışdır. İşdə mənzilin ər-arvadın birgə vəsaiti hesabına əldə olunmadığı və cavabdehin nikahdan əvvəl əldə etdiyi vəsait hesabına alındığı barədə heç bir sübut yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə müvafiq olaraq nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmış, 1-ci qrup əlil uşağın qalması bölgünün qeyri-bərabər aparılması üçün tutarlı səbəb deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1863/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar