Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1305/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı MTK-nın nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə2, habelə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3999/2023 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MTK (bundan sonra “iddiaçı”) xx.xx.2004-cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin Kooperativin sədri Nümayəndə2 təyin edilmişdir. İddiaçının xx.xx.2012-ci il tarixdə keçirilmiş payçılarının ümumi yığıncağında mənzildə yaşayıbyaşamamağından asılı olmayaraq hər bir MTK üzvünün xx.xx.2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün 15 manat, 2 otaqlı mənzillər üçün 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün isə 24 manat, qeyri-yaşayış sahələri isə hər kv.m. görə 50 qəpik olmaqla kommunal xidmət haqqı ödəməsi, vaxtında kommunal xidmət haqqını ödəməyən MTK üzvünün mənzilinə, obyektlərinə elektrik enerjisinin verilməsinin dayandırılması qərara alınmışdır. xx.xx.2012-ci il tarixdə iddiaçı sadələşmiş vergi ödəyici kimi qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Vergilər Departamentinə müraciət ünvanlamış, lakin müsbət cavab almadığı üçün MTK hüquqi fəaliyyətini dayandırmışdır. Bundan sonra xx.xx.2012-ci il tarixdə "xxxx" MMC təsis edilmişdir. Həmin cəmiyyətin də təsisçisi və qanuni təmsilçisi Nümayəndə2dur. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MTK iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birindən 756 manat və ödənilmiş 64 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə ünvan 2 ünvanında 6 girişli, 11 mərtəbəli, 4 nömrəli yaşayış binasının tikintisinə dair Kooperativlə “ANT İnşaat təmir-tikinti” MMC arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən binanın tikintisi başa çatdırılmış və xx.xx.2018-ci il tarixli, 001806 saylı istismara hazırlıq aktı alınaraq təhvil verilmişdir. Kooperativin payçılarının Ümumi Yığıncağının xx.xx.2012-ci il tarixli iclas protokoluna əsasən mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq hər bir payçıdan xx.xx.2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün aylıq 15 manat, 2 otaqlı mənzillər üçün aylıq 18 manat, 3 otaqlı mənzillər üçün aylıq 21 manat, 4 otaqlı mənzillər üçün aylıq 24 manat, qeyri-yaşayış sahələri üçün isə hər kv.m. görə 0,50 manat olmaqla kommunal xidmət haqqı müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilən qərar MTK tərəfindən binanın bloklarının girişində və binanın digər yerlərində sakinlərin binaya daxil olarkən asanlıqla görə biləcəyi yerdə asılmışdır. Binanın ümumi əmlakının lazımi qaydada saxlanılması və bina sakinlərinin normal yaşayış səviyyəsini təmin etmək məqsədilə binaya su nasosları vasitəsi hər gün fasiləsiz içməli suyun verilməsi, liftlərin daim işlək vəziyyətdə saxlanılması, məişət tullantılarının gündəlik olaraq daşınması, su hövzələrinin vaxtaşırı təmizlənməsi, binanın daxili və xarici hissələrinin təmiz saxlanması və s. digər kommunal xidmətlər, həmçinin binanın xarici və daxili hissəsində bir sıra cari təmir kosmetik işlər MTK tərəfindən davamlı olaraq göstərilməkdədir. Belə ki, MTK tərəfindən istehlak edilmiş elektrik enerjisinin sərfiyyat dəyəri aylıq mövsümdən asılı olaraq 150-650 manat civarında, məişət tullantılarının daşımasına görə isə hər ay stabil olaraq 200 manat təşkil edir və MTK tərəfindən gecikdirilmədən davamlı olaraq ödənilir. Lakin binanın bir sıra yaşayı və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə dəfələrlə MTK tərəfindən şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ardıcıl olaraq bir neçə ildir ki, binanın ümumi əmlakının saxlanması üçün nəzərdə tutulmuş kommunal haqları ödəməkdən, həmçinin MTK ilə kommunal xidmətlərə dair müqavilə bağlamaqdan qəsdən boyun qaçırırlar. Belə ki, ümumi sahəsi 107,59 kv.m. olan 3 otaqlı 62 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 105,95 kv.m. olan 3 otaqlı 47 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 88,59 kv.m. olan 3 otaqlı 117 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 107,59 kv.m.olan 3 otaqlı 85 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756) məbləğində kommunal xidmətlərə görə borcu vardır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3999/2023 saylı qətnaməsi ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X6)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsində yerləşən 4 saylı binanın mülkiyyətçiləri olan cavabdehlərlə kommunal xidmətin göstərilməsi ilə bağlı İddiaçı MTK arasında hər hansı müqavilə bağlanmamışdır. İddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir. İddiaçı məhkəmə baxışı iclası zamanı bildirmişdir ki, onun tərəfindən "xxxx" MMC yaradılmış və kommunal ödənişlər həmin sonuncu hüquqi şəxs tərəfindən həyata keçirilməkdədir. Bu isə bir daha deməyə əsas verir ki, hazırki iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmamışdır. Bundan başqa mülki iş materiallarına əlavə edilmiş İddiaçı MTK-nın nizamnaməsində belə mənzil mülkiyyətçilərindən, habelə mənzil istifadəçilərindən kommunal ödənişlərin alınması və bu kimi fəaliyyətin həyata keçirilməsi də nəzərdə tutulmamışdır. Bundan əlavə isə İddiaçı MTK kommersiya hüquqi şəxs kimi yaradılmaqla məqsədi kommersiya fəaliyyəti olmuş və daha sonradan öz fəaliyyətini dayandırmışdır. Bu halda belə kommunal ödənişlərin alınması və ya tələb edilməsi fəaliyyəti dayandırılmış hüquqi şəxsin hüquqi statusuna ziddir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu, 124-cü, 125-ci, 127-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK hazırda məhz tikinti fəaliyyətini dayandırmış, lakin binanın mülkiyyətçiləri tərəfindən binanın idarəetmə üsulu indiyədək seçilmədiyindən MTK-nın Nizamnaməsinə, həmçinin mənzil qanunverciliyinə əsasən sakinlərə kommunal xidmətlərin göstərilməsi fəaliyyətini davam etdirmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MTK Nizamnaməsinin 3.3-cü bəndində mənzil tikinti kooperativinin həyata keçirə biləcəyi fəaliyyət növləri kimi bina və yaşayış evlərinin, komplekslərin, qurğuların tikintisi, yolların salınması o cümlədən, digər tikinti xidmətinin göstərilməsi, reklam, kommersiya,biznes,marketinq və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərini həyata keçirməsi öz əksini tapmışdır. Həmin Nizamnamənin 7.1.3-cü bəndinə əsasən isə pay haqqının, evin saxlanması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək X3 müstəsna səlahiyyətlərinə aid edilmişdir. Həm MTK-nın Nizamnaməsindən, həm də mənzil qanunvericiliyinin normalarından bir daha aydın olur ki, mənzil tikinti kooperativləri tərəfindən mülkiyyətçilərə kommunal xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olması və həmin xidmətlərə görə haqqın miqdarının müəyyən edilməsi qanunla qadağan edilməmişdir. Mənzil tikinti kooperativlərinin idarəetmə orqanı, yəni Ümumi Yığıncağı dedikdə, birbaşa olaraq mənzil tikinti kooperativinin payçıları olan elə sakinlərin özləri başa düşülür və nə qədər ki, binanın idarəetməsinin digər alternativ üsulu mülkiyyətçilərin özü tərəfindən seçilməyib, binanın idarəetməsini payçıları olduğu mənzil tikinti kooperativi tərəfindən, yəni dolayısı ilə sakinlərin elə özləri tərəfindən idarə edilməsi tam qanunauyğun və məntiqli hesab edilməlidir. Bunun təsdiqi kimi Mənzil Məcəlləsinin 109.2-ci maddəsini göstərmək olar, hansında ki, qeyd olunur ki, mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Məhkəmə hazırki iş üzrə adı çəkilən binanın idaretməsinin idarəedici təşkilata verilməsi barədə sahə mülkiyyətçilərinin ümumi yığıncağının müvafiq qərarının olmamasını nəzərə almamış və kommunal xidmətin göstərilməsi ilə bağlı cavabdehlərələ MTK arasında hər hansı müqavilə bağlanılmadığını əsas gətirərək qeyd edilən maddi hüquq normalarını səhv tətbiq etmişdir. Çoxmənzilli binanın idarə edilməsi üsulunu seçmək sahə mülkiyyətçilərinin müstəsna hüququ olmaqla bərabər həm də vəzifəsidir. Lakin iş üzrə cavabdehlərlə bərabər sözügüdən binanın mülkiyyətçiləri bina "xxxx" MTK tərfindən tikilib başa çatdırldıqdan bu günə kimi binanın idarə edilməsi üsulunu seçməmiş və qanunvericiliklə onlara verilmiş müstəsna hüquqdan yararalanmamqla yanaşı, qanunla onların üzərinə düşən vəzifəni icra etməmişdirlər. Məhz bu səbəbdən də binanın saxlanması bu günə kimi faktiki olaraq binanı inşa edən iddiaçı "xxxx" MTK tərəfindən həyata keçirlməkdədir və nə qədər ki binanın idaretməsinin idarəedici təşkilata verilməsi barədə sahə mülkiyyətçilərinin ümumi yığıncağının müvafiq qərarı yoxdur, kommunal haqların yığımına görə hər bir mülkiyyətçi ilə müqavilə bağlanılması MTK-dan tələb edilə bilməz. Həm mənzil qanunverciliyi ilə, həm də "xxxx" MTK tərəfindən tikinti fəaliyyətini dayandırmasına baxmayaraq, faktiki olaraq binanın saxlanmasını və mülkiyyətçilərə kommunal xidmətlərin göstərilməsini həyata keçirdiyindən, hansı ki iş üzrə sübutlarla (bina sakinlərinin izahatları, binanın elektrik enerjisinə və məişət tullantılarının daşınmasına görə iddiaçı tərəfindən mütəmadi olaraq illər ərzində ödəniş etməsi ilə bağlı ödəniş qəbzləri) təsdiq olunur. Bu hal özlüyündə "xxxx" MTK-ya göstərdiyi kommunal xidmətlərə görə kommunal haqların yığımını həyata keçirməyə faktiki baxımdan və qanunvericilik nöqteyi nəzərindən tam hüquqi ixtiyar verir. Bu səbəbdən də MTK hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün tam subyektiv hüquqa malikdir. Hazirki iş üzrə cavabdehlərin bir qismi binanın liftindən mütəmadi olaraq istifadə etmələrini, yaşadıqları mənzilə fasiləsiz olaraq içməli su ilə təchiz olunmasını, məişət tullantılarının daşınmasını və digər kommunal xidmətlərin məhz MTK tərəfindən göstərildiyini məhkəmə iclasında bildirmişdirlər. Lakin onlar faktiki olaraq onlara göstərilən kommunal xidmətlərdən mütəmadi olaraq istifadə etdiyi halda məhz hansı səbəbdən kommunal haqqları ödəməkdən boyun qaçırmalarını əsaslandıra bilməmişdirlər. Məhkəməyə sübut qismində 80 nəfərə yaxın, yəni binada yaşayan mülkiyyətçilərinin yarıdan çoxunun izahatları təqdim edilmiş və həmin izahatlarda sakinlər "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlərə görə müəyyən edilmiş haqların miqdarı ilə razı olduqlarını və kommunal xidmətlərə görə mütəmadi olaraq ödənişlərini həyata keçirdiklərini qeyd etmişdirlər. Cavabdehlər öz əməlləri ilə qanunazidd hərəkətsizlik göstərərək mənzil qanunvericiliyi ilə onların borcu olduğu halda binanın idarəetməsi üsulunun seçilməsi ilə bağlı heç bir addım atmamış, bununla yanaşı vicdanlılıq prinsipinə zidd olaraq faktiki olaraq "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlərindən illərlə faydalanmalarına baxmayaraq istifadə etdiyi kommunal xidmətlərə görə heç bir ödəniş aparmamışdırlar. Belə ki, onların bu cür hərəkəti binanın saxlanmasına və "xxxx" MTK tərəfindən mülkiyyətçilərə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına əsaslı şəkildə mane olmaqla yanaşı, həmçinin kommunal haqları mütəmadi olaraq ödəyən, öz məsuliyyətini dərk edən böyük əksəriyyətə malik bina sakinlərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi ilə bağlı hüquqlarının kobudcasına pozulmasına və aşkar ədalətsizliyə səbəb olmaqdadır. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edlən halları nəzərə almayaraq işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olacağını müəyyən etmədən qərar qəbul etmişdir. "xxxx" MMC adlı hüquqi şəxsinin yaradılmasına baxmayaraq, mülkiyyətçilər tərəfindən binanın idarəetməsinin idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulunun seçilməsi və "xxxx" MMC adlı hüquqi şəxsin binanın idarəetməsini həyata keçirilməsinə sahə mülkiyyətçilərinin razılığı barədə sahə mülkiyyətçilərinin Ümumi Yığıncağının müvafiq qərarı olmadığından "xxxx"-2012 MMC tərəfindən belə bir fəaliyyət həyata keçirilməmişdir. Göründüyü kimi, məhkəmə bu və yuxarıda qeyd edilən iş üçün əhəmiyyət kəsb edən digər halları tam, hərtərəfli araşdırmadığından və nəticə etibarilə mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh4 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, "xxxx" MTK-nın sədri Salman Murquzov özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, sakinləri aldadaraq, yalandan saxtakarlıqdan istifadə edərək, eyni və ya oxşar adlı MMC təsis etmişdir. Adının eyni olmasından istifadə edərək, sakin və obyekt sahiblərindən qanunsuz olaraq, pul yığmışdır. 2013-cü ildən bugünə kimi vətəndaşlara mütəmadi olaraq, külli miqdarda zərər vurmuşdur. Apellyasiya şikayətinin rədd olunması ilə yanaşı eyni zamanda, "xxxx" MTK-nın rəhbəri barəsində xüsusi qərardad çıxarılmalı və onun əməllərində cinayət tərkibinin olub-olmadığının araşdırılması üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilməlidir. Digər cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə2, habelə nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və buna uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdirlər.
11. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. 13 Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. .
Tətbiq edilən hüququ
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2.3-cü və 135.2.4-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir; 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
25. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır.
26. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
27. Hazırda iddiaçı cavabdehlərin yaşadığı ünvan 2 ünvanında 6 girişli, 11 mərtəbəli, 4 nömrəli yaşayış binasına kommunal xidmətlər göstərdiyini, cavabdehlərin həmin xidmətlərdən yararlanmasına baxmayaraq, bunun üçün müəyyənləşdirilmiş aylıq xidmət haqlarını ödəmədiyini, nəticədə kommunal xidmətlərə görə cavabdehlərin hər birinin 3 il üzrə 756 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onlardan tutulmasını tələb edir.
28. Lakin həm apellyasiya şikayətində əks olunmuş dəlillərdən, həm də iddiaçının nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarından iddiaçının fəaliyyətinin rəsmi olaraq 2012-ci ildən dayandırıldığı müəyyən edilir. Hazırda həmin binanın sakinlərinə, o cümlədən cavabdehlərə kommunal xidmətlər faktiki olaraq xx.xx.2012-ci il tarixdə təsis edilmiş "xxxx" MMC tərəfindən göstərilir. Bu xidmətlərə görə ödənişlərin aparılmasını təsdiq edən qəbzlər də məhz "xxxx" MMC tərəfindən tərtib və təqdim edilir. İddiaçı tərəfindən belə bir xidmətlərin göstərilməsi, habelə bu xidmətlərə görə iddiaçıya rəsmi olaraq hər hansı məbləğdə kommunal haqqın ödənilməsi müəyyən edilmir. Mövcud vəziyyətdə iddiaçı hüquqi nəticə etibarı ilə göstərmədiyi, hətta fəaliyyətinin dayandırılması səbəbindən ümumiyyətlə göstərməsi qeyri-mümkün olan xidmətlərə görə cavabdehlərdən haqq tələb edir. Belə ki, iddiaçının bu barədə rəsmi olaraq səlahiyyətli orqana müraciət etməklə fəaliyyətini dayandırması həmin dövr ərzində onun hər hansı faktiki fəaliyyəti əks etdirən hərəkətlər etməsini, o cümlədən kommunal xidmətlər göstərməsini istisna edir. Bu baxımdan mövcud vəziyyətdə iddiaçı cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir.
29. Məhkəmə kollegiyası Cavabdeh4 İddiaçı MTK-nın rəhbəri barəsində xüsusi qərardadın çıxarılması barədə müraciəti ilə bağlı qeyd edir ki, cavabdehin bu müraciəti hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə iddiaçının rəhbərinin hərəkətlərində cinayətin əlamətləri aşkar edilməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti (3.024 manat) məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3999/2023 saylı qətnaməsi İddiaçı Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MTK-ya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.