Məhkəmə qərarları › İş №2(103)-1308/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1308/2021

13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1308/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçıların vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-878/2020 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixdə saat 23:45 radələrində “BMW” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti haqqında qanunun tələblərini pozaraq “BMW” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla İddiaçı1 vurulmuş 13980 manat məbləğində maddi ziyanın və 10000 manat mənəvi zərərin, vəkilə ödənilmiş 110 manat pulun və 30 manat məbləğində dövlət rüsumun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, İddiaçı2 avtomobilsiz qalmağına görə 1000 manat məbləğində pulun və 10000 manat məbləğində mənəvi zərərin, vəkilə ödənilmiş 220 manat məbləğində pulun həmin yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş Cavabdeh tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-878/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 12450 (on iki min dörd yüz əlli) manat maddi ziyan, 110 (yüz on) manat hüquqi xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İXM-nin 333.3-cü maddəsi itə təqsirli olub-olmaması barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. İddiaçı2 barəsində İXM-nin 346.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin protokol mübahisələndirilməmişdir. Yəni buradan aydın olur ki, İddiaçı2 avtomobili düzgün park etmədiyinə görə təqsirinin olduğunu etiraf etmişdir. Məhkəmə işə baxarkən cavabdehin təqsirli olubolmamasını, iddiaçının avtomobili düzgün park etmədiyinə görə yol-nəqliyyat hadisəsinin baş verməsini, cavabdehin avtomobilinə vurulmuş ziyanı müəyyən etməmiş, işə birtərəfli qaydada qeyri-obyektiv olaraq baxmış və qətnamə qəbul etmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin atası eyni zamanda etibarnamə üzrə nümayəndəsi X2 iştirak etmiş və iş materialları ilə tanış olmadığı üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin işə baxan hakim onun vəsatətini nəinki nəzərə almamış, iclas protokolunda və qətnamədə onun iştirakını qeyd etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə hərtərəfli və obyektiv şəkildə baxmamış, maddi və prosessual normaların pozulması ilə qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 23:45 radələrində Cavabdeh idarə etdiyi və mülkiyyətində olan “BMW” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı1 məxsus “Porsche Panamera GTS” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Səbail RPİnin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cəlil Əsədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə, ünvan 1 ünvanında baş vermiş yol nəqliyyat hadisəsi əsasında toplanmış 1 NK-539 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞnin vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilməsi, qərarın surətinin sürücü İddiaçı2 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. “xxxx” MMC xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, İddiaçı1 məxsus olan “Porsche Panamera GTS” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği cəmi 13980 manat təşkil edir. O cümlədən: ehtiyat hissələrinin qiyməti - 10100 manat; təmir-bərpa işlərinin qiyməti - 3880 manat. Məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş 1NK-539 saylı toplanmış materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 396 nömrəli ekspert rəyinə əsasən, 2014-cü il buraxılışlı “Porsche Panamera GTS” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 12450,00 manat – o cümlədən dəyişməli hissələrin qiyməti - 10000,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2450,00 manat. Dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10604,00 manat - o cümlədən dəyişməli hissələrin qiyməti - 8154,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2450,00 manat. Həmin materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 215 nömrəli ekspert rəyinə əsasən, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “BMW 520İ” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Cavabdeh avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞnin vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilməsi qərara alınsa da, iş üzrə məhkəmə qərarı mövcud deyildir. Bu hala istinad edən apellyator Cavabdeh onun İXM-nin 333.3-cü maddəsi ilə təqsirli olub-olmaması barədə iş materiallarına heç bir sübut əlavə edilməməsi də apellyasiya şikayətinin əsas dəlillərindən biridir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin inzibati xəta törətmələrinə dair iş materiallarında inzibati xəta haqqında qərar mövcud olmasa da, iş materiallarından və 1 NK-539 saylı materiallarından görünür ki, cavabdehin qanunazidd əməlləri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və “Porsche Panamera GTS” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə, ünvan 1 ünvanında baş vermiş yol nəqliyyat hadisəsini törədilməsinə dair Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cəlil Əsədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarında göstərilənlər apellyator tərəfindən mübahisələndirməmişdir. Həmin qərarda sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-nin vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilməsinin qərara alınması isə adından göründüyü kimi, apellyatorun qeyd edilən hadisə ilə bağlı yalnız inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı olmuşdur. Lakin kollegiya hesab edir ki, Cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə təqsirli olmasına dair qanuni qüvvəsini almış məhkəmə qərarının olmaması onun iddiaçı qarşısında mülki məsuliyyəti daşımamasına hüquqi əsas yaratmır. Kollegiya daha sonra Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cəlil Əsədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının qüvvədə olmasına əsaslanaraq hesab edir ki, ünvan 1 ünvanında Cavabdeh tərəfidən xx xxxxxx 2019-cu il tarixdə, saat 23:45 radələrində idarə etdiyi və mülkiyyətində olan “BMW” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı1 məxsus “Porsche Panamera GTS” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması ilə bağlı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 ziyan vurulmuşdur Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına zərər vuran yüksək təhlükə mənbəyinin – “BMW” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil-mülkiyyətçi Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçı Z.Abdıyevin mülkiyyətində olan avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti Cavabdeh daşıyır. Belə olan halda iddiaçının tələbetmə hüququ həmin şəxsə qarşı yaranmış olur. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, sürücü İddiaçı2 avtomobili düzgün park etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən protokol tərtib edilməsini və bu protokolun da qanuniliyini mübahisələndiriməməsini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş ziyanın miqdarı 1NK-539 saylı toplanmış materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 396 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, yol-nəqliyyat hadisəsi zamanı “Porsche Panamera GTS” markalı, **- KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi, iddiaçının da təqsiri dərəcəsi nəzərə alınmaqla, aşınma dərəcəsi tətbiq edilməklə 10604,00 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəflərinin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-878/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 10604 manat maddi ziyan tutularaq İddiaçı1 xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-878/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 10604 manat maddi ziyan tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar