Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1310/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı əvvəlcə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, Cavabdeh 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin - 50 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Xırdalan şəhərindəki evində olan bir ədəd uşaq yazı masasını “Lalafo.az” internet saytında 110 manat satışa çıxarmış, bu məqsədlə xx.xx.2023-cü il tarixdə “WhatsApp” sosial şəbəkəsindən tanımadığı bir şəxslə yazışarkən həmin əşyanın satışına razılaşmış, həmin şəxsin göndərdiyi hhtps://azerpost.paymentz-safe.online/Wİ21499488 linkə daxil olub “Kapital bankda” olan kartındakı məlumatları həmin linkə daxil edərkən kartından 3.000 manat silinmişdir. Həmin vəsaitin “M10” elektron pulqabı hesabına köçürdüyü müəyyən edilmiş, vəsait istifadə olunmaması üçün dondurulmuşdur. İddiaçı bununla bağlı hüquq mühafizə orqanına müraciət etmiş, Nəsimi RPİ-nin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, “M10” elektron pulqabı hesabı Cavabdeh məxsusdur. Lakin cavabdeh həmin vəsaiti iddiaçının hesabına geri köçürmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsində icraat zamanı işdə iştirak edən şəxslərin mövqeləri barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:20:45 radələrində iddiaçının kart hesabından 3.000 manat pul vəsaiti ********** nömrəsinin sahibi Cavabdeh pul kisəsi balansına mədaxil edilmişdir. Cavabdeh həmin məbləğin 1.000 manatını xx.xx.2023-cü il tarixdə saat 14:24:12 radələrində ********** nömrəsinin sahibi Ramil Fərzəliyevə, digər 2.000 manatı isə ********** nömrəli hesabın balansına köçürmüşdür. X6 hesabında cari balansı 6.313,88 manat təşkil edir. İddiaçının kart hesabından 3.000 manat pul vəsaiti cavabdehin pul kisəsi balansına mədaxil edildiyindən iddia ona qarşı təmin edilməlidir.
4. "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, MMC-də “M10” tətbiqi üzərindən aparılan əməliyyatlar üzrə pul kisəsi istifadəçilərinin telefon nömrələri məlum olsa da, onların adı, soyadı və atasının adı haqqında anket məlumatlar olmur. Hər bir vətəndaş “M10” tətbiqini yükləyib, telefon nömrəsi ilə qeydiyyatdan keçməklə özünün elektron pul kisəsini (pul qabını) yarada bilir. MMC tərəfindən aparılmış araşdırmalar zamanı pul köçürmələrinin iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi həyata keçirildiyi müəyyən edilmişdir. Dələduzluq hallarına yol verilməsinə şübhə yarandığı üçün "xxxx" ASC-nin müraciəti əsasında hər iki hesab MMC tərəfindən bloklanmışdır. Hazırda +**********36 nömrəli hesabın cari balansı 6.313,88 manat təşkil edir. +**********36 nömrəli pul kisəsi istifadəçisi tərəfindən bu günə kimi MMC-yə müraciət olunmadığı üçün həmin vəsaitin kimə məxsus olması məlum deyildir. +**********0 nömrəli pul kisəsnin sahibi isə MMC-yə müraciət edərək özünü bəyan etmiş və 2.000 manat məbləğin kripto alışı məqsədilə onun pul kisəsinə daxil olduğunu bildirmişdir. Nəticədə +9**********0 nömrəli pul kisəsi MMC tərəfindən blokdan azad edilmişdir. İddiaçının kartından silinmiş 3.000 manat MMC tərəfindən deyil, hansı elektron pul kisəsi istifadəçisi tərəfindən silinmişdirsə və ya hansı hesaba daxil edilmişdirsə, onlar tərəfindən də geri qaytarıla bilər.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, hazırki iddia ilə bağlı heç bir məlumatı yoxdur. İddia ərizəsində qeyd edilənlərin necə baş verməsini bilmir. Həmin nömrə hal-hazırda onun istifadəsindədir. Həmin nömrədən ondan başqa heç kim istifadə etmir. O, həmin nömrə ilə “M10” tətbiqindən qeydiyyatdan keçməmişdir və onun necə istifadə edildiyini bilmir. O, iddiaçını tanımır. O, nömrəsini istifadə etməsi üçün başqa kiməsə verməmişdir. Həmin nömrəni 2022-ci ilin avqust ayında almışdır. O, həmin nömrəni "xxxx" MMC-dən almışdır. Onun “Samsung S20” modelli mobil telefonu olmamışdır. Onun mobil telefonu “Honor” modelli mobil telefondur.
6. Rayon Məhkəməsi tərəfindən X9 və X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişlər.
7. Üçüncü şəxs Rövşən Abbasov Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, hazırki mübahisə ilə bağlı heç bir anlayışı yoxdur. Onun oğlu Rusiya Federasiyasının vətəndaşıdır, Tümen vilayətində qazçıxarma mədənində işləyir. Oğlu Azərbaycan Respublikasına gəlmiş, “M10” tətbiqini yükləmiş və həmin tətbiqdən qeydiyyatdan keçərkən onun mobil nömrəsindən istifadə etmişdir. Onun oğlu kripto valyuta alğı-satqısı ilə məşğul olur və bu tətbiqi də onun üçün yükləmişdir. Bu məsələ ilə bağlı o və oğlu "xxxx" MMC-yə yaxınlaşmışlar və orada izahat vermişlər. Daha sonra hesaba qoyulmuş qadağa götürülmüş və oğlu öz pulunu oradan götürmüşdür. Həmin pulların oğlunun hesabından hansı hesaba köçürülməsi barədə heç bir məlumatı yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh buna heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, iddiaçının hesabına 3.000 manat həcmində əsassız varlandığı üçün həmin vəsait cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
10. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz tələbini cavabdehə qarşı deyil, pulun sonradan göndərildiyi üçüncü şəxslər Ramil Fərzəliyev və Rövşən Abbasova qarşı irəli sürməli idi. Lakin Rayon Məhkəməsi cavabdehi əsl olan cavabdehlərlə əvəz etməmişdir. Araşdırma zamanı “M10” ödəniş sistemindən “Samsung S20” modelli mobil telefon vasitəsilə qeydiyyatdan keçildiyi məlum olsa da, Rayon Məhkəməsi həmin telefonun İMEİ kodu vasitəsilə kimə məxsus olmasını aydınlaşdırmaq üçün təşəbbüs göstərməmişdir. Rayon Məhkəməsi tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamış, Ramil Fərzəliyevin izahatı alınmamışdır. Nəticədə cavabdehin hüquqlarının pozulmasına səbəb olan qanunsuz qətnamə qəbul edilmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
12. Apellyasiya baxışında iştirak etmiş cavabdeh və onun vəkili (nümayəndəsi) şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər.
13. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
14. İşdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 11870 saylı məktubundan görünür ki, ********** GSM nömrəsi xx.xx.1969-cu il təvəllüdlü X4 məxsusdur. ********* GSM nömrəsi xx.xx.1996-cı il təvəllüdlü X3 məxsusdur.
17. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-7586/23 saylı məktubundan və həmin məktuba əlavə edilmiş məxsusluq tarixçəsindən görünür ki, ********** GSM nömrəsi X4 məxsusdur.
18. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-9619/23 saylı məktubundan və həmin məktuba əlavə edilmiş məxsusluq tarixçəsindən görünür ki, ********** GSM nömrəsi xx.xx.2022-ci il tarixdə aktivləşdirilməklə xx.xx.1985-ci il təvəllüdlü X7 məxsusdur.
19. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından” görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:16-da Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi ev 31/66 mənzil 80-də yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə müraciət edərək, “Lalafo.az” saytına yerləşdirdiyi mebel elanı ilə bağlı onunla əlaqə saxlayan naməlum şəxsin ödəniş edəcəyini vəd edərək, kart məlumatlarını ələ keçirdikdən sonra kartından 3.000 manat pulun çıxarılmasını bildirməsi barədə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-də raport tərtib olunaraq, HK-1/420 nömrəsi ilə qeydiyyata alınmış və araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Nəsimi Seyidzadəyə həvalə olunmuşdur. Həmçinin, İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-yə ərizə ilə müraciət edərək, təxminən bir həftə əvvəl özünə məxsus iş masasını satmaq üçün “Lalafo.az” saytında elan yerləşdirməsini, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonunda yerləşən Əjdərbəy məscidində işdə olan vaxt tanımadığı şəxsin +**********89 nömrədən “WhatsApp” vasitəsi ilə yazaraq həmin iş masasını almaq istəməsini və ona link ataraq vəsaiti həmin link vasitəsi ilə karta köçürmə etmək istəməsini bildirməsinə görə daxil olub kart məlumatlarını yazmış, Nəsimi rayonu Cavadxan küçəsi 3- ün yaxınlığında olan vaxtı ona məxsus “Kapital Banka” aid **********880626 hesab nömrəsindən 3.000 manat pulun çıxarılmasını aşkar etməsini bildirərək, həmin şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/660 (19 PŞ) nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və müraciət edən şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
20. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PPOLEG/0231-1/2023 saylı və xx.xx.2023-cü il tarixli PPO-LEG/0716/2023 saylı məktublardan, eləcə də, xx.xx.2023-cü il tarixli PPO-EB/0238/2023 saylı ətraflı arayışından görünür ki, İddiaçı 3.000 manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə saat 14:20:45 radələrində "xxxx" ASC tərəfindən ona verilmiş kart hesabından silinərək, +**********48 nömrəli “M10” hesabına köçürülmüşdür. Həmin tarixdə +**********48 nömrəli “M10” hesabından isə 3.000 manat aşağıda göstərilən “M10” hesablarına köçürülmüşdür: xx.xx.2023 / 14:24:12 / +**********36 / 1.000 manat; xx.xx.2023 / 14:26 / +9**********0 / 1.000 manat; xx.xx.2023 / 14:32 / +9**********0 / 1.000 manat.
21. İşdə olan sübutlardan müəyyən edilir kimi, iddiaçıya məxsus 3.000 manat pul vəsaiti Cavabdeh məxsus GSM nömrəsi üzrə açılmış “M10” hesabı vasitəsi ilə çıxarılmışdır. Daha sonra həmin məbləğ 3 bərabər hissədə olmaqla, 1.000 manatı +**********36 GSM nömrəsi üzrə açılmış “M10” hesabına, 2.000 manatı isə 1.000 manat və 1.000 manat olmaqla, +9**********0 GSM nömrəsi üzrə açılmış “M10” hesabına köçürülmüşdür.
22. Cavabdeh ********** telefon nömrəsinin onun istifadəsində olduğunu, onun tərəfindən hər hansı əməliyyat aparılmadığını bildirsə də, məhkəməyə təqdim edilmiş sənədləri təkzib edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, cavabdeh hər hansı müqavilə əsası və ya qanuni əsas olmadan, iddiaçının hesabına 3.000 manat həcmində əsassız varlanmışdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
25. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddianı əsaslı hesab edərək, iddianı təmin etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi
26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cavabdehin özünə aid edilməlidir.
30. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin qiyməti beş min manatdan az olduğu üçün MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.