Məhkəmə qərarları › İş №2(103)-1318/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1318/2022

10.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1318/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Uçüncü şəxslər Cavabdeh1 və X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Səbail Rayon Məhkəməsinin 2(009)-2252/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən yarımzirzəmi hissə daxil olmaqla ümumi sahəsi 54.9 kv.m kimi göstərilən evə dair Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli və Cavabdeh2 verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Səbail Rayon Məhkəməsinin 2(009)-2252/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh1 apellyasiya şikayəti verərək rayon məhkəməsi tərfindən qətnamənə çıxarılarkən maddi və prosessual hüququ normalarının pozuduğunu, işin faktiki hallarına düzgün qiymət verilmədiyini, bu səbəbdən də düzgün olmayan nəticəyə gəlidiyini bildirmiş, qeyd olunan səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiyada icraat: İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, yarımzirzəmi hissə daxil olmaqla ümumi sahəsi 54.9 kv.m kimi göstərilən evin Cavabdeh1 təqdim olunmuş 10.12.2019-cu il tarixli, 195630 seriyalı çıxarışın qeydinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ləğv edilməsi öhdəliyinin qoyulmasını və sonradan Cavabdeh2 Məhəmmədəli qızına 07.01.2020-ci il tarixdə hədiyyə edilmiş ********** qeydiyyat nömrəli son çıxarışın qeydinin də ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında apellyatorların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı qərəzli olaraq bu iddianı vermişdir, həmin fərdi yaşayış evinə dair təmir və bərpası ilə bağlı bütün işlərə dair zəruri sənədləşdirmə aparılmış, həmin işlər iddiaçının və müvafiq qurumların səlahiyyətli şəxsləri ilə qabaqcadan razılaşdırılmış, sonradan yenidən qurma və yenidən planlaşdırma işləri müvafiq qaydada istismara qəbul olunmuşdur, iddiaçının vəzifəli şəxsləri həmin sahənin onlara yaxın şəxslərə satılmasını istəmiş, mülıkiyyətçi Cavabdeh1 bundan imtina etmiş və bu zəmində yaranan ixtilaf səbəbindən hazırkı uydurma iddia ortaya çıxmışdır, iddiaçı ilkin olaraq hazırkı tələblə inzibati məhkəməyə müraciət etmiş, sonradan ərizə verərək iddiasını geri götürmüşdür, indi isə həmin tələblə rayon məhkəməsinə müraciət etmişdir, bu da bir daha onu təsdiq edir ki, iddiaçı başqa məqsəd güdür, rayon məhkəməsi işin qeyd olunan faktiki hallarına, məhkəmə aidiyyəti ilə bağlı verilmiş vəsatətə də prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada münasibət bildirməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəblərdən də apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.Bayramova apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, ilkin ərizələrində üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsinin cavabdehə həvalə edilmləsi göstərilsə də, əslində niyyətləri həmin evə dair aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur, nümayəndə tələbin dəqiqləşdirilməsinə dair ərizəni təqdim edərək, şikayətin təmin edilməməsi, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi və müəyyən olunmuş hallar: DƏDRX 1saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 20.10.2021-ci il tarixli, **********40 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 46 saylı DNK-nın 4Ə-03-584 reyestr nömrəli 01.10.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X5 adına qeydiyyatdan keçmişdir. Notarius Əli A.Hüseynov tərəfindən təsdiqlənmiş 4Ə-04-1077 reyestr nömrəli 08.11.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyatdan keçmiş, 53 saylı DNK-nın 07.01.2020-ci il tarixli 4Ə-01 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh2 Məhəmmədəli qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X7 ilə X10 arasında bağlanmış AN-İ ******* alğı-satqı müqaviləsindən görünür ki, X10 01.10.2005-ci il tarixdə ümumi sahəsi 34.60 kv.m olan ünvan 1 X4 160.000.000 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 (ümumi sahəsi 54.9 kv.m) Cavabdeh1 adına 10.12.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh1 ilə Cavabdeh2 Məhəmmədəli qızı arasında bağlanmış bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 07.01.2020-ci il tarixdə ümumi sahəsi 54.9 kv.m olan ünvan 1 Cavabdeh2 Məhəmmədəli qızına bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 (ümumi sahəsi 54.9 kv.m) Cavabdeh2 Məhəmmədəli qızının adına 07.01.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnaməsinə əsasən Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır. İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə əsasən qoruqların ərazisində yerləşən abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə razılıq verir. İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin X6 ünvanlanmış 12.01.2010-cu il tarixli, 06/2/22 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında aparılmış dəyişikliklər əsas yükdaşıyan divarlara və bünövrəyə toxunmadan aparılmış, görülmüş işlər abidənin konstruktiv vəziyyətinə, həcm-planlaşma həllinə və memarlıq-estetik görünüşünə heç bir xələl gətirmir (i/v 28). AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanmış 02.06.2010-cu il tarixli məktubunda göstərilir ki, ünvan 1 ünvanında yenidən planlaşdırma işləri ilə bağlı baxış keçirilmiş, baxış zamanı ünvanda aparılmış dəyişikliklər və təmir işlərinin yükdaşıyan divarlara toxunulmadığı və binanın konstruktiv vəziyyətinə xələl gətirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanmış 01.07.2010-cu il tarixli məktubunda göstərilir ki, ünvan 1 ünvanındakı yaşayış evində yenidənqurma işləri mövcud sanitariya norma və qaydalarına müvafiqdir. Mülki işdə olan 16.06.2010-cu il tarixli aktdan görünür ki, AR Fövqəladə Hallar Nazirliyinin X9 Xidmətinin mühəndis-inspektoru S.Nəzərov, İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdir müavini C.Verdiyev ünvan 1 ünvanında yaşayan Ç.Əliyevin iştirakı ilə həmin yaşayış evində yanğın-texniki müayinə keçirilmişdir, normalara uyğun olduğu müəyyən edilmişdir. İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş qəbul komissiyasının üzvü A.Rzayevin 16.06.2010-cu il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında təbii qaz yanacağından istifadə edilməsi və təhlükəsizlik qaydalarına riayət olunaraq istifadə qaydalarına cavab verir. İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş qəbul komissiyasının üzvü R.Orucovun 16.06.2010-cu il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında elektrik enerjisindən istifadə edilməsi istifadə qaydalarına tam cavab verir. Mülki işdə olan FM seriyalı, 040139 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında iki otaqlı fərdi yaşayış evi üzərində X5 xüsusi mülkiyyət hüququ 30.11.2005-ci ildə qeydiyyata alınmışdır. Mülki işdə olan 195630 saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 54,9 kvm sahəsi olan fərdi yaşayış evi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ 10.12.2019-cu ildə qeydiyyata alınmışdır. İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 23.07.2010-cu il tarixli, yaşayış sahəsinin istismara qəbul edilməsi barədə Aktından görünür ki, ünvan 1 ünvanında FM № 040139, 30.11.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə uyğun mülkiyyət hüququ əsasında X6 məxsus yaşayış sahəsində aparılmış yenidənqurma işləri istismara qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1125 saylı qərardadından görünür ki, İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə tələbi iddiaçının ərizəsi əsasında geri qaytarılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin aktlarının əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası gəlmiş şəxslərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyatorların göstərdikləri xüsusatlar, yəni həmin ünvandakı evə dair təmir və bərpa işlərinin lazımi qaydada qabaqcadan razılaşdırılması və bunun müvafiq qurumlar və onların səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməsi və buna dair sübutların işdə olması, eləcə də hazırkı iddianın qərəzlilik səbəbindən verilməsinin əsaslı olması belə, hazırkı halda gəlinən nəticəyə təsir edə bilməz, çünki müəyyən olunur ki, hazırkı işə səlahiyyəti olmayan məhkəmə tərəfindən baxılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı iddiası, yəni ünvan 1 ünvanında fərdi yaşayış evinə dair üçüncü şəxslərin adına aparılmış ilkin qeydiyyatın cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfində ləğv edilməsi öhdəliyinin onun üzərinə qoyulmasına dair tələbi Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 6.1-ci bəndinin təsiri altına düşdüyündən, həmin tələblə bağlı işə inzibati məhkəmədə baxılmalıdır. Demək ki, hazırkı işə ümumi məhkəmə kimi Səbail Rayon Məkəməsi tərəfindən baxılması düzgün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəticə: Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiyasının qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261. 0.1, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Səbail Rayon Məhkəməsinin 2(009)-2252/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırkı tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar