Məhkəmə qərarları › İş №2(103)-1319/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1319/2020

07.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1319/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-5453/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakışəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya dəymiş maddi zərərə görə 10000 manat və dəymiş mənəvi zərərə görə 2000 manat, ümumilikdə 12000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli. 2(006)- 5453/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə icraata, tələbin “maddi zərərin ödənilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-5453/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 2(006)-5453/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmiş, şikayət Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə iddiaçının hüquqları kobud və qərəzli şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış Cavabdeh məhkəmə prosesində iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 76 saylı ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış sahəsində rəsmi icazə olmadan fəaliyyət göstərən avtoyuma hissəsinin fəaliyyətinin dayandırılması və mənzilə vurulmuş ziyanın əvəzi kimi 3000 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(006)-2721/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-8121/2018 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin qismən - avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin tələb təmin olunmaqla, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 76 nömrəli fərdi yaşayış evinin Cavabdeh aid hissəsindəki avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırıması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8262/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)- 8121/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında cavabdehin istifadə etdiyi avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində iddiaçıya məxsus mənzilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğu halda, İddiaçı təkrarən eyni predmet barəsində və eyni əsasla - yəni cavabdehin avtoyuma fəaliyyəti ilə məşğul olması nəticəsində mənzilinə vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırki tələbində yuxarıda qeyd olunanlardan əlavə əvvəlki mülki işlər üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinin əsassız olmasını iddia etsə də, həmin hal iddiaların əsaslarının fərqli olmasının göstəricisi deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübutların bir növüdür və həmin Məcəllənin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirilməlidir. İddiaçının hazırda mübahisələndirildiyi sübut isə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-8121/2018 saylı qətnaməsi ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)- 5453/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar