Məhkəmə qərarları › İş №2(103)-1319/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1319/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1319/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1319/2024 (Açar sözlər: qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1454/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 "xxxx" ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448,81 Azərbaycan manatının ekvivalenti olan 941.475,00 Avro, ümumilikdə 3.604.464,51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürmüş, vəsait köçürüldükdən sonra bank tərəfindən akseptiz qaydada ödənilmiş vəsaitin 10 faizi həcmində, ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaiti iddaçının "xxxx" ASC-də olan hesabından silinərək dövlət büdcəsinə köçürülmüşdür.

2. İddiaçı hazırda bank tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibi kimi ona məlumat vermədən "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğində pul vəsaitini qanunsuz silərək dövlət büdcəsinə köçürməsinin qanunsuzluğunu mübahisələndirir və bu halın Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13-cü, 125-1-ci və 150-ci maddələrinin tələblərinə zidd olması ilə əsaslandırır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X6 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "qanunsuz silinmiş pul vəsaitinin bank hesabına qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesab sahibi olmaqla onun "xxxx" ASC-də olan bank hesabından akseptsiz qaydada silinərək dövlət büdcəsinə ödənilmiş ümumilikdə 360.446,45 məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən alınaraq onun bank hesabına geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş, etibarlılıq müddəti xx.xx.2023-cü il tarixinədək olan MYİ seriyalı, 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayan X6 "xxxx" ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448,81 Azərbaycan manatının ekvivalenti olan 941.475,00 Avro, ümumilikdə 3.604.464,51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün Lixtenşteyndə olan bank hesabına köçürmüşdür. Bundan sonra, "xxxx" ASC tərəfindən bank hesabının sahibi olmaqla verilmiş müvafiq məlumata görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********039300 saylı məktubunu nəzərə alaraq "xxxx" ASC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1 maddəsində göstərilən ödənişləri həyata keçirən yerli bank, Azərbaycan mənbəyindən gəlirə aid edilməyən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 1-9-cu bəndlərində qeyd olunan ödənişlər istisna edilməklə, digər ödənişlərdən həmin Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa borclu olduğunu nəzərə alaraq, vəsaitlər köçürülən zaman bu barədə ona məlumat vermədən 2022-ci ilin mart ayında ödənilmiş vəsaitdən 10 faiz dərəcə ilə vergi tutaraq onun "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitini silərək dövlət büdcəsinə köçürmüşdür. Hesab edir ki, "xxxx" ASC qanunvericiliyin tələbini pozmaqla Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibi kimi ona məlumat vermədən "xxxx" ASC-də olan hesabından akseptiz qaydada ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitini qanunsuz silərək dövlət büdcəsinə köçürmüşdür. Halbuki, "xxxx" ASC vergi agenti qismində çıxış etdiyi səbəbdən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutacağı barədə məlumatı ödənişdən əvvəl hesab sahibi olmaqla ona bildirməli idi. Qeyd olunan məbləğdə pul vəsaitinin onun "xxxx" ASC-də olan bank hesabından onun məlumatı olmadan silinərək dövlət büdcəsinə köçürülməsinin qanunsuz və əsassız olması ilə bağlı bir neçə dəfə "xxxx" ASC-yə müraciətlər etsə də, həmin müraciətləri nəticəsiz qalmışdır. Hətta, "xxxx" ASC-yə ünvanladığı 08 may 2023-cü il tarixli, 202/18xx-xx/3665-23 nömrəli Pretenziya məktubuna da cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin, bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədi ilə mallar (işlər, xidmətlər), o cümlədən, daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Göründüyü kimi, Vergi Məcəlləsinin qeyd olunan maddəsində güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin istehlak məqsədilə olması və Azərbaycan Respublikasından kənarda aparılması halında tətbiq edilir. Belə ödənişlər fiziki şəxsin şəxsi istehlakı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə aparıldıqda həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, ödəmə mənbəyində vergi tutulmur. Müraciətdə qeyd olunan ödənişlərdən Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 3-cü hissəsinə əsasən verginin tutulmaması ilə bağlı bildirir ki, sözügedən maddədə nəzərdə tutulan halda, ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində qaytarıldıqda güzəştli vergi tutulan ölkələrə aparılmış həmin ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılı müraciətə verilmiş cavab məktubunda da güzəştli vergi tutulan ölkələrə ödənişlər aparılarkən bank tərəfindən verginin tutulması barədə hesab sahibinə əvvəlcədən məlumatın verilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməyini bildirilməklə, müraciətdə qeyd etdiykləri məsələlərin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13-cü, 125-1-ci və 150-ci maddələri ilə tənzimləndiyi qeyd olunmuşdur. Odur ki, onun "xxxx" ASC-də olan və ümumiyyətlə Azərbaycanda olan vəsaitləri Azərbaycan mənbəyindən əldə edilməmişdir, həmin pul vəsaitləri xarici ölkələrdə olan hesablarından daxil olmuşdur. Belə ki, bu faktı onun adına "xxxx" ASC-də olan hesab dövriyyəsini əldə etməklə təsdiqləmək mümkündür. Beləliklə də, "xxxx" ASC tərəfindən onun həmin bankda olan bank hesabından 360.446,45 manat məbləğində pul vəsaitini akseptsiz qaydada silməklə dövlət büdcəsinə ödənilməsi halını Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyi maddələrinin tələblərinə cavab vermədiyindən qanunsuz hesab edir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1454/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5.1, 13.2.16.14-1, 17.1, 17.2, 17.3, 17.4, 17.5, 77.1, 78.1, 86.0, 150.1.6, 150.3-6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 390.1, 399.1, 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı X6 ilə Cavabdeh ASC arasında bağlanmış 29 iyun 2015-ci il tarixli, 2015/044HM nömrəli “Bank hesabı müqaviləsi”nin 3.1.5-ci maddəsinə əsasən, müştərinin hesabında olan pul vəsaitlərinə dair əməliyyatın yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək cavabdehin öhdəliyi kimi müəyyən edilib. Belə ki, bankla müştəri arasında qarşılıqlı razılıq əsasında razılaşdırılmış ümumi norma ondan ibarətdir ki, bank yalnız onun müştərisinin yazılı razılığı və ya sərəncamı əsasında onun hesabında olan pul vəsaitlərinə dair qərar qəbul edə bilər. Bu norma ilə bağlı istisna isə tərəflər arasında bağlanmış sözügedən müqavilənin yalnız 3.2.2 və 3.2.4-cü maddələrində nəzərdə tutulmuşdur. Belə ki, xx.xx.2015-ci il tarixli bank hesabı müqaviləsinin 3.1.5-ci madəsinin ikinci cümləsində göstərilib ki, bank tərəfindən müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericiliklə və müqavilənin 3.2.2 və 3.2.4-cü bəndlərində göstərilən hallarda həyata keçirilir. Tərəflər arasında bağlanmış həmin müqavilənin 3.2.2-ci maddəsinə nəzər saldıqda aydın olur ki, bu maddədə razılaşdırılmış mübahisəsiz qaydada silinmə yalnız bankın xidmət tarifləri ilə müəyyən edilmiş məbləğdə xidmət haqqına şamil edilir. Həmin Müqavilənin 3.2.4-cü maddəsində isə mübahisəsiz qaydada silinmə yalnız kredit, faizlər, komissiyalar və banka ödənilməli olan ödənişlər üzrə yaranmış borcların ödənilməsinə yönəldilən pul vəsaitlərinə şamil edilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/044HM nömrəli“ Bank hesabı müqaviləsi”nin 3.2.2 və 3.2.4-cü maddələrində nəzərdə tutulmuş istisnadan başqa digər hallarda bankın (hazırkı halda iş üzrə CavabdehASC-nin) müştərinin (hazırkı halda iddiaçı X2) cavabdehdə olan bank hesabından akseptsiz qaydada (yəni həmin pul vəsaitinin silinməsinə dair müştərinin yazılı razılığı və ya sərəncamı olmadan) hər hansı bir məbləği silməyə hüququ/icazəsi yoxdur. Onu da bildirir ki, hazırkı mübahisə ilə bağlı iddiaçının Cavabdeh ASC-də olan bank hesabından iddiaçının bu barədə məlumatı və ya razılığı olmadan ümumilikdə 360.446,45 manat məbləğində pul vəsaitinin silinməsi məhkəmə araşdırması zamanı da müəyyyən edilmişdir. Belə ki, bu halı cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı və iş materiallarındakı sənədlər də sübut edir. Belə olan təqdirdə, birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə xx.xx.2023- cü il tarixli, 2(009)-1454/2023 saylı qətnamə qəbul edilən zaman tərəflər (iddiaçı ilə cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/044HM nömrəli “Bank hesabı müqavilə”sinin şərtlərinin cavabdeh tərəfindən pozulduğu halına da lazımi hüquqi qiymət verməməsi və nəticədə yalnış mövqeyə gələrək iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etməsi müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayıs ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilir. Lakin Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinin birmənalı tələbinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Maddənin dispozisiyasından da göründüyü kimi, qeyd olunan halda iddiaçı tərəfindən aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisnalar mövcud olmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən və iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən iş üzrə cavabdeh olan Cavabdeh ASC-də olan bank hesabından xx.xx.2022-ci il tarixində 1.818.015,70 manatın ekvivalenti olan 1.069.421 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 1.786.448,81 manatın ekvivalenti olan 941.475 avro olmaqla, ümumilikdə 3.604.464,51 manat məbləğində olan pul vəsaiti iddiaçının özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri məqsədilə güzəştli vergi tutulan ölkələr siyahısına daxil olan Lixtenştendəki bank hesabına köçürülmüşdür. Digər bir tərəfdən, həmin maddədə göstərilir ki, qeyd olunan ödənişlər vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən ödənildikdə tətbiq olunur. Qeyd edək ki, iş üzrə iddiaçı X5 maddənin dispozisiyası baxımından vergi orqanında uçotda olmayan fiziki şəxsdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsindən də göründüyü kimi, güzəştli vergi tutulan ölkələrə və ərazilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisna həmin ödənişlərin vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən aparılması, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə aparılması halında tətbiq edilir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, bu halda ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmur. Lakin faktiki halda iş üzrə cavabdeh olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti vergi agenti qismində Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə riayət etmədən, başqa bir sözlə həmin maddələrin tələblərini düzgün tətbiq etməməklə iddiaçının cavabdehdə olan bank hesabından ümumilikdə 360.446,45 manat məbləğində pul vəsaitini iddiaçının bu barədə məlumatı və razılığı olmadan akseptsiz qaydada silmişdir. Digər bir tərəfdən, onu da qeyd etmək istəyir ki, Vergi Məcəlləsinin 17.3-cü maddəsində müəyyən edilmiş vergi agentinin (hazırkı halda Cavabdeh ASC-nin) vəzifələrindən biri də, vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə və bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə bocludur. Lakin iş üzrə Cavabdeh ASC-nin və sonradan mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Vergi Xidmətinin nümayəndələri məhkəmə prosesində iddia tələbi üzrə verdikləri izahatlarında hər bir halda vergi agentinin müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə dövlət büdcəsinə ödəməyə borclu olduğunu bildirmişlər. Müvafiq iddia tələbi üzrə mülki işə baxan birinci intansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödəniş Azərbaycan Respublikasında icra edildiyi üçün Cavabdeh ASC qanunvericiliyin (hazırkı halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin) yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq vergi agenti kimi müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları iddiaçıdan tutmağa və təyinatı üzrə köçürməyə, eyni zamanda vergi orqanında uçotda olmayan fiziki şəxslərin ödənişlərini həyata keçirərkən ödəmə mənbəyindən vergini tutmaqla borclu olmaqla ödənilmiş vəsaitin 10 faizi həcmində pul vəsaitini iddiaçı X2 bank hesabından silərək dövlət büdcəsinə köçürməkdə haqlı olmuşdur. Buradan da göründüyü kimi, birinci instansiya məhkəməsi mülki iş üzrə qətnamə qəbul edərkən Vergi Məcəlləsinin sözügedən məsələ ilə bağlı konkret və aydın şəkildə müəyyən etdiyi istisna halları nəzərə almadan yalnış mövqeyə gələrək iddiaçı X2 iş üzrə Cavabdeh ASC-yə qarşı iddiaçının bank hesabından cavabdeh tərəfindən qanunsuz silinmiş pul vəsaitinin bank hesabına geri qaytarılması tələbinə dair iddiasını təmin etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz verərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsini xahiş etmiş, etirazı iddia ərizəsinə etirazının dəlillərinə uyğun əsaslandırmışdır.

10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Vergi Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə dair mülahizə təqdim edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsini xahiş etmiş, mülahizəsini iddia ərizəsinə etirazının dəlillərinə uyğun əsaslandırmışdır.

d) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

13. Apellyasiya baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Dövlət Vergi Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

18. Maddə 13.2.5.1. Azərbaycan Respublikasının rezidenti hesab edilən fiziki şəxs tərəfindən (təqvim ili ərzində üst üstə 182 gündən artıq Azərbaycan Respublikasında qalan) köçürülən vəsaitdən 10 faiz dərəcə ilə vergi tutulur.

19. Maddə 13.2.16.14-1. Həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir. Həmin maddədə güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərin bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyi hallar müəyyən edilmişdir.

20. Maddə 13.2.16.14-1, 5-ci hissəsi. Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşmar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə həmin ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.

21. Maddə 17.1 Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir.

22. Maddə 17.2. Vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır. –

23. Maddə 17.3 Vergi agenti: müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə; vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa; vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə; vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə; bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludur.

24. Maddə 17.4. Vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

25. Maddə 17.5 Vergi agenti birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

26. Maddə 77.1 Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

27. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

28. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

29. Maddə 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir.

30. Maddə 86.0 Vergi aşağıdakı yerlərdə ödənilir: bildirişdə göstərilən yerdə; Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin uçotda olduğu yer üzrə; vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduqları yer üzrə; bu Məcəllədə verginin ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə.

31. Maddə 150.1.6 Vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödənişlərini həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

32. Maddə 150.3-6. Bu Məcəllənin 150.1.15-ci və 150.1.16-cı maddələrində göstərilən şəxslər bu Məcəllənin 125-1-ci maddəsinə uyğun olaraq vergini hesablamağa, hesablanmış vergini ödəniş həyata keçirilənədək büdcəyə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

43. Belə ki, iş materiallarından olan xx.xx.2022-ci il tarixli LUNA20220301 nömrəli İnvoice və xx.xx.2022-ci il tarixli vəsaitin köçürülməsinə dair 007SW**********3 saylı tapşırıqdan görünür ki, İddiaçı tərəfindən 1.069.421,00 ABŞ dolları məbləğındə vəsait YCO Limited şirkətinin bank hesabına köçürülmüşdür.

44. xx.xx.2022-ci il tarixli LUNA20220401 nömrəli İnvoice və xx.xx.2022-ci il tarixli vəsaitin köçürülməsinə dair 007SW**********1 saylı tapşırıqdan görünür ki, İddiaçı tərəfindən 941.475,00 Avro məbləğındə vəsait YCO Limited şirkətinin bank hesabına köçürülmüşdür.

45. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.3-6 və 150.1.16-cı maddələrinə əsasən fiziki şəxslər 'tərəfindən güzəştli vergi tutulan ölkələrə Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində qeyd edilən ödənişlərin icrası zamanı bank ödəmə mənbəyində vergi (ÖMV) hesablamağa və hesablanmış vergini büdcəyə köçürməyə görə öhdəlik daşıyır. Qanunvericiliyin bu tələbinin icra edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödənilməmiş vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası nəzərdə tutulur. Yuxarıda qeyd ediləndən irəli gələrək, sözügedən əməliyyat üzrə 360,446.45 (üç yüz altmış min dörd yüz qırx altı manat qırx beş qəpik) manat həcmində ödəmə mənbəyində vergi Bank tərəfindən hesablanaraq dövlət büdcəsinə köçürülmüşdür. Vergi qanunvericiliyinin tətbiqinə dair müddəaların düzgün tətbiq edilib-edilməməsi məsələsi üzrə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyyə edilmiş, Bank tərəfindən həm şifahi və həm də yazılı formada bu məsələ ilə bağlı Vergi xidməti ilə müzakirə aparılmış və xidmət tərəfindən verginin tutulmalı olduğu barədə rəy verilmişdir. Pul köçürülən hesabdan (yerdən) bir il ərzində geri qaytarıldığı təqdirdə tutulmuş ödəmə mənbəyindən vergi məbləği qısa vaxt ərzində bank hesabına geri qaytarılacaqdır.

46. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabından 212 manat avans borcu üzrə silinmə həyata keçirilmişdir.

47. xx.xx.2015-ci il tarixli 2015/044HM saylı bank hesabı müqaviləsinin 3.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin 3.2.2. və 3.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir.

48. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə olan xidmət tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz silmək; 3.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar. Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququdur.

49. xx.xx.2020-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə GTC16/212PB saylı Razılıq ərizəsindən görünür ki, Farkhad X7 xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində http://www.pashaprivate.az/financial_services,827/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasını) diqqətlə oxuduğunu, onun bütün şərtlərini, Müştəriyə aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair şərtlərə riayət olunmasına görə Müştəri olaraq məsuliyyət daşıyır və bu xidmətlərlə bağlı yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq özü və öz hesabına daşıyır.

50. Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun 2.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin İİ.2.2.2. və İİ.2.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir.

51. Həmin müqavilənin İİ.2.2.2-ci bəndinə əsasən müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə olan xidmət tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz silmək; İİ.2.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar. Banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququdur.

52. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının apellyasiya şikayəti öz əsaslandırmaları və dəlilləri də nəzərə alınaraq 2 məsələnin aydınlaşdırılmasına yönəlməlidir: 1) iddiaçı tərəfindən köçürmə edilərkən, həqiqətən, ondan vergi tutulmalı idimi, əgər belədirsə, tutulmanın qaydalarına əməl olunmuşdurmu; 2) əgər tutulma haqlı idisə, cavabdehin bu tutulma zamanı iddiaçını xəbərdar etmə öhdəliyi olmuşdurmu.

53. İddiaçı öz apelyasiya şikayətində Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 13.2.16.14-1-ci maddəsinin 5-ci hissəsinə istinad edərək bildirmişdir ki, qanunvericiliklə onun tərəfindən aparılan ödənişlərdən ödəmə mənbəyində verginin tutulmaması ilə bağlı istisnalar mövcuddur. Kollegiya iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərinə qiymət verərək qeyd edir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçı Cavabdeh ASC-də olan hesabı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 1.818.015,70 Azərbaycan manatının ekvivalenti olan 1.069.421, ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 1.786.448.81 Azərbaycan manatının ekvivalenti olan 941.475.00 Avro, ümumilikdə 3.604.464.51 Azərbaycan manatı məbləğində olan vəsaitləri özünə məxsus olan nəqliyyat vasitəsinin (yaxtanın) təmiri üçün pulun müvafiq hesaba köçürülməsinə dair əməliyyat Azərbaycan Respublikasında Cavabdeh ASC-də aparılmışdır. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin bütün komponentlərinə özü ilə bağlı münasibət bildirirərək köçürmə etdiyi ölkə olan Lixtenşteynin güzəştli vergi tutulan ölkələr siyahısına daxil olduğunu və özünün vergi orqanında uçotda olmayan fiziki şəxs olduğunu qeyd etmişdir. Lakin iddiaçı həmin maddənin tətbiq oluna bilməsi üçün digər bir şərtin - əməliyyatın Azərbaycan Respublikasından kənarda aparılmalı olduğunu faktorunu nəzərindən qaçırmışdır. Buna görə də iddiaçının qeyd etdiyi qanunvericilik norması ilə bağlı apelyasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır.

54. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır.

55. Məhkəmə onu da qeyd edir ki, vergi agenti olan bankın, yəni hazırki iş üzrə Cavabdeh ASC-nin ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıması qanunvericilikdə birbaşa əks olunmuşdur.

56. Beləliklə, işin hallarından da göründüyü kimi məhkəmə tərəfindən araşdırılmalı olan ilk məsələ - “iddiaçı tərəfindən köçürmə edilərkən, həqiqətən, ondan vergi tutulmalı idimi, əgər belədirsə, tutulmanın qaydalarına əməl olunmuşdurmu” sualının cavabı müsbət formada qiymətləndirilməlidir və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh tərəfindən vergi agenti kimi müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə, eyni zamanda vergi orqanında uçotda olmayan fiziki şəxslərin ödənişlərini həyata keçirərkən ödəmə mənbəyindən vergini tutmağa borclu olmaqla ödənilmiş vəsaitin 10 faizinin tutulması qanuni və əsaslı olmuşdur.

57. Kollegiya iddiaçının bank tərəfindən ödəmə mənbəyində "xxxx" ASC-də olan hesabından akseptiz qaydada 10 faiz dərəcə ilə vergi tutacağı barədə qanunvericilikdə müəyyən edilmiş qaydada hesab sahibi kimi ona məlumat verilməli olması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

59. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/044HM saylı bank hesabı müqaviləsinin 3.2.4-cü bəndinə əsasən kredit, faizlər, komissiyalar, banka ödənilməli olan ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək bankın hüququ kimi müəyyən edilmişdir. Bundan başqa, iddiaçı tərəfin xx.xx.2020-ci il tarixli GTC16/212PB saylı Razılıq ərizəsinə əsasən qəbul etdiyi Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun (xx.xx.2020-ci il tarixli 1.1.4 №-li versiyasının) İİ.2.1.5-ci bəndindən görünür ki, Bankın müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı ilə həyata keçirmək bankın vəzifəsidir. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız qanunvericilik və Müqavilənin İİ.2.2.2. və İİ.2.2.4. bəndlərində göstərilən hallarda həyata keçirilir.

60. İddiaçı öz apelyasiya şikayətində bildirmişdir ki, tərəflər arasındakı müqaviləyə görə mübahisəsiz qaydada silinmə yalnız bankın xidmət tarifləri ilə müəyyən edilmiş məbləğdə xidmət haqqına kredit, faizlər, komissiyalar və banka ödənilməli olan ödənişlər üzrə yaranmış borcların ödənilməsinə yönəldilən pul vəsaitlərinə şamil edilir. Lakin iddiaçı müqavilənin şərtlərini qeyd edərkən aksepsiz silinmə ilə bağlı bəndləri tam formada qeyd etməmiş, həmin bəndlərdə Bankın qanunvericiliklə müəyyən olunan qaydada yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərinin də silinmə hüququnun təsbit olunduğunu nəzərdən qaçırmışdır. Həmçinin Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun müvafiq bəndlərinə əsasən silinmələrin yalnız müştərinin razılığı ilə baş verə biləcəyi qeyd edilmiş və iddiaçının da həmin razılığı ifadə edən xx.xx.2020-ci il tarixli GTC16/212PB saylı ərizəsi mövcud olmuşdur.

61. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, cavabdeh bank tərəfindən vəsait köçürüldükdən sonra ödənilmiş vəsaitin 10 faizi həcmində, ümumilikdə 360.446,45 manat məbləğdə pul vəsaitin akseptiz qaydada iddaçının "xxxx" ASC-də olan bank hesabından silinərək dövlət büdcəsinə köçürülməsi qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur.

62. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

63. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1454/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar