Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1322/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İkam oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı İkam oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2291/2024 saylı, 2 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AC 476927 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsiniə əsasən “Mercedes Benz 220 minik” markalı, **-RE-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi İddiaçıdur.
2. 09.12.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı özünə məxsus “Mercedes Benz 220 minik” markalı, **-RE-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 8700 manata X1.
3. BA 211779 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Cavabdehdur.
4. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən Cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixə qədər verilmişdir.
5. 09.11.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən Cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi X4 etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci il tarixə qədər verilmişdir.
6. 18.11.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən Cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2033-cü il tarixə qədər verilmişdir.
7. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, +994 70 247 34 26 əlaqə nömrəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh məxsus +994 70 247 34 26 əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmalarından görünür ki, tərəflərin avtomobillərin alqı-satqısı, onların təmiri və sair barədə söhbətləri olmuşdur. Həmçinin yazışmalarından müəyyən olunur ki, cavabdeh iddiaçıya səsli mesaj göndərmiş və yazmışdır ki, “pul verəndə haqq-hesab edək, mənim fikrimlə 1200 qalıb”, yenə səsli mesaj göndərilmişdir; İddiaçı “səhv hesablamısan, problem yoxdur, hesablayarıq təzdən”; İddiaçı “bilirəm krişkaları ver heç olmasa, söz verdiyin şeyləri ver”; Cavabdeh “gələn il maşını adına keçirəndə verərəm”, “olar məndə gəl apar salonda krişka”.
8. Flaş kartda olan səs yazılarından aydın olur ki, səs yazılarda 2 kişi cinsi maşınla əlaqədar söhbət edir. Maşında olan problemlər müzakirə edilir. Onlardan biri digərinin ona maşınla əlaqədar 1000 manat yay aylarında parkda, 1000 manat maşını yeni alan zaman, bir dəfə 1000 və bir dəfə də 500 manat ödədiyini, 7000 də bir dəfəyə ödədiyini, ümumilikdə 10500 manat ödədiyini bildirir.
9. 08.07.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində buraxılış ili 2008-ci il, qara metalik rəngli, **-CV-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” minik markalı, xetçbek tipli nəqliyyat vasitəsilə eyni texniki parametrlərə uyğun avtomobilin xx.xx.2022-ci il üçün orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri təxminən 12.000 manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 300 manat iddiaçı tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.500 manat məbləğində pulun, 121 manat dövlət rüsumunun və 300 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı, qiyməti 11.500 manat olan, avtonəqliyyat vasitəsinin hissə-hissə alqı-satqısı məqsədilə şifahi və sadə yazılı əqd bağlamışdır. İndiyədək həmin avtonəqliyyat vasitəsinə görə ümumilikdə 10.500 manat Cavabdeh ödəmişdir. Lakin, aralarında bəzi mübahisələrdən sonra, Cavabdeh əsassız olaraq, ona verilmiş idarə etmə hüququ barədə etibarnaməsini ləğv etmişdir. Hazırda həmin avtonəqliyyat vasitəsi Nərimanov DYPİ-nin əməkdaşları tərəfindən duracağa qoyulmuşdur və həmin əmlaka dair qeydiyyat şəhadətnamənin Cavabdeh adına olduğundan həmin əmlakı duracaqdan cavabdeh götürə bilər. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumun Qərarına istinadən, mübahisə predmeti olan “whatsapp” yazılar Məhkəmədə sübut növü kimi istifadə edilə bilər. Hal-hazırda pulsuz və əmlaksız vəziyyətə düşmüşdür.
12. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı irəli sürdüyü iddiasını qəbul etmir, tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İddiaçı ilə onun arasında qeyd olunan avtomobilin ona satılmasına dair hər hansı razılaşma olmamış, tərəfindən ondan hər hansı məbləğdə pul alınmamış və ya hər hansı şifahi və ya yazılı əqd imzalanmışdır. İddia tələbində qeyd olunanlar tamamilə absurddur. İddiaçı cavabdehə qarşı olan qərəzli münasibətindən irəli gəlir. İddiaçı tərəf öz iddiasını, yəni “Kia Pride” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin guya ona satılmasını təsdiq edən hər hansı bir sübut və ya materialı iddia ərizəsinə əlavə etməmişdir. Yeganə olaraq avtomobil onun tərəfindən idarə olunması üçün iddiaçıya verilmiş, bununla bağlı da etibarnamə iş materiallarına əlavə edilmişdir. Bu isə həmin avtomobilin alqı-satqısı anlamına gəlmir. Bir daha qeyd edir ki, tərəflər iddiaçı tərəfindən avtomobilin ona satılmasına dair hər hansı məbləğdə pul ödəməmiş, belə bir razılaşma olmamışdır. Ümumiyyətlə, iddia tələbi qeyri-müəyyəndir. Hesab edir ki, tələb dəqiqləşdirilməlidir. Yəni iddiaçı ya avtomobilin onun mülkiyyətinə keçirilməsi və ya pulun ödənilməsini konkret göstərsəydi, daha məqsədəuyğun olardı. Bu bir daha onu göstərir ki, iddiaçı hazırki tələblə özgəsinin mülkiyyətini əsassız olaraq qanuni yolla sahibliyinə keçirib varlanmaq istəyir. İddiaçının tələbi ona olan şəxsi ədavəti və qərəzli münasibətindən irəli gələn yalan və böhtandan ibarətdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2291/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 10.500 (on min beş yüz) manat məbləğində vəsaitin, 121 (bir yüz iyirmi bir) manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 300 (üç yüz) manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
14. Məhkəmə iddiaçının iddiasının dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
15. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2291/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan və məlumatından görünür ki, mərkəz məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Səbəb olaraq onu göstərmişdir ki, cavabdehin adından eyniləşdirici tədqiqat aparılması üçün eksperimental səs və nitq nümunəsinin və tədqiqatı tələb olunan mübahisəli fonoqramların dinləmə protokolunun təqdim edilməsi barədə ekspertin vəsatəti təmin edilməmişdir.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, tərəflər tanışdırlar və onlar arasında avtomobil alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, cavabdeh özünə məxsus “Kia Pride” markalı, **-CV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11.500 manata iddiaçıya satmışdır. İddiaçı cavabdehə 10.500 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizadan müəyyən edilmişdir ki, 2008-ci il buraxılışlı “Kia Pride” markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixi üçün orta bazar qiyməti 12.500 manat təşkil edir. Eyni zamanda da məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası da tərəflərin razılaşdığı məbləğin avtomobilin faktiki dəyərinə uyğun olduğunu təsdiqləyir. Belə olan halda da, məhkəmənin qənaətinə görə cavabdeh avtomobili geri alıb, ödənilən məbləği, yəni 10.500 manat vəsaiti iddiaçıya geri qaytarmamaqla əsassız varlanmışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2291/2024 saylı, 2 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi RM iddiaçı “pul və ya əmlak” tələbi ilə məhkəməyə müraciət edərək yaranmış münasibətlərin müqavilədən irəli gəldiyini göstərsə də, məhkəmə iddianın əsasını dəyişərək bunu “əsassız varlanma” kimi göstərir və qətnamədə bunu niyə etdiyini demək olar ki, əsaslandırmır. Hazırki qətnamə istinad olunmuş AR Konstitusiya Məhkəməsinin müvafiq plenum qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmə tərəflər arasında alğı-satqı müqaviləsini, avtomobilin iddiaçıya satılmasını qəbul edir, lakin, onun ona qaytaracağı pulun əsasını dəyişir, yəni öhədliyin müqavilədən əmələ gəlməsini qəbul etmir. Halbuki, iddianın əsasını məhz müqavilədən əmələ gələn öhədliyin yerinə yetirilməməsi təşkil edir. İddiaçı X5 iddia tələbində qeyd edir ki, “məndən xx.xx.2022-ci il tarixdə “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı, qiyməti 11.500 manat olan, avtonəqliyyat vasitəsinin hissə-hissə alqı-satqısı məqsədilə şifahi və sadə yazılı əqd bağlamışdır”. Göründüyü kimi iddiaçı öz tələbini əsaslandıran zaman avtomobil almasını qeyd edir və bütün sübutlarını da məhz bu müqavilə üzərindən məhkəməyə təqdim edir. Bu barədə məhkəməyə etiraz təqdim edərək bildirir ki, baxmayaraq ki, onun tərəfindən iddiaçı A.Baxşıyevə avtomobil verilmişdir, lakin burada məqsəd alğı-satqı olmamışdır. Sonradan iddiaçının belə bir fkiri yaranmışdırsa belə o, avtombil üçün lazımı ödənişi etmədiyindən bu müqavilə baş tutmamış və vermiş olduğu etibarnaməni ləğv edərək sözügedən avtomobili qanunsuz sahiblikdə geri qaytarmışdır. İddiaçının öz iddia tələbini müqavilə adlandırdığı halda, məhkəmə yekun nəticəyə gəldiyi zaman yaranmış münasibətlərə tamamilə başqa hüquqi qiymət vermişdir. Hesab edirik ki, məhkəmə bu hissədə tamamilə yanlış mövqe göstərmiş və nəticədə səhv qərar çıxarılması ilə nəticələnmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsi 2(001)-2291/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsində +994 70 *** ** ** mobil nömrəsinin ona məxsus olmasını qeyd etmiş və buna görə də həmin nömrə üzərindən iddiaçı ilə danışıqlarını sübut kimi qəbul etmişdir. Bununla əlaqədar qeyd edir ki, həmin nömrə həqiqətən də ona məxsusdur və aralarında danışıq və yazışma olmuşdur. Ümumiyyətlə iddiaçı ilə bir-birini tanımışlar və aralarında təkcə avtomobilin verilməsi ilə bağlı deyil, çox mövzularla bağlı danışıqlar aparılmışdır. Onların etirafı olmadığı halda məhkəmə qətnaməsində iddiaçının təqdim etdiyi özünə lazım olan hissəni necə müəyyən etdi ki, həmin səs yazıları məhz avtomobilin alğı-satqısına görə verilmiş puldur? Tamamilə absurddur və məhkəmə sübutlara qiymət verərkən çox böyük səhvə yol vermişdir və məhz buna görə də iddia tələbi ləğv edilməlidir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsi müvafiq qətnaməsində yalnız iddiaçı tərəfin təqdim etmiş olduğu whatsapp yazışmasına istinad etmişdir. Baxmayraq ki, həmin sübutlar onlar tərəfindən nə təkzib, nə də təsdiq olunmuşdur. Bu da onu göstərir ki, məhkəmə birtərəfli qaydada işi araşdırmış və yekunda səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən İddiaçı İkam oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
27.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
28.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 31.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32.1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 33.1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 34.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 35.1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
36. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi birinci instansiya məhkəməsinin düzgün olaraq istinad etdiyi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinin tələbləri daxilində aparılmalıdır. 41.Belə ki, məhkəmənin müəyyən etdiyi hallardan göründüyü kimi tərəflər arasında avtomobilin satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamış, cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini müvafiq məbləğ müqabilində xx.xx.2022-cü il tarixli, 7E-14248 seriya nömrəli etibarnamə əsasında iddiaçının sahibliyinə vermişdir. Beləliklə də, iddiaçının həmin avtomobili əldə etmək məqsədilə ödəniş (avtomobilin qiyməti) olaraq ümumilikdə 10.500 (7.000+3.500) manat pul ödədiyi, həmin avtomobilin razılaşmalarına görə onun sahibliyinə keçdiyi, iddiaçı tərəfindən ödənişlər tam edilmədiyi üçün cavabdehin avtomobilə dair verdiyi etibarnaməni ləğv etdiyi, avtomobili iddiaçının sahibliyindən aldığı da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. 42.İddiaçının mübahisəli avtomobilin sahibliyinə verilməsi üçün müvafiq məbləğdə pul ödədiyi öz təsdiqini tapsa da qeyd edilməlidir ki, rəsmi dövlət reyestrində qeydə alınmalı olan daşınar əşyalar ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin cavabdeh tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir. 43.Qeyd edilməlidir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. 44.Baxılan işdə də qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. 45.Beləiklə, tərəflər arasında mövcud olmuş razılaşmaya əsasən cavabdeh müvafiq məbləğ müqabilində avtomobili iddiaçının sahibliyinə və istifadəsinə verməli idi. Halhazırda avtomobil cavabdeh tərəfindən geri alındığından, o, iddiaçının hesabına sonuncunun ödədiyi 10.500 manat məbləğində əsassız olaraq varlanmışdır. Ona görə də, Cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmalıdır. 46.Şikayətin dəlilləri ilə bağlı, məkəmə kollegiyası, həmçinin, qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. 47.İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını göstərməkdə də sərbəstdir. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. 48.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 50.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2291/2024 saylı, 2 dekabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev