Məhkəmə qərarları › İş №2(103)-1328/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1328/2023

09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1328/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında avtomobilin alınması məqsədilə iddiaçı tərəfindən 4000 manat pulun cavabdehə verilməsi ilə bağlı razılığa gəlinmişdir. Bununla da həm iddiaçı tərəfindən verilmiş 4000 manat pul, həm də cavabdeh tərəfindən pul vəsaiti qoyulmaqla Mersedes C markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobil alınmış və cavabdehin adına qeydiyyatdan keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5155 manat məbləğində pul və ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ailəni dolandırmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün 2021-ci ilin əvvəli avtomobil almaq qərarına gəlmiş və internetdə 8 900 manata satışda olan 1997-ci il istehsalı olan 2.2 mator disel Mersedes C markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobili almaq istəmişdir. Həmin avtomobil 30 iyun 2021-ci il tarixində internetdə Mehdi adlı şəxs tərəfindən qoyulmuşdu. Sonra “İnstaqram”da Cavabdeh ilə tanış olmuşdur. O, bildirdi ki, avtomobilin alınmasında kömək edə bilər bir şərtlə ki, maşın Fuadın adına keçmək şərti ilə maşının yarı pulunu Fuad ödəyir və ödənilmiş pul faizi ilə birlikdə ona tam qaytarıldıqdan sonra maşın iddiaçının adına keçəcəkdir. O, Şamaxıya gedib maşına baxmış və maşını 8300 manata razılaşmışdır. 2021-ci il iyunun 29-u Unibankın Neftçilər filialından 4300 manat kredit almışdır. 30 iyun 2021-ci ildə isə avtomobili satan Mehdi, onun atası və dostu Baş Dövlət Yol Polis İdarəsinə alqı-satqıya gəlmiş və 4000 manatı Fuada vermiş, o, da 4300 manat əlavə edib Mehdiyə vermişdir. Qeyd olunanları Mehdi və digərləri də təsdiq edə bilərlər. Avtomobil Cavabdeh adına rəsmiləşdikdən sonra o, maşını iki ay idarə etmiş və hər ay 500 manat e-manat vasitəsi ilə Cavabdeh iki ay cəmi 1000 manat pul ödəmişdir. Bundan başqa o, 85 manat sığortaya və 70 manat texniki baxışa görə pul ödəmiş, iki aydan sonra yüngül avtoqəza oldu və buna görə də ödəmədə iki gün gecikmə olmuşdur. Bundan sui istifadə edən Cavabdeh 2021-ci il oktyabrın 1-i maşını aparıb bildirdi ki, satıb onun pulunu verəcəkdir. Lakin onu aldadaraq aradın çıxmış və o, bir də onu tapa bilməmişdir. Dəfələrlə zəng etsə də, telefona cavab verməmiş, sonda isə ona avtomobili zərərlə 6000 manata satdığını bildirərək ona pul düşmədiyini bildirmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh 4.000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 72 manat dövlət rüsumunun 60 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə ödədiyi 4000 manatın cavabdehdə qalmasını şərtləndirən hər hansı hüquqi əsas yoxdur. Belə ki, tərəflərin sövdələşməsi pozulduqdan sonra, cavabdehin öz adına olan avtomobili satmaqla bərabər, eyni zamanda iddiaçının avtomobilin dəyəri kimi ona verdiyi 4000 manatı da özündə saxlamağı əsassız varlanma halının yaranmasına gətirib çıxarır. İddia tələbi iddiaçının cavabdehə vaxtaşırı olaraq 2 dəfə ödədiyi 505 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində əsaslı deyildir. Belə ki, iddiaçı həmin məbləğin qaytarılmasını tələb etsə də, lakin həmin dövrdə avtomobil iddiaçının sərəncamında olmuş və taksi fəaliyyəti həyata keçirməklə, iddiaçı özü də qazanc əldə etmişdir. Belə olan halda, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi həmin avtomobilə görə ödənilmiş 80 manat sığorta haqqının və 75 manat avtomobilin texniki baxışdan keçirilməsinə görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində də əsassızdır. Həmin dövrdə avtomobil iddiaçı tərəfindən idarə olunduğu üçün zəruri xərclərin çəkilməsi öhdəliyi də məhz iddiaçının öz üzərinə düşür. Bu səbəbdən həmin pul vəsaitlərinin ödənilməsi öhdəliyinin cavabdehə aid edilməsi qanuni və əsaslı hesab edilə bilməz

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 80, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-3932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən də göründüyü kimi işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı "Mersedes C" markalı, **-ZN-*** dövlət nömrə nişanlı avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə almaq qərarına gəlmiş, lakin yetəri qədər pul vəsaiti olmadığına görə ona avtomobilin yarı qiymətini ödəməyini təklif etmişdir. Avtomobil onun adına alınmışdır. Tərəflər arasında razılaşma ondan ibarət olmuşdur ki, iddiaçı avtomobilin alınması üçün onun ödədiyi pul məbləğini hər ay müəyyən faizlə ona qaytarmalı, o isə həmin pul vəsaitini ona tam qaytarıldıqdan sonra avtomobili iddiaçının adına rəsmiləşdirməli idi. Bundan başqa iş materiallarından da göründüyü kimi İddiaçı avtomobillə qəza törətdiyini etiraf etmişdir. Həmçinin işin mübahisəsiz halı bundan ibarətdir ki, o avtomobil alınması üçün 4300 manat məbləğində pul ödəyib. O avtomobilin alınması zamanı 4300 manat deyil 4900 manat məbləğində pul ödəyib. Avtomobilə xəsarət yetirdiyi üçün ona məlumat verərək aralarındakı raşılaşmaya xitam verib. Daha sonra avtomobil iddiaçının kobud ehtiyatsızlığı nəticəsində istifadəyə tam yararlı olmadığı üçün orta bazar qiymətindən aşağı qiymətə satılmışdır. Yəni o iddiaçının təklifi ilə avtomobil aldığı üçün hər hansı məbləğdə pul qazanaraq əsassız şəkildə varlanmamışdır. Əksinə tərəflərindən məhkəmənin qətnaməsinə əsasən iddiaçıya 4000 manat ödəniləcəyi təqdirdə ona maddi ziyan dəymiş olur. O iddiaçının kobud ehtiyatsızlığı nəticəsində avtomobili dəyərindən aşağı qiymətə özgəninkiləşdirərək ona dəymiş ziyanı kompensasiya etməyə çalışmışdır. Məhkəmə aralarında şifahi razılaşmanın olduğunu qəbul etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbləri nəzərə almamışdır. İşin hallarından da göründüyü kimi o aralarında şifahi şəkildə müqavilə bağlanılarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə iclasında iddiaçı ona 2-ci ay ödədiyi 500 manatı ehtiyacı olduğu üçün geri aldığını etiraf etmişdir. Lakin buna dair məlumat məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Azərbaycan Respublikası MMnin 421.2-ci maddəsinə əsasən müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün ləğv edilmişdir. Avtomobil iddiaçının kobud ehtiyatsızlığı nəticəsində yararsız vəziyyətə salındığı, həmçinin özünün də etiraf etdiyi kimi ödənişi həyata keçirmədiyi üçün tərəflərindən özgəninkiləşdirilmişdir. Belə olan halda onun iddiaçının vəsaiti hesabına əsassız varlanmağı mümkün deyildir. Bütün bunlar məhkəmə tərəfindən qətnamə çıxarılarkən nəzərə alınmamışdır. 4000 manat tərəfindən iddiaçıya ödəniləcəyi təqdirdə ona maddi ziyan dəyir, yəni o heç bir təqsiri olmadan iddiaçıya pul ödəmiş olur. Halbuki, iddiaçının da etiraf etdiyi kimi ödənişi gecikdirən, avtomobilə xəsarət yetirən o olmuşdur. Belə olan halda avtomobilə xəsarət yetirən o olmuşdur. Belə olan halda onun 4000 manat məbləğində pulu iddiaçıya ödəməyi hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnəcəkdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iddiaçı ona 2-ci ay ödədiyi 500 manatı ehtiyacı olduğu üçün geri aldığını etiraf etmişdir. Lakin buna dair məlumat məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bundan başqa iddiaçı məhkəmə iclası zamanı, həmçinin iddia ərizəsində pulun ödənilməsini gecikdirdiyini, avtomobillə qəza törətdiyini etiraf etmişdir. Yəni Məhkəmə iddiaçı tərəfindən ona ödənilmiş pulun geri alınmasını, pulun ödənilməsini gecikdirdiyini, avtomobillə qəza törətdiyini belə nəzərə almamış, işə bir tərəfli qaydada baxılmış, hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericliyin tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, avtomobilin əyləci işləmədiyinə görə qəza olmuşdur. O maşını düzətdirib. Cavabdeh 2021-ci il oktyabrın 1-i maşını aparıb bildirdi ki, satıb onun pulunu verəcək. Lakin onu aldadaraq aradan çıxmış və o bir də onu tapa bilməmişdir. Dəfələrlə zəng etsə də, telefona cavab verməmiş, sonda isə ona avtomobili zərərlə 6000 manata satdığını bildirərək ona pul düşmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Məcəllənin 448.2-ci maddəsində qeyd edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin mübahisəsiz hallarına əsasən iddiaçı tərəfindən cavabdehə "Mersedes C" markalı, **-ZN-*** dövlət nömrə nişanlı avtomobilin alınması üçün 4000 manat məbləğində pul verilmiş və avtomobil alınaraq cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbində avtomobilin alınması üçün verilmiş 4000 manat pulun, həmçinin 85 manat avtomobilin sığortalanması və 70 manat texniki baxışa görə ödənilən pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş edir.

21. Birinci instansiya məhkəməsi iddia tələbini 4000 manat pulun alınması hissəsində təmin etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin sövdələşməsi pozulduqdan sonra cavabdeh öz adına olan avtomobili satmaqla bərabər, avtomobilin dəyəri kimi iddiaçının ona verdiyi 4000 manatı da özündə saxlamaqla əsassız varlanma halının yaranmasına gətirib çıxarmışdır.

22. Qətnamədən şikayət verən cavabdeh apellyasiya şikayətinin dəlilləri olaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh maşının alınması üçün pul verərkən razılığa gəliblər ki, iddiaçı avtomobildən istifadə etdiyi müddətdə əldə etdiyi gəlirdən iddiaçıya ödəniş etməlidir, iddiaçının təqsiri nəticəsində qəza törədildiyindən avtomobil yararsız hala düşdüyü üçün cavabdeh avtomobili alınan qiymətdən aşağı məbləğə satmışdır. Cavabdehin mövqeyinə görə bununla o nəinki əsassız varlanmamış, əksinə həm zərərə düşmüş, həm də avtomobilin istifadəsi nəticəsində edə biləcəyi gəlirdən məhrum olmuşdur. Digər dəlili isə odur ki, iddiaçı ona verdiyi 500 manatı geri almışdır.

23. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən qəza nəticəsində avtomobilin zədələndiyini qeyd etsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir.

24. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin zədələnməsi cavabdehə aralarındakı razılaşmanı birtərəfli qaydada pozaraq avtomobili satmağa əsas vermirdi.

25. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini yalnız avatomobilin əldə edilməsi üçün iddiaçı tərəfindən ödənilən 4000 manat hissəsində təmin etmişdir. Əlavə ödənişlərlə bağlı iddia təmin olunmamışdır. Ona görə də cavabdehin 500 manatı sonradan iddiaçıya qaytarması ilə bağlı dəlili də əsassızdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3932/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar