Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1336/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1015/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2022-ci il tarixdə “Dünya Göz” xəstəxanasında müayinəsi zamanı ona “Katarakta. Diabetik retinopatiya” diaqnozu təyin edilmişdir.
2. Təyin edilmiş diaqnoza əsasən İddiaçı gözündə katarakta cərrahiyyə əməliyyatı aparılmışdır.
3. Cərrahiyyə əməliyyatından sonra İddiaçı sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dünya Göz xəstəxanasında əməliyyat üçün ödədiyi 4100 manat, Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasında əməliyyat üçün ödədiyi 8676.36 manat, gediş-haqqı, mehmanxana və qidalanma daxil olmaqla xərclədiyi 6000 manat, ona vurulan mənəvi zərərə görə 20.000 manat və dövlət rüsumu kimi ödədiyi 210 manatın Cavabdeh MMCdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək hüquqlarını təmsil etdiyi İddiaçı “Dünya Göz” Xəstəxanasındakı əməliyyatı ilə bağlı ödədiyi 4100 manat, Türkiyə Respublikasının İstanbul şəhərindəki “Gazi Osmanpaşa” Xəstəxanasındakı əməliyyata xərclədiyi 8676.36 manat, gediş haqqı, mehmanxana, qidalanma da daxil olmaqla xərclənən 6000 manat, mənəvi zərərə görə 20.000 manat, iddia tələbi üzrə məhkəməyə müraciət olunan tarixdən sonra iddiaçının çəkdiyi əlavə xərclər olan 5000 manat, eləcədə iddia ərizəsi və əlavə iddiaya görə dövlət rüsumu kimi ödənilmiş 280 manat, cəmi 44,056.36 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tibb üzrə elmlər doktoru, professor İddiaçı sağlamlığına vurulan ağır fəsadlara, çəkdiyi əlavə xərclərə, vurulan maddi zərərə və keçirdiyi mənəvi iztirablara görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sağ gözündə katarakta və retino patie diaqnozu ilə 14 oktyabr 2022-ci il tarixdə X8 müraciət etmiş, həmin xəstəxananın həkimi Mahmud Öztürk onu müayinə edərək, təcili əməliyyat olunmağını, əks halda gözünün görmə dərəcəsinin xeyli azalacağını, hətta ağır nəticələrə səbəb olacağını bildirmişdir. Cavabdeh xəstəxananın tibbi komplektasiyasına və həkimin peşəkarlığına inanaraq 28 oktyabr 2022- ci il tarixdə cərrahiyyə əməliyyatı keçirməyə razılıq vermiş və əməliyyat xərci kimi 3950 manat cavabdeh xəstəxanaya pul ödəmişdir. Əməliyyatdan sonra gözündə ağırlaşmalar baş vermiş, getdikcə bu daha da şiddətlənməyə başlamışdır. O, bununla bağlı bir neçə dəfə cavabdeh xəstəxanaya müraciət etmişdir. Onu əməliyyat edən həkim Mahmud Öztürkün qəbuluna yazılsa da, həkimin etinasızlığı ilə üzləşmişdir. Hər dəfə 150 manat ödəniş edərək həkim qəbullarında onu əməliyyat edən həkimdən gözündə baş verən ağırlaşmalara tutarlı izah ala bilməmişdir. Hər dəfə xəstəxana personalının “bu kimi ağırlaşmalar olur, zamanla düzələcək” deyə boş, məntiqsiz cavabları ilə üzləşmişdir. Əməliyyatdan sonra gözündə yaranan şiddətli ağrılarla bağlı başqa xəstəxanalara müraciət etməyə başlamışdır. Respublika Diaqnostika Mərkəzində (RDM) aldığı müayinələrdən bilmişdir ki, həkim etinasızlığı, cavabdeh X6 məsuliyyətsizliyi səbəbindən gözündə yanlış əməliyyat aparılmış, ona məlum olmayan, yan təsiredici iynə və sağ gözündə ağırlaşmalar baş vermişdir. Bu səbəbdən də Türkiyə Respublikasına getməyi və orada müalicə və müayinə olmağı qərara almışdır. X6 məsuliyyətsizliyi və həkim özbaşınalığı ucbatından əlavə xərclər, mənəvi iztirablar keçirmişdir. Türkiyə Respublikasının İstanbul şəhərində “Gazi Osmanpaşa” Xəstəxanasında təkrarən sağ gözündən əməliyyat olunmuş, həmin əməliyyata görə 98667.80 TL, yəni Azərbaycan məzənnəsi ilə 8676.36 manat pul ödəmiş, bundan əlavə Türkiyə Respublikasına gediş-gəliş üçün 944.80 manat (gediş haqqı 454 AZN, gəliş haqqı 490.80 AZN) xərcləmiş, İstanbul şəhərində əməliyyat zərurəti ilə əlaqədar qaldığı 7 gün müddət ərzində mehmanxanaya 2134.75 manat pul ödəmiş, əlavə olaraq qidalanma, nəqliyyata 3000 manata yaxın pul xərcləmişdir. Lakin məsələ bununla kifayətlənməmiş, çünki həkim məsləhətinə görə o, Türkiyə Respublikasında keçirdiyi əməliyyatdan sonra məcburən müayinə və müalicə olmaq üçün hər həftə həmin ölkəyə getməli olduğu bildirilmiş, bu isə o deməkdir ki, o, əlavə xərclər, məsrəflər çəkməlidir. Bu səbəbdən də o məhz hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1015/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 23.776.36 (iyirmi üç min yeddi yüz yetmiş altı manat, otuz altı qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 191.33 (bir yüz doxsan bir manat, otuz üç qəpik) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı üzərində aparılmış əməliyyatın uğurlu olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Ekspert rəyindən görünür ki, ekspertiza zamanı İddiaçı Azərbaycan Tibb Universitetinin X2 müayinədə olmuşdur. Oftalmoloqun baxışı zamanı Vis OD=0,06 k/i; Vis OS=0,7-0,8. 1. OD-buynuz qişada donor korneokerotoplastikadan sonrakı vəziyyətdir. Hər iki gözdə İOL var. OD sağ gözdə viktor makulyar ödem müşahidə olunur. 2. Xəstədə buynuz qişanın transplantasiyası olunub. OD-əməliyyatdan sonra buynuz qişa zədələnib və kerotoplastika icra olunub. 3. Xəstənin gözündə endotelial distrofiya OD-FAKO əməliyyatından sonra əmələ gəlmişdir. 4. Hal hazırda cərrahi əməliyyata ehtiyac yoxdur. Xəstənin sağ gözünə intravitral inyeksiyaya ehtiyac olduğu müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə hesab etmişdir ki, klinikada çalışan həkim hər hansı səhv edirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd etmişdir ki, göz ən vacib orqanlardan biri sayılır və iddiaçı gözündə OD əməliyyatından sonra buynuz qişasının zədələnməsi və kerotoplastika icra olunması nəticəsində əsəb, stres, sarsıntı, iztirablar, digər psixoloji narahatlıqlar keçirdiyindən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi 10000 manat hissəsində təmin olunmalı, qalan hissədə isə təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Məhkəməsinin Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi, Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarları, Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı, Avropa Məhkəməsinin X5rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları, Mülki Məcəllənin 21, 1112, 1096, 1097.1-ci maddələri, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100 -cü maddəsi, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarı, “Özəl tibbi fəaliyyət haqqında” Qanun 7-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 220.5, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1015-2023 saylı mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyi ixtisasca oftalmoloq olmayan ekspert vəzifəsində işləyən Cavid Cahangirli və Rafik Nuriyev tərəfindən imzalanmışdır. Ekspert rəyində həlledici xarakter daşıyan və ekspert rəyinin nəticə hissəsinin formalaşmasına birbaşa təsir göstərən oftalmoloqun isə kim olması, hansı bilik və bacarıqlara və nə qədər təcrübəyə malik olması bəlli deyildir. Bu barədə ekspert rəydə heç bir məlumat yoxdur. Bu halda ekspert rəyinin həqiqiliyi və mötəbərliyi sual altında qalır. Həmçinin ekspert qarşısında qoyulan sualların əksəriyyəti xüsusilə 6-cı sual (Əgər cavabdeh tərəfindən aparılan əməliyyat düzgün həyata keçirilməmişdirsə, cavabdehin təqsirli əməlləri konkret olaraq nədə ifadə olunur) cavablandırılmamışdır. Ümumiyyətlə ekspert rəyində tərəflərin etiraf etdiyi və mübahisə mövzusu olmayan hissələr, eləcə də beynəlxalq sənədlərdə əksini tapmış anlayışlar da tamamilə səhv göstərilmiş, bu isə ekspertlərin bu sahədən ümumiyyətlə heç bir xəbərinin olmamasını bir daha sübut edir. Misal üçün iddiaçı məhkəmə iclasında da qeyd etmiş və cavabdehin əməliyyatdan öncə tərtib edilən tibbi sənədlərdə iddiaçının 30 il əvvəl gözündə travması olmasına baxmayaraq, ekspert rəyində qeyd edilmişdir ki, sanki iddiaçının gözündə travma olmamışdır. Bundan əlavə, xəstəliklərin beynəlxalq standartları (İnternational Classification of Diseases –İCD) h18.9 (Disorder of cornea, unspecified - Buynuz qişanın pozğunluğu, dəqiqləşdirilməmiş) standartını “Kornea pozulması təsdiqlənməmiş” kimi yazaraq guya iddiaçının buynuz qişasının pozulmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsində rəyi imzalayan ekspert Cavid Cahangirliyə cavabdehin verdiyi sualların heç birinə cavab verə bilməməsi ekspertin verdiyi rəydən və ümumiyyətlə oftalmologiyadan xəbərinin olmamasını sübut edir. Məhkəmə bu məqamlara diqqət etməli olduğu halda, bu cür qeyri-dəqiq və qeyri-mötəbər sübuta əsaslanmaqla nəticəyə gəlmiş, prosessual normanın pozulması qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. ekspert rəyi məhkəmə-tibbi ekspert komissiyasının sədri Cavid Cahangirli və digər məhkəmə tibb eksperti Rafik Nuriyev tərəfindən imzalanmışdır. Buna baxmayaraq onların heç biri ixtisasca oftolmoloq deyillər. Beləliklə, həmin şəxslər oftomologiya sahəsində tələb olunan xüsusi biliyə malik deyillər. Nəzərə almaq lazımdır ki, yalnız oftalmologiya sahəsində ixtisaslaşmış mütəxəssis icra edilmiş cərrahi əməliyyatından sonra baş verə biləcək risklər və ehtimalları görüb dəyərləndirə və bunun həkim səhvi olduğunu yoxsa həkimdən asılı olmayan, xəstənin anatomik xüsusiyyətlərindən irəli gələn obyektiv səbəblərdən yarandığı aşkar edə bilər. Nəzərə alınsa ki, şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək arzusundadırsa, həmin şəxs məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Bunun üçün aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir: 1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini; 2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu; 3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu. Adı qeyd edilmədən mülahizəsi ekspert rəyində ifadə olunan oftalmoloqun kimliyi və yuxarıda göstərilən bütün bu tələblərə uyğun gəlib-gəlmədiyi məlum deyildir. Bu da ekspert rəyinin həqiqiliyini sual altında qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi tərəfindən komisyon ekspertiza təyin edilməmişdi. Məhkəmə iclasına dəvət edilmiş Cavid Cahangirli məhkəmənin tələbi olmamasına baxmayaraq komisyon ekspertizanın keçirildiyini bildirmiş, ekspertizanın komisyon keçirilməsinin zəruriliyi əsaslandıra bilməmiş, nəhayət hətta komisyon ekspertiza keçirilmiş olsa belə qanunvericiliyin tələbinə əsasən komisyon ekspertizada iştirak edən bütün ekspertlərin eyni ixtisasdan olması tələb olunur. Hazırki keçirilən ekspertizada da heç bir ekspert oftalmoloq olmamışdır. Fərqli ixtisasdan olan ekspertlərdən ibarət tərkibdə təşkil olunduğu üçün bu komisyon ekspertiza rəyi hesab olunmur. Odur ki, ekspertizanın rəyinə qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarlı hesab edilə bilməz və müvafiq olaraq sübut kimi əhəmiyyətə malik ola bilməz. İddianın hüquqi əsasını delikt təşkil edir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində də deliktlə bağlı mülki hüquq normalarına istinad edilmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Lakin deliktin baş verməsi cavabdeh tərəfindən sübut edilməmişdir. Hazırki iş üzrə mülki hüquq pozuntusunun baş verməsi üçün iddiaçının gözündə icra edilən əməliyyatın cavabdeh tərəfindən uğursuz aparılması sübut edilməlidir. Lakin iddiaçı məhkəməyə bunu sübut edəcək heç bir dəlil təqdim edə bilməmişdir. Deliktin baş verməsi halı sübuta yetirilmədən məhkəmə həqiqiliyi şübhə altında olan qeyri-mötəbər ekspert rəyinə əsaslanaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Halbuki, yuxarıda qeyd olunan səbəblərdən ekspert rəyi maddi və prosessual hüquq normalarını pozulması ilə qəbul edildiyindən həqiqi və mötəbər sübut kimi qəbul edilməməlidir. İddiaçının əməliyyatdan sonrakı müayinə sənədlərindən də görünür ki, əməliyyat uğurla icra edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, ekspert qarşısında qoyulan 6-cı sual məhz deliktin olub-olmamasını sübut etmək üçün verilmişdir. Yəni ekspert “Əgər cavabdeh tərəfindən aparılan əməliyyat düzgün həyata keçirilməmişdirsə, cavabdehin təqsirli əməlləri konkret olaraq nədə ifadə olunur” sualına cavab vermiş olsa idi, cavabdehin delikt törətməsi sübut edilmiş olacaqdı. Əksinə, mülki iş materiallarına əlavə edilmiş iddiaçının əməliyyatdan öncə, 17 dekabr 2021-ci il tarixli müayinə aktından görünür ki, iddiaçıda “korneada descement qırışıqlıqlar, katarakta” müəyyən edilmişdir. Bu isə FAKO əməliyyatının (Katarakta əməliyyatı) iddiaçı üçün riskli olması barədə əvvəlcədən iddiaçının məlumatlı olmasını sübut edir. Bundan başqa, iddiaçının Türkiyə Respublikasındakı müayinə sənədində gözündə yaranmış problemin məhz icra edilmiş katarakta əməliyyatı nəticəsində meydana gəlməsi qeyd edilməmişdir. Bu bir daha iddiaçının buynuz qişasının dəyişməsi zərurəti cavabdeh tərəfindən icra edilmiş katarakta əməliyyatının uğursuz olmadığını sübut edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçı Cavabdeh MMCnin klinkasında müraciət edib və onda katarakta əməliyyatının həyata keçirilməli olması müəyyən olunub. Xanımda müayinələr aparılıb və nəticədə "descement qırışıqlarının" olduğu aşkar edilib. Buynuz qişa gözün üst qismi,torlu qışa gözün arxa tərəfi deməkdir.İstənilən əməliyyatı etdikdə dəri kəsilir və sonra özünü bərpa edir. Eynilə də katarakta əməliyyatı zamanı da gözün üst tərəfi kəsilir və sonra göz özü-özünü bərpa edir. Gözün özünü bərpa etmək xüsusiyyəti var. Amma, xanımın 30 il öncədən travması olduğuna görə katarakta əməliyyatı olmamışdan əvvəl də onda korneada qırışıqlıqlar var idi. Bu əməliyyatlardan öncə olan sənədlərdə də var, göz qişası əməliyyatdan sonra özünü bərpa etməyə bilər. Əvvəlcədən həkim iddiaçıya bu prosesi izah etmişdi. Katarakta əməliyyatı gözdə qırışıqların olub-olmasından asılı olmayaraq, olması vacib olduğu halda edilməlidir. Bu xanımda əməliyyat daha riskli idi. Xanımın əməliyyatdan sonra gözünün bərpa edilməsi sual altında idi və bu da əməliyyatdan əvvəl xanıma deyilmişdir.Ondan sonra iddiaçıya gözü zədələndiyinə görə onun buynuz qişasının dəyişdirilməli olacağı deyildi.Xanım bununla razılaşmayaraq gedib Türkiyədə əməliyyat olunacağını dedi. Onlar ekspert qarşısında 6 sual qoymuşdular. Ekspert demək olar ki, bu sualların heç birinə cavab vermədi. Birinci instansiya məhkəməsində hakim təkrar ekspertiza keçirilməsinə ehtiyac olmadığını dedi. O heç olmasa ekspertin çağırılmasını istəmişdi, ekspert daha sonra məhkəmə iclasına gəldi. Ekspert oftalmoloq deyil, rəy yazan və imza edənlərin heç biri oftalmoloq deyil. Ekspertə əməliyyatı aparan həkimdən soruşduğu adi sualları verib, ekspert o suallara belə cavab verə bilmədi. O oftalmoloq olmadığını və sənədlərin düzgün olub-olmamasını yoxladığını dedi. O mütəxəssisin çağırılmasını və həkimin hansı hissədə səhv əməliyyat etdiyini bilmək istədiyini məhkəməyə deyib. Ekspert qeyri-peşəkar idi, beynəlxalq terminalogiyanı da düzgün tərcümə etməyib. Gözü əməliyyat edən Mahmut Öztürk olub, amma buynuz qişanı əməliyyatını edən Anıl Kubaloğludur. İddiaçıya yazıblar ki, buynuz qişası dəyişdirilməlidir, Anıl Kubaloğluya yaxınlaşın. Xanım yəqin ki, buna inanmadığına görə gəlməyib. Onlar xanımın buynuz qişasında problem olduğunu bilirdilər. Onların iddia etdiyi odur ki, həkimin təqsiri sübut edilmir. Birinci instansiya məhkəməsində onlar təkrar ekspertizanın keçirilməsi barəsində vəsatət veriblər. Məbləğləri heç müzakirə etməyiblər. Onlar buynuz qişasının dəyişdirilməsi ilə bağlı xanıma müraciət etmələrinə baxmayaraq xanım Türkiyədə müalicə olunacağını bildirdi. İşin mahiyyəti ondan ibarətdir ki, buynuz qişası kəsilib götürülüb, ondan sonra buynuz qişa özü-özünü bərpa etməlidir. Əməliyyata girməmişdən əvvəl xəstəyə və həkimə məlum idi ki, buynuz qişanın özünü bərpa etməməsi riski var, orada göstərilib. Onlar sualda qoymuşdular ki, onların təqsiri konkret olaraq nə ilə ifadə olunub. Ona cavab verilməyib. Buynuz qişasında zədələnmə olduğu deyilsə də, buynuz qişa onsuz da kəsilib. Onlar sualda qoymuşdular ki, buynuz qişasının zədələnmə riski olduğuna görə bəlkə katarakta əməliyyatı edilməməli idi? Qüsurlu əməliyyatda səhv dedikdə yalnış əməliyyat alətlərindən istifadə edilməsi, səhv yerin əməliyyat edilməsi başa düşülür. Burada buynuz qişası kəsilməli idi. Diaqnozda gözdə travmanın olması faktı qeyd edilib. Bunların hamısı qeyd edildiyi halda ekspert cavabdehin qüsurlu əməliyyat keçirdiyini bildirib. Həkimin məhkəməyə dəvət edilməsini və onların suallarına cavab verməyini xahiş edir. Səadət xanım keçən dəfə iynəni düzgün vurmadıqlarını demişdi. Onlar ekspert qarşısında bununla bağlı sual qoymuşdular, heç ona da düzgün cavab verməyiblər. 5-ci bənddə qeyd edilir ki, Səadət xanıma əməliyyatdan sonra müalicə tətbiq edilmiş,amma bunun təsir göstərməməsi təkrar əməliyyatın keçirilməsinə əsas olmuşdur. Amma, 5-ci sualda cavabdeh tərəfindən torlu qişanın müalicəsinin düzgün aparılmasını sual olaraq qoymuşdular. Həkimin məhkəmə iclasına gəlib qüsurun nədən ibarət olmasını bildirməsini xahiş edir. Katarakta əməliyyatını keçirmək üçün buynuz qişası mütləq kəsilməlidir və buynuz qişa özü-özünü bərpa etməlidir. Xanımda özü-özünü bərpa etməyib. Bərpa etməməsi riski də əvvəlcədən məlum idi. Əgər kəsilirsə,sözsüz ki,zədələnməlidir.
14. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında çıxış edərək bildirir ki, həkim T.Qəlbinurun iştirakını ona görə istəmişdilər ki, əldə olunan sənədlərlə ekspertin rəyində ziddiyyətlər var. Əgər ekspert iştirak edə bilmirsə, onların nümayəndəsi məhkəmə iclasında çıxış etsin. Hazırda dəvət edilməsini istədiyi nümayəndə Cavabdeh MMC-ni baş həkimidir. Ekspert rəyi ilə sənədlər arasında uyğunsuzluq var. Məhkəmənin verdiyi suallara ekspert konkret olaraq cavab yazmayıb. Həkimin təqsirli olduğunu qeyd edilib, amma hansı əsasla təqsirli olduğu bildirilməyib. Ekspertiza rəyində iddiaçının travmasının olmadığı qeyd edilir, amma 30 il bundan qabaq olan sənəddə iddiaçının gözünüzdə travmanın olduğu qeyd edilir. Katarakta əməliyyatında buynuz qişa kəsilməlidir, buynuz qişa kəsildikdən sonra ağrılar, şişkinlik baş verib. İddiaçı Türkiyədə yeni bir əməliyyata girib və buynuz qişa dəyişdirilib. Əgər buynuz qişa dəyişdirilibsə, ekspert köhnə buynuz qişası ilə bağlı necə fikir bildirə bilərdi. Onlara maraqlı olan həkimin təqsirinin nədə olmasıdır. Travmanın olduğu və buynuz qişasında qırışıqlıqların olduğu aydın şəkildə sənədlərdən görünür. İddiaçı professordur, hər bir halla razılaşıb əməliyyata girib. Əməliyyatdan sonra buynuz qişasının özünü bərpa etmə vaxtı olur. Cavabdeh MMC-nin Türkiyədə olan filialından həkimin bura gəlib xanımı müalicə etməsini təklif edilib, lakin, xanım nə qədər xərc çəkərək gedib Türkiyədə öz hesabına əməliyyat edilib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu hallara toxunmayıb. Dəyişdirilmiş buynuz qişaya baxaraq ekspert həkimin səhvi olduğunu qeyd edib. Həkimin təqsirinin nə olduğuna cavab verməyib. Ekspert rəyində kataraktanın yetişmiş olması və əməliyyat edilməli olması sual olaraq qoyulub, bununla bağlı konkret bir cavab verməyib. Türkiyədə keçirilən əməliyyatdan əvvəl verilmiş diaqnozda Cavabdeh MMC tərəfindən keçirilmiş əməliyyatın uğurlu olduğu qeyd edilib. Katarakta əməliyyatı ilə buynuz qişasının dəyişdirilməsi əməliyyatı fərqli əməliyyatdır. Ekspertin rəydə qeyd etdiyi həkimin səhvinə görə hadisənin baş verməsinə cavab tapa bilməyiblər. Müayinə rəylərində travmanın olduğu qeyd edilir, ekspert rəyində isə travma olmadığı yazılıb. Xanımın əməliyyat 2022-ci ildə olub və onlara 2021-ci ildə müayinə üçün gəldikdə travmanın olduğu müəyyən edlmişdir. Mülki iş materiallarının 54-cü səhifəsində əməliyyatdan öncə keçirilmiş müayinə yerləşdirilib. Bu müayinə rəyində korneada qırışıqlıqlarının olduğu qeyd edilib, buynuz qişasının özünü bərpa etməyində çətinliklərin olduğu qeyd edilib. Həmin buynuz qişanın özünü bərpa etməsində müəyyən problemlərin ortaya çıxacağı qeyd edilir. 2021-ci ildə müayinə keçirilərkən travmanın olduğu qeyd edilib. Bu da əməliyyat zamanı buynuz qişanın özünü bərpa etməsində problemlərin olacağı anlamına gəlir. Bu səbəbdən katarakta əməliyyatından sonra buynuz qişa dəyişikliyi olmuşdur. Onun araşdırmasına əsasən qırışıqlıqların olmaması katarakta əməliyyatının olması üçün hər hansı bir məhdudiyyət deyil. Həkimin hazırda məhkəmə iclasında verdiyi izahatında buynuz qişasında olan qırışıqların 2 halda ya zədə nəticəsində ya da anadangəlmə olacağını qeyd edir. Həkimin təqsirinin nə olması barədə verilən suala konkret cavab ala bilmədilər. Kornea qırışıqları ilə bağlı aparılan araşdırmalarım nəticəsində anadangəlmə olduğu ortaya çıxır. Hətta 1 il əvvəl gözdə yaranan kornea qırışıqlıqları gözdə problem yaranmasına səbəb ola bilər. Həkim çıxışında buynuz qişasının korlanması üçün 2 səbəbin olduğunu qeyd edir, amma bu iki səbəbdən hansının onların həkimin səhvinə görə olması sübuta yetirilmir. Buynuz qişanın dəyişiklik edilməsi xanıma təklif edilib. MMC-nin 2020-ci ildən buynuz qişanın transplantasiyası ilə bağlı lisenziyası var. Xanım razılaşmayaraq Türkiyədə əməliyyat olunub. 2021-ci ildən qırışıqlıqlar var idi və bu buynuz qişanın özünü bərpa etməyə biləcəyi anlamına gəlir. Katarakta əməliyyatının keçirilməsində buynuz qişanın qırışıqlıqları problem yaratmayacaqdı, çünki həkimin bildirdiyi kimi boşluqda işlənilir. İddiaçının gözü sağlam deyildi. Həkim vurğuladı ki, əməliyyat buynuz qişada aparılmır. Göz ümumi müayinə edilir. Onların xəstəxanadakı həkimlər və klinikanın rəhbəri buynuz qişada qırışıqlığın olduğunu xəstəyə bildirib. Xəstə buna rəğmən əməliyyata razı olub. Həkimin bildirdiyi kimi əməliyyat buynuz qişada deyil, aşağıda keçirilir. Hal-hazırda görmədə problemin səbəbi buynuz qişadır. Türkiyədə keçirilən əməliyyatdan əvvəl keçirilmiş müayinədə əvvəlki əməliyyatla bağlı hər hansı problem olmamışdır. Gözündə onların əməliyyatı ilə bağlı problem olduğu halda Türkiyədə keçirilən müayinə zamanı ortaya çıxardı. Türkiyədə buynuz qişanın əməliyyatı həyata keçirilib. Xəstənin ola biləcək risklər barədə məlumatlandırılması üçün sənəd təqdim edilib. Sənədin ikinci vərəqində nələrin ola biləcəyi qeyd edilib. Türkiyədəki xəstəxanadan verilmiş epikrezdə isə korneadan aşağıda keçirilən əməliyyatda hər hansı bir problem aşkar edilmədiyi qeyd edilib. Əgər Türkiyədə keçirilən əməliyyat həmin hissədə keçirilsəydi, onda problem olduğunu bildirərdilər. Ekspertiza rəyi ilə müayinə sənədləri arasında anlaşılmamazlıqlar var. Əməliyyat buynuz qişanın altında keçirilib, Türkiyədəki əməliyyat isə buynuz qişanın dəyişdirilməsi olub. Əvvəlki diaqnozda buynuz qişada qırışıqlıqlar var. 2021-ci ildə olan qırışıqlıqların nəticəsində 2022-ci ildəki əməliyyatı dayandıracaq hər hansı bir hal yoxdur. Katarakta əməliyyatı buynuz qişanın altında olan bir əməliyyatdır, buynuz qişayla katarakta əməliyyatının heç bir əlaqəsi yoxdur. Buynuz qişada qırışıqlıqlar onsuzda var, tərəfə də bu barədə bildirilib.
15. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Cavabdeh MMC-nin klinkasına getdi, qardaş ölkə Türkiyədən olduqlarına görə inanıb. Oradan əvvəl Xəlil həkimin yanına gedib. Katarakta əməliyyatının olacağını, əvvəl isə bir iynə vurulmasını dedi. Ona gənc bir qız iynə vurdu, damcı ilə gözünü keyləşdirdilər. Həkim ona ola bilsin ki, bunları təkrarlayacağını və katarakta əməliyyatını edəcəyini dedi. Həmin müddətdə qolunda çox böyük ağrılar oldu, çiyin oynağını dəyişməli olub. Buna görə Türkiyəyə gedibgəldiyimə görə gec müraciət edib. O kataraktanın götürülməsinin vacib olduğunu bildirdi. Həkim gözünə baxaraq düzgün diaqnoz qoydu. Anjudan da keçdi, o, ilk dəfə oftalmologiyada anjunun olduğunu bildi. Ona travmanın olduğunu demədilər. Sənəddə ancaq travma olduğu qeyd edilmişdir. Cavabdeh ondan travma sözünü eşidib, sənədə yazdılar. Həkim kataraktanı çıxardacağını bildirdi. Katarakta əməliyyatı yüngül əməliyyatdır, onda gözün arxa divarında dəyişikliklər gedir. Həkim çox ünsiyyət qura bilməyən insan idi. O, özü bu işləri anladığıma görə israrla ona göstərməyini istəyəndə hirslə kreslonu çəkərək gəlməyini istədi. Ona arxa divarlarda qansızmalar olduğunu və buna uyğun olaraq ona iynə vurmalı olduğunu dedi. Əməliyyata gedib, əməliyyat zamanı gözdən katarakta götürüldü, iynə vuruldu. O, aylar keçəndən sonra özü-özlüyündə həkimin hansı səhvinə görə onun gözünün bu hala düşməyini təhlil etməyə başlaıb. O gözünün fiksasiyanın zəif olması və anesteziya ilə bunu bağladın. Anesteziyanı əməliyyat otağına girməmiş 2 damcı tökdülər, sonra da əməliyyat zamanı 1-2 damcı tökdülər. İynəni vuranda qışqırıb, ağrını hiss eləyib. Həkimin özü də onun üzərinə qışqırdı. O, başa düşməyib ki, onun qişasını məhv ediblər. Hər dəfə gedib-gələndə müxtəlif dərmanlar verirdilər, o, 1 ay heç bir xeyiri olmadığını görüb Xəlil həkimin yanına gedib. Aşağıda tibb bacısı gözünə baxıb buynuz qişanın bütünlüklə deşiklər içərisində olduğunu dedi. Xəlil həkim ona bir dərmanın olduğunu və üstdən yavaş-yavaş örtmək üçün istifadə etməyə lazım olduğunu və bunun ağrılı olacağını dedi. O , bu ağrıya dözməyəcəyini başa düşdüyünə görə razı olmayıb. O gəlib qolunu müalicə etdiyi Osman Paşa adlı xəstəxanaya zəng vurub. Onlar ona orada yaxşı göz həkiminin olduğunu dedilər. Onlar ona dərmanları dəyişdirəcəklərini deyərək gəlməyini istədilər. Amma, həkim ona buynuz qişanın məhv olduğunu və yeni buynuz qişasının qoyulmasının vacibliyini bildirdi. O çox ağrıyırdı, Amerikadan gözünün rənginə uyğun implant gətirilməsi üçün 3 gün gözləməyini istədilər. O, yenə Türkiyəyə müayinəyə gedəcək, çünki həkimin nəzarəti lazımdır. Birinci həftələr implantın düşmə qorxusu var idi. Cavabdehdən çox adam şikayətçidir. Əməliyyatdan bir ay sonra həkimin özü artıq buynuz qişanın dəyişilməsinin vacibliyini etiraf etmişdi. Ona 1 ay sonra onun buynuz qişasının dağıldığını dedi. Qarşı tərəf çox yanlış fikir bildirir ki,ekspertiza veriləndə göz həkimi baxmayıb. Barışmaq istəmir. O, adi kataraktaya görə eynək yazdırırdı, sürücünü göndərmişdi, cavabdeh orqan özünün gəlməyini istədilər. O, çiyninə implant qoyulduğuna görə Türkiyəyə gedirdi, 2-3 il idir ki, xəstəxanalardadır. Bu prosesdən sonra katarakta ilə məşğul olmaq qərarına gəlib. Ona Dünyagöz xəstəxanasına Türkiyədən yaxşı həkimlər gəldiyini dedilər. Əgər katarakta əməliyyatının hamısında buynuz qişa kəsilməli olsaydı, onda hamı onun kimi kor qalacaqdi. Burada katarakta söhbəti deyil. Hər bir əməliyyatın diski olur. Orada baxdıqda da görmək olar ki, katarakta əməliyyatı çox yaxşı getdi. Ona iki dəfə iynə vurublar. Həkim Mahmud iynəni vuranda o qışqırıb. Həkim də nəyisə səhv etdiyini anladı. Həkimin müalicəsinin bir xeyri olmadığını gördükdə Xəlil həkimin yanına gedib. O, buynuz qişanın müalicəsi üçün dərman olduğunu və bu dərmanın çox ağrı verəcəyini dedi. O, bu dərmanın ağrısına dözə bilməyəcəyini bildirib. Gözündən 16 sapı çıxarıblar. Fako iynəsinin qiymətini 2000 manat qeyd ediblər, Türkiyədə 400 dollardır. O, 3 dəfə müayinədən keçib. O sübut etməlidir ki, həkim onun gözünü zədələyib. O, Qabil həkimin də müayinəsindən keçib. Türkiyədə 5 dəqiqə içərisində katarakta əməliyyatı oldu, buynuz qişası da partlamadı. Onun Türkiyədə buynuz qişasına baxıldıqda nə qədər sapla tikildiyini gördü, o sapları həkim çıxaranda çox əziyyət çəkib. Səbail Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Şifahi vəsatətə etiraz edir. O, indi bulanıq görür. Bir gözünün hesabına görə bilir. Bir neçə müayinə keçirib, həkim travmanın olduğunu deməyib. Sadəcə bir dəfə soruşanda o həkimə travmamın olduğunu deyib. Buynuz qişada qırışlar olduğunu deyib, amma buynuz qişada qırışlar olmayıb. Onların baş həkimi Fərəh xanım onun gözünün pis olduğu vaxt işdən çıxarıldı, indi başqa baş həkimdir. Gözünü tam müayinədən keçirib. Müayinələrin heç birində travma məsələsi olduğunu göstərmədi. Əməliyyat zamanı anesteziya çox pis aparılmışdı. Cavabdeh orqanda katarakta əməliyyatı çox yaxşı keçmişdi, sadəcə olaraq iynəni vuranda o ağırını hiss edib və qışqırıb. Mahmud həkim onun üzərinə bərk qışqırdı, özü də səhv etdiyini başa düşdü. Ona Türkiyədə 4 dəfə iynə vurublar, ama o, heç nə hiss etmədi. Həkim iynə ilə onun buynuz qişasını məhv edib. 2021-ci ildə yaxşı həkimlər gəldiyini dediklərinə görə o müayinəyə gedib. Onun çiyin oynağında problem yarandı. Onun gözünə baxanda adi tibb bacısı eynək lazım olduğunu,sonra katarakta əməliyyatı lazım olduğunu dedi. Müayinələr etmələrinə baxmayaraq travmanın olduğunu aşkar etməmişdilər, o travması olduğunu dediyinə görə onu müayinə vərəqinə yazıblar. Buynuz qişa dəyişdiyi halda həkim gözdə olan travmanı, qırışıqlığı görə bilməz. Türkiyəyədə 2-3 həkim gözünə baxdıqda çox təəccübləndi və buynuz qişanın dəyişilməli olduğunu bildirdi.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
22. İşin halları odur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Dünya Göz” xəstəxanasında müayinəsi zamanı ona “Katarakta. Diabetik retinopatiya” diaqnozu təyin edilmişdir.Təyin edilmiş diaqnoza əsasən İddiaçı gözündə katarakta cərrahiyyə əməliyyatı aparılmışdır. Cərrahiyyə əməliyyatından sonra İddiaçı sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur.
23. İddiaçı əməliyyatın qüsurlu aparılmasına istinad edərək həmin əməliyyata görə ödədiyi pulu, o cümlədən həmin əməliyyatdan sonra çəkdiyi xərcləri, habelə mənəvi zərərə görə də təzminat ödənilməsini tələb edir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.
25. Apellyasiya şikayətində cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 28 sentyabr 2023cü il tarixli, 4235 saylı rəyini mübahisələndirir ki, rəy vermiş ekspertlər oftolmoloq olmamış və birinci instansiya məhkəməsinin ekspertizanın təyin edilməsi barədə qərardadında qoyulmuş bütün suallar cavablandırılmamışdır.
26. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 16 aprel 2024-cü il tarixli, 1620 nömrəli rəyində qeyd edilir ki,1950-ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilən məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. X1 xx.xx.2022-ci il tarixdə “Dünya Göz” xəstəxanasında müayinəsi zamanı ona “Katarakta (yetişməmiş). Diabetik retinopatiya” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən “İntravitreal Anti VEGF. Fakoemulsifikasiya ilə katarakta cərrahiyyəsi və İOL implantasiyası” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Səadət Mahmudovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatından öncə aparılmış müayinələr zamanı onun sağ gözünün buynuz qişasında hər hansı bir travmaya aid əlamətlər müəyyən edilməmiş və diaqnozda öz əksini tapmamışdır. Tibbi sənədlərin təhlili və mütəxəssis müayinəsinə əsasən İddiaçı aparılmış “Endotelial distrofiya OD-FAKO” əməliyyatından sonra onun sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Buynuz qişanın zədələnməsi sağ gözdə icra edilmiş qüsurlu əməliyyatın nəticəsidir və buna məsul şəxs əməliyyatı icra edən həkim-oftalmoloqdur. Səadət Mahmudovaya əməliyyatdan sonra adekvat konservativ müalicələr təyin edilmişdir. Lakin bu müalicələr effektsiz olmuş və təkrar əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur.
27. Həkim-oftomoloq X7 məhkəmə iclasında çıxış edən zaman bildirdi ki, o, Səadət Mahumdovanı müayinə edib və ilkin baxışda keratoplastika əməliyyatının keçirildiyini görüb. Professional bir həkim katarakta əməliyyatını 10-15 dəqiqə ərzində edir, amma bu sonradan qarşısı alınmaz fəsadlara gətirib çıxara bilər. Bunun birincisi gözdə iltihabdır, ikincisi keratoplastika-kornea yetməzliyidir. Hər iki fəsad nadir hallarda olsa belə, cərrahiyə sonrası ola biləcək haldır. Onlar onu öncədən bilir, çünki müasir cihazlar vasitəsi ilə bunu əvvəldən bilmək olur. Bir xəstə kornea yetməzliyinə gedə biləcəksə, onlar onu əməliyyat öncəsi müayinə edərək mikroskopla bilirlər. Ya xəstənin anadangəlmə xəstəliyi olur, onlar xəstəyə buynuz qişanın bulana biləcəyini bildirirlər. Ultrasəs cihazı var, dalğalarla işlədiyinə görə onlar onu pedalla idarə edirlər. Elə bir cihazdır ki, o toxumalara zərər verə bilər. Katarakta cərrahiyəsi dünyada və ölkədə ən çox edilən bir əməliyyatdır. Belə bir hal olmamalıdır, amma hazırda xəstədə bu hal baş verib. Onlar əməliyyat zamanı çox kiçik bir kəsim edərək giriş edirlər. Buynuz qişaya onlar 3 yerdən giriş edirlər. O cihazdan çıxan bir hissəcik var və onun içindən hər zaman maye axır. Alət isə ultrasəs dalğalarıyla mirvari suyunu qırır, parçacıqlara ayıraraq onlar mirvari suyunu xaric edirlər. Yarana biləcək fəsadlar təbii ki, yüksək olacaq. Onlar onu buynuz qişaya yaxınlaşdırdığı halda təbii ki, hüceyrənin itirilməsinə səbəb ola bilər. Buynuz qişa 5 qatdan ibarətdir. Bu gün bulanan hissə buynuz qişadır, özünü yeniləyə bilər. Amma, buynuz qişa zədələnib, özünü bərpa etmir. Ən alt qatdakı hüceyrə özünü bərpa edə bilmir. Nə etsələr də özünü bərpa edə bilməz, məhv olur. Ona görə şəxs bulanıq görür. Katarakta əməliyyatı zamanı boşluqda işləməlisən. Korneda bir xəstəlik varsa,cərrah bunu əməliyyat öncəsi bilir. O zaman onlar bu problemin əvvəlcədən olduğunu bilirlər və xəstəni çox vaxt əməliyyat etmirlər. Çünki, əməliyyatdan sonra keratoplastika əməliyyatının ola biləcəyini bilirlər. Keratoplastika əməliyyatı bu halda və ikinci zədə halında ola bilər. Təcrübəli bir həkim çox tez bu əməliyyatı edir və çox zaman uğurlu olur. İnsan yaşlananada onun gözünün bülluru çoxalır. Bu yaşlanmağın təbii göstəricisidir. Buynuz qişanın bulanması 2 halda zədə nəticəsində və anadangəlmə kornea distrofiya nəticəsində olur. Onlar onu görə bilmirlər. Əməliyyatdan əvvəl cihazla xəstənin gözünü bütün hüceyrələrini yoxlayırlar, bu mütləqdir. Güman edir ki,qarşı tərəf yoxlamamışdır. Yoxlanılma olmursa bu səhvdir. Həkim izah etməliydi ki, əməliyyat olduğu halda onun gözü keltaplastika oluna bilər. Əməliyyatdan əvvəl bir xəstənin gözündə qırışıqlıq olduğu halda əməliyyat oluna bilməz. Bir xəstənin müayinə sənədində hər hansı bir xəstəliyin olduğu müəyyən edildiyi halda həkim bu əməliyyatı həyata keçirərkən fikirləşməlidir. Buynuz qişa çox şəffaf bir toxumadır, durduğu halda bulana bilməz. Cavabdeh haradan bilir ki, bu gün köçürülən donor sabah rədd olmayacaq. İddiaçı katarakta əməliyyatına girib və nəticədə kornea yetməzliyinə gedib. Belə bir hadisə onun başına gəlib. Bir əməliyyat sonrası təəssüf ki, xəstə keratoplastika əməliyyat edildi. Buynuz qişa dəyişiləndə onlar travmanı gözdə görə bilməzlər, çünki buynuz qişa dəyişdirilib. O diaqnostika edən zaman travmanın olduğunu görə bilməz, çünki buynuz qişa dəyişdirilib. Qırışlar əməliyyatdan sonra olur, sağlam gözdə qırışlar ola bilməz. Onlar əməliyyatı edəndən sonra gözdə olan qırışlar artıq gözün sağlam olmadığını göstərir. Qırışın olması xəstənin əməliyyatının fəsadlı keçməsi anlamına gəlir. İstifadə edilən cihazın gözdə çox qalması və ya zədə nəticəsində qırışlar ola bilər. Əməliyyat edildikə bütün bunları cərrah olaraq göz önünə almalıdırlar. Həkim əməliyyatdan əvvəl xəstənin gözündə qırışlarının olduğunu gördüyü halda bu əməliyyatı həyata keçirməməli və xəstəyə bu əməliyyat nəticəsində onun buynuz qişasının zədələnə biləcəyi halını başa salmalıydı. Əməliyyatdan sonra olduğu halda bu ödəmin olduğu anlamına gəlir. Bir qayda olaraq cərrah öz cavabdehliyini daşımalıdır. Onlar əməliyyat zamanı buynuz qişaya toxunmurlar, boşluqda buynuz qişanı əməliyyat edirlər, buynuz qişaya toxunduğu halda göz ciddi zədələnə bilər. Baş verən katarakta əməliyyatının buynuz qişasının bulanmasına səbəb olması ya mexaniki səhvin, ya da aparılmayan müayinələrin nəticəsidir-yəni hüceyrələr sayılmayıb. Başqa bir hal yoxdur. Gözündə buynuz qişanın qırışıqlığı problemi olan xəstə əməliyyat edilmir. Keçmiş vurulmuş zədə nəticəsində köçürülmüş buynuz qişası gözə uyğunlaşmaya da bilər. Buynuz qişada qırışıqlıqlar olduğu halda əməliyyat həyata keçirilməməlidir. Buynuz qişasının bulanmasına səbəb həkim səhvidir. Sağlam gözdə qırışıqlıq ola bilməz. Kornea içərisində cihazdan istifadə edirlər. O cihaz hər zaman isinir. Korneaya toxunulan halda korna ancaq belə zədə ala bilər. Onlar tələbələrə həmişə cihazdan istifadə edəndə yuxarıdakı toxumanı qorumağını tapşırırlar. Toxumaya toxunanada ağrı vermir. Buynuz qişanın damarı yoxdur, o göz yaşı, göz içi mayesi ilə qidalanır. Ona görə də ağrı olmur, onlar onun keyidirlər.
28. Göründüyü kimi təkrar ekspertizanın rəyi ilə də bir daha təsdiq olunur ki, buynuz qişanın zədələnməsi sağ gözdə icra edilmiş qüsurlu əməliyyatın nəticəsidir və buna məsul şəxs əməliyyatı icra edən həkim-oftalmoloqdur. İddiaçı əməliyyatdan sonra adekvat konservativ müalicələr təyin edilmişdir. Lakin bu müalicələr effektsiz olmuş və təkrar əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur.
29. Apellyasiya şikayətinin dəlilində qeyd olunur ki, həkimin səhvinin nədən ibarət olması müəyyən olunmur.
30. Məhkəmə iclasında həkim-oftomoloq X7 cavab olaraq qeyd edir ki, əməliyyat zamanı buynuz qişaya toxunulmur, boşluqda buynuz qişa əməliyyat edilir, buynuz qişaya toxunulduğu halda göz ciddi zədələnə bilər. Baş verən katarakta əməliyyatının buynuz qişasının bulanmasına səbəb olması ya mexaniki səhvin, ya da aparılmayan müayinələrin nəticəsidir-yəni hüceyrələr sayılmayıb.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətində cavabdehin maddi və mənəvi zərərin məbləği ilə bağlı dəlili olmasa da məhkəmə kollegiyası qətnaməni tam yoxladığı üçün aşağıdakıları qeyd edir .
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı gözündə əməliyyatın qüsurli icra edilməsi nəticəsində çəkdiyi xərcləri tələb etməkdə haqlıdır.
33. Belə ki, Mülki Məcəllənin 21.2. və 21.3-cü maddələrinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
34. İşə baxan məhkəmə 23776.36 manat məbləğində maddi zərərin olmasını qeyd etsə də işdə olan sübutlarla həmin xərclərin 16515,63 manat məbləğində olması sübut olunur.
35. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən və 28xx.xx.2022-ci il tarixli epikriz hesabatından görünür ki, iddiaçı müayinə olunmaq üçün Cavabdeh MMC-ə 4100 manat ödəniş etmişdir.xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına 98.667.80 TRY ödənilmişdir. İddiaçı tərəfindən Türkiyə Respublikasının İstanbul şəhəri “Gazi Osmanpaşa” xəstəxanasına xx.xx.2023-cü il tarixdə 2360 TRY, xx.xx.2023-cü il tarixdə 750 TRY, xx.xx.2023-cü il tarixdə 13411.30 TRY, xx.xx.2023-cü il tarixdə 1000 TRY ödənilmişdir. Bu xəstəxana xərclərinin cəmi 6134,99 AZN edir. 14.05- 17.05 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində X12 mehmanxanasına 489 EUR (895,33 AZN), Özdilek otel üçün 965.49 AZN məbləğində xərc çəkilib. “liv bona dea hospital”a xx.xx.2023-cü il tarixdə 70 manat, xx.xx.2023-cü il tarixdə 100 manat ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 454 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir. xx.xx.2023-cü il tarixdə 490.80 manat pul xərcləməklə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə 2598 manat məbləğdə vəsait xərcləməklə Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmiş, xx.xx.2023-cü il tarixdə İstanbul şəhərindən Bakı şəhərinə təyyarə ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə 707.02 manat məbləğdə vəsait xərcləməklə xx.xx.2023xx.xx.2023-cü il tarixlərində Bakı şəhərindən İstanbul şəhərinə təyyarə ilə getmişdir.
36. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, iddiaçının 74 yaşı vardır. İddiaçının qüsurlu əməliyyat nəticəsində sağ gözünün buynuz qişası zədələnmiş və bununla əlaqədar “Keratoplastika” cərrahiyyə əməliyyatı icra olunmuşdur. Nəticədə bir gözü bulanıq görür. Bununla bağlı müalicə olunmaqdadır. İddiaçı sağlamlığının pozulması nəticəsində fiziki əzab keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 5000 manat məbləğində mənəvi ziyanın tutulmalı olması ağlabatandır.
37. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1015/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16.515,63 (on altı min beş yüz on beş manat, altmış üç qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154 manat məbləğində pul tutulmalıdır.
38. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1015/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16.515,63 (on altı min beş yüz on beş manat, altmış üç qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154 manat məbləğində pulun tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev