Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1340/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "A.R. & KO” MMC-nin Cavabdeh1 qarşı (Şahid2 Cəfər oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilə üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı "A.R. & KO” MMC-nin nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "A.R. & KO” MMC-nin Cavabdeh1 qarşı (Şahid2 Cəfər oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(004)-120/2021 saylı qətnaməsindən iddiaçı "A.R. & KO” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksi mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsus olmuşdur.
2. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMCnin xx.xx.2014-cü il tarixə olan vəziyyətdə X8 20 pay və Şahid2 Əlicəfər oğlu 280 pay nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləri olmuşlar.
3. 12 may 2014-cü il tarixli 1 saylı əmrə əsasən Nümayəndə təsisçilər tərəfindən İddiaçı MMC-nin direktoru təyin edilmişdir. İddiaçı MMC-nin təsisçilərinin 27 may 2014-cü il tarixli ümumi yığıncağının qərarına əsasən MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1.686,50 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, 1.1028 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 satılması və əmlakın satılmasının MMC-nin direktoru Nümayəndə həvalə edilməsi qərara alınmışdır.
4. 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1.686,50 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (əmlak kompleksi kimi müəssisəni) həmin qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin) 1.1028 ha torpaq sahəsi ilə birlikdə 100.000 manata alıcı Cavabdeh1 sataraq, onun mülkiyyətinə vermişdir.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən adı çəkilən əmlak kompleksi xx.xx.2014-cü il tarixdən mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır.
6. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMCnin xx.xx.2016-cı il tarixdən hazıradək Nümayəndə 280 pay və Şahid1 20 pay nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləridir.
7. Nümayəndə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Nümayəndə 376.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 verməyi, sonuncu isə krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
8. Nümayəndə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Nümayəndə 91.000 ABŞ məbləğində pul vəsaitini Cavabdeh1 verməyi, sonuncu isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)- 2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Nümayəndə iddiasının qismən təmin edilməsi, Cavabdeh1 09 oktyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 91.000 ABŞ dolları məbləğində borcun tutularaq, iddiaçı Nümayəndə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 54 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üşüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin ödənilməmiş qalan 877.238 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak İddiaçı MMC-nin mülkiyyətində olmuşdur. Cəmiyyət həmin əmlakı cavabdehə satmışdır. Belə ki, cəmiyyətin təsisçilərindən biri olan Şahid1 istintaq təcridxanasında saxlandığı dövrdə onun başqa şəxslərə borcu olmuş, cavabdeh də onun borcunun ödənilməsi üçün əmlakın ona satılmasını təklif etmişdir. Həmin dövrdə əmlakın 2.500.000 ABŞ dolları məbləğində dəyəri olmuşdur. O vaxt 1 ABŞ dolları 0,78 manat olduğuna görə 2.500.000 ABŞ dolları 1.962.500 manat təşkil etmişdir. Bu səbəbdən əmlakın məhz 1.962.500 manata alınması cavabdehə təklif edilmişdir. Əmlak iki mərtəbəli olmaqla şadlıq evi binasından, banket zalından, 44 kabinetdən, xidmət binasından və Sauna sağlamlıq kompleksindən ibarət olmuşdur. Cavabdeh əmlakı qeyd edilən qiymətə almağa razılıq vermiş, lakin həmin məbləğdə nağd pulu olmadığından cavabdehə dəyəri təxminən 766.000 manat (600.000 ABŞ dolları) olan 30 ədəd avtomobil və dəyəri 504.000 manat (395.000 ABŞ dolları) olan iki mənzil vermişdir. Bundan sonra cavabdeh əmlakın onun mülkiyyətinə keçdiyi halda, onu "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etməklə kredit götürüb onlara verəcəyini bildirmiş və əmlakın onun adına keçirilməsini xahiş etmişdir. Bununla bağlı əmlakın alqı-satqısına dair aralarında 29 may 2014-cü il tarixdəi, AN-1 nömrəli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən əmlak cavabdehə satılmışdır. Lakin cavabdeh onları aldatmış və əmlak mülkiyyət hüququ ilə dövlət reyestrində onun adına qeydiyyata alındıqdan sonra ödənilməmiş qalan pulu ödəməkdən yayınmışdır. Ötən 5 il ərzində dəfələrlə borcun qaytarılması ilə bağlı mübahisələri olmuş və cavabdeh daha iki mənzil verəcəyi barədə vəd versə də bugünədək verdiyi vədə əməl etməmişdir. Nəticə etibarı ilə cavabdeh 2.500.000 ABŞ dolları qiyməti olan əmlakla bağlı 100.000 manat dəyərində alqı-satqı müqaviləsi bağlayıb əmlakı ələ keçirmişdir.
12. Bundan sonra iddiaçının ərizəsinə əsasən Bakı şəhəri 54 saylı Notariat Ofisi cavabdehlər sırasından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər sırasından çıxarılmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili, iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli əmlak kompleksi İddiaçı MMC-nin mülkiyyətində olmuş, alqı-satqı zamanı MMC-nin təsisçiləri Şahid2 Əlicəfər oğlu və X8 olmuşlar. Həmin şəxslərlə Cavabdeh1 arasında qarşılıqlı razılıq əsasında MMC-yə məxsus əmlak kompleksi satılmış, dəyəri tam şəkildə ödənilmişdir. Nümayəndə alqı-satqı zamanı cəmiyyətin direktoru olmuş və etibarnamə əsasında çıxış etmişdir. İddiaçının ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ olmadığından iddia rədd edilməlidir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64 və 93-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 77-ci, 88-ci, 119-cu, 217-ci maddələrinə istinadən qeyd etmişdir ki, Nümayəndə mübahisəli əmlak kompleksinin Cavabdeh1 satılmasından sonra təsisçi olduğuna görə iddiaçı həmin əmlak kompleksi ilə əlaqədar iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Ona görə də, hazırki iddia tələbi də əsassız hesab olunmalı və rədd edilməlidir. (hakim X5)
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçı Nümayəndə deyil, İddiaçı MMC-dir. Məhkəmənin Nümayəndə iddiaçı zənn etməklə, subyektiv hüququnun olmamasına istinad etməklə iddanı rədd etməsi tamamilə əsassızdır və qanunsuzdur. Məhkəmə belə qənaətə gələn zaman hüquqi şəxs anlayışı ilə hüquqi şəxsin təsisçisi anlayışını qarışdırmış, iddiaçının və satıcının təsisçi deyil, hüquqi şəxs olmasına diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi 1 ilə yaxın müddətdə məhkəmə araşdırmasını davam etdirdikdən sonra belə qanunsuz qətnamə qət etməsi iddiaçının prosessual hüquqlarının pozulmasına və məhkəmə süründürməçiliyinə səbəb olmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli əmlak iddiaçıya məxsusdur. 12 may 2014-cü il tarixli 1 saylı əmrə əsasən Nümayəndə təsisçilər tərəfindən “A.R. & KO"' MMC-nin direktoru təyin edilmişdir. Cəmiyyətin təsisçilərinin 27 may 2014-cü il tarixli ümumi yığıncağının qərarına əsasən cəmiyyətə məxsus olan həmin əmlakın cavabdehə satılması və əmlakın satılmasının cəmiyyətin direktoru Nümayəndə həvalə edilməsi qərara alınmışdır. 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əmlak cavabdehə satılmışdır. Azərbaycan Respublikası Kommersiya X7 Reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Nümayəndə 280 paya malikdir. Bununla belə, alqı-satqı müqaviləsinin tərəfləri “A.R. & KO"' MMC və Cavabdeh1dur. Bundan əlavə, mübahisəli əmlakın alqı-satqı dəyərinin müqavilədə 100.000 manat göstərilməsinə baxmayaraq, faktiki olaraq əmlakın dəyərinin 2.500.000 ABŞ dolları olması və əmlakın 2.500.000 ABŞ dollarına satılmasının razılaşdırıldığı işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh1 mübahisəli əmlakın alqı-satqı dəyərinin 2.500.000 ABŞ dolları olduğunu etiraf etdiyindən iddiaçı olaraq sübut etmə vəzifəsindən azaddılar. Cavabdehin etirafı məhkəmə iclasının video çəkilişində və məhkəmə protokollarında qeyd edilmişdir. Cavabdeh məhkəmə iclasında öz etirazının əsası kimi iki halı - əmlakın dəyəri olan 2 500 000 ABŞ dollarını tam ödəməsini və əmlakı aldığı zaman "A.R. & KO” MMC-nin təsisçisinin Nümayəndə olmamasını göstərmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə qarşı “pul tələbi və qeyri-yaşayış sahəsindən çıxarılma”ya dair iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində də göstərmişdir ki, “iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə ilə bağladığı 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdehə məxsus, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1686,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (əmlak kompleksi kimi müəssisəni) 1.1028 ha torpaq sahəsi ilə birlikdə faktiki olaraq 2.500.000 ABŞ dollarına almışdır”. Birinci instansiya məhkəməsi də əmlakın alqısatqısı zamanı cəmiyyətin təsisçilərinin X8 və Şahid2 Əlicəfər oğlu olmasını əsas gətirərək, Nümayəndə mübahisəli əmlak kompleksinin cavabdehə satılmasından sonra təsisçi olduğuna görə iddiaçının həmin əmlak kompleksi ilə əlaqədar iddia qaldırmaqda subyektiv hüquqa malik olmamasını göstərmişdir. Məhkəmənin gəldiyi qənaətə görə "A.R. & KO” MMC-nin öhdəliklərini və vəzifələrini təsisçilər daşımış və yalnız təsisçilərin hazırki iddianı qaldırmaq hüququ olmuşdur. Halbuki, məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxsin əvvəllər əldə etmiş olduğu hər hansı bir tələb hüququnun, onun təsisçisinin kim olmasından asılı olmayaraq, həmin tələb hüququnun yaranmış olduğu andan sonra hüquqi şəxsə rəhbərlik edən istənilən şəxs tərəfindən hüquqi şəxsin adından irəli sürmək hüququ vardır. Başqa sözlə, hətta Nümayəndə "A.R. & KO” MMC-yə uzun illərdən sonra da təsisçi və ya direktor təyin edilərdisə, onun "A.R. & KO ” MMC-nin ödənilməyən aktivlərini "A.R. & KO ” MMC-nin adından tələb etmək hüququ olmuş, "A.R. & KO” MMC öz əmlakını satan zaman Rəhilə Əsədulazadənin "A.R. & KO” MMC-nin təsisçisi olmaması "A.R. & KO” MMC-nin satdığı əmlakın pulunu tələb etməkdən məhrum etməmişdir. Göründüyü kimi, məhkəmə belə qənaətə gəlməkdə səhv etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə əsassız və qanunazidd qətnamə qəbul etmişdir. Əslində isə məhkəmə "A.R. & KO” MMC-nin iddia tələbinin əsaslı olmasını, iddia tələbinin cavabdehin etirafı ilə tam olaraq sübuta yetirilməsini görmüş, iddia tələbinin başqa əsasla rədd edilməsinin mümkün olmamasını başa düşüb, iddiaçının hazırki tələblə məhkəmədə çıxış etmək üçün subyektiv hüquqa malik olmamasını əsas gətirmişdir. Məhz bu baxımdan məhkəmə öz qətnaməsində məhkəmə iclasında tədqiq edilən heç bir sübuta qiymət verməmiş, cavabdehin iddianı qismən etiraf edərək satılan əmlakın dəyəri qismində 2.500.000 ABŞ dolları ödəmək öhdəliyinin olmasını göstərməsinə, lakin etirazının əsası kimi həmin məbləği ödəməsi barədə gətirdiyi dəlillərə toxunmamışdır. Halbuki, cavabdehin məhkəmə iclasında satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər heç biri öz təsdiqini tapmamış, cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmişdir. Məhkəmə isə bu barədə öz qətnaməsində göstərməmiş, cavabdehin aldığı əmlakın dəyərini ödəyibödəməməsinin sübuta yetirilib-yetirilməməsinə toxunmadan qeyri-müəyyən bir qətnamə qəbul etmişdir. Bundan əlavə, əmlakın müqavilə bağlanan dövr üçün real bazar dəyəri də 2.500.000 – 2.700.000 ABŞ dolları olmuşdur. Bu əmlak Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən təyin edilən və "xxxx" MMC tərəfindən verilən qiymətləndirmə rəyi ilə də təsdiq olunmuşdur. Hazırda iddiaçı cavabdehdən əmlakın dəyərinin ödənilməmiş qalıq borcunu – 877.238 ABŞ dolları məbləğində pulu tələb edir ki, həmin məbləğ 29 may 2014cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq hazıradək ödənilməmişdir. Bundan əlavə, cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, guya Nümayəndə 91.000 ABŞ dolları borcu qalmışdır. Halbuki, həmin borcun hazırki əmlakla əlaqəsi yoxdu, həmin borc xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1681/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-291/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "A.R. & KO” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/21 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov)
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmamasına istinad etməklə iddianı rədd etməsi tamamilə əsassızdır. Nə qədər ki, mülki iş üzrə iddiaçı Nümayəndə deyil İddiaçı MMC-dir və birinci sonuncunun yalnız qanuni təmsilçisidir. Qeyd edilən səbəbdən və məhkəmənin müvafiq ekspertizalar təyin etməməsi əsası ilə apellyasiya hədləri çərçivəsində apellyasiya instansiya məhkəməsi mümkün qədər mahiyyəti üzrə araşdırma aparsa da borcun məbləğinin müəyyən edilməsi istiqamətində təkzibedilməz sübutlar müəyyən etməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, ödənilməli məbləğin qarşılığında iddiaçının əmlak satılması şərtləndirilmiş və alqı-satqı zamanı pul vəsaitlərinin ödənilməsinin tam həyata keçirməmiş, danışığın şərtləri ilə iddiaçının pul vəsaitlərinin bir qisminin qəbul etdiyi lakin hüquqi şəxsin hesabına mədaxil etməyərək audit rəyinə əsasən "Mühasibat uçotu haqqında" xx.xx.2004-cü il tarixli 7İ6-Q saylı Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması təsbit edilmiş, cavabdehin satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər iddiaçının tələb etdiyi hədlərdə öz təsdiqini tapmamış və bununla da cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmiş, lakin iddiaçı cavabdehin öhdəliyini icra etməsini tələb etsə də, əmlakın dəyərinin tərtib edilən balans üzrə hesab (təyinatı) üzrə pulun mədaxil edilməməsi və hüquqi şəxsin balansının mülki dövriyyəsi üzrə mədaxil-məxaric əməliyyatlarının müəyyən edilməməsi, habelə məbləğin bir hissəsinin ödənildiyinin iddiaçı tərəfindən etiraf edilməsi səbəbindən borcun qalığının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddiaçı hüquqi şəxs olaraq qanunvericiliyə və nizamnaməsinə uyğun əmlakın satıldığı zamanından cəmiyyətin fəaliyyətin təftiş etməli və hesabatlılığı təmin edib rəsmiləşdirilməni (sənədləşdirməni) aparmaqla ilk növbədə (balans, pay, mənfəət və sair üzrə) məxaric edilən əmlakın cəmiyyətə münasibətdə mülki hüquqi statusun və mədaxil edilməli olan məbləğin təyinatın müəyyən etməli və bundan sonra cəmiyyətə olan qalıq borcu dəqiq müəyyən etməklə məhkəməyə yenidən müraciət edə bilər. Əks halda, yuxarıda qeyd edilən əsaslarla və iddiaçının qanuni təmsilçisinin cavabdehlə olan digər borc münasibətləri müstəvisində, habelə tərəflərin dayanıqlı sübutetmə imkanlarından kənar cəhdlərinə əsasən iddianın yalnız cavabdehin “etirafı” və bunun sübut edə bilməməsi əsası ilə qəti mövqeyin nümayiş etdirilməsi dispozitiv imkandan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Kollegiya hesab etmişdir ki, daşınmaz əmlak pul vəsaitlərinin dövriyyəsi üzrə sübutlar rəsmi və təkzibedilməz sübutlarla təmin edilməli və hər-hansı şübhələrdən kənar sənədləşmə ilə təsdiq edilməlidir.
21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 87, 91, 96, 417, 418, 425, 421-442, 560, 566, 567, 597-601, 646-649-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 77, 81-82, 88, 106, 372, 385-390-cı maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(102)-4128/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-291/2022 nömrəli, 14 mart 2022ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
24. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq nomasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamaqla, iddianın əsaslı olub-olmamasına dair hüquqi dəyərləndirmə aparmamışdır. Belə ki, iddiaçı, daşınmaz əmlakın alqı-satqısına dair cavabdehlə bağladığı müqaviləyə istinad edərək ödənilməmiş qalan 877.238 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə əmlak kompleksinin razılaşdırılmış dəyərini ödədiyini bildirməklə iddiaya etiraz edir. Mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə iddianın qanuni əsası kimi əvvəlcə müqavilədən, daha sonra isə qanundan irəli gələn tələb hüquqlarına dair normaları nəzərdən keçirə bilər. Daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydada təsdiqlənmiş müqavilə bağlanması əqddən irəli gələn öhdəlik münasibətlərinin yoxlanılması üçün əsasdır. Mülki Məcəllədə nəzərdə tutulmuş əqdlərdən biri də alqı-satqı müqaviləsidir. Bu müqaviləyə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, sözügedən əmlakı sataraq mülkiyyətini cavabdehə keçirsə də, əşyanın dəyəri kimi razılaşdırılmış ümumi məbləğdən 877.238 ABŞ dolları alıcı tərəfindən ödənilməmişdir. Başqa sözlə, bu iddia müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə əsaslanır. Qeyd olunduğu kimi, işdə olan, notarial alqı-satqı müqaviləsində əmlakın dəyəri 100.000 manat olaraq göstərilmişdir. Bununla belə, həm tərəflərin izahatlarından, həm də iş üzrə keçirilmiş mühasibatlıq tədqiqatlarından belə görünür ki, tərəflər alqı-satqının predmeti olan daşınmaz əşyanın qiymətini əslində 2.500.000 ABŞ dolları məbləğində razılaşdırmışlar. Belə olan halda, iddiaçının müqavilədə göstəriləndən çox məbləğdə tələb etdiyi pul vəsaitinin cavabdehdən tutulmasının qanuni əsası məhkəmə tərəfindən düzgün müəyyən edilməlidir. Həmçinin, daşınmaz əşyaya sərəncam verilməsi haqqında müqavilə notarial qaydada təsdiqlənməli, müqavilənin bağlanmış sayılması üçün isə tərəflər bütün mühüm şərtləri tələb olunan formada razılaşdırmış olmalıdırlar. Hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr tərəflərin satılan əşyanın öz aralarında razılaşdırılmış dəyərinin notarial müqavilədə əks olunmamasının səbəblərini araşdırmamış, bu xüsusatın iddianın həllinə təsirini müzakirə etməmiş, məsələyə hüquqi qiymət verməmişlər. O da qeyd edilmişdir ki, əgər iddiaçının hazırkı pul tələbi müqavilə xaricində yaranan, yəni qanundan irəli gələn tələb hüququ kimi qəbul edilirsə, o zaman bu hüququn söykəndiyi qanuni əsası (əsassız varlanma və s.) dəqiq şəkildə izah olunmalıdır. Göstərilən hüquqi əsaslardan hər hansı biri ilə iddiaçının cavabdehdən pul tələb etmək hüququ müəyyən edildiyi halda, iş üzrə mübahisəli hallar aydınlaşdırılmalı, bu hallar üzrə sübutetmə yükü müəyyənləşdirilməli, tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırma aparılmaqla iddiaya yekun hüquqi qiymət verilməlidir. Hazırkı işdə isə apellyasiya məhkəməsi bu qaydalara əməl etməmiş, iş üzrə gəldiyi nəticəni yuxarıda göstərilən maddi və prosessual normaların tələblərinə müvafiq surətdə əsaslandırmamışdır. Qətnamədə işin müəyyən edilmiş faktiki halları, bəzi maddi hüquq normaları sadalanmaqla, alqı-satqı zamanı pul vəsaitlərinin ödənilməsinin tam həyata keçirmədiyi, cavabdehin əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlilləri sübut edə bilmədiyi, eyni zamanda hüquqi şəxs olaraq iddiaçının qalıq borcu dəqiq müəyyən etməklə mühasibatlıq qaydalarına uyğun sənədləşmə apardıqdan sonra məhkəməyə yenidən müraciət edə biləcəyi qeyd olunmuş və iddia rədd edilmişdir. Halbuki, sadəcə qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı və ya əsassız olması barədə qənaəti əks etdirən bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş (qanuna uyğun) aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, 2011-ci ildə Rəhilə və onun həyat yoldaşı olan Asif adlı şəxsin qudası Razi ilə onun iş birliyi olmuşdur. Həmin vaxtlar Asifin bir neçə nəfər şəxsə qarşı dələduzluq edərək, pullarını ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb edildiyini və onun barəsində həbs qətimkan tədbirinin seçildiyini eşitmişdir. Həmin vaxtlar o, tikinti işi ilə məşğul olurdu. Belə ki, "xxxx" MTK-da onun da pay hüququ var idi və bu barədə Razinin də məlumatı olmuşdur. Razi ilə həmsöhbət olduqları zaman o, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksini almağı təklif etdi. Belə ki, Razi həmin vaxt kompeksi satıb əldə etdiyi pullarla Asifin aldatdığı şəxslərə ödəniş etməyi düşünürdü. Onlar Razi ilə həmin kompleksə baxış keçirtdikdən sonra əmlakın 2.500.000 ABŞ dolları məbləğində pula satılması ilə bağlı razılıq əldə etmişlər. Lakin o, Raziyə əlində kifayət qədər nağd pulu olmadığını, kompleksin dəyərinin bir qismini nağd formada, digər qismini isə avtomobil və mənzillərlə ödəyə biləcəyini demiş və Razi onunla razılaşmışdır. O, Asifin borclu olduğu şəxslərin bir qisminə avtomobil, digər qisminə isə nağd pul vermiş və həmin şəxslərin hər biri Şahid1 qarşı şikayət və ya tələblərinin olmadıqları barədə ərizə vermişlər. Ödədiyi məbləğ avtomobillərlə birlikdə 810.000 manat olmuşdur. Həmin ərizələrin surətləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Asif onun zərərçəkmişlərə etdiyi ödənişlər sayəsində həbsdən azad edildi və Razinin istəyi ilə o, "xxxx" MTK-da özünə məxsus mənzillərdən üç ədədini Nümayəndə adına keçirtmişdir. Bu proseslər baş verən vaxt Razinin təsisçisi olduğu "xxxx" MMC-nin direktoru isə Nümayəndə idi. Həmin mənzillər 95,0 kv.m, 159,0 kv.m və 119,6 kv.m sahədən ibarət olmuş kvadratı 2.200 və 2000 manatdan olaraq həmin məzilləri Raziyə 766.460,00 manata borc əvəzi vermişdir. Bu proseslərin hər biri rəsmi qaydada təsdiq olunmuş və həmin müqavilələrin surətlərini işə əlavə olunmasından ötrü Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmişdir. Bundan sonra Razi Rəhiləyə əmlak kompleksinin onun adına keçirilməsinə dair etibarnamə vermiş və bildirmişdir ki, Yaşar qalan pulu imkanı olduqca ödəyər. Onlar Razi ilə aralarında kompleksin dəyərini 2.500.000 ABŞ dollarına razılaşsalar da, bununla bağlı Nümayəndə ilə aralarında notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində kompleksin dəyəri 100.000 manat göstərilmiş və o, həmin pulu onların şirkətinin hesab nömrəsinə keçirtmişdir. Həmçinin ƏDV kimi ondan Razi 18.000 manat əlavə pul da almışdır. Bundan sonra o, Raziyə nağd formada 60.000 manata yaxın pul ödəmiş və Razinin göstərişi ilə qudası Asifə 3 ədəd MÇ markalı avtomobil (dəyəri 55.600 manat) vermişdir. Bütün bunlar MÇ motorsun salonundakı işçilərinin (Nicat, Camal, Şövkət, Samir) yanında verilmişdir. Bu xüsusatları da MÇ motorsun işçiləri məhkəmə prosesi zamanı ifadə verərək təsdiq etmişlər. 2016-cı ildə Razi ondan qalan pulu da ödəməyi tələb etmişdir. O, həmin vaxt oğlu Səlim Hacıyevə məxsus 2016-cı il istehsal Mercedes S63 markalı avtomobili satışa çıxartmışdır. Həmin vaxt avtomobilin orta bazar qiyməti 130.000 ABŞ dolları idi. Asif avtomobili satışdan çıxarıb özünə götürmüşdür. Qeyd olunanlar avtosalonun müdirinin iştirakı ilə baş vermiş və həmin şəxs birinci instansiya məhkəməsində şahid qismində ifadə verərək, qeyd olunan xüsusatları təsdiq etmişdir. 2016-cı il tarixdə dostu Şaiqin ofisində orada olan Əlikramın və Şaiqin iştirakı ilə o, Asifə 75.000 ABŞ dolları (127.500 manat) pul vermişdir. Şaiq və Əlikram məhkəmə prosesi zamanı ifadə verərək təsdiq etmişlər. Bundan başqa o, Rəhiləyə 2016-cı il tarixdə nağd formada 8.500 manat pul ödəmişdir. Rahilə özü də bunu etiraf edir. Yekun olaraq onun Razidən aldığı, "xxxx" MMC-nin mülkiyyətində olan əmlak kompleksinə görə 91.000 ABŞ dolları borcu qalmışdır və bu borc həm onun tərəfindən, həm də qarşı tərəfdən notarial qaydada təsdiq edilmişdir. Əgər onun 877.238 ABŞ dolları borcu var idisə, 91.000 ABŞ dolları borcunun olmasının notarial qaydada təsdiq edildiyi bir halda, bu məbləğdən dəfələrlə artıq olan 877.238 ABŞ dolları borcun notarial qaydada təsdiqinin ondan nə üçün tələb edilməməsi sual doğurur. Əgər onun həqiqətən də 877.238 ABŞ dolları borcu var idisə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində onun 91.000 ABŞ dolları məbləğində borcunun olduğu bildirilməklə, məhz 91.000 ABŞ dolları məbləğində borcun tələb edildiyi də sual doğurur. Hər bir halda, ilk növbədə ondan daha yüksək məbləğ olan 877.238 ABŞ dolları tələb olunmalı idi. Bundan əlavə Rahilə Əsədullazadə hazırki iddiaya baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 2016-cı ildə onun 877.238 ABŞ dolları borcunun olduğunu, həmin pulu ödəyə bilmədiyi və əlavə olaraq iş görüb qazanc əldə edib onun pulunu qaytarmaq üçün əlavə olaraq ona 375.000 manat məbləğində pul verdiyini, lakin onun həmin pulu da ödəyə bilmədiyi üçün ona məxsus olan 130.000 ABŞ dolları dəyərində avtomobili özünə götürdüyünü, qalan 91.000 ABŞ dolları pulun borc olaraq qaldığını və həmin pulun rəsmi olaraq notariat kontorunda təsdiq edildiyini bildirmişdir. Əgər Nümayəndə qeyd etdikləri həqiqətə uyğundursa deməli 2016-cı ildə o, 877.238 ABŞ dolları borcunun olduğunu etiraf etmişdir ki, ona əlavə olaraq 375.000 manat pul verilsin. Həmin vaxt 91.000 ABŞ dollarının notarial qaydada təsdiq olunması ondan tələb edildiyi halda, 877.238 ABŞ dolları ilə bağlı da notarial qaydada təsdiqin tələb edilməməsi də sual doğurur. 2018-ci il tarixdə barəsində Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində cinayət işi başlanmış və qətimkan tədbiri olaraq barəsində həbs seçilmişdir. Rəhilə Əsədullzadə bunu biləndən sonra onun 91.000 ABŞ dolları məbləğində əsas borc, 7.280 ABŞ dolları mələğində faiz və mənəvi zərər kimi 25.000 manat məbləğində pul vəsaitinin tutlaraq ona ödənilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Həmin vaxt onu Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxış prosesində iştirak edərkən məhkəmənin ondan iddiaya olan münasibətini soruşanda o, Nümayəndə 91.000 ABŞ dolları borcu olduğunu etiraf etmiş və iddia tələbi Nümayəndə xeyrinə qismən təmin edilərək, 91.000 ABŞ dolları məbləğində borcun tutularaq sonuncunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Nə üçün həmin vaxt Nümayəndə ona 877.238,0 ABŞ dolları borcunun olduğunu bildirməmişdir? O, cinayət işi üzrə bəraət alıb həbsdən azad olunduqdan sonra Nümayəndə ona məxsus olan əmlak kompeksindən çıxarılması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Nümayəndə məhz bundan sonra onlara 877.238 ABŞ dolları borcunun olması ilə bağlı məhkəmə müraciət etmişdir. Belə çıxır ki, Nümayəndə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddiasının təmin edilməməsi və ya ən azından vaxt udmaq üçün qeyd olunan iddia ilə məhkəməyə müraciət etmiş və istədiyinə də nail olmuşdur. Buna görə də göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iddiaçı "A.R. & KO” MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edilmiş izahatının məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
27. Məhkəmə iclasında iddiaçı "A.R. & KO” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
28. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şahid2 Əlicəfər oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə iclas zalından whatsapp proqram tətbiqi vasitəsilə görüntülü telefon əlaqəsi saxlanılmış və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şahid2 Əlicəfər oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2014-cü ildən Gürcüstanda yaşamışdır. Əvvəllər "A.R. & KO” MMC-nin əsas payçısı o, olmuş, lakin reallıqda faktiki olaraq əsas payçı Şahid1 idi, o, sadəcə rəsmiləşdirmə nöqteyi-nəzərdən payçı idi. O vaxtı Şahid1 barəsində cinayət işi gedirdi, Yaşar da hazırda mübahisə predmetini təşkil edən əmlakı satın alaraq öz adına rəsmiləşdirmək istəyirdi. O, da bu barədə Asifə məlumat vermiş, Asif də "A.R. & KO” MMC-nin qanuni təmsilçisi, arvadı Rəhilə Əsədullazdəyə alqı-satqı müqaviləsinin bağlanması səlahiyyətini verən etibarnamə vermişdir. Yaşarla Rəhilə arasında həmin münasibətlərlə bağlı haqq-hesab aparılmış, bununla bağlı siyahını onların iştirakı ilə tərtib edərək tərəflərə təqdim etmişdir. Onun ancaq tərəflərin notariusda müqavilə bağladığı barədə məlumatı var. Haqq-hesabla bağlı siyahıda əlyazmalar ona məxsusdur. Yaşar ona Asifə və ya Rəhilə xanıma çatdırmaq üçün pul verməmiş, ona verilmiş pulların hamısı əlyazmada əks olunmuşdur. Haqq-hesabla bağlı siyahı tərtib olunarkən Yaşar onun yanında olmuşdur. Notairusda bağlanan müqavilə qalıq borcun etirafı müqaviləsi idi. Tərəflər arasında borc münasibəltəri olduğundan o etimal edir ki, həmin müqavilə məhz borcun etirafı müqaviləsidir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 64.8-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər; 93.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir; 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 351.3-c maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçı "A.R. & KO” MMC-nin Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsini 100.000 manat pula cavabdehə satmışdır. Buna baxmayaraq, hər iki tərəf qeyd edilən əmlakın alqı-satqı qiymətənin 2.500.000 ABŞ dolları olduğunu, yəni əmlakın 2.500.000 ABŞ dolları məbləğində pula satıldığını (alındığını), sadəcə olaraq bu məbləğin ödənilməsi üçün cavabdehin nağd pulunun olmaması və müqavilə bağlanan zaman yalnız 100.000 manat məbləğində pulun nağd şəkildə ödənilməsi üçün maddi imkanın olması səbəbindən müqavilədə məhz bu məbləğin göstərildiyini, qalan məbləğin isə başqa əmlaklar və pul hesabına ödənilməsinin razılşadırıldığını bildirir. Qalan məbləğin əvəzi olaraq cavabdeh tərəfindən avtomobillər, mənzillər və pul verilmişdir. Hazırda iddiaçı qeyd edilən məbləğin tam ödənilmədiyini, 877.238 ABŞ dolları məbləğində pulun bügünədək ödənilməmiş qaldığını bildirir. Cavabdeh isə əksinə qeyd edilən məbləğin tam ödənildiyini qeyd edir.
38. Bununla belə, məhkəmə kollegiyası tərəflərin mövqeyini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin mübahisəli əmlakın dəyərinin tam ödənilməsi üçün maddi imkanının olmaması səbəbindən 29 may 2014-cü il tarixdə onların arasında hüquqi nəticə etibarı ilə daşınmaz əmlakın nisyə alqı-satqısı müqaviləsi bağlanmış və məhz bu müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Nəticədə həmin müqavilədə əmlakın dəyəri ilə bağlı şərtlərə əməl edilməyərək, əmlakın tərəflər arasında razılaşdırılmış dəyərindən xeyli aşağı dəyər göstərilmişdir. Bu da öz növbəsində həmin müqavilənin etibarsız olması anlamına gəlir. Lakin sonradan cavabdeh şərtləşdirilmiş məbləğin ödənilməsini təmin etmək məqsədi ilə iddiaçıya avtomobillər və mənzillər vermiş, iddiaçı bu əmlakları qəbul etmiş və əmlaka dair cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə, tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlər edərək, həmin müqaviləni etibarlı hala gətirmişdilər. Bu hal öz növbəsində müqavilədə əmlakın real dəyərindən dəfələrlə aşağı qiymətin göstərilməsinin tərəflərin vergidən, rüsumdan və ya başqa qanuni ödənclərdən qəsdən yayınmaq niyyətində olması ilə bağlı olmadığını təsdiq edir.
39. İddiaçı da hazırda həmin müqavilədə göstərilməsə də əmlakın cavabdehlə aralarında razılaşdırılmış dəyərinin ödənilməmiş hissəsini, yəni müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi nəticəsində ona dəymiş zərəri tələb edir.
40. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
43. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışına əsasən xx.xx.2014-cü il tarixli müqavilə imzalanan vaxt "A.R. & KO” MMC-nin təsisçiləri X8 (20 pay) və Şahid2 Əlicəfər oğlu (280 pay) olmuşdur. Əmlakın satılması barədə 27 may 2014-cü il tarixli qərar da cəmiyyətin təsisçilərinin ümumi yığıncağında məhz onlar tərəfindən qəbul edilmişdir. 2016-cı ildə bu təsisçilər öz payını özgəninkiləşdirmişlər və Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışa əsasən həmin cəmiyyətin Nümayəndə (280 pay) və Şahid1dur (20 pay). Payın bu şəxslərin xeyrinə hər hansı, xüsusilə də cavabdehin cəmiyyətə borcunun olması barədə qeydlə özgəninkiləşdirilməsi, habelə hazırda tələb edilən borc məbləğinin payların dəyərində nəzərə alınması müəyyən edilmir. İddiaçı da bununla bağlı hər hansı sübut təqdim etmir.
45. Bununla belə, əmlak bu təsisçilərin deyil, əvvəlki təsisçilərin qərarı ilə satılmış və hazırda tələb edilən məbləğ hər hansı formada cəmiyyətin paylarının hazırki təsisçilərin xeyrinə özgənikiləşdirilməsində öz əksini tapmamışdır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının hüquqi nəticə etibarı ilə cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmadığını təsdiq edir və əmlakın razılaşdırılmış (2.500.000) dəyərini tam ödədiyini iddia edən cavabdehi bu halı sübut etmək yükündən azad etməklə məhz qeyd edilən (subyektiv hüququnun olmaması) əsasla iddianın rədd edilməsini şərtləndirir.
46. Məhkəmə kollegiyası hər bir halda onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququ olduğu halda belə iddia rədd edilməlidir. Belə ki, iddiaçı öz tələbini adi kağızda və sadə yazılı formada aparılmış qeydlərə istinadən əsaslandırır və borcun 877.238 ABŞ dolları olduğunu bildirir. Lakin 2014-cü ildən bügünədək bu məbləğdə borcun cavabdehdən ala bilməməsini iddia etməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cəmiyyətin (iddiaçının) təsisçisi, eyni zamanda hazırda qanuni təmsilçisi olan və məhkəmədə cəmiyyəti təmsil etməklə bu məbləği tələb edən Nümayəndə cavabdehə xx.xx.2017-ci il tarixədək 376.000 manat məbləğində borc, daha sonra, yəni xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən isə artıq xx.xx.2018-ci il tarixədək 91.000 ABŞ dolları məbləğində borc verir. Nümayəndə özü etiraf edir ki, cavabdehin ona 376.000 manat məbləğində borcu yarandıqdan sonra cavabdeh oğluna aldığı avtomobili 130.000 ABŞ dollarına sataraq həmin vəsaiti ona vermiş və bundan sonra cavabdehin 91.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Bununla belə, xx.xx.2017-ci il tarixdə bu şəxs cavabdehə hər hansı məbləğdə borc verməmiş və hüquqi nəticə etibarı ilə xx.xx.2017-ci il tarixdə tərəflər arasında borc müqaviləsi deyil, borcun etirafı müqaviləsi bağlanmışdır.
47. Nümayəndə özü ilə cavabdeh arasında hər hansı işgüzar münasibət olmamış, cavabdehin onun özünə hər hansı məbləğdə borcu yaranmamışdır. Onların arasında bütün münasibətlər mübahisəli əmlakın alqı-satqısından irəli gəlmişdir. Belə olan halda, 376.000 manat məbləğində borcla bağlı münasibətlər də məhz eyni əsasla yaranmışdır və 877.238 ABŞ dolları məbləğində borcun qaldığı bir halda, onun cavabdehə əlavə olaraq (həmçinin, bu məbləğdə vəsaitə malik olması öz təsdiqini tapmır) 376.000 manat məbləğində borc verməsi nəinki real görünmür, ümumiyyətlə qeyri-mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, 376.000 manat məbləği məhz 2.500.000 ABŞ dolları məbləğindən ödənilməmiş qalan hissədir ki, onun da 130.000 ABŞ dolları avtomobilin dəyəri hesabına ödənildikdən sonra qalıq qismində 91.000 ABŞ dolları qalmış, həmin məbləğ də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulmuşdur.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(004)- 120/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "A.R. & KO” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(004)-120/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "A.R. & KO” MMC-nin Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.