Məhkəmə qərarları › İş №2(103)-1341/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1341/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1341/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:müqavilə öhdəliklərinin pozulması,pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(005)- 2882/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu ildə verilmiş reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi 16190372 olan çıxarışa əsasən Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3ha olan torpaq sahəsi üzərində Cavabdeh1 məxsus istifadə hüquqlarını xx.xx.2021-ci il tarixə kimi 174000(bir yüz yetmiş dörd min) manata ona satmağı, iddiaçı isə müqavilə rəsmiləşdirilərkən 174000 (bir yüz yetmiş dörd min) manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər razılığa gəldikdən sonra xx.xx.2020-ci il tarixdə müqavilənin təminatı kimi cavabdehə 8000 (səkkiz min) manat beh ödəmiş, qalan 166000 (bir yüz altmış altı min) manatı müqavilə rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh sonradan ondan daha 15000 (on beş min) manat beh ödəməsini xahiş etmiş və o cavabdehlə razılaşaraq ona ümumi 23000 (iyirmi üç min) manat beh ödəmiş, qalan 151000 (bir yüz əlli bir min) manatı isə xx.xx.2021-ci il tarixə müqavilə rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə o, iş üzrə Cavabdeh2 ümumilikdə 23000 (iyirmi üç min min) manat beh ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 46000 (qırx altı min) manat, hüquqi yardıma görə ödədiyi 150 (yüz əlli) manat, dövlət rüsumu üçün ödədiyi 240 (iki yüz qırx) manatı və həmçinin mənəvi ziyana görə 1000 (bir min) olmaqla, cəmi 47390 (qırx yeddi min üç yüz doxsan) manat dəymiş real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 verdiyi vədinə əməl etməmiş və Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 məxsus istifadə hüquqlarını xx.xx.2021-ci il tarixə kimi 174000 (bir yüz yetmiş dörd min) manata ona satmağı cavabdehin ucbatından baş tutmamış, ona görə də verdiyi behi geri tələb etmiş, lakin cavabdeh tərəf ödədiyi behi də geri qaytarmaqdan imtina etmişdir və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 sentyabr 2022-ci il tarixli, 2(005)-2882/2022 saylı qərardadı ilə (hakim Novruzova Aytən ) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh2 münasibətdə işin icraatına xitam verilmişdir..

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 sentyabr 2022-ci il tarixli, 2(005)-2882/2022 saylı qətnaməsi ilə (hakim Novruzova Aytən ) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020- ci il tarixli beh müqaviləsi və xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə üzrə Cavabdeh1 46.000 (qırx altı min) manat məbləğində pul və 160 manat (bir yüz altmış) məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1; 442; 445.2; 445-2.1; 448.1; 491.1; 491.2; 491.3; 492.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 heç bir məlumat verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, iddianı qismən təmin edərkən iddia ərizəsinə və iddiaçının nümayəndəsinin izahatına əsaslanaraq qərar qəbul edilmişdir. İddiaçının təşəbbüsü ilə iki dəfə ümumilikdə 23000 manat beh Cavabdeh2 tərəfindən qəbul edilmiş və sonradan həmin behin 3 min manatı iddiaçının özünə geri qaytarılmışdır. Cavabdeh2 Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi olsa da, beh müqaviləsi və və onun şərtləri barədə ona heç bir məlumat verilməmişdir. Beh müqaviləsinin hazırda icra edilməməsi onun iradəsindən asılı deyildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edildiyini göstərsə də, cavabdehə heç bir bildiriş gəlməmişdir. Bunun nəticəsində cavabdeh məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə konkret məsuliyyətin beh verənin, yoxsa beh alanın üzərinə düsdüyünü müəyyənləşdirməmişdir. O cümlədən qeyd edilməlidir ki, ikinci dəfə yenidən beh müqaviləsinə əlavə kimi müqavilənin bağlanması və pulun ödənilməsi beh kimi deyil, avans kimi qəbul edilə bilər.

13. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, Nailə xanıma onun verdiyi etibarnamə əsassında beh müqavilələri bağlamışdır. Alqı-satqının baş tutmamasında onun günahı olmamışdır.

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apelyatorun qeyd etdikləri həqiqəti əks etdirmir. Cavabdeh1 bütün bu məsəllərdən məlumatlı olmuşdur.

Tətbiq edilən hüquq

Azərbayvan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

17. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 18.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

20. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

21. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

22. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, cavabdeh tərəfindən qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin beh müqaviləsinə münasibətdə behin 2 mislinin tələb edilməsi hissəsində mülki qanunvericiliyin tələbləri baxımından iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin müqaviləyə əsasən «Beh verən» İddiaçı gələcəkdə bağlanacaq istifadə hüquqlarının alqısatqısına dair müqavilənin təminatı kimi beh alan Cavabdeh1 8.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin sonradan cavabdeh tərəf öz üzərinə düşən işləri yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab ediri ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş beh müqaviləsi iddiaçı tərəfindən ödənilmiş 8.000 manat məbləğində pul vəsaitin iki mislinin Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə kimi bağlanan müqaviləyə əsasən iddiaçının cavabdeh tərəfə - Cavabdeh1 ödənilən 15.000 manat məbləğin iki mislinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qənaəti razılaşmır bələ hesab edir ki, həmin hissədə qətnamə ləv edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir.

33. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından həmin beh müqaviləsinə əlavə kimi rəsmiləşdirilən pul məbləği avans kimi qəbul edilməlidir. Qeyd edilməlidir ki, xx.xx.2020- ci il tarixli beh müqaviləsi bağlanarkən tərəflər arasında alqı-satqı müqaviləsinin xx.xx.2021ci il tarixə kimi rəsmiləşdirilməsi razılaşdırılmış, qalıq məbləğ tərəflər arasında müəyyən edilmiş və alqı-satqı müqaviləsi bağlandığı zaman həmin məbləğində ödəniləcəyi öhdəlik kimi götürülmüşdür. Sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına 5 gün qalmış beh müqaviləsinə əlavə adlandırılmaqla yenidən xx.xx.2021-ci il tarixdə müqavilə bağlanır və cavabdeh tərəfin nümayəndəsinə 15000 maat pul ödənilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi ödənilən məbləğin beh kimi qəbul edilməsinə dair iddiaçı tərəfin və birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, göstərilən məbləğdə pulun hansı zərurətdən verilməsini tərəflərin iştirakı ilə məhkəmə aydınlaşdırarkən iddiaçı tərəf yalnız cavabdehin nümayəndəsinin belə bir tələbinin olmasını, yəni əlavə pulun lazım olmasını qeyd etməklə kifayətlənmiş və bu hala əsaslı aydınlıq gətirə bilməmişdir.

34. Belə olan halda alqı-satqı müqaviləsi bağlananadək bir neçə dəfə beh müqaviləsinə əlavə adladırılmaqla pul ödənişlərinin verilməsini və sonrasında bu müqavilələr üzrə də ödənilən pulların iki mislinin tələb edilməsi digər tərəfi əlverişsiz vəziyyətə salmaqla ümumilikdə mülki qanunvericiliyin təməl prinsiplərinə də zidddir. Yəni müqavilə azadlığı əslində mülki hüquq subyektlərinin birinin digərinə münasibətdə əlverişsiz şəraitə salınmasını deyil, mülki hüquq subyektlərinin bərabərliyi ilə yanaşı mülki dövriyənin sabitliyinin qorunmasını da özündə ehtiva edir. Bu baxımdan hazırki iş üzrə əgər əsas müqavilənin bağlanmasına 5 gün qalmış həmin müddətin tarixi belə uzadılmadan digər tərəfə gələcəkdə onun durumunun pisləşməsinə səbəb olacaq müqavilənin nümayəndəsi vasitəsilə imzalanmaqla pulun verilməsi, yəni müqavilə azadlığı fonunda beh müqaviləsinin tərkib hissəsi kimi beh müqaviləsinə əlavə adlanan müqavilənin bağlanması hazırki iş üzrə cavabdehi gələcəkdə onun üçün ağır nəticələrə səbəb olan hala gətirməsi kimi qəbul edilməklə kollegiya hesab edir ki, sözügedən müqavilə beh deyil, bu halda yalnız avans kimi qəbul edilə bilər. Dolayısı ilə alqı-satqı müqaviləsinin baş tutmaması yüksək ehtimal edilən və bilinməli olan hal olmuşdur.

35. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan Cavabdeh1 ödənilən 15.000 manat məbləğin iki mislinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir.

36. Beləliklə, kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə kimi bağlanan müqaviləyə əsasən iddiaçının cavabdeh tərəfə - Cavabdeh1 ödədiyi 15.000 manat avans kimi qəbul edilməklə sonuncudan alınaraq iddiaçıya ödənilməlidir.

37. Bundan başqa, apellyasiya şikayətində cavabdeh tərəf nümayəndəsi vasitəsilə qəbul edilən məbləğdən 3000 manatının qaytarılmasını bildirsə də, bu hala dair hər hansı sübut təqdim edilməməklə təsdiqini tapmadığından kollegiya həmin dəlili əsassız hesab edir.

38. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti qismən təmin edildiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 24 manatı iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(005)-2882/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə qismənxx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə kimi bağlanan müqavilə üzrə 15.000 manat məbləğin iki mislinin Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməklə Cavabdeh1 İddiaçı xeyrinə 15.000 manat tutulmalı, xx.xx.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə ödənilmiş 8000 manatın iki mislinin, yəni 16000 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumunun 24 manatı İddiaçı alınaraq Cavabdeh1 verilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(005)- 2882/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən- xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə kimi bağlanan müqavilə üzrə 15.000 manat məbləğin iki mislinin Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilməklə Cavabdeh1 İddiaçı xeyrinə 15.000 manat tutulsun. xx.xx.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə ödənilmiş 8000 manatın iki mislinin, yəni 16000 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyaya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumunun 24 manatı İddiaçı alınaraq Cavabdeh1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar