Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1341/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(001)-2150/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçının anası X7 xx.xx.2023-cü il tarixində həkim Cavabdeh2 rəhbərliyi ilə Cavabdeh1da Bariatrik əməliyyata alınmışdır. (mədə kiçiltmə əməliyyatı) xx.xx.2023-cü il tarixində xəstə Respublika xəstəxanasına aparılmış və orada dünyasını dəyişmişdir. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 897 manat və 150.000 manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 150.897 manat, həmçinin ödənilmiş 441 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə verərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi kimi 897 manat və 150.000 manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 150.897 manat, həmçinin ödənilmiş 441 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının anası X7 xx.xx.2023-cü il tarixində həkim səhvi nəticəsində dünyasını dəyişmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində həkim Cavabdeh2 rəhbərliyi ilə Cavabdeh1a Bariatrik əməliyyata alınmışdır. 3 gün sonra isə evə buraxılmışdır. Aparılan əməliyyatdan sonra (mədə kiçiltmə əməliyyatı) anasının vəziyyəti günü-gündən pisləşməyə başladı. Bir həftədən sonra yenidən Cavabdeh1-a qəbul edilərək 4 gün müddətində orada saxlanıldı. Xəstənin vəziyyətinin pisləşmə səbəbi kimi mədədə sızma olduğu və bunun nəticəsidə xəstənin hərarətinin qalxdığı bildirilmişdir. Bunu isə təkrar “KT” edildikdən sonra bilmişdilər. Həkim mədəyə stent qoyulduğunu və bundan sonra xəstənin vəziyyətinin düzələcəyini bildirmişdir. Lakin evə buraxıldıqdan bir həftə ərzində iddiaçının anasının vəziyyəti heç də düzəlmədi, günü-gündən pisləşməyə doğru gedirdi. Bu müddət ərzində anası qan qusmağa başlamışdır. Təkrarən xəstəxanaya qayıdaraq 4-5 gün xəstəxanada saxlanıldı və daha sonra yenidən evə buraxıldı. xx.xx.2023-cü ildə anasının vəziyyəti ağırlaşdığı üçün tərəflərindən artıq Cavabdeh1-a yox “Yeni Klinika”ya aparılmışdır. Bu zaman artıq xəstənin iki böyrəyində çatışmamazlıq və sepsis vəziyyətinə düşmüşdü. “Yeni Klinika”ya yerləşdirildikdən sonra anası 43 gün reanimasiyada qaldı. Ümumilikdə isə 3 ay müddətində iddiaçının anası “Yeni Klinika”da həkim nəzarəti altında sağaldılmağa çalışıldı. Lakin Cavabdeh1da həkim Cavabdeh2 etdiyi əməliyyat zamanı anasının orqanizminə virus salınmış həmçinin mədədən sızıntı olsada bunu həkim bilməmiş, bildikdən sonra stent qoysada sızıntını və onun yaratdığı nəticələri aradan qaldırmadan xəstəni evə buraxmış və ağır antibiotik müalicələrinə məruz qoymuşdur. xx.xx.2023-cü il tarixində xəstənin mədəsindəki stentin çıxarılmalı olduğu bunu isə stenti qoyan həkimin etməli olduğu bildirildi. Bundan sonra həkim Cavabdeh2 zəng vuraraq stenti çıxarmasını tələb etdilər. Rəfiyev bunu üçün “Diaqnoz” tibb mərkəzində çalışan Rəfael həkimin yanına getməklərini məsləhət gördülər. Çünki stenti də onun qoyduğunu və onun da çıxaracağını bildirdi. Burada stent çıxarılaraq xəstə evə göndərildi. xx.xx.2023cü il tarixində gecə saatlarında xəstənin vəziyyəti təkrarən ağırlaşdığı üçün yenidən “Yeni Klinika”ya aparılmışdır. Burada təcili yardımdan saxlanılan xəstə klinikaya qəbul edilməmiş və xx.xx.2023-cü il tarixində ilkin əməliyyat aparan həkimə müraciət edilməsi tövsiyyə edilmişdir. Təbii ki, həkim Cavabdeh2 zənglərə cavab verməmiş, xəstəsinə qarşı olduqca laqeyd olmuş və etdiyi səhvin nəticələrinin aradan qaldırılması üçün heç bir iş görməmişdir. xx.xx.2023-cü il tarixində xəstə Respublika xəstəxanasına aparılmış və orada dünyasını dəyişmişdir. xx.xx.2023-cü il tarixli həkim Kəmalə Hüseynovanın verdiyi arayışa əsasən anasının ürək-damar çatışmamazlığı, peritonitdən ölməsi göstərilmişdir. Həmçinin “Yeni Klinika”nın xx.xx.2023cü il tarixli arayışından da görünür ki, anasında qarındaxili abses (iltihab nəticəsində məhdud boşluqda irin toplanması) səbəbi ilə sepsis (bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir) septik şok, (sepsis, həmçinin septik şok olaraq bilinir. Bədənin infeksiyaya reaksiyası orqanlara zərər verdikdə baş verir. Xüsusilə erkən diaqnoz qoyulub müalicə edilmədikdə şoka, orqan çatışmamazlığına və ölümə səbəb olur) poliorqan çatışmamazlığı diaqnozu ilə müalicə aparıldığı göstərilmişdir. Həmçinin əməliyyat zamanı orqanizmə “klebsiella pneumonia” bakteriyası salındığı bildirilmişdir. Qarın daxilində yaranan sebsisin səbəbi “klebsiella pneumonia” olmuşdur. Göstərilənlərdən başqa həmçinin bildirir ki, anası “C” viruslu hepatit. Qaraciyər sirrozu xəstəsi olmuşdur. Uzun müddət qeydiyyatda olmaqla müalicələr almışdır. Belə ki, bu tip xəstəliyi olan şəxslərin bariatrik əməliyyata alınması tibbi göstərişlərə görə mümkün deyildir. Lakin həkim Cavabdeh2 anasının xəstə olmasını bildiyi halda əməliyyatı aparmış və anası arxeyin etmişdir ki, artıq o, heç bir dərman içməsin. Lakin son nəticədə həkim səhlənkarlığı nəticəsində anası dünyasını dəyişmişdir. Bütün bu proseslər zamanı anasının səhətinin düzəlməsi üçün istənilən qədər vəsait xərcləyirdilər. Lakin bu xərclərin qəbzləri tərəflərindən əldə edilməmişdir. Bir neçə qəbzlər olsada ümumilikdə xərcləri 20.000 manatdan çox çıxmışdır. Lakin hazırda əllərində cəmi 897 manatın təsdiqini göstərən sənədlər mövcuddur. Müvafiq olaraq “MedEra”, “Referans” Laboratoriyası, “Yeni Klinika”ya sorğular göndərərək müvafiq sənədlərin verilməsini tələb etmişlər. Lakin hazırkı günə kimi hər hansı bir cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsində deyilir: “Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir”. İddiaçının anası X7 “C” viruslu hepatit, qaraciyər sirrozu xəstəsi olmuş ona ağır cərrahi əməliyyat keçirmək olmazdı. Lakin Cavabdeh1-ı və həkim Cavabdeh2 anasını inandıraraq onu əməliyyat etmiş və əməliyyatı da tibbi göstərişlərin şərtlərinə uyğun keçirmədikləri üçün anası dünyasını dəyişmişdir. Əməliyyatdan sonra təxminən 4 aya yaxın bir müddətdə anası çox əzablar və əziyyətlər çəkdi, onun əlavə müayinə və müalicələrinə məbləğini bilmədikləri həddə xərclər çəkmişlər. Lakin anasının sağlamlığını qaytara bilmədilər. Bu proseslər zamanı nə Cavabdeh1-nın rəhbərliyi nə də həkim bir dəfədə olsun anası ilə maraqlanmadılar, əlavə köməkliklər etmədilər. X10 həkimlə apardığı “Whatsapp” yazışmalarında da həkimin nə qədər laqeyd olması işini düzgün aparmaması görsənir. Anasının sağlamlıq hüququnu pozan Cavabdeh1 və həkim Cavabdeh2 qanunsuz əməlləri nəticəsində sağlamlığa vurulan zərərin aradan qaldırılması üçün əlavə xərclər çəkməli olmuşdur. Həkim məsuliyyətsizliyi nəticəsində anasının fiziki sağlamlığı pozulmuş və nəticədə o ölmüşdür. Anası da qeyd etdiyi kimi qaraciyər xəstəsi idi. xx.xx.2022-ci il tarixli “X18” tərəfindən təqdim edilən sənəddəndə görünür ki, anasında şiddətli fibroz olması müəyyən edilmiş və bu sənəd Cavabdeh1-a təqdim edilərək xəstə olması bildirilmişdir. Buna baxmayaraq həkim Cavabdeh2 iddiaçının anasını arxeyin edərək onu əməliyyat etməyə razı salaraq onun sağlamlığına zərər vuraraq ölümünə səbəb olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(001) 2150/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh1 və onun həkimi, anasına həkim səhlənkarlığı nəticəsində anasının ölməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin xx.xx.2024-cü il tarixli, 781/KEŞ nömrəli rəyi ilə və eyni zamanda iş üzrə müstəqil ekspert kimi dəvət olunmuş ekspertlərin izahatında öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının anasının ölümünə səbəb kimi mədədə əməliyyatdan sonra yaranmış tibbi izahla qeyd olunan qaçaqdır. Qaçaq iki növdə olur: Birinci mexaniki qaçaq, hansıki bu həkimin səhvi nəticəsində yaranır və özünü əməliyyatdan 1-2 gün sonra dərhal göstərir. İkincisi bioloji qaçaq hansıki özünü əməliyyatdan 5-7 gün sonra göstərir. (İstinad edilən ədəbiyyatlar: X22 Gastrectomy, Aclimical Guide to Evaluation, Treatment and Techniques müəlliflər: Michel Gagner, X19 və s.; X4 müəlliflər: Salman Al-Sabah, X24 və s. və Prevention and Management of Complications in Bariatric Surgery müəlliflər: Tomasz G. Rogula və s.). X8 əməliyyatdan 7 gün sonra səhətində yaranmış problemin səbəbi kimi bioloji qaçağın yaranmasını əsas gətirmək olar ki, belə olan haldada xəstənin ölümünə səbəb kimi həkimi günahlandırmaq olmaz. Həmçinin iddiaçının vəkili və nümayəndəsi həkimin xəstədə qaraciyər sirrozu diaqnonun olduğunu bilərək əməliyyat etdiyini bildirsə də, iş materiallarında olan ünvan 1 ünvanladığı cavabdan görünür ki, X7 onun nəzarətində 05.10.11 tarixindən müalicədə olmuşdur. Daxil olarkən “C” viruslu hepatiti, qaraciyər sirrozu” diaqnozu qoyulmuşdur. Müalicəyə baxmayaraq hepatitin residivi olmuş və bununla bağlı xəstə Almaniyada yeni dərmanlarla virus əleyhinə müalicə almış və viruslu hepatitdən sağalmışdır. (təxminən 2014-2015 illərdə). 2014-cü ildən xəstə ona müraciət etməmişdir. Son olaraq xx.xx.2021-ci il tarixində müraciət edib və simptomatik müalicə təyin olunmuşdur. Son üç il xəstə ona müraciət etmədiyinə görə onun ümumi vəziyyətini və qaraciyər durumunu dəyərləndirməyə çətinlik çəkir və əməliyyata göstərişini qiymətləndirə bilməmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının maddi və mənəvi ziyanın tutulması tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, maddi zərəri tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan mənəvi zərərin əvəzi kimi 150.000 manat pul vəsaitinin cavabdehlərdən tutulması təmin oluna bilməz. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertlərin verdiyi rəylər məhkəmə tərəfindən öz subyektiv fikiri əsasında qiymətləndirilmişdir. Belə ki, həkim cərrah Nazim Həsənov mədə kiçiltmə əməliyyatlarının mütləq göstərişlə aparılmadığını bildirsə də, buna dair Səhiyyə Nazirliyinin hansısa qaydalarına istinad etməmişdir. Digər tərəfdən həkim cərrah Nazim Həsənov bu tip əməliyyatlarda əməliyyatlardan sonra iki tip qaçaq, mexaniki və bioloji qaçağın olmasını bidirmişdir. Mexaniki qaçaq həkim səhvi nəticəsində baş verir. Bioloji qaçaq isə orqanizmin toxumalarınından asılı olaraq baş verməsini bildirmişdir. Lakin mərhum Nəzakət Mizafarovanın əməliyyatından sonra baş verən qaçağın mexaniki yoxsa bioloji olmasını barədə qəti fikir bildirməmişdir. İkinci ekspert Rafik Nuriyev isə ekspertiza zamanı birbaşa xəstəni müayinə etmədiklərini sənədlər əsasında rəy verdiklərini bildirmişdir. Onun sözlərinə görə bir həftədən sonra xəstənin mədəsində qaçaq olması müəyyən edilmişdir. Lakin bunu hansı sənədə əsasən müəyyən etdiyini bildirməmişdir. Belə ki, xəstə Nəzakət Mizafarova evə buraxıldıqdan sonra hərarəti qalxmış və bu barədə həkimlə “Whatsapp” yazışmaları mövcuddur. Göründüyü kimi ekspert Rafik Nuriyev sənədlər əsasında rəy verdiklərini bildirsə də obyektivlikdən kənar rəy bildirmişdir. Tibbi sənədlərdən də göründüyü kimi Nəzakət Mizafarova əməliyyatdan 6 gün sonra yüksək hərarətlə təkrarən “MedEra Hospitala” yerləşdirilmişdir. Hərarət isə əməliyatdan 2-3 gün sonra başlamış və hərarət enmədiyi üçün təkrarən xəstəxanaya gedilmişdir. Buradan da müəyyən edilir ki, xəstənin əməliyatında bioloji yox mexaniki qaçaq olmuşdur. Belə ki, istənilən halda istənilən qaçaq zamanı dərhal tempuratur yüksələ bilməzdi. Bir neçə gün daxilə qanaxma və qida sızıntıları olduqdan sonra bu orqanizmdə yığılır və daha sonra qızdırma verir. Həkim Cavabdeh2 xəstə ilk gün tempraturunun olduğunu dediyi gün bunu səbəbinin qaçaq olmasından şübhələnməli idi və ya şübhələnmişdi. Lakin xəstəyə antibiotik və qatıq içməyi tövsiyyə edərək onu yayındırmışdır. Daha sonra “KT” edildikdən sonra xəstəyə heç bir məlumat verilmədən onun mədəsinə stent qoyulmuş bu da öz effektini verməmişdir. Həmçinin xəstəlik tarixçələrindən də görünür ki, Cavabdeh2 ikinci əməliyyat zamanı qarın boşluğuna axan çirki təmizləməmiş, drenaj qoymamışdır. Bu isə xəstənin qarın boşluğuna yığılan çirkin çıxarılmamasını və drenaj vasitəsi ilə kənar edilməməsini sübut edir. Bunlardan başqa xəstə Nəzakət Mizafarovanın qaraciyər serrozu xəstəliyindən əziyyət çəkməsi və bu tip xəstələrin belə ağır əməliyyata girməsi sualına da ekspertlər cavab verməmişlər. Məhkəmə tərəfindən təyin edilən təkrar ekspertizanın rəyinin 3-cü bəndində bildirilir: “Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X2 vəziyyətinin ağırlaşmasına səbəb stepler yetməzliyi və bundan inkişaf etmiş peritonit əlamətləri olmuşdur”. Göründüyü kimi stepler yetməzliyindən yaranan inkişaf etmiş peritonitin olması müəyyən edilir. Sual olunur: “bu stepler yetməzliyi xx.xx.2023-cü ildə baş vermiş və həmin gündə inkişaf edərək peritonit yaranmışdırmı? Tamailə absurd bir yanaşmadır. Stepler yetməzliyi və ya əməliyyat yerində sızıntı bir müddət davam eməlidir ki, inkişaf etmiş peritonit yaransın. Xəstənin temperaturunun başlaması ilə əməliyyatın edildiyi zaman aralığındakı müddət (2-3-gün) xəstə Nəzakət Mizafarovanın əməliyyat yerində mexaniki qaçaq olmasını təsdiq edir. Bunu ekspert rəyi də təsdiq edir. Buna baxmayaraq məhkəmə subyektiv fikirləri əsasında qətnamə çıxarmışdır. Bundan başqa məhkəmə qətnaməsində hospital tərəfindən xəstəyə imzalatdırılmış iltizama istinad edilmişdir. Bununla bağlı məhkəmə prossesində də bildirilmişdir ki, iltizamda xəstə əməliyatdan sonrakı ağırlaşmalara görə məsuliyyətin özünə aid olduğuna razılıq vermişdir. Xəstə ölməsi üçün iltizam verməmişdir. Ümumiyyətlə bu iltizama görə həkim səhvinin üzərindən keçmək olmaz. İş materialları ilə həkim səhvi müəyyən edildiyi halda məhkəmənin bu iltizama istinad etməsi nə qanunidir nə də ədalətli. Məhkəmə qətnamənin 6-cı səhifəsinin sonuncu abzasında yenidən xəstəlik tarixçələrinə istinad edərək xəstə Nəzakət Mizafarovanın xx.xx.2023-cü il tarixində yüksək hərarətlə xəstəxanaya təkrarən yerləşdirildiyini qeyd edir. Yuxarıda da qeyd edilən kimi xəstənin temperaturunun qalxması əməliyyat yerində sızıntının olması olmuşdur. Bu hal tam olaraq sübut olunur. İddianın əsası da cavabdehlərin təqsiri üzündən anasının dünyasına dəyişməsi olmuşdur. Cavabdehlərin təqsirli hərəkətləri məhkəmə iclasında tam sübuta yetirilmişdir. Göründüyü kimi xəstə Nəzakət Mizafarova əməliyatdan sonra temperaturunun qalxması barədə “Whatsapp” vasitəsi ilə həkim Cavabdeh2 məlumat vermiş və 6 gün sonra eyni hospitalda təkrarən əməliyyata alınaraq mədəyə “Full Covered” (tam örtüklü stent) qoyulmuşdur. Bu əməliyyatın keçirilməsinə səbəb əməliyyat bölgəsində sızıntı olması olmuşdur. Lakin xəstəyə bu barədə məlumat verilmir. Bu da istər həkimin istərsə də hüquqi şəxs olan Cavabdeh1ın məsuliyyətindən xəbər verir. Xəstənin hərarətinin qalxdığı gün həkim onu hospitala dəvət etməli və vaxtında “KT” etməklə sızıntını müəyyən etməli eyni zamada qarın boşluğunu təmizləyərək drenaj qoyulmalı idi. Nə həkim nə də hospital məsuliyyətinin olmamasını sübut edə bilmədiyi halda məhkəmə iddianı qanunsuz olaraq rədd etmişdir. Qeyd edildiyi kimi təkrar ekspertizanın rəyinin nəticə hissəsinin 3-cü bəndində bildirilir: “Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X2 vəziyyətinin ağırlaşmasına səbəb stepler yetməzliyi və bundan inkişaf etmiş peritonit əlamətləri olmuşdur”. Göründüyü kimi stepler yetməzliyindən yaranan inkişaf etmiş peritonitin olması müəyyən edilir. Göründüyü kimi zərərin vurulmasında həkim səhvi və hospitalın günahı tam müəyyən edilir. Həkim xəstəni vaxtında “KT” etmədiyi üçün və hospital xəstəni tam müayinə müalicə etmədən evə buraxdığı üçün məsuliyyət daşıyır. Qarın boşluğuna dolan və peritonitə səbəb olan halın vaxtında müəyyən edilməməsi xəstənin ölümünə yol açmışdır. Bu halda məsuliyyət daşıyan şəxsin müəyyən edilməsi çətin deyildir. Stepler yetməzliyi və ya əməliyyat yerində sızıntı bir müddət davam etməlidir ki, inkişaf etmiş peritonit yaransın. Xəstənin temperaturunun başlaması ilə əməliyyatın edildiyi zaman aralığındakı müddət xəstə Nəzakət Mizafarovanın əməliyyat yerində mexaniki qaçaq olmasını təsdiq edir. Bu isə cavabdehlərin birbaşa səbəbkar olmasına əsasdır. Əgər həkim Cavabdeh2 günahkar deyildisə nəyə görə Cavabdeh1 Nəzakət Mizafarovanın əməliyyatından sonra onu işdən çıxarmışdır. Onun işdən çıxarılması ilə hüquqi şəxs məsuliyyətdən yayınmaq istəmişdir. Qeyd edildiyi kimi hüquqi şəxsin işçisi olan həkim Cavabdeh2 səhvi nəticəsində səhhəti pisləşən Nəzakət Mizafarova sonda dünyasını dəyişmişdir. Bu hal isə iş materialları, ekspert rəyi və digər sənədlərlə tam sübut edilsə də, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, obyektivlikdən kənar qərar qəbul etmişdir. Bundan başqa məhkəmə prosesi dövründə xx.xx.2024-cü il tarixində “Yeni Klinika”ya müraciət edərək xəstə Nəzakət Mizafarovanın “Yeni Klinika”ya daxil olduğu dövrdən evə buraxıldığı günə kimi olan vəziyyəti eyni zamanda Cavabdeh1da müalicəsinin düzgün aparılıb-aparılmaması barədə suallara cavab verilməsi xahş edilmişdir. Lakin sorğuya cavab xx.xx.2024-cü il tarixində gəldiyi üçün məhkəmədən sübutların təmin edilməsini xahiş edə bilməmişlər. Çünki artıq məhkəmənin sonuncu baxış iclası təyin edilmişdir. Odur ki, vəsatətin təmin edilərək vəsatətdə göstərilən suaların cavablandırılmasını “Yeni Klinika”dan tələb edilməsini xahiş edilir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1341/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 X16 04 aprel 2025-ci il tarixli, 1391 saylı məktubu ilə ekspert rəyi məhkəməyə daxil olmuş və işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığına görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112-ci maddəsi müəyyən edir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” PHŞ-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Cavabdeh1a müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Morbit Obesity İV dərəcə. Prediabet” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza və kliniki protokolun tələbinə uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “X5. QBD” cərrahiyyə əməliyyatının aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə qərara alınmış əməliyyat icra edilmişdir. Əməliyyatın gedişində anatomik qaydalara uyğun mədə xaric edilmiş və toxumalar bərpa olunaraq kontrol yoxlanılmışdır. Hər hansı bir ağırlaşma (qaçaq, sızma və s.) qeyd edilməmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə ambulator nəzarət altında evə yazılmışdır. X7 xx.xx.2023-cü il tarixdə yenidən Cavabdeh1a daxil olmuşdur. Müayinə zamanı xəstəyə “Mədə ətrafı nahiyədə abses” diaqnozu təyin edilmiş və “Mədənin içinə Füll Covered (tam örtüklü stent)” yerləşdirilmişdir. Əməliyyatdan sonra xəstə orta ağır vəziyyətdə evə yazılsa da, xx.xx.2023-cü il tarixdə təkrar olaraq klinikaya müraciət etmiş və “Mədə qanaxması” diaqnozu ilə hemostatik müalicələr aparılmışdır. xx.xx.2023-cü il tarixdə xəstə stabil vəziyyətdə evə yazılmışdır. Daha sonra X7 xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”ya müraciət etmiş, ona “Kəskin peritonit” diaqnozu təyin edilmiş və təcili “Absesin drenləşdirilməsi. Yeyunostomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı məlum olmuşdur ki, təxmini ölçüsü 2 sm olan stepler xəttinin açıqlığı qeyd edilmişdir. Qidalandırıcı yeyunostoma qoyulmuş və əməliyyatdan sonra adekvat müalicələr təyinat üzrə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Beləliklə, X2 üzərində xx.xx.2023-cü il tarixdə Cavabdeh1da aparılmış “X5. QBD” cərrahiyyə əməliyyatından sonra stepler yetməməzliyi (açılması) meydana çıxmışdır. Bu ağırlaşma ilə əlaqədar müvafiq tibbi yardımlar (təkrar, operativ müdaxilələr və konservativ müalicələr) göstərilmişdir. “X5” cərrahiyyə əməliyyatları zamanı stepler yetməməzliyi baş verə bilər, bu hal steplerin toxumaların birləşmə nöqtəsində yaranır və qan təchizatın pozulması ilə əlaqədardır. Tədricən həmin nahiyədə nekroz baş verməsi sonda steplerin aralanmasına səbəb olur. Patoloji vəziyyətin gedişi orqanizmin müqavimət funksiyalarından asılı olur. Tibbi protokola əsasən, yaranmış ağırlaşma ilə əlaqədar tibbi müdaxilələr aparılmış, lakin septiki vəziyyətin qarşısının alınması mümkün olmamışdır. Bunun da icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki icrası ilə səbəbli əlaqəsi olmamışdır. X7 xx.xx.2023-cü il tarixdə həkimin qəbulunda olmuş (səh. 119), anamnestik məlumatlar toplanılmış və obyektiv müayinələr aparılmışdır. Xəstəyə “Morbit Obesity İV dərəcə. Prediabet” diaqnozu təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş epikrizə əsasən, yəni xx.xx.2023-cü il tarixdə xəstənin üzərində “Mədənin boruvari rezeksiyası” və qanayan bölgə (qida borusunun aşağı 1/3-də) ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mədənin içinə “Full Coverad (tam örtüklü stent)” əməliyyatlarının aparıldığı qeyd edilmişdir. Tərtib edilmiş stasionar xəstənin tibbi kartası ilə epikriz arasında bəzi texniki xarakterli uyğunsuzluqlar vardır (əməliyyat protokollarında). X7 xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”ya müraciət etmiş və ona “Kəskin peritonit” diaqnozu təyin edilmişdir. “Kəskin peritonit” diaqnozu aparılmış müvafiq müayinələr əsasında müəyyən edilmişdir. X6 xx.xx.2023-cü il tarixdə təyin edilmiş “Mədə ətrafı nahiyəsində abses” diaqnozu qeyd edilmişdir. “Kəskin peritonit” isə qarın qıcıqlanma simptomlarının müsbət olması ilə əlaqədar təyin edilmişdir. “Barriatrik əməliyyat”lar zamanı və əməliyyatlardan sonra xəstələrin həyati riskləri dünya tibb ədəbiyyat mənbələrinə istinadən 1-3% (bunlardan; tromboemboliya, mədə stepler xəttinin qanaması, mədə stenozu, stepler xəttinin açılması və s.) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” PHŞ-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: X6 Cavabdeh1da “Morbit Obesity İV dərəcə. Prediabet” diaqnozu təyin edilmiş və xx.xx.2023-cü il tarixdə ona “X5. QBD” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə ambulator nəzarət altında evə yazılmışdır. Daha sonra Nəzakət Mizafarova xx.xx.2023-cü il tarixdə Cavabdeh1a yenidən müraciət etmiş və ona “Mədə ətrafı nahiyədə abses” diaqnozu ilə əlaqədar “Mədənin içinə Füll Covered (tam örtüklü stent)” yerləşdirilmişdir. “Mədənin içinə Füll Covered (tam örtüklü stent)” yerləşdirilməsi “X5. QBD” cərrahiyyə əməliyyatlarında nəzərədə tutulmayıb. Bu yalnız əməliyyatın ağırlaşması baş verdikdə icra olunur. X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh1da, daha sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Yeni Klinika”da stasionar qaydada müayinə və müalicələrdə olmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”da ambulator qaydada müayinədə olmuşdur. Qeyd edilən tarixlərdə X2 üzərində aparılmış “X5. QBD” cərrahiyyə əməliyyatından stepler yetməməzliyi (açılması) qeyd edilmişdir. Bu ağırlaşma ilə əlaqədar təkrar operativ müdaxilələr və konservativ müalicələr aparılmışdır. “X5” cərrahiyyə əməliyyatları zamanı stepler yetməməzliyi baş verə bilər, bu hal steplerin toxumaların birləşmə nöqtəsində yaranır və qan təchizatın pozulması tədricən həmin nahiyədə nekrozun və sonda steplerin aralanmasına səbəb olur. Həmçinin qeyd etmək lazımdır ki, patoloji vəziyyətin gedişi orqanizmin müqavimət funksiyalarından da asılı olur. “Barriatrik əməliyyat”lar zamanı və əməliyyatlardan sonra xəstələrin həyati riskləri dünya tibb ədəbiyyat mənbələrinə istinadən 1-3% (bunlardan; tromboemboliya, mədə stepler xəttinin qanaması, stepler xəttinin açılması, mədə stenozu və s.) təşkil edir. Tibbi protokola əsasən, yaranmış ağırlaşma ilə əlaqədar tibbi müdaxilələr düzgün olaraq yerinə yetirilmişdir. Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X2 vəziyyətinin ağırlaşmasına səbəb stepler yetməməzliyi və bundan inkişaf etmiş peritonit əlamətləri olmuşdur. Qeyd olunan ağırlaşma vaxtında müəyyən edilmiş və qarşısının alınması üçün müvafiq tibbi tədbirlər göstərilmişdir. X7 xx.xx.2023-cü il tarixdə “Yeni Klinika”ya “Kəskin peritonit” diaqnozu ilə daxil olmuş və ona təcili “Absesin drenləşdirilməsi. Yeyunostomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı məlum olmuşdur ki, təxmini ölçüsü 2 sm olan stepler xəttinin açıqlığı vardır. “Kəskin peritonit” diaqnozu əməliyyatın və ya daxili orqanların xəstəliklərinin ağırlaşması ilə müşayiət olunur. Bu patoloji vəziyyətin vaxtında aradan qaldırılmaması poliorqan çatmamazlığın inkişafına və ölümə səbəb olur. X2 meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı müstəqil ekspert kimi dəvət olunmuş X14 bildirmişdir ki, mədəkiçiltmə əməliyyatı əslində mütləq göstərişlə aparılan əməliyyat deyil. Artıq 20 ildir ki, bu əməliyyat dünya səhiyyəsində başlanılıb. Mədəni kiçiltmə əməliyyatı mədənin boru şəkilli rezeksiyasıdır. Yəni mədə boru şəklində kəsilib götürülür. Burda xəstə iki nəticə əldə edir. Birincisi mədənin həcmi kiçilir. İkincisi aclıq hiss etmir və çox qida yeyə bilmir. Əməliyyat çox sadə bir əməliyyatdır. Texniki formada icra olunur. Mədə boru şəklində kəsilib saxlanılır və xüsusi steplerlərin köməyi ilə tikilir. Xəstənin şəkər xəstəsi olması onun əməliyyatdan sağ çıxmamasına dəlalət etmir. Əksinə bu əməliyyatı ən çox şəkər xəstəsi olanlar etdirir. Bu əməliyyatın ən təhlükəli forması əməliyyatdan sonra qaçaq yaranmasıdır. Qaçaq tikiş xəttinin bir yan tərəfində olur. Bu əsasən qida borusunun mədəyə keçən hissəsində baş verir. Bu xroniki proses yaradır. Bu zaman ilkin növbədə ötürücüyə stend yerləşdirilir. Bu tibb aləmində effektini çoxda yaxşı göstərməsə də həkim ilkin tədbir olaraq bunu etməlidir. Hazırda ölkədə onun tanıdığı 6 altı bu formalı xəstələr var. Hazıki dönəmdə xəstədə əməliyyatdan sonra qaçaq yarandıqda stend qoymaq ilkin görüləcək tədbirlərdəndir. Qaçaq iki növdə olur. Birinci mexaniki qaçaq, hansıki bu həkimin səhvi nəticəsində yaranır və özünü əməliyyatdan 1-2 gün sonra dərhal göstərir. İkincisi bioloji qaçaq hansıki özünü əməliyyatdan 5-7 gün sonra göstərir. X8 əməliyyatdan sonra səhətində yaranmış problemin səbəbi kimi bioloji qaçağın yaranmasını əsas gətirmək olar ki, belə olan haldada xəstənin ölümünə səbəb kimi həkimi günahlandırmaq olmaz. Eyni zamanda məhkəmədə müstəqil ekspert kimi dəvət olunmuş X12 bildirmişdir ki, o, ekspert olaraq tibbi sənədlərlə işləyirlər. Onlar əməliyyatda iştirak etmirlər. Onlar işi yalnız xəstənin xəstəlik tarixçəsini araşdırmaqdır. O, mərhum Nəzakət Mizafarovanın xəstəlik tarixçəsinə baxaraq müəyyən etmişdirlər ki, əməliyyatdan sonra ilkin olaraq heç bir qaçaq halı müəyyən edilməmişdir. Əməliyyatdan bir həftə sonra əməliyyat nahiyəsində aralaşma baş vermişdir. Həmin qaçaq nahiyə həkim tərəfindən müəyyən edilərək xəstənin mədəsində yaranmış qaçaq hissəsinə stend yerləşdirmiş və müəyyən müddət həkim nəzarətində qaldıqdan sonra evə buraxılmışdır. Daha sonra xəstə ilə bağlı onlarda heç bir məlumat mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 və onun həkimi, iddiaçının anasına həkim səhlənkarlığı nəticəsində anasının ölməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin xx.xx.2024-cü il tarixli, 781/KEŞ nömrəli rəyi ilə və eyni zamanda iş üzrə müstəqil ekspert kimi dəvət olunmuş ekspertlərin izahatında öz təsdiqini tapmır. İddiaçı isə apellyasiya şikayətində hüquqi şəxsin işçisi olan həkim Cavabdeh2 səhvi nəticəsində səhhəti pisləşən Nəzakət Mizafarova sonda dünyasını dəyişməsini, bu halın iş materialları, ekspert rəyi və digər sənədlərlə tam sübut edilməsini bildirməklə dəlillərini apellyasiya şikayətində sadalamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş rəylərə eləcə də müstəqil ekspert kimi dəvət olunmuş ekspertlərin izahatlarına istinad etsə də, həkim cərrah Nazim Həsənov mədə kiçiltmə əməliyyatlarının mütləq göstərişlə aparılmadığını bildirmiş, lakin buna dair Səhiyyə Nazirliyinin hansısa qaydalarına istinad etməmişdir. Digər tərəfdən həkim cərrah Nazim Həsənov bu tip əməliyyatlarda əməliyyatlardan sonra iki tip qaçaq, mexaniki və bioloji qaçağın olmasını bidirmişdir. Mexaniki qaçaq həkim səhvi nəticəsində baş verir. Bioloji qaçaq isə orqanizmin toxumalarınından asılı olaraq baş verməsini bildirmişdir. Lakin mərhum Nəzakət Mizafarovanın əməliyyatından sonra baş verən qaçağın mexaniki yoxsa bioloji olmasını barədə qəti fikir bildirməklə ehtimallara söykənən nəticəyə gəlmişdir. Digər tərəfdən ekspert Rafik Nuriyev isə ekspertiza zamanı sənədlər əsasında rəy verdiklərini bildirmişdir. Bununla yanaşı iş materialları ilə iddiaçının anasının ölümünə səbəb kimi mədədə əməliyyatdan sonra yaranmış tibbi izahla qeyd olunan qaçağın mexaniki və ya bioloji olması öz təsdiqini tapmır. Həmçinin, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli həkim Kəmalə Hüseynovanın verdiyi arayışa əsasən X2 ölümünün səbəb kimi ürək-damar çatışmamazlığı, Peritonitdən ölməsi göstərilmişdir. İş materiallarında olan AZ-İİ № 394814 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə mədə xorası, Xroniki və ya dəqiqləşdirilməmiş deşilmə ilə səbəbindən ölmüşdür. İş materiallarından görünür ki, təyin edilmiş ekspertizalar qarşısında xx.xx.2023-cü il tarixdə aparılmış əməliyyat protokola uyğun aparılması, baş verən fəsadların qarşısını almaq üçün görülən tədbirlər (stentin qoyulması, drenajın taxılması) protokola uyğun aparılması, xx.xx.2023-cü il tarixdə həkimin qəbulunda olan qeydlərnən (səh 119), xx.xx.2023-cü il tarixdə həkimin qəbulunda olan qeydlərnən (səh 141) arasında xəstənin vəziyyətində nələrin dəyişilməsi, xx.xx.2023-cü il tarixdə həkimin qəbulunda olan qeydlərə görə, xəstə «kəskin peretonit» diaqnozu qoyula bilməsi, xx.xx.2023-cü il tarixdə həkimin qəbulunda olan qeydlərə görə, xəstəyə qoyulan «mədə ətrafı nahiyyədə abses» diaqnozu gələcəkdə «kəskin peretonit» ola bilməsi, X2 Cavabdeh1dan və “Yeni Klinika”dan təqdim edilən xəstəlik tarixçələri əsasında səhhətinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi pozulmasının səbəbi müəyyən edilməsi, barriatrik əməliyyatlar zamanı və əməliyyatlardan sonra xəstələrin həyati riskləri nə qədər müəyyən edilməsi kimi sualları qoyulsa da, iddia tələbində göstərilən iddiaçının anasının “C” viruslu hepatit, qaraciyər sirrozu xəstəsi olmuş, uzun müddət qeydiyyatda olmaqla müalicələr alması, bu tip xəstəliyi olan şəxslərin bariatrik əməliyyata alınması tibbi göstərişlərə görə mümkün olmaması ilə bağlı araşdırma aparılmamış, X2 vəziyyətinin ağırlaşmasına səbəb stepler yetməzliyi və bundan inkişaf etmiş peritonit əlamətləri ilə müəyyən suallar qoyulmamışdır. Belə olan halda məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığından eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilsə də təqdim edilmiş rəylər kifayət qədər aydın və tam olmadığından hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə iddiaçı tərəfindən verilmiş vəsatət əsasında əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin KEŞ – 200 nömrəli, 19 mart 2025-ci il tarixli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.3. X7 "MedEra" hospitala müraciət etdikdən sonra ona əməliyyatdan əvvəl bir sıra kliniki, laborator və instrumental müayinələr aparılmışdır. Xəstədə ifa metodu ilə Anti HCV norma dəyərindən artıq (30.08), hepatosteatoz İİİ dərəcə, hepatomegaliya, pankreasın diffuz exostrukturu qeyd edilmişdir. Xəstənin obyektiv vəziyyəti və müayinə cavablarının nəticələrini nəzərə alaraq. "Bariatrik əməliyyat" üçün əks göstəriş olmamışdır. Tibbi praktikaya əsasən, 3-4cü dərəcəli piylənmə xəstəliyindən əziyyət çəkən xəstələrdə daxili orqanalarda və eyni zamanda "Qaraciyərin fibroz"u əksər hallarda rast gəlinir. "Bariatrik əməliyyat"ın məqsədi məhz bu xəstəliklərin qaraciyər fibrozu və sirrozu, 2-ci tip şəkərli diabetin, yuxu apnosu, artritlərin və s. xəstəliklərinin remisiyasını əldə etmək üçün aparılır. 2. X6 "Bariatrik əməliyyat”dan əvvəl kliniki, laborator və instrumental müayinələr aparılmışdır. 4.10. X3 mövcud olan qaraciyər patologiyaları ilə əlaqədar ona "X5" əməliyyatının aparılmasına əks göstəriş olmamışdır. Xəstə əməliyyatdan sonra təkrar olaraq xx.xx.2023-cü il tarixdə "xxxx"a ürəkbulanma, halsızlıq şikayətləri ilə daxil olmuşdur. Aparılan müayinələr nəticəsinə əsasən, ona "Mədə ətrafı abses" diaqnozu təyin edilmişdir. Klinikada invaziv radioloq tərəfindən “KT” müayinəsi altında absesin drenajı yerləşdirilmişdir. Eyni zamanda həkim-endoskopist tərəfindən mədənin içərisini tam əhatə edən "X23" yerləşdirilmişdir. Bu tədbirlərin hesabına qaçaq verilən yerin mənfəzi stend ilə protokola uyğun olaraq qapanmış, abses xaricə drenaj edilmişdir. Tibbi müdaxilələrdən sonra xəstə kafi vəziyyətdə ambulator müalicəyə göndərilmişdir. Qeyd edilən tibbi tədbirlər müvafiq tibbi protokol uyğun olaraq aparılmışdır. "Barriatrik əməliyyat"lar zamanı və əməliyyatlardan sonra xəstələrin həyati riskləri dünya tibb ədəbiyyat mənbələrinə istinadən 1-3% (bunlardan; tromboemboliya, mədə stepler xəttinin qanaması, stepler xəttinin açılması, mədə stenozu və s.) təşkil edir. 5.6. X3 mövcud olan qaraciyər patologiyaları ilə əlaqədar ona "X5" əməliyyatının aparılmasına əks göstəriş olmamışdır. Əməliyyatönü hazırlıqdan sonra təyin edilmiş diaqnoza uyğun olaraq xəstəyə planlaşdırılmış əməliyyat icra edilmişdir. Əməliyyatdan sonra mədə divarının qan təchizatını yaxşılaşdırmaq üçün qan durulducudan (Kleksan) istifadə olunub. Tikiş tutarsızlığı 1-3% hallarda dünya praktikasında rast gəlinir. Bununla əlaqədar xəstəyə kompleks tədbirlər (absesin drenaj edilməsi, mədə içərisinə tam riklü stendin qoyulması) aparılmışdır. 7. X7 xx.xx.2023-cü il tarixdə "Yeni Klinika"ya "Kəskin peritonit" diaqnozu ilə daxil olmuş və ona təcili "Absesin drenləşdirilməsi Yeyunostomiya" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı məlum olmuşdur ki, təxmini ölçüsü 2 sm olan stepler xəttinin açıqlığı qeyd edilmişdir. 8. Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X2 vəziyyətinin ağırlaşmasına səbəb stepler yetməməzliyi və bundan inkişaf etmiş peritonit əlamətləri olmuşdur. Qeyd olunan ağırlaşma vaxtında müəyyən edilmiş və qarşısının alınması üçün ardıcıl olaraq müvafiq tibbi müdaxilələr aparılmışdır. 9. X2 meyiti müayinə olunmadığı üçün onun ölümündə hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. 11. X2 üzərində icra edilmiş "X5" əməliyyatın gedişi zamanı onun mədənin rezeksiyasından sonra qarın boşluğu yuyulmuş və qurudulmuşdur. Beləliklə işin faktiki halları ilə, eləcə də rəylərə əsasən müəyyən edilmişdir ki, tibbi tədbirlər müvafiq tibbi protokola uyğun olaraq aparılmışdır. Bununla yanaşı X3 mövcud olan qaraciyər patologiyaları ilə əlaqədar ona əməliyyatının aparılmasına əks göstəriş olmamışdır. Əməliyyatönü hazırlıqdan sonra təyin edilmiş diaqnoza uyğun olaraq xəstəyə planlaşdırılmış əməliyyat icra edilmişdir. Eyni zamanda iş materiallarında olan ünvan 1 ünvanladığı cavabdan görünür ki, X7 onun nəzarətində 05.10.11 tarixindən müalicədə olmuşdur. Daxil olarkən “C” viruslu hepatiti. Qaraciyər sirrozu” diaqnozu qoyulmuşdur. Müalicəyə baxmayaraq hepatitin residivi olmuş və bununla bağlı xəstə Almaniyada yeni dərmanlarla virus əleyhinə müalicə almış və viruslu hepatitdən sağalmışdır. (təxminən 2014-2015 illərdə). 2014-cü ildən xəstə ona müraciət etməmişdir. Son olaraq xx.xx.2021-ci il tarixində müraciət edib və simptomatik müalicə təyin olunmuşdur. Son üç il xəstə ona müraciət etmədiyinə görə onun ümumi vəziyyətini və qaraciyər durumunu dəyərləndirməyə çətinlik çəkir və əməliyyata göstərişini qiymətləndirə bilməmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması, başqa sözlə iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin təmin edilməməli olmasına dair düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, istinad olunan maddələrin tələbləri baxımından cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Həmçinin apellyasiya baxışı zamanı da iddiaçının dəlillərinə obyektiv qiymət verilməsi eləcə də həqiqətin müəyyən edilməsi üçün iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməklə ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Lakin ekspert rəyi ilə iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və həmin ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı hal müəyyən edilmədiyindən təqdim edilmiş ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(001)- 2150/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə