Məhkəmə qərarları › İş №2(103)-1345/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1345/2022

31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1345/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh MMC-dən 500 000 manat məbləğində pul vəsaitinin mənəvi zərərə görə tutularaq ona ödənilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmə cavabdehdən 3000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi göstərmişdir ki, ona vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməli idi, ancaq müvafiq qətnamə ilə onun tələbi sadəcə qismən təmin olunub. Buna görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatı: Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2011-ci il tarixli 1(101)156 saylı hökmünün surətindən görünür ki, X6 30 aprel 2010-cu il tarixdə saat 12 radələrində idarə etdiyi “Hyundai HD-120” markalı 85 AD310 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən ƏLət-Astara-İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 94-cü kilometrliyində”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 4-cü bəndinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, almamış yaşayış məntəqəsindən kənarda avtomobili 90 km.saat sürətdən yüksın sürətlə idarə edən zaman 100 metr irəlidə sağ yol çiynindən naməlum Qazel markalı avtomobil çıxaraq , bakı istiqamətində hərəkət etdiyini görüb tormoz etmiş, avtomobil tormozda düzünə, daha sonra sola hərəkət edib yolun əks hərəkət zolağına çıxaraq qabaq sol hissəsi qarşıdan əks istiqamətdə Astara rayonu istiqamətində hərəkətdə olan X7 idarə etdiyi Ford DEDL markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər X8 qarın boşluğundan qapalı küt travması nəticəsində qara ciyərini yumşaq toxumasını əzib-dağılmasından baş verən kəskin daxili qanitirmə, sol tərəfli bazu və körpücük sümüyünün qapalı sınığı, sol aş nahiyyəsindən və çiyin qurşağında cərrahi tikişə ehtiyacı olan yaralar, üzüb sol yarısının və sol əlin arxasında olan sıyrıqlarından ibarət, 2002-ci il təvəllüdlü X14 açşıq kəllə beyin travması, sol tərəfli kəllə qapağı kəllə əsası sümüyünün açıq qəlpəli sınığından ibarət, 2001-ci il təvəllüdlü X9 açıq kəllə beyin travması, sol tərəfli kəllə qapağı və əsası sümüklərinin açıq mürəkkəb sınığı, sol beyin yarımkürəsinin əzilib dağılması, sol tərəfli çənə və əng sümüyünün açıq qəlpəli sınığından ibarət həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirildidindən hadisə yerində ölmüşlər. Hökmdən görünür ki, iş üzrə X2 ölümü ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi qismində X12 tanınmış və məhkəmə iclasında iştirak edərkən, təqsirləndirilən şəxs X3 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ünvaladığı 08.02.2022-ci il tarixli müraciətində yol nəqliyyat hadisələri ilə bağlı “mənəvi zərər” barədə iddia tələbləri üzrə qəbul edilmiş bir sıra məhkəmə aktlarını qeyd etmişdir: İddiaçı X10 tələbi ilə bağlı 2(004)-1037/2021 saylı, 19.04.2021-ci il tarixli qətnamə ilə 40.000 manat tutulmuş, həmin qətnamə apellyasiya (2(103)-6323/2021 saylı, 06.07.2021-ci il tarixli) kassasiya (2(102)-6221/2021 saylı, 09.12.2021-ci il tarixli) qaydasında yoxlanılaraq qüvvədə saxlanılmış. İddiaçı Popova İrina Aleksandrovnanın tələbi ilə bağlı 2(008)-774/2021 saylı, 15.03.2021-ci il tarixli qətnamə ilə 10.000 manat tutulmuş. İddiaçı X11 tələbi ilə bağlı 2(010)-1243/2021 saylı, 20.04.2021-ci il tarixli qətnamə ilə 10.000 manat tutulmuş, həmin qətnamə apellyasiya (2(103)-7367/2021 saylı, 23.09.2021-ci il tarixli) qaydasında yoxlanılaraq qüvvədə saxlanılmış. İddiaçı X13 tələbi ilə bağlı 2(006)-2756/2021 saylı, 16.06.2021-ci il tarixli qətnamə ilə 20.000 manat tutulmuş, həmin qətnamə apellyasiya (2(103)-9836/2021 saylı, 27.10.2021-ci il tarixli) qaydasında yoxlanılaraq qüvvədə saxlanılmış. İddiaçı X1 tələbi ilə bağlı 2(001)-2619/2020 saylı, 21.09.2020-ci il tarixli qətnamə ilə 30.000 manat, İddiaçı X4 tələbi ilə bağlı 2(001)-284/2021 saylı, 03.06.2021-ci il tarixli qətnamə ilə 10.000 manat, İddiaçı X5 tələbi ilə bağlı 2(006)-1077/2020 saylı, 22.01.2020-ci il tarixli qətnamə ilə 20.000 manat tutulmuş, 2(103)-4134/2020 saylı, 21.09.2020-ci il tarixli qətnamə ilə 30.000, 2(103)-5112/2021 saylı, 24.05.2021-ci il tarixli qətnamə ilə 10.000, 2(102)- 5871/2021 saylı, 24.11.2021-ci il tarixli qərarla isə 20.000 manat tutulmuşdur. İddiaçı bildirir ki, ailədə bir nəfərin vəfat etməsinə görə kompensasiya məbləği 10.000-20.000 manat olmaqla dəyişir. Hesab edir ki, məhkəmənin ona qarşı qərəzli mövqe tutmuşdur, bu səbəbdən məbləğin ədalətli müəyyən edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinə ünvaladığı 08.02.2022-ci il tarixli müraciətinə qeyd etdiyi yuxarıda göstərilmiş məhkəmə aktalarından da göründüyü kimi ailədə bir nəfərin vəfat etməsinə görə kompensasiya məbləği 10.000-20.000 manat olmaqla dəyişir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ mütənasib olmamaqla, həmdə oxşar işlər üzrə məhkəmə təcrübəsinə də uyğun olmamışdır. Bu səbəbdən, işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq - 15000 (on beş min) manat pulun tutulması ədalətli və ağlabatandır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin tutulması hissəsində dəyişdirilməli, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin tutulması hissəsində dəyişdirilsin, Cavabdeh MMCdən mənəvi zərərin əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar