Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1346/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6125/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilmiş, 8.300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.09.2019-cu il tarixli qətnaməsi ilə qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-ci il tarixli qərarı və məktubu ilə icra sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Artıq bir ildən çoxdur ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi icra olunmur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyinin qanunsuz hesab olunmasına və icra sənədinin dərhal icra olunmasına dair qərar çıxarılmasına dair ərizəsi təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməklə ona icra sənədinin dərhal icra olunmasının təmin edilməsi həvalə edilmişdir. Məhkəmənin bu qərardadını da icra etmirlər. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarını icra Baş İdarəsinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanunsuz hərəkətsizliyi nəticəsində ona külli miqdarda 10.000 manat maddi və 5.000 manat mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət orqanı hesab edilən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi 10.000 manat, mənəvi ziyan kimi 10.000 manat, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsinə görə 5000 manat maddi, 10.000 manat mənəvi zərərə görə pul alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
3. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6125/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6125/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası təmin edilmiş, 8.300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.09.2019-cu il tarixli qətnaməsi ilə qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-ci il tarixli qərarı və məktubu ilə icra sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Artıq bir ildən çoxdur ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi icra olunmur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyinin qanunsuz hesab olunmasına və icra sənədinin dərhal icra olunmasına dair qərar çıxarılmasına dair ərizəsi təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməklə ona icra sənədinin dərhal icra olunmasının təmin edilməsi həvalə edilmişdir. Məhkəmənin bu qərardadını da icra edilmir. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarını icra Baş İdarəsinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanunsuz hərəkətsizliyi nəticəsində ona külli miqdarda 10.000 manat maddi və 5.000 manat mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət orqanı hesab edilən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş maddi ziyan kimi 10.000 manat, mənəvi ziyan kimi 10.000 manat, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsinə görə 5000 manat maddi, 10.000 manat mənəvi zərərə görə pul alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 və onun nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırda isə İddiaçı icra sənədinin icra olunmaması nəticəsində ona maddi və mənəvi zərər yetirildiyini bildirərək, göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər kollegiya iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)- 210/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadın surətindən görünür ki, tələbkar X1 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə və icra sənədinin dərhal icra olunmasına dair şikayəti təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməklə ona icra sənədinin dərhal icra olunmasının təmin edilməsinin həvalə edilməsi qərara alınmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra vərəqəsindən müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi kimi 8800 manat tutularaq iddiaçı X2 ödənilməlidir.
10. Bakı Apellyasiya Məhkəməsinin 27.09.2019-cu il tarixli 2(103)-12177/2019 saylı qətnaməsindən müəyyən olunmuşdur ki, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsi cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin 15.01.2020-ci il tarixli e5358/2020-5-22 saylı məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı 10.06.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin 21.01.2020-ci il qərarından müəyyən olunmuşdur ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli sənədi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 04.02.2020-ci il tarixli 17/68-5358/20-4 saylı məktubundan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 manat məbləğində sığorta ödənişinin tələbkar X1 xeyrinə ödənilməsinə dair Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı 10.06.2019-cu il tarixli icra vərəqəsi icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 18.03.2020ci il tarixli 17/68-5358/20-14 saylı məktubundan müəyyən olunmuşdur ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmiş, lakin tələb olunan məbləğ tələbkarın xeyrinə ödənilməmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədinin icrasını təmin edib, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə məlumat verilməsi borludan tələb olunmuşdur. Şikayətə məhkəmə baxışı zamanı icra məmurunun icra sənədini icraata qəbul etdikdən sonra təyin etdiyi könüllü icra müddətində borclu tərəfindən icra sənədinin icrasını təmin etməməsini müəyyən etsə də, sonuncuya qanuni qüvvəsini alan məhkəmə aktının icrasının təmin edilməsini tələb edən məktublar göndərməklə kifayətlənmiş, borclu barədə məcburi icra tədbirləri tətbiq etməmiş, nəticədə məhkəmə aktı qanunla müəyyən olunan müddətdə icra edilməmişdir. Hüquqi dəyərləndirmə:
11. Kollegiya iş materiallarına, apellyasiya şikayətini dəlillərinə əsasən qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi kimi 8800 manat tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.09.2019-cu il tarixli 2(103)-12177/2019 saylı qətnaməsi ilə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldilməsinə baxmayaraq, icra sənədi icra olunmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-210/2021 saylı, 04.05.2021-ci il tarixli qərardadı ilə tələbkar X1 Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə və icra sənədinin dərhal icra olunmasına dair şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadurovun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2019 saylı, 10.06.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməklə ona icra sənədinin dərhal icra olunmasının təmin edilməsi həvalə edilmişdir. Hazırda isə İddiaçı icra sənədinin icra olunmaması nəticəsində ona maddi və mənəvi zərər yetirildiyini bildirərək, göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı Əlisahib Əzizov iddia ərizəsi və apellyasiya şikayəti ilə müraciət etməsinə baxmayaraq, tələbinin və şikayətinin əsaslı olmasını təsdiq edən və cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.
13. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
16. İddia tələbinin və apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir.
17. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
18. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur.
19. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
20. Hazırki iş üzrə iddiaçı 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
21. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçı maddi və mənəvi zərərlə bağlı tələbini əsaslandırmadığından və ona maddi və mənəvi ziyan dəyməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən onun iddia tələbi və apellyasiya şikayətində qeyd etdikləri mülahizə xarakteri daşıyır və qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6125/2021 saylı, 03.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev