Məhkəmə qərarları › İş №2(103)-1347/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1347/2022

10.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1347/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən mülkiyyət hüquqları ilə ona məxsus olan 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xətlərinin çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən mülkiyyət hüquqları ilə ona məxsus olan 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xətlərinin çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(006)-5969/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı bu mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4514/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı olan bu mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qeyd edilən mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı məhkəmədən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən mülkiyyətində olan 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xətlərinin çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş bir məhkəmədən başqasına verilir. İddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, yüksək gərginlikli hava xətlərinin keçdiyi daşınmaz əşya Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşir. İddiaçı da mülkiyyətçisi olduğu həmin daşınmaz əşya ilə bağlı hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı cavabdehdən həmin daşınmaz əşya üzərindən keçən xətlərin çıxarılmasını tələb edir. İş üzrə cavabdehin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu olsa da, mümkün idi ki, cavabdehin hüquqi ünvanı digər rayonda, məsələn Gəncə şəhəri Nizami rayonu ərazisində qeydə alınmış olsun. Belə çıxır ki, cavabdehin Bakı şəhərində hüquqi ünvanı olmasaydı hazırki iddia Gəncə şəhəri Nizami Rayon məhkəməsinə verilməli idi. Demək işə həmin daşınmaz əşyanın yerləşdiyi ərazidə deyil, Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı ev-torpaq sahəsi ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin ev-torpaq sahəsində tədqiqat aparması, bununla əlaqədar ekspertin və qiymətləndiricinin məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin hüquqi üvanının olduğu, məsələn Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin Bakı şəhəri Xəzər rayonu ərazisinə gəlməsində, Bakı şəhərində fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin güddüyü məqsəd də ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etmiş olur. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli idi. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş də aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi düzgün olmuşdur. Çünki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi bu cür iddialar üzrə imperativ hesab olunur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 35.2, 36.1.13, 39.1, 40.1, 45.4, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən mülkiyyət hüquqları ilə ona məxsus olan 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xətlərinin çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar