Məhkəmə qərarları › İş №2(103)-1348/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1348/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1348/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi“ tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddə və mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(001)-3258/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciətinə baxılmış, baş vermiş hadisədə cinayət tərkibi müəyyən edilməmiş, lakin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyət tədbirinin görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ –nə göndərilmişdir. 2.İddiaçı qeyd olunan qərar əsasında maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 2000 manat maddi və 1000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu onun oğlu ilə birgə futbol oynayarkən onun oğlunu yıxmış, bu barədə o, məhkəməyə müracət etmiş və çıxarılmış qətnaməyə əsasən cavabdehdən 800 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh bu pulu ödəməyəcəyini bildirmiş və ona xəsarət yetirmişdir. İddiaçı cavabdehin bu əməllərindən stress keçirmiş və nəticədə səhhətində müəyyən prolemlər yaranmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 5.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 avqust 2023-cü il tarixli, 2(001)-3258/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Günel Abbasova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, İddiaçı müraciətinə baxılmış, baş vermiş hadisədə cinayət tərkibi müəyyən edilməmiş, lakin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyət tədbirinin görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ –nə göndərilmişdir. 7.Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ona maddi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. 8.Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. 9.Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən müəyyən edilir və mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilir. 10.Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. 11.Məhkəmə hesab edib ki, mülki qanunvericilikdə mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. 12.Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. 13.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 14.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. 15.Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). 16.Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. 17.Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. 18.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 19.Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. sübut etməlidir. 20.Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. 21.Məhkəmə qeyd etmişdir ki, mənəvi təzminatın miqdarının müəyyən olunmsı mənəvi dəyərlərin maddi şəkildə kompensasiya edilməsi halında əhəmiyyət kəsb edir. Mənəvi zərərin dəqiqliklə kompensasiyası hər zaman mümkün olmadığından mənəvi təzminatda zərərin ödənilməsi əksər hallarda maddi formada (pul formasında) ödənilən kompensasiyadır. Mənəvi zərərlə bağlı yuxarıda adı çəkilən Plenum qərarında Ali Məhkəmə mənəvi zərərin ödənilməsinin yalnız pul formasında olmasında əlavə olaraq şəxsin üzərinə bəzi vəzifələr qoymaq yolu ilə (məsələn, şərəf, ləyaqət, işgüzar və sosial nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) həyata keçirilə biləcəyini qəbul etmişdir. Təzminatın ədalətə uyğun olması vacibdir. Bu səbəbdən mənəvi təzminatın miqdarı iddiaçının məruz qaldığı mənəvi zərərin son həddi ilə mütənasib olmalıdır. Xüsusilə, çox aşağı olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. 22.Məhkəmə hesab etmişdir ki, maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir. Lakin pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Məhkəmə “itirilmişi” qiymətləndirməyi ümid etməsə də, lakin mövcud şəraitdə pul kompensasiyasını təsəlli vasitəsi kimi çıxış etməsini qeyd etməyi zəruri hesab edir. 23.Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi labüddür və ona görə də iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000 (bir min) manat məbləğində pul tutulmalıdır. 24.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 14.2.6, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü; maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 41-ci maddəsinə;Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarına; Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4, 14.2, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həm ərizəsində, həm şifahi izahatında keçirdiyi stresin onun səhhətində problemlər yaratdığını vurğulamış və mənəvi zərəri məhz səhhətində yaranmış problemlərlə əsaslandırmışdır. Bu ifadəni birəbir məhkəmə də öz qətnaməsində istinad etmişdir. Amma bir dəfə də olsun, iddiaçıdan səhhətinə dəymiş zərəri sübut etməsi istənilməmişdir. İddiaçı mənəvi zərəri faktiki olaraq məhz səhhətə dəymiş zərərlə eyniləşdirirsə, o məhz, səhhətinə dəymiş zərəri də sübut etməlidir. Nə bir həkim müayinəsi, nə bir psixoloji dəstək, nə də bir dərman alışına dair qəbz- heç bir sübut yoxdur. Lakin məhkəmə bu halları nəzərə almamış və mübahisəyə iddiaçı tərəfdən formal yanaşmışdır. Burda məsələ maddi zərərdən getmir, bu sübutlar məhz, ümumiyyətlə, zərərin dəyib dəyməməsini sübut etmək üçün əhəmiyyətli idi. Belə bir hal olmadığıüçün də, təbii ki, zərər sübuta yetirilməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, cavabdeh barəsində İXM-nin 157-ci maddəsiilə tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-yə qərarın surətigöndərilmişdir. Cavabdeh məhkəməyə də dəfələrlə bildirmişdir ki, onun barəsində heç bir inzibati məsuliyyət tədbiri görülməmişdir. O, məhkəmənin tövsiyəsi ilə şöbəyə də yaxınlaşmış, lakin barəsində belə bir inzibati məsuliyyət tətbiqi barədə qərar mövcud deyil. Müddətin ötürülməsi ilə əlaqədar, hazırda da belə bir qərarın tətbiq edilməsi üçün faktiki olaraq mümkün deyildir. Cavabdeh bu barədə yenidən məhkəməyə məlumat versə də, dediklərini nəzərə almamış və sonrada sanki belə bir qərar mövcud olmuş kimi qətnaməsində istinad etmişdir. Çünki bu məhkəmənin qətnaməsi üçün istinad etdiyi əsaslardan biridir. Bu əsasın mövcud olmaması bütünlükdə qətnamənin etibarlılığına, əsaslılığına şübhə yaradır. Məhkəmə özü də qətnaməsində qeyd edir ki, bu qərarın olub-olmaması hadisənin olub-olmaması və tərəflərin həmin hadisəyə aidiyyəti hissəsində vacibdir.hazırkı mülki iş üzrə əsaslanılan Nəsimi rayon Polis İdarəsi,19-cu PŞ-nin 23 yanvar 2023-cü il tarixli qərarında əməlində cinayət tərkibi olmadığı sübut edilmişdir. Məhkəmə də öz qətnaməsində bunu qeyd etmiş və istinad etmişdir. Bu halda, cavabdeh cinayət törətməmişsə və təbii ki, hakimiyyətdən sui-istifadə etməmişsə, necə ola bilər ki, bu maddə ona aid edilə bilər? Ya məhkəmə sadəcə qətnaməsi əsaslı görünsün deyə aidiyyətindən aslı olmayaraq, bütün maddələrə istinad edir? Məhkəmə qətnaməsində istinad edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, iddiaçının zərərin əvəzini tələb etmək hüququ var. Sözügedən maddə maddi zərərə aiddir. Bu maddənin məzmununda aşkar görünür. Məhkəmə özü də qətnaməsi ilə təsdiq edir ki, maddi ziyanı yoxdur. Bu halda, bu maddəyə istinad edilə bilməz.Məhkəmə,mülki vəzifənin yaranması üçün (14.2.6. Başqa şəxsə zərər vurulması.) bəndinə istinad edib, lakin həmin zərər məhkəmə qaydasında sübut edilməmişdir. Qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansıməbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırkı qətnamədə bu cür araşdırmaya dair heç bir qeyd, sübut yoxdur. Məhkəmə zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini ümumiyyətlə, araşdırmayıb. Yuxarıda qeyd etdiyi kimi, heç bir qiymətləndirməyə dair sübut təqdim olunmayıb, nə də məhkəmə müstəqil araşdırma hüququndan istifadə etməyib. Qətnamədə qeyd olunur ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı işüzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Qətnamənin məzmunundanda aydın olur ki, Avropa Məhkəməsinin Qərarında göstərildiyi kimi kifayət qədər geniş əsaslandırma mövcud deyil. Daha çox, qərəzli, birtərəfli yanaşma mövcuddur. Sanki qərar mühakimədən öncə qəbul edilib, mühakimə nəticəsinə görə yox, nəticəyə görə qərar tərtib edilib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 30.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 31.Maddə 12. 1-ci hissə.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 32.Maddə 12. 2-ci hissə. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 33.Maddə 24. 1-ci hissə. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. 34.Maddə 24. 2-ci hissəİİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. 35.Maddə 24. 3-cü hissə. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 36.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 43.Mübahisənin mahiyyəti ondan ibarətdir ki, tərəflərin uşaqları ilə bağlı yaranmış mübahisə ilə bağlı cavabdeh iddiaçını döymüşdür. 44.Cavabdeh tərəfindən iddiaçıya xəsarət yetirilməsi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə öz təsdiqini tapır. 45.Həmin qərardan görünür ki, İddiaçı müraciətinə baxılmış, baş vermiş hadisədə cinayət tərkibi müəyyən edilməmiş, lakin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyət tədbirinin görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ–nə göndərilmişdir. 46.Qeyd olunan qərar qüvvədə olmaqla, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 47.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 48.Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 49.Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 50.Kollegiya qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə baş vermiş hadisədə cinayət tərkibi müəyyən edilməsə də, həmin qərarda qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh tərəfindən döyülməsi və fiziki ağrıya məruz qalması faktı MTE və PA ETT Birliyinin Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 07 saylı rəyi ilə dərəcəsi təyin olunmayan xəsarət alması müəyyən olunmuşdur. 51.Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində qeyd olunmuşdur ki, insan ləyaqəti qorunur və ona hörmət edilir.Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir 52.Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 53.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əməlində cinayət tərkibi olmasa da o, iddiaçının Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının toxunulmazlığı prinsipinə qəsd etmiş, heç bir qanuni əsas və ya əməlinə bəraət qazandıra biləcək üzürlü bir səbəb olmadan, özündə bunu etməyə ixtiyar olduğunu güman edərək iddiaçıya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. 54.Buna görə də kollegiya hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. 55.Kollegiya mənəvi zərərin məbləği ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirablar nəzərə alınmaqa cavabdehdən 1000 manat mənəvi zərərin əvəzi kimi pul məbləğinin tutulması ədalətli və ağlabatandır. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(001)-3258/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar