Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1352/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayədəsi Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3823/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. DİN-nin Dyp Veb portalından görünür ki, “Toyota Prius (Hıbrıd) minik” markalı, **- KG-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobil BB232012 qeydiyyat nömrəsinə əsasən xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
2. Mülkiyyətçi İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli, ƏN-Vİ seriyalı, № 360186 saylı etibarnamədən görünür ki, “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün 3 ay müddətinə xx.xx.2023-cü il saat 23:59-dək Cavabdeh etibar edilmişdir.
3. 12. xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 22:30-da Yeni Salyan şossesində “Toyota Prius (Hıbrıd) minik” markalı, 99- KG-217 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmuş, tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və buna görə barəsində 60 manat məbləğində cərimə edilmə barədə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.
4. “My auto servis” tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, zədələnmiş ehtiyat hissələrinin dəyəri 5960 manat, görüləcək təmir işlərinin dəyəri 2900 manat olmaqla, avtomobilin təmiri üçün cəmi 8860 manat vəsait tələb olunur.
5. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilməklə, fotoşəkilləri əlavə edilməklə təqdim edilən xx.xx.2023-cü il tarixli, 0105 saylı hesabatdan görünür ki, toplanmış materiallar, aparılmış təhlil və hesablamalar nəticəsində “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın manatla ifadədə müəyyən edilmiş dəyəri 09 avqust 2023-cü il tarixinə yuvarlaq olaraq 9750 manat məbləğində müəyyən olunmuşdur. Rəydən görünür ki, avtomobilin yararsız vəziyyətə düşmüş və yeniləri ilə əvəz edilməsi tələb olunan hissələrinə 5960 manat, görüləcək usta işlərinə 2900 manat, yekun olaraq 8860 manat vəsait hesablanmışdır. Cari və gözlənilməyən xərclər (evakuator xidmət xərci və s.) ümumi məbləğin 10 % həcmində 886 manat hesablanmaqla, avtomobilin bərpası üçün yekun 9746 manat, yuvarlaq hesabla 9750 manat pul tələb olunur.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomaşına dəymiş ziyan məbləği olaraq Cavabdeh 8860 manat təmir xərci, eləcə də 110 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nişanlı “Tayota Prius” avtomaşını etibarnamə ilə idarə edən Cavabdeh **-PD-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomaşınla toqquşmuş və nəticədə Cavabdeh idarə etdiyi mülkiyyətində olan avtomaşına yol nəqliyyat hadisəsi zamanı ziyan dəymişdir. Hadisənin baş veməsində təqsirli olan cavabdeh barəsində İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində mülkiyyətində olan avtomaşına 8860 manat ziyan dəymiş, “My Auto Service” tərəfindən qüsur aktı tərtib edilmişdir. Hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ondan 8860 manat dəymiş ziyana görə, eləcə də 110 manat isə dövlət rüsumu olaraq pulu tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3823/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 8860 (səkkiz min səkkiz yüz altmış) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 109 (yüz doqquz) manat məbləğdə pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Əliyev İlkin)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, avtomobilə dəyən zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin zədələnmiş ehtiyat hissələrinin dəyəri 5960 manat, görüləcək təmir işlərinin dəyəri 2900 manat, evakuator xərci 886 manat təşkil edir. Məhkəmə ekspertin 886 manat evakuator daşımaları üçün vəsait tələb olunduğu barədə mövqeyi ilə razılaşmır. Belə ki, ekspertin həmin xərci ümumi məbləğin 10 faizi nisbətində müəyyən etməsinin hər hansı məntiqi və hüquqi açıqlaması yoxdur. Bundan başqa hər hansı əsaslandırma aparmadan sırf ekspert rəyində göstərildiyi üçün iddiaçı tərəfin tələbini həmin hissədə artırmasını məhkəmə əsaslı hesab etmir və hüquqdan sui-istifadə kimi qiymətləndirir. Bu səbəblə məhkəmə hesab edir ki, avtombilə dəymiş zərərin həcmi 8860 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, şəxs delikt nəticəsində vurduğu zərəri ödəməkdən o vaxt imtina edə bilər ki, zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuş olsun. Hazırki mübahisədə isə bu hal yoxdur. O ki qaldı onun nəqliyyat vasitəsini mülkiyyətçidən deyil, başqa şəxsdən götürməsi, bu hal təsdiq olunmuş olsa belə mülkiyyətçinin zərər vuran şəxsə qarşı tələbini istisna etmir. Həmin məsələ səlahiyyət verilməyən şəxsin əqd bağlaması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və ya əqdi sonradan bəyənməsi ilə bağlı olub, hazırki mübahisə üzrə tərəflərin hüquq və vəzifələrinə təsir etmir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81-ci, 119.1-ci, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında heç bir müqavilə olmamışdır. O, avtomobili “Uber” şirkətindən götürmüş, gündəlik ödəniş etmişdir. İddiaçı avtomobili həmin şirkətə icarəyə vermişdir və avtomobilə görə də məsuliyyəti “Uber” şirkəti daşıyır. Avtomobilin yararlı ehtiyyat hissələrini iddiaçı özü satmışdır, yerinə isə yararsız ehtiyyat hissələrini quraşdırmışdır. İddiaçının avtomobili bu günədək “Uber” şirkətinin dayanacağında qalmışdı. Məqsəd əsassız varlanmaq olmuşdur. Avtomobilin dayanacaqda saxlanılması onun dəyərini daha da aşağı salmış və ona xərclənəcək pulu isə artırmışdır. Necə olur ki, tərəf ondan həm zərəri alır, həm də ki, yararsız avtomobili sataraq ondan mənfəət əldə edəcəkdir. İddiaçı məqsədyönlü şəkildə avtomobili orada saxlamaqla avtomobilə dəyən zərəri artırmışdır. Lakin məhkəmə nədənsə, iddiaçının avtomobili qorunmayan ərazidə buraxması etirafına qiymət verməmişdir. O, avtomobilin Uber şirkətindən götürülməsini təsdiq etmək üçün Fəridənin şahid qismində çağrılmasını xahiş etsə də, məhkəmə onun bu xahişinə məhəl qoymamışdır. Avtomobilə isə təxminən 3000-4000 manat zərər dəymişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında İddiaçı nümayədəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan,qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə vurulmuş ziyanla bağlı tutulan məbləğə dair hissədə dəyişdirilməlidir.
22. Hazırkı işin faktiki hallarına əsasən “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixində 3 ay müddətinə (xx.xx.2023-cü il tarixinə kimi) etibarnamə verilmişdir. Cavabdeh etibarnamə ilə idarə etdiyi “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olarkən, xx.xx.2022-ci il tarixində saat 22:30-da Yeni Salyan şossesində yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə ziyan vurmuşdur.
23. Tərəflər arasında mübahisə də məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranmışdır. Birinci instansiya məhkəməsi isə zərərin məbləğini ekspert rəyinə əsasən müəyyən etmişdir. Bu səbəbdən cavabdeh apellyasiya şikayətində zərərin məbləğinin müəyyən edilməsini mübahisələndirmiş və təyin edilən məbləğlə razılaşmamışdır.
24. Bu səbəbdən zərərin məbləğinə aydınlıq gətirilməsi məqsədi ilə apellyasiya icraatı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və buna uyğun aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 03 iyul 2024-cü il tarixli 9/1586 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, “My Auto” Service tərəfindən tərtib edilmiş 28 fevral 2023- cü il tarixli qüsur aktına əsasən 2008-ci il buraxılışlı, “Toyota Prius minik” markalı, 99-KG- 217 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7200,0 müəyyən edilir, o cümlədən: -dəyişilməli hissələrin qiyməti - 5000,00 manat; -təmirbərpa işlərinin qiyməti - 2200,00 manat. avtoservis müəssisələrinin səviyyəsindən mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin təqdiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir.
25. Məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı ilk növbədə qeyd edir ki, ekspert tədqiqatında “My Auto” Service tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından istifadə edilməklə tərtib edilmişdir. Ekspert tədqiqatı da bu aktda göstərilən ehtiyyat hissələri və görülməli olan işlər əsas götürülməklə aparılmışdır. Ehtiyyat hissələri və görülməli olan işlərlə bağlı müəyyən edilmiş qiymətlər nəzərdən keçirilmiş, lakin rəy malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə olunmaqla tərtib edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası rəydə göstərilən ehtiyyat hissələrinin, habelə görülməli olan işlərin qiymətlərini şişirdilmiş hesab etmir, bu qiymətlərlə razılaşır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3823/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh 7200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
27. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq eskpertizasının aparılmasına sərf edilmiş 100 manat məbləğində pulun 50 manatı İddiaçı və 50 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zmanada apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3823/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 7200 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun 50 manatı İddiaçı və 50 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.