Məhkəmə qərarları › İş №2(103)-1357/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1357/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1357/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Baki Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərdən onun xeyrinə “X6” markalı **-ZZ-*** dövlət qeydiyyat nömrəsi olan avtomobilə dəymiş zərər görə 4.648 manat, X5 tərəfindən yazılmış cəriməyə görə 143 manat, avtomobili yararsız vəziyyətdə qaldığı 120 gün üçün 4.200 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, özünə məxsus “X6” markalı **-ZZ- *** dövlət qeydiyyat nömrəsi olan avtomobili cavabdeh MMC-nin rəhbəri olan X3 ilə icarəyə verilməsi ilə bağlı razılığa gələrək sonuncun adına etibarnamə verərək avtomobili ona təhvil vermişdir. Razılığa əsasən cavabdeh A.Alxazov avtomobili sığorta etdirdikdən sonra icarəyə verəcəyini bildirmişdir. Beləliklə 2019-cu ilin yanvar ayında iddiaçı, cavabdeh A.Alxazova avtomobilə dair etibarnamə verərək avtomobil ona təhvil verilmişdir. Elə həmin vaxtdan da avtomobil 3 aylıq müddətə sığortalanmışdır. 2019-cu ilin aprel ayında sığortanın vaxtı bitdiyindən və yeni sığorta müqaviləsi bağlanmadığından iddiaçı, cavabdeh A.Alxazova bildirmişdir ki, avtomobili sığorta etdirdikdən sonra icarəyə versin əks halda sığorta olunana qədər avtomobili icarəyə verməsin. A.Alxazov isə bildirdi ki, qoy avtomobil onlarda qalsın əgər icarəyə verməzsə onda sığorta etdirib verəcək. MMC iddiaçının yaşadığı binanın məhəlləsində yerləşdiyindən, A.Alxazovun bu təklifi ilə razılaşmış, lakin 06.06.2019-cu il tarixdə Cavabdeh3 avtomobili sığorta etdirmədən iş üzrə digər Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh3 rəhbəri olduğu MMC ilə Cavabdeh2 arasında bağlanmış xxxx əsasən avtomobil 06.06.2019-cu il tarixdən 10.06.2019-cu il tarixə kimi Cavabdeh2 istifadəsinə verilmişdir. İddiaçıya məxsus avtomobili icarəyə götürən Cavabdeh2 elə 06.06.2019-cu il tarixdə qəza törədərək avtomobili hadisə yerində qoyaraq qaçmışdır. Sonradan avtomobil cərimə meydançasına aparılmışdır. Sonradan hansısa yolla oradan avtomobili götürüb aparmış və iddiaçıya bu barədə heç bir məlumat verməmişlər. Yalnız DİN-nin “102 xidmətinə” müraciət etdikdən sonra avtomobili yararsız vəziyyətdə iddiaçıya vermişlər. Bundan sonra 22.08.2019-cu il tarixdə avtomobilə dair zərər aktı tərtib olunaraq dəymiş zərərin ümumi dəyəri 4.648 manat müəyyən edilmişdir. Lakin əlavə olaraq iddiaçı, qəza nəticəsində tərtib olunmuş inzibati xəta haqqında Qərara əsasən Cavabdeh2 adına yazılmış cəriməni də ödəməli olmuşdur. Belə ki, hadisəyə görə yazılmış cərimə ödənilmədiyindən avtomobil üzərinə həbs qoyulmuşdur. Lakin cavabdehlər dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir tədbir görməmişlər. Bu səbəbdən də iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən avtomobili icarəyə götürən avtomobili gec geri qaytararsa, gecikdirilmiş hər sutkaya 50 manat ödəməyi öhdəsinə götürür. Nəzərə alsaq ki avtomobil iddiaçıya yalnız DİN-nin “102 xidmətinə” müraciət etdikdən sonra iyul ayının 26da qaytarılmışdır. Hadisənin 06 iyunda baş verdiyi və avtomobilin ona qaytarıldığı tarixlər arasında müddət əlli gün təşkil edir. Bu müddət ərzində ödəniləcək məbləğ 2.500 manat təşkil edir. Həmçinin hadisədən 4 ay vaxt keçib və avtomobil yararsız vəziyyətdədir və iddiaçı, həmin avtomobildən istifadə edə bilmir. Bu da öz növbəsində onun mənəvi iztirablarına səbəb olur. Belə ki, nə avtomobilini təmir edə bilir, nə ondan istifadə edə bilir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən isə avtomobil avtoservisdə təmirə durduğu günlər üçün danışılmış məbləğin hər gün üçün danışılmış məbləğin 70% miqdarında icarəyə götürən tərəfindən ödənilməlidir. Nəzərə alsaq ki avtomobil 120 gündən artıqdır ki, təmirsiz qalıb və 120 günə ödənilməli məbləğ 6.000 manat təşkil edir ki, onun da 70%-i 4.200 manat edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh2 avtomobilə dəymiş zərərə görə 4.023 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi barə hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya baxışının iclasında iştirak edən iş üzrə iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 22.01.2019-cu il tarixli “Etibarnamədən” görünür ki, bu etibarnamə İddiaçı tərəfindən “X6” markalı, **-ZZ-*** dövlət qeydiyyat nömrəli avtomobili müvəqqəti istifadə etməsi üçün cavabdeh MMC-nin rəhbəri olan iş üzrə digər cavabdeh A.Alxazova verilmişdir. 084 saylı, 06.06.2019-cu il tarixli “İcarə müqaviləsindən” görünür ki, avtomobil cavabdeh A.Alxazov tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, Cavabdeh2 07.06.2019-cu il tarixdə avtomobillə Yol hərəkəti qaydalarını pozaraq AR İXT Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. 22.08.2019-cu il tarixli “Zərər aktından” görünür ki, avtomobilə baxış keçirilmiş və avtomobilə 4.648 manat zərər vurulduğu müəyyən edilmişdir. A.Alxazov və Cavabdeh2 tərəfindən 06.06.2020-ci il tarixli müqaviləyə əlavə olan aktdan görünür ki, istifadə müddəti bitdikdən sonra avtomobil MMC-yə qaytarılarkən zədələrin, nöqsanların, xarab olmaların, ümumiyyətlə avtomobilə dəymiş bütün zərərin xərci müştəri tərəfindən ödəniləcək. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 1264 saylı, 20.02.2020-ci il tarixli rəyinə əsasən, 2009-cu il buraxılışlı, “X6” markalı, **-ZZ-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 4.023 manat məbləğində olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 22.01.2019-cu il tarixli etibarnaməyə əsasən avtomobil müvəqqəti istifadə üçün MMC-nin rəhbəri olan A.Alxazova verilmişdir. 084 saylı, 06.06.2019-cu il tarixli “xxxx” əsasən avtomobil MMC-nin rəhbəri olan A.Alxazov tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. 07.06.2019-cu il tarixdə Cavabdeh2 avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə ziyan dəymişdir. 22.08.2019-cu il tarixli Zərər aktından görünür ki, avtomobilə baxış keçirilmiş və avtomobilə 4.648 manat zərər vurulduğu müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia irəli sürərək ona məxsus olan avtomobilə dəymiş zərər görə 4.648 manat, X5 tərəfindən yazılmış cəriməyə görə 143 manat, avtomobili yararsız vəziyyətdə qaldığı 120 gün üçün 4.200 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddia Cavabdeh3 və cavabdeh MMC-yə münasibətdə əsaslı hesab edilə bilməz. Çünki yuxarıda qeyd edilən 084 saylı, 06.06.2019-cu il tarixli “İcarə müqaviləsinin” 4.5.1-ci bəndindən görünür ki, “icarəyə götürən” yəni Cavabdeh2 müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və s. halları üçün cavabdehlik daşıyır. Lakin cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər 4.648 manat məbləğində deyil, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. 1264 saylı, 20.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə 4.023 manat məbləğində olduğu müəyyən edilmişdir. Belə olduğu halda avtomobilə dəymiş zərərə görə Cavabdeh2 4.023 manat məbləğində pulun tutulması hissəsində iddia əsaslıdır. Bundan başqa, iddianın “DYP tərəfindən yazılmış cəriməyə görə 143 manat məbləğində pulun tutulması” hissəsi əsassızdır. Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçı 143 manat cərimənin yazılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddianın “avtomobili yararsız vəziyyətdə qaldığı 120 gün üçün 4.200 manat pulun verilməsi hissəsi” də əsassızdır. 084 saylı, 06.06.2019-cu il tarixli İcarə müqaviləsinin 2.6-cı bəndindən görünür ki, icarəyə götürən avtomobillə bilərəkdən qəza törədərsə və ya avtomobilin digər texniki hissələrinə və digər detallara zərər vurarsa, avtomobilin avtoservisdə təmirdə durduğu günlər üçün danışılmış məbləğin 70%-i icarəyəgötürən tərəfindən ödənilir. İcarəyə götürən Cavabdeh2 avtomobilə qəsdən ziyan vurmamışdır, yol nəqliyyat hadisəsi baş vermiş və bunun nəticəsində avtomobilə ziyan dəymişdi. Digər tərəfdən iddiaçı, iddianın “10.000 manat mənəvi zərərin tutulması” hissəsində də mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia hissədə də əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 07 saylı qərarına görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar