Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1357/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: əşyalarla birlikdə mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-16-5/2-10-5658/24 saylı məlumata əsasən, X2 adına Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, miras əmlakı təşkil edən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.33 kv/m olan mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
2. xx.xx.2019-cu il tarixli, AZ-İİ 030069 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1252 № ilə qeyd edilmişdir.
3. 28 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı ünvan 1 və o miras əmlakdan tam hissədə pay almalıdır.
4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat №-li Çıxarışa əsasən, ünvan 1 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən, 11 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən, ümumi sahəsi 89.38 kv.m olan 11 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus sözü gedən mənzildə ümumiyyətlə yaşamamış, təsərrüfat aparmamış, yalnız son bir neçə ay ərzində iddiaçıya məxsus mənzildə onun razılığı olmadan, iradəsinin ziddinə olaraq daxil olmuş və yaşamışdırlar.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 11 saylı mənzildən (Yeni qaydalarla: AZ 1015, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) çıxarılmaları, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 43cü maddələrinə, İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Əlavə Protokoluna, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər qeyd edilən mənzili zəbt etməyiblər. Cavabdeh həmin mənzildə doğlumuş, ata evi olmuşdur və hazırda da həmin mənzildə onun yaşlı anası və xəstə bacısı yaşayır və onlara qulluq edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edilən maddəyə istinad etsə də düzgün qiymətləndirməmiş, sübutları araşdırmamışdır. Belə ki, məhkəmə öz təşəbbüsü ilə qeyd edilən mənzilin əvvəllər kimə məxsus olmasını iş materiallarına əsasən araşdıra bilərdi. Lakin bunu etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmağını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi nəzərdə tutulmuşdur.
18. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
19. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. İşin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 52 ünvanında yerləşən 11 nömrəli mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 458, M6, mənzil 1) Sevinc Hüsən qızının mülkiyyətində olması, cavabdehlərin iddiaçıya məxsus mənzildə məskunlaşmaları işin mübahisəsiz hallarıdır.
34. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin şərh edilən halları MMnin 157.2- ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılaraq iddia təmin edilməlidir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mülki iş materiallarından məlum olur ki, hər iki cavabdeh başqa ünvana qeydiyyatdadırlar. Cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4699/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.