Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-136/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı və "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı birləşdirilmiş iş üzrə (Açar sözlər: müdaxilənin və maneənin aradan qaldırılması, çıxarışın etibarsızlığı, birləşdirilmiş iş) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı müdaxilənin və maneənin aradan qaldırılması tələbinə dair 2(004)-7152/2021 №-li mülki iş üzrə (bundan sonra 1-ci iş) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə və iddiaçı "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsızlığı tələbinə dair 2(001)-173/2022 №-li iş üzrə (bundan sonra 2-ci iş) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" MMC xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş və hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi ev 9 B ünvanıdır. Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 9 B, 1-ci mərtəbənin 2-ci səviyyəsi ümumi sahəsi 589.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı2, həmin ünvanda 582.30 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi isə İddiaçı1 xüsusi mülkiyyətindədir.
2. İddiaçı1 adına verilmiş 23 noyabr 2019-cu il tarixli çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin 603,1 kvm olduğu qeyd edilsə də, sonradan sahənin ölçüsü dəqiqləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 oktyabr 2021-ci il tarixdə yeni çıxarış verilmişdir. Yeni çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin 582.30 kvm olduğu qeyd edilmişdir. Yəni, İddiaçı1 mülkiyyətində olan sahənin ölçüsü 603,1 kvm yox, 582.30 kvm-dir.
3. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2979/2021 saylı qərardadından məlum olur ki, "xxxx" MMC cavabdehlər İddiaçı1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim G.Abbasova, iş N2(001)- 2979/2021) mübahisəli ünvanda yerləşən 603.10 kv.m zirzəmi sahəsinin giriş-çıxış qapısının bağlı saxlanılması və həmin ünvanda tikinti-söküntü işlərinin aparılmasının cavabdeh İddiaçı1 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Sözügedən qadağalar İddiaçı1 və üçüncü şəxslərə elan olunmuş, zirzəmiyə baxış keçirilərkən girişçıxış qapısının söküldüyü və hazırda orada tikinti söküntü işləri aparılmadığı müəyyən olunmuş, bu barədə Yasamal rayon İcra şöbəsinin böyük icra məmurunun və MMMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur.
4. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5513 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə İddiaçı1 məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin həmin binanın zirzəmi sahəsində A-E və 1-6 oxları arasında yerləşdiyi və bütünlüklə yaşayış binasının tərkib hissəsini əhatə etdiyi, həmçinin, çıxarışa əsasən 582.3 kv.m. qeyd olunan sahəyə yalnız zirzəminin sahəsi (A-E və 1-6 oxları arasındakı) daxil olduğu, lift şaxtasının sahəsinin isə həmin 582.3 kv.m. sahəyə daxil olmadığı müəyyən olunmuşdur. İddiaçı1 məxsus qeyriyaşayış sahəsi tədqiq olunan binanın tərkib hissəsi olmaqla binanın zirzəmisində yerləşdiyindən, həmin
5. qeyri-yaşayış sahəsinin yaşayış binasından ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat 1-ci iş üzrə
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi ev 9B ünvanında yerəşən 589.8 kv.metr qeyri-yaşayış sahələrinə cavabdehin nümayəndələri və qeyriləri tərəfindən olunan müdaxilənin və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan qeyri-yaşayış sahələri mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. İddiaçı1 məxsus olan qeyri-yaşayış sahəsi əsas sahə olmaqla binanın zirzəmi mərtəbəsində, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi isə binanın birinci mərtəbəsində yerləşir və hal-hazırda mülkiyyətçi həmin sahəni Kreativ uşaq inkişaf mərkəzi kimi fəaliyyət göstərən cəmiyyətə icarəyə vermişdir. Bu sahələrin yerləşdiyi bina hazırda cavabdeh MMC-nin idarəçiliyində olmaqla nümayəndələri tərəfindən edilən müdaxilələr nəticəsində iddiaçılar mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakdan istifadə edə bilmirlər. Belə ki, hər dəfə İddiaçı1 mülkiyyəti olan və zirzəmi qatında yerləşən sahəyə istər baxış keçirən, istərsə də istifadə etmək istəyən zaman cavabdehin əməkdaşları səs-küy salaraq, gah polis çağırır, gah da mübahisəni elə həddə çatdırırlar ki, kimsə onlara cavab verməli olsun və onlar da bundan istifadə edərək şikayət etsinlər. Bu cür nəticələrlə qarşılaşmamaq üçün faktiki olaraq hazırkı vəziyyətdə əmlakından istifadə edə bilmir. İddiaçı2 məxsus olan birinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsini icarəyə götürən cəmiyyətin nümayəndələri hər dəfə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enən zaman cavabdehin nümayəndələri tərəfindən edilən maneə ilə rastlaşırlar. Sonuncu dəfə yükləmə həyata keçirmək üçün 4 saat bu cür maneəni dəf etmək məcburiyyətində qalmışlar və bu saatlarda da kreativ uşaq cəmiyyəti enerjisiz qalmışdır ki, bu da orada olan azyaşlı uşaqların aldıqları tədrisə ciddi şəkildə maneə törətməklə bərabər, həm də mənəvi sıxıntı da vermişdir. Bununla bağlı valideynlər tərəfindən də şikayətlər olmuş və bu halın artıq mütəmadi şəkildə təkrarlanması icarəçinin ciddi və haqlı narazılığına səbəb olmuşdur. Cavabdehin nümayəndələri bu özbaşınalıqlarını həyata keçirən zaman Binəqədi Rayon Məhkəməsi tərəfindən iddianı təmin etmə tədbiri barədə xx.xx.2021-ci il tarixli qərardadına istinad edirlər, hansıki, həmin qərardadla qeyd olunan ünvanda yerəşən 603.10 kv.m zirzəmi sahəsinin giriş-çıxış qapısının bağlı saxlanılması və həmin ünvanda tikinti-söküntü işlərinin aparılması İddiaçı1 və üçünçü şəxslərə qadağan edilmişdir. İcra şöbəsinin aktından da məlum olur ki, mübahisəli əmlakın giriş-çıxış qapısı sökülmüş vəziyyətdə olmuş və orada heç bir tikinti və söküntü işləri aparılmır. Artıq cavabdehin nümayəndələrinin özbaşınalığı o həddə çatıb ki, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərini yerləşdirərək gəlir əldə etməyə çalışır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-7152/21) iddia təmin edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək cavabdehin hərəkətlərini iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə hesab etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.1, 157.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
2-ci iş üzrə
11. İddiaçı Cavabdehlər İddiaçı1 və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən çıxarılmış 30 oktyabr 2019-cu il tarixli 29 saylı protokoldan çıxarışın və maliyyə arayışının, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsinə dair mülkiyyət hüququnun təsbiti haqqında İddiaçı1 adına verilmiş xx.xx.2019-cu il və 12 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşir. Həmin bina dövlət qeydiyyatına alınmış, bina mənzil mülkiyyətçilərinin idarəçiliyinə verilmişdir. Bina sakinlərinin ümumi yığıncağının qərarına əsasən MTK-nın bazasında Cavabdeh MMMC yaradılmış və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra da, adı çəkilən yaşayış binası kompleksinin idarəçiliyi MMMC-yə keçmişdir. Qeydiyyata alınandan sonra bina kompleksinin başqa sahələri ilə yanaşı mübahisələndirilən mülkiyyət sənədi olan çıxarışın aid olduğu 603.1 kv.m. zirzəmi sahəsi də MMMC-nin maneəsiz istifadə və idarəçiliyinə alınmışdır, lakin 2020-ci ilin noyabr ayında cavabdeh gələrək, binanın zirzəmisinin ona aid olduğunu bildirmiş, adına olan çıxarışı təqdim edərək sahədən maşınların çıxarılmasını tələb etmiş və giriş-çıxış qapısını bağlamaq istədiyindən mübahisə çıxmışdır. Binanın zirzəmisi ümumi istifadə üçün nəzərdə tutulduğu, satılmasına və ya başqa yolla özgəninkiləşdirilməsinə yol verilmədiyindən, məsələnin həlli üçün çıxarışı vermiş digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, lakin nəticəsi olmamışdır.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-173/22) iddia rədd edilmişdir.
14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iş üzrə iddiaçı Cavabdeh MMMC-nin mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından və iddiaçı idarəçiliyə qəbul etdiyi həmin binanın bu əmlakını təhvil almasına dair hər hansı sünut təqdim etmədiyindən onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 157, 158-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. "xxxx" MMMC sözügedən qətnamələrdən apellyasiya qaydasında şikayət vermişdir.
17. 1-ci iş üzrə cavabdeh "xxxx" MMMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində qeyd edilən iddia ilə bağlı hər hansı mübahisə yoxdur. Burada MTK ilə sonra yaradılmış MMMC-nin köhnə idarəçiləri ilə yeni idarəçiləri arasında mübahisəli mövqelərindən irəli gəlmiş qərəzdir. Hazırkı iş üzrə iddiaçılar ər-arvaddırlar. Bina kompleksinə nəzarəti həyata keçirən MMMC-nin idarəçiliyinin bina sakinlərinin seçimi ilə yeni sədrə keçməsi bina tikənlərin mövqeyinə uyğun olmadığından, hər vasitə ilə süni mübahisələr yaradılır. Elektrik sayğaclarının olduğu yer və 582.3 kv.m sahə binanın zirzəmi mərtəbəsi olmaqla avtomobillərin saxlama qarajı sahəsi kimi bina sakinlərinin ümumi istifadəsindədir. Binanın idarəçiliyi yeni sədrə keçəndən sonra İddiaçı1 603.10 kv.m. qeyr-yaşayış sahəsinə dair mülkiyyət sənədini təqdim edərək oranı zəbt etmiş və giriş qapısını bağlamış, orada söküntü, tikinti işləri aparmışdır. Buna görə də Binəqədi Rayon Məhkəməsində təqdim edilmiş mülkiyyət sənədinin etibarsızlığı tələbi ilə iddia qaldırılmışdır. İddiaçı1 hazırkı iddiasında isə məhkəməyə təqdim etdiyi sənədlərdə qeyri-yaşayış sahəsinin ölçüsü 582,3 kv.m, yerləşdiyi binanın isə 10 mərtəbəli olduğu göstərilmişdir. Halbuki, mübahisəli zirzəminin yerləşdiyi bina 18 mərtəbəlidir. Mülkiyyət sənədi mübahisəli olduğundan onun etibarsızlığı ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılıb. Həmin iş üzrə yekun qərar qəbul edilənədək hazırkı işin icraatı dayandırılmalı idi.
19. 2-ci iş üzrə iddiaçı "xxxx" MMMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən mübahisənin meydana gəlməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətini, ilk növbədə mübahisəli çıxarışın aid olduğu 582.30 kv.m. zirzəmi sahəsinin binanın zirzəmi mərtəbəsində və ümumi binaya xidmət edən mühəndis qurğuların yerləşməsi üçün nəzərdə tutulduğunu və yerləşdiyini nəzərə almalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. 11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı olan "xxxx" MMMC-nin nümayəndəsi hər iki iş üzrə verilmiş apellyasiya şikayətini müdafiə edərək onların təmin olunmasını xahiş etdi.
23. 1-ci iş üzrə iddiaçıların və 2-ci iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətlərini qəbul etmədi və onun rədd olunmasını, hər iki məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq 1-ci iş üzrə
24. Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13, bənd 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
2-ci iş üzrə
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
36. Maddə157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
38. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
39. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
40. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Hazırkı apellyasiya şikayətlərində qətnamələr 1-ci iş üzrə cavabdeh, 2-ci iş üzrə iddiaçı olan "xxxx" MMMC tərəfindən mübahisələndirildiyindən və 1-ci iş üzrə iddia təmin, 2-ci iş üzrə isə rədd olunduğundan qətnamələrin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 1-ci iş üzrə
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin 1-ci iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, işə baxan məhkəmə iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişlər.
45. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
46. İşin araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahələri cavabdehin idarəçiliyində olan binanın 1-ci mərtəbəsində və zirzəmi hissəsində yerləşməklə iddiaçıların mülkiyyətindədir. Cavabdeh iddiaçıların mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enməsinə cavabdehin nümayəndələri tərəfindən maneələr yaradılır, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobilləri yerləşdirilir, yəni mülkiyyətçinin əmlakına müdaxiə edilir və onun özünün istifadəsinə maneə yaradılır.
47. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları göstərmişdir.
48. Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddiaya etirazının əsası kimi istinad olunan hala –Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2979/2021 saylı icra sənədinin icrası ilə bağlı maneə yaradıldığı dəlilinə qiymət verərək qeyd etmişdir ki, həmin icra sənədi ilə cavabdehə müəyyən hərəkətləri etməyə (giriş-çıxış qapısının bağlı saxlanılması və həmin ünvanda tikinti söküntü işlərinin aparılması) qadağa qoyulmuşdur.
49. Məhkəmə hesab etmişdir ki, belə olan vəziyyətdə cavabdehin süni şəkildə yaratdığı maneələr iddiaçıların bir mülkiyyətçi kimi hüquqlarını pozur və bu baxımdan iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4-ci maddələri ilə əsaslandırmışdır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4).
51. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini əsaslı saymış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir.
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
2-ci iş üzrə
53. Məhkəmə kollegiyası 2-ci iş üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
54. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
56. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli qeyri-yaşayış sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüququnu, yaxud həmin əmlakların onun idarəçiliyinə təhvil verildiyini təsdiq edən sübutlar təqdim etməli idi.
57. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 9B ünvanında yerləşən, ümumi sahəsi 582,30 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Ekspert rəyi ilə qeyriyaşayış sahəsinin tədqiq olunan binanın tərkib hissəsi olmaqla binanın zirzəmisində yerləşdiyi, lift şaxtasının sahəsinin isə həmin 582.3 kv.m. sahəyə daxil olmadığı müəyyən olunmuşdur.
58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə Mülki Məcəllənin 140-cı maddəsinin də tələbinə uyğundur.
59. Həmin maddəyə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
60. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
61. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olmaqla əsassızdır və mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil etmir.
62. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyator şikayətində irəli sürdüyü dəlillərlə bağlı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
63. Apelyatorun nümayəndəsi apellyasiya baxışı zamanı iş üzrə təkrar ekspertiza keçirilməsini, yaxud mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilməsi barədə vəsatət versə də, Məhkəmə kollegiyası həmin vəsatəti əsassız sayaraq təmin etmədi.
64. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspert qeyri-yaşayış sahəsinə yerində baxış keçirmiş və öz rəyində mübahisəli qeyri-yaşayış sahəsinin müfəssəl texniki xarakteristikasını vermişdir. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, mübahisəli qeyriyaşayış sahəsi (zirzəmi) yaşayış binasının tərkib hissəsini təşkil edir və 582,30 kv.m. qeyriyaşayış sahəsinə yalnız zirzəminin sahəsi daxildir. Lift şaxtasının sahəsi isə həmin 582.3 kv.m. sahəyə daxil deyildir.
65. Göründüyü kimi, ekspert rəyinin məzmunu aydındır və qarşıya qoyulan suallara müfəssəl cavab verilmişdir.
66. Məhkəmə kollegiyası bunu nəzərə alaraq ekspert rəyinin mötəbərliyini qəbul edir və təkrar ekspertiza keçirilməsinə, yaxud mübahisəli sahəyə baxış keçirilməsinə lüzum görmür.
67. Kollegiya onu da nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
"xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.